Xalq artisti Nurəddin Mehdixanlı Teleqraf.com-a müsahibəsində Bəsti Cəfərovanın mətbuatda onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
- Nurəddin bəy, Bəsti Cəfərova iddia edir ki, Akademik Milli Dram Teatrına qarşı aparılan çirkin kampaniyanı Nurəddin Mehdixanlı təşkil edir. Bununla bağlı nə deyə bilərsiniz?
- İlham Əsgərovu öldürdülər, qətlə yetirdilər. Növbəti hədəfləri Nurəddin Mehdixanlıdır. Hər şey göz qabağındadır. Və kimim çirkin kampaniya apardığı da göz qabağındadır. Mənim onlara yazığım gəlir. Amma arxayın olsunlar, mən kifayət qədər güclü adamam. Onlar məni öldürə bilməzlər, çünki mənim Allahım var. Amma onlar Allahsızdırlar. Və Allah onların cəzasını verəcək. Yəni onlar utanmadan, qızarmadan, həya etmədən, başdan-ayağa yalan, böhtan, şər atırlar. Amma Bəsti Cəfərova arxayın olsun, mən onun haqqında heç nə danışmayacam. Çünki o mənim üçün çoxdan bitib. Biz uzun illərin dostu olmuşuq. Heyf. Sadəcə olaraq, insan ancaq özünü sevəndə belə şeylər baş verir. Ona görə də hesab edirəm ki, İsrafil İsrafilov Akademik Milli Dram Teatrını məhv etməklə bu sayaq uzun illər dost olan insanları da bir –birinə düşmən etdi. Və mən bilməzdim ki, Bəsti Cəfərovanın içində mənə qarşı bu qədər kin, nifrət var imiş. Mənim sadəcə olaraq, ona yazığım gəldi. İnsan bu qədərmi yalan danışar? İnsan bu qədərmi böhtan atar?
- Bəs Sizə qarşı olan bu münasibətin səbəbi nədir? Bu məsələnin kökündə nə dayanır?
- Öz maraqlarından ötəri onlar İsrafil İsrafilovun pulsuz vəkilinə çevrilirlər. Mən o sənədə imza atanlardan biriyəm. O sənədə Azərbaycan teatrının taleyini düşünən əsl sənətçilər, əsl insanlar, əsl söz və mədəniyyət sahibləri imza atıblar. Bu sənəd onları yandırıb. Bu gün o müsahibəyə göz gəzdirdim. Və dedim ki, insanda bu qədər nifrət hardandır? Bu vaxta qədər sənin bütün dediklərin, sözlərin yalan imiş? Amma arxayın ol, Bəsti Cəfərova. Mən sənin haqqında heç nə deməyəcəm. Hər şey xalqın gözünün qabağındadır. Sadəcə deyirəm ki, sizin məni öldürmək planınız baş tutmayacaq. Bu sənədə imza atanlar dövlət başçısına müraciət ediblər. Əcəb ediblər. Çünki onlar problemlərinin həllinin yeganə çıxış yolunu hörmətli cənab Prezidentə müraciət etməkdə görüblər. Bunu ediblər və bundan sonra teatra baş rejissor və bədii rəhbər təyin olunub. Amma görünür, bu, onları çox narahat edir. Çünki bundan sonra onların Akademik Milli Dram Teatrında oyunları baş tutmayacaq. Sadəcə, onlara yazıqlar olsun. Nurəddin Mehdixanlı ölməyəcək, yaşayır və yaşayacaq. Siz onu öldürə bilməyəcəksiniz. Amma İlhamı öldürdüyünüzə görə hər kəs cavab verəcək. Bizim əlimiz bu dünyada İlhamın qatillərinin yaxasındadır, o dünyada isə İlhamın əli onların yaxasında olacaq.
- Bəsti Cəfərova deyir ki, Nurəddin Mehdixanlı İlham Əsgərovun ölümü ilə də spekulyasiya etməyə, onun xatirəsini çirkin oyunlarının alətinə çevirməyə cəhd edir.
- Biz İlhamın ölümünə acıyırıq. Biz spekulyasiya nə deyilən şeydir, bilmirik, bacarmarıq. Onun ustaları bunu gözəl bilirlər və bacarırlar. Amma baş tutmayacaq. Allah onların cəzasını verəcək.
- Azər Paşa Nemətin teatrın bədii rəhbəri və baş rejissoru olması o sənədə imza atanları nə dərəcədə qane etdi?
- Azər Paşa Nemətin bədii rəhbər və baş rejissor təyin olunması Akademik Milli Dram Teatrında çox şeyləri dəyişəcək. Teatr öz məcrasına düşəcək. Və təmiz, tərəfsiz, vicdanlı yaradıcılıq prosesi başlayacaq. Kimlərsə kimlərin hesabına nə oyunlar oynayırdılarsa, o oyunlara son veriləcək. Artıq teatrın bədii rəhbəri və baş rejissoru var və bu o deməkdir ki, bütün oyunlar bitəcək. Və bütün kollektiv Azər Paşa Nemətin gəlişindən razıdır. Burda heç bir problem yoxdur.
- Amma yenə də hesab edirsiniz ki, İsrafil İsrafilov direktor vəzifəsindən getməlidir.
- Bu tək mənim fikrim deyil. Və bunu tək mənim fikrim kimi cəmiyyətə sırımaq axmaqlıqdır. 29 nəfər o sənədə imza atıb. Respublikanın xalq artistləri, əməkdar artistləri və böyük sənətçiləri... Və o teatrda qorxub, çəkinən insanlar var. O teatrın yaradıcı heyətinin 99 faizi İsrafili rəhbər kimi qəbul etmir. Bu artıq göz qabağındadır. Bunu tək mənim fikrim kimi qələmə vermək ən azı əxlaqsızlıqdır.
- O sənədə qol çəkənlərdən kimsə sonra fikrindən döndümü?
-Heç kim öz fikrindən dönməyib. Və bu sənəd niyə o insanları bu qədər yandırır? O sənədə imza atan hər kəs öz fikrini bildirib. Heç kim cinayət etməyib, amma cinayət edənlər cəzasını alacaq.
- İlham Əsgərovun ölümü ilə bağlı İsrafil İsrafilovu məhkəməyə verdinizmi?
- Mən bu barədə heç nə demək istəmirəm. Çünki bu məsələdə söz sahibi deyiləm. Amma hesab edirəm ki, İlham Əsgərovu Akademik Milli Dram Teatrında yaradılmış atmosfer öldürdü. Mən sonda bizim tamaşaçılarımıza və oxucularımıza səslənirəm, onlar həqiqətin harda olduğunu özləri görürlər və bilirlər. Kimlərsə ictimai rəyi çaşdırmağa çalışmasınlar. Kimlərinsə kimliyi ortalıqdadır. Biz nə demişiksə, arxasındayıq. Biz Akademik Milli Dram Teatrını xilas etmək istəyirdik və nail olduq da. Sağ olsun, dövlət başçımız, sağ olsun, Mədəniyyət və Turizm naziri ki, müraciətimizə adekvat reaksiya verdilər. Və Azər Paşa Nemət Akademik Milli Dram Teatrına rəhbər göndərildi.
- Bəs bu söz -söhbətlər nə vaxt səngiyəcək?
-Teatrda yaradıcılıq atmosferi qaydasına düşən kimi hər şey qaydasına düşəcək. Görünür, bəzilərinin bazarı bağlanır və bu onları çox güclü narahat edir.
Nərmin