Filmləri bizə sevdirən obrazı canlandıran aktyor və aktrisaların məharətli oyunu, ssenari, rejissor işi və hər bir filmdə özümüzə yaxın bildiyimiz kadrlar, obrazlar, hadisələrdir. Bəzən filmlərin yaradıcıları - ssenaristlər, rejissorlar, prodüserlərin adlarını belə bilmirik. Dialoqları eşidir, aktyor, aktrisaların oyununun intizarını çəkirik. Amma filmlərin necə ərsəyə gəlməsindən xəbərsiz qalırıq. Halbuki, çəkiliş meydançaları ekran hadisələrindən heç də maraqsız olmur.
Dəfələrlə çəkilən kadrlar, bu əsnada yaşananlar, filmə salınmayan səhnələr, aktyor-aktyor, aktyor- rejissor narazılıqları və səhnələrin çəkilişi zamanı aktyorların başlarına gələn məzəli əhvalatlar təbii ki, ekranlara çıxmır.
“Kino xatirələr” rubrikamızda filmlərin maraqlı, məzəli, gərgin kadrarxası məqamlarını sizə təqdim edəcəyik.
“İsa Hüseynov dedi ki, mıxı əlində sıx”
1971-cü ildə YUNESKO-nun qərarı ilə Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi qeyd edilmişdi. Kinematoqrafçılar da bu yubiley münasibətilə “Nəsimi” adlı bədii filmini çəkməyə qərar verirlər. İsa Hüseynovun “Məhşər” romanı əsasında çəkilən filmin rejissoru Həsən Seyidbəyli olur. Bu film xalq artisti Rasim Balayevin kinoda ilk işi idi. Filmin ssenarisi ona xəstəxanada təqdim edilir və düşdüyü depressiya səbəbindən ondan cavab gözləyən adamlara yalnız bir kəlmə deyir: “Ömrümə az qalıb, mənə ümid olmayın”. Bu sözləri eşidən rejissor aktyorun müalicəsi üçün hər şeyi edir: “Birinci dəfə kinostudiyaya gələndə Adil İsgəndərov məni şərti olaraq birillik işə götürdü. Və dedi ki, bu bir il müddətində bizə lazım olsa, səninlə işləyəcəyik. ”Nəsimi"yə qədər bir neçə rola görə sınaq çəkilişlərinə çağırmışdılar, amma təsdiq olunmamışdım. Mənim bu filmə dəvət olunmağımda televiziyanın rolu olub. Arabir televiziya tamaşalarında oynayırdım, tez-tez şeirlər oxuyurdum. Günlərin bir günü İsa Hüseynovla Həsən Seyidbəyli filmin ssenarisinin üzərində işləyərkən ekranda məni görüb. İkisinin də çox xoşuna gəlmişəm. Ssenarini oxumaq üçün mənə xəstəxanada verdilər, fikirləşirdim ki, bundan da bir şey çıxmayacaq. İkinci rejissor ssenarini gətirdi, yanımda 3 gün qaldı, dedi oxudun? Oxuduğumu dedim, amma oxumamışdım. Ona dedim gedin Həsən müəllimə deyin ki, bu film mənlik deyil, ömrümə çox az qalıb, mənə ümid eləməsinlər. Bunu eşidən Seyidbəyli aləmi qatır bir-birinə. O avtoritet adam idi, bu işdə məsuliyyəti olan hər kəsi səfərbər etdi ki, mən tez sağalam. Amma onu deyim ki, məni baş rola çəkdiyinə görə Həsən Seyidbəyliyə çox təzyiqlər olurdu. Deyirdilər ki, o kimdir ki, sən onu bu rola çəkirsən, o qədər peşəkar aktyorlar var ki... Lakin Seyidbəylini qərarından heç kim döndərə bilməzdi, çox zabitəli adamdı. Əlbəttə, özüm də tərəddüd edirdim. Çünki bu kinoda ilk işimdi. Bu rolla kamera qarşısında dayanmaq çox məsuliyyətli iş idi. Rolumun çox yaxşı alınması üçün çox məşqlər edirdik. Filmin ən ağır epizodlarından biri sonda Nəsiminin dərisinin soyulma səhnəsi idi. Bu səhnəni Orta Asiyanın Xivə şəhərində lentə alırdıq. Ağır səhnə idi, bilirsiniz insanın dərisinin soyulması anındakı durumunu ekranda göstərilməli idi. Və bu insan adi insan deyildi, o, Azərbaycanın böyük şairi, qüdrətli Nəsimi olunca vəziyyət daha da ağırlaşırdı. O ağrını, acını səs çıxarmadan üz ifadələrinlə göstərmək üçün İsa Hüseynov mənə bir məsləhət verdi. Dedi əlinə mıx götür, sıx. Elə də etdim, o səhnəni oynaya-oynaya mıx əlimi deşirdi".
Qeyd edək ki, “Nəsimi” filmi 1974-cü ildə VII Ümumittifaq kinofestivalında tarixi mövzuda “Ən yaxşı film” mükafatına layiq görülür. Rasim Balayev isə “Ən yaxşı kişi” rolunun ifasına görə mükafat alır.
“Gəlin toyunda oynamaz dedilər və...”
İsa Hüseynovun ssenarisi əsasında çəkilən bioqrafik filmlərdən biri də “Nizami”dir. Filmdə şairin obrazı, o uzaq illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapıb. Film kinotənqidçilər tərəfindən birmənalı qarşılanmasa da 1983-cü ildə Leninqradda XVI Ümumittifaq kinofestivalında dahi Azərbaycan şairinin humanist pafosunun ekran təcəssümünə görə filmin rejissoru Eldar Quliyevə mükafat verilir. 1984-cü ildə Daşkənddə Asiya, Afrika və Latın Amerikası ölkələrinin Beynəlxalq kinofestivalında isə Özbəkistan Yazıçılar İttifaqının diplomu və Özbəkistan Nazirlər Sovetinin diplomu ilə təltif edilir.
Filmdə Nizaminin əvvəl kənizi sonra həyat yoldaşı olan Afaq adlı bir qadını canlandıran xalq artisti Həmidə Ömərova çəkilişləri belə xatırlayır: “Filmdə yaratdığım Afaq rolunu çox bəyənirəm. Həqiqətən yaradıcılığım boyu ən əziz rollarımdan biridir. Çəkilib, amma filmə salınmayan çox kadrlar var. Məsələn, filmin ən maraqlı epizodlarından biri Afaqla Nizaminin toy səhnəsi idi ki, o montajda kəsildi. Həmin səhnə Gəncədə çəkilmişdi. Həm olmuş hadisəyə, həm ssenariyə görə Nizami Gəncəvi kənizi Afaqla evlənmək qərarına gəlir, amma heç bir molla bu izdivaca razılıq bildirmir. Nizamiyə qədər heç kim belə addım atmamışdı. Ona görə də Nizami kəbinini özü kəsir. Ssenariyə görə kəbin kəsiləndən sonra həyətində toy məclisi düzəldir, hamını ora dəvət edir. Hamı deyəndə ki, əlbəttə söhbət mötəbər adamlardan gedir. Amma o adamlardan heç biri toya gəlmir. Toya gələnlər Nizami poeziyasının vurğunları olur. Onlar canla-başla toyda iştirak edirlər. Həmin o məclisdə Afaq rəqs edir. Bu kadrların hamısı çəkilir, Bədii Şura filmə baxandan sonra içərilərindən biri etiraz edir ki, gəlin toyunda oynamaz. Ona görə də o kadrı filmdən çıxartdılar. Bu filmdən çıxan yeganə kadr deyil, çox epizodları çıxarıb ancaq fəlsəfi məna kəsb edənlərini saxlamışdılar”.
“Qurd aktrisanın saçlarını çeynədi”
2014-cü ilin istehsalı olan “Nabat” hazırda Azərbaycanı xarici ölkələrdə uğurla təmsil edən filmlərdən biridir. Qarabağ müharibəsindən bəhs edən ekran əsərinin baş qəhrəmanı Nabat xaladır. O, Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Filmin rejissoru Elçin Musaoğlu gərgin şəraitdə çəkilən filmin kadraxrası məqamlarına toxunur: “Çəkdiyim bütün filmlərdə olduğu kimi ”Nabat"da da möcüzəli hadisələrlə qarşılaşdım. Filmin İsmayıllıda çəkilişi oktyabr-noyabr aylarını əhatə edirdi. Normal olaraq hər ilin bu vaxtı kəndə qar yağırdı. Mən hər gün Allaha dua edirdim ki, qar yağmasın. Çünki qar yağsaydı, çəkiliş dayanacaqdı. Bu duruma kəndin əhalisi təəccüblənmişdi. Onlar deyirdilər ki, burada heç vaxt belə bir şey baş verməyib. İnanın, çəkilişi bitirər-bitirməz Bakıya qayıtdıq, zəng edib maraqlandım, dedilər biz çıxandan sonra qar yağmağa başlayıb. Ondan başqa ssenaridə yazmışdım ki, inək ayağını vedrəyə vurur. Biz üç dubl edəndən sonra o doğurdan da ayağı ilə vedrəni vurdu. Filmin bir qəhrəmanı da qurd idi. O qurdu mən Qazaxıstandan gətirmişdim. Ora gedəndə, sahibi dedi ki, bu qurdu heç bir xarici ölkəyə aparmıram. Dişi qurd idi, adı da Mila. Uzun müddət danışdıq, dörd saatdan sonra sahibi dedi ki, əgər sən onu əlinlə yedizdirə bilsən, onu Azərbaycana aparmağına icazə verəcəm. Allahın işinə baxın, heç gözləmədiyim halda qurd yeməyi əlimdən necə alıb apardısa məəttəl qaldım. Deməli, onu Azərbaycan gətirdik, çəkiliş meydançasına gələndə onun kiməsə hücum etməməsinin qarşısını almaq üçün çox ehtiyatla davranmağa başladıq. Elə bu vaxt baş qəhrəmanımız iranlı Fatimeh Motamed Arya qurdu görər-görməz onu sığallamağa başladı. Çox qorxduq. Hətta yadımdadır ki, aktrisanı tənbehlədim də. Amma qurd özünü yaxşı apardı, bircə aktrisadan ayrılanda saçlarını çeynəməyə başladı. Sahibi bizi sakitləşdirib dedi ki, bu dişi canavarların adətidir. Onlar qadınların saçlarını oynatmağı sevirlər".
Nərmin Muradova