21 Oktyabr 2015 14:06
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dənizçi olmaq istədi, amma...

Ötən gün 55 yaşı tamam olan Musiqili Teatrın aktyoru, Əməkdar artist Əzizağa Əzizov fəxri ad almasının doğum gününə ən böyük hədiyyə olduğunu deyir.

Qəzetimizə qısa müsahibəsində çoxdankı arzusuna çatdığını söyləyən aktyor fəxri ad almasının sevincini yaşadığını bildirib: “Mənə deyəndə ki, fəxri ad almışam, inanmamışdım. Çünki o qədər gözləmişdim ki... Və hər dəfəsində də gözləntilərim puç olmuşdu. Bilirsiniz, hər zaman fikirləşirdim ki, niyə mənə fəxri ad verilmir. Axı sənətdə az da olsa zəhmətim var. Ondan başqa mən Qarabağ veteranıyam, müharibədə başıma nələr gəlməyib. İndi sevinirəm ki, diqqətdən kənar qalmadım. Düzü, bu xəbərə məndən çox ailəm, uşaqlarım, teatrımızın kollektivi sevindi. Həm mətbuat vasitəsilə, həm də teleqram vuraraq Cənab Prezidentimizə minnətdarlığımı bildirdim. Bu mənim ad günümə ən böyük hədiyyə idi. Mən teatrımızın direktoru Əliqismət Lalayevə çox təşəkkür edirəm”.

Doğum gününü ailəsi ilə birgə keçirən aktyor bunun ənənə halına gəldiyini bildirib: “Təqribən 25 ildir ki, ad günümü təmtəraqsız - çox adi şəkildə evdə ailə üzvlərimlə birgə qeyd edirəm. Dostlar, tanışlar, həmkarlarım, hətta tamaşaçılar zəng vurub təbrik edirlər. Hamıya ”Sağ olun! Var olun!" deyirəm. Ailəmiz çoxuşaqlı olub. Yəqin elə ona görə doğum günlərimizi xüsusi təntənə ilə qeyd etməmişik. Özümə ən böyük arzum can-sağlığıdır. Bu, insan üçün çox vacibdir".

“Dənizi çox sevirdim”

Aktyorun sözlərinə görə, uşaqlıqda arzusu dənizçi olmaq imiş: “Orta məktəbdə oxuyanda dənizçi olmaq istəyirdim, çünki dənizi çox sevirdim. Odessa Hərbi Dənizçilik Məktəbində təhsil almaq istəyirdim. Tale, qismət... Bəzən həyat bizi tamam başqa istiqamətə aparır. Mənimlə də elə oldu. 1978-ci ildə orta məktəbi bitirib, böyük bacım və böyük qardaşımın təkidi ilə Mədəniyyət və İncəsənət Universitetinin ”Musiqili komediya aktyoru" fakültəsinə daxil oldum. Həmişə deyirəm ki, bu sənətə gəlməyimə peşmanam. Neçə dəfə bu sənətdən uzaqlaşmaq istədim, amma gec idi... Övladlarıma əvvəldən demişdim ki, hansı sənəti seçirsinizsə seçin, amma incəsənəti seçməyin. 45 yaşıma kimi evim olmayıb. Uzun illər yataqxanada qalmışam, çox çətinlik görmüşəm. Ona görə istəmirəm ki, mənim çəkdiyim əziyyətləri övladlarım çəksin. Musiqili Teatra ilk gəlişim 1989-cu ilə təsadüf edir. Bir il teatrda işləyib, oradan ayrıldım. 1994-cü ildə Siyavuş Aslan məni yenidən teatra dəvət etdi. Artıq o vaxt Opera və Balet Teatrında işləyirdim. Gəldim teatra, bir il işlədim, sonra 1995-ci ildə Afaq Bəşirqızının dəvəti ilə “Bəşir” Teatrına getdim. 1999-cu ildə “Bəşir” Teatrı Musiqi Teatra gələndə mən qayıtmaq istəmirdim, çünki “Bəşir” Teatrı ilə paralel olaraq Opera və Balet Teatrında işləyirdim. O teatrda da işlərim çox idi. Amma Afaq xanımın və Hacıbaba Bağırovun xahişi ilə dəvəti qəbul etdim və yenidən Musiqili Teatra gəldim. O vaxtdan da buradayam".

“Oğlum məni sevindirdi”

Yubilyarın sözərinə görə, bu il onun üçün yalnız fəxri ad alması ilə deyil, həm də oğlunun ali məktəbə daxil olmasıyla əlamətdar olub: “Bilirsiniz ki, qızım Afaq Tibb Universitetinin üçüncü kursunda oxuyur. Oğlum da bu il məni sevindirdi. O, Milli Aviasiya Akademiyasına daxil oldu. Cari ilin mənim üçün daha da əlamətdar olması bir də bununla bağlıdır”.

Serial və teatrda işlərinin yaxşı getdiyini deyən aktyor filmlərə çəkilmədiyinə görə məyusdur: “Serialda işlərim çox yaxşıdır. Bilirsiniz ki, 2010-cu ildən bu günə kimi ”Xəzər" TV-də yayımlanan seriallarda oynayıram. Televiziyaya, serialın yaradıcı heyətinə çox təşəkkür edirəm. Onlar mənə deyirlər ki, sən artıq “Xəzər” ailəsinin bir üzvüsən. Teatrda tamaşalarımı oynayıram. Yeni tamaşalarım yoxdur. Kontuziyalı olduğuma görə baş ağrılarım çox olur. Ona görə ildə iki dəfə müalicə götürürəm. Bir qayda olaraq teatra gedə bilmirəm, o baxımdan yeni tamaşalarda iştirak etməyəcəm. Amma yanvardan yeni tamaşam və yeni rolum olacaq. Əliqismət müəllim kollektivlə tez-tez görüşür, arzularımızı, istəklərimizi soruşur. Mən direktorumuza da, rejissorumuza da demişəm ki, böyük məmnuniyyətlə “Hacı Kərimin aya səyahəti” tamaşasında Hacı Kərimi oynamaq istəyirəm. Ümid edirəm ki, nə vaxtsa bu arzum gerçəkləşər. O ki, qaldı filmlərə... Bəzi aktyorlar kimi deyə bilmərəm ki, məni dəvət edirlər, mən getmirəm. Xeyr, mən filmlərə dəvət almıram. Amma seriallardan dəvətlər gəlir, sadəcə razılıq verə bilmərəm. Çünki Xəzər TV-də müqaviləm var. Serialların sayəsində sənətimlə dolana bilirəm. Çünki bilirsiniz ki, teatrda maaş azdır. Vaxtilə toylara getsəm də, sonra uzaqlaşdım. Toylarda kobudluq, qeyri-etik davranışlar çox olur. Özüm də emosional, davakar adamam. Görürdüm ki, çox əsəbləşirəm, ona görə daha toylara getmədim".

“Yenə sizsiz olan doğum gününüz...”

Unudulmaz sənətkar Şövkət Ələkbərovanın anadan olmasından 93 il ötür. Şövkət Ələkbərovanın tələbəsi, əməkdar artist Aybəniz Haşımova ustad sənətkarı yad edib, onunla bağlı düşüncələrini “Facebook” sosial şəbəkəsində yazıb: “Ölməz sənət, səs sahibi, ifaçılıqdan mədəniyyət, ruha qida, qarşında əsl insan, sənətkar duruşu aşılayan, musiqiyə hörmətlə yanaşan ustad sənətkar, böyük pedaqoq, ustadım Şövkət xanım Ələkbərova. Şövkət xanım tanrının böyük hədiyyəsi idi Azərbaycana. Sənsiz olan doğum gününə qurban olum. Canım ustadım, hərdən sizdən ötrü darıxmağımın həddi çox aşır. Onda çox üzülürəm. Yenə sizsiz olan doğum gününüz... Əvvəllər bu tarixi çox sevirdim. İndi daha yox...”

Xatırladaq ki, Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. O Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib.

1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edə bilib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova “Qarabağ şikəstəsi”ni ifa edib və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb.

Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edib. Şövkət Ələkbərovanın repertuarınadakı “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları milyonlarla insan tərəfindən sevə-sevə dinlənilib.

Ustad sənətkar fevralın 7-i 1993-cü ildə dünyasını dəyişib.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər