15 Dekabr 2015 11:40
2 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Rəşid Behbudovun 100 illik yubileyi keçirilib. Fəxri Xiyabanda baş tutan tədbirdə Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mərhum sənətkarın həyat yoldaşı Ceyran xanım, qızı Rəşidə Rəşid, Xalq artisti Mübariz Tağıyev, müğənni İlhamə Qasımova və başqa qonaqlar iştirak ediblər.

Rəşid Behbudov sənətinin ucalığından bəhs edən Ədalət Vəliyev yaxın günlərdə sənətkarın abidəsinin ucaldılacağını deyib: “Rəşid Behbudovun 100 illik yubileyi il boyu keçirilir. Bunun üçün böyük tədbirlər hazırlanıb. Xalq artistinin adını daşıyan küçədə və Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında gözəl abidəsi ucaldılacaq. Abidəni Xalq rəssamı Fuad Salayev hazırlayacaq. Onun yubiley tədbiri Azərbaycanla yanaşı Moskva və Gürcüstanda da qeyd ediləcək”.

“And içdim və sözümü tutdum”

Xalq artisti Mübariz Tağıyev “Gündəlik Teleqraf”a açıqlamasında böyük sənətkarı belə xatırlayıb: “Uzun illər Rəşid Behbudovla bərabər çalışmışam. Bu sənətdə formalaşmağımda onun çox böyük xidməti olub. O, mənim səsimi dinləyəndən sonra bəyənib və rəhbəri olduğu Mahnı Teatrına dəvət edib. Onda mən əsgərlikdə idim. Heç vaxt ağlıma gəlməyən hadisə baş verdi. Dedilər ki, mənə Rəşid Behbudov teleqram vurub. Hamı kimi mən də çox təəccüblənmişdim. Amma eyni zamanda çox xoşbəxt idim, çünki dünyada sevilən bir sənətkar mənə teleqraf vurub, işə dəvət edirdi. Bu, böyük hadisə idi mənim üçün. Rəşid Behbudov istəyirdi ki, mən əsgəri xidməti başa vurub teatra gəlim. İndi prodüser sözünü çox işlədirlər. Mən isə həmişə demişəm ki, mənim prodüserə ehtiyacım olmayıb. Çünki bütün fəaliyyətim boyu yanımda çox peşəkar insanlar var idi. 15 il Rəşid Behbudovla bir səhnədə işləmişəm. Sizcə, mənə prodüser lazım idi? İndi hamı efirə toy tutmaq üçün çıxır. Mən bu günə kimi pulla mahnı oxumaq adına toya getməmişəm. Yaxınlarımın, qohumlarımın toyunda bir mahnı ifa etmək toya getmək deyil. Niyə getmirəm? Səbəbi var. İllər əvvəl bir insan kimi Rəşid Behbudovun qarşısında söz verdim. Heç o vaxt bilmirdik ki, müharibə olacaq, aləm bir-birinə qarışacaq, kim inanardı, SSRİ dağılacaq. Dedim, Rəşid müəllim, ömrümdə toya getməmişəm. Dedi, gedəcəksən. Dedim, getməyəcəm. Onda məni Qurana əl basdırdı və dedi: ”And iç ki, toylara getməyəcəksən". Aramızda olan o söhbətdə mən söz verdim ki, toya getməyəcəm. Bununla məsələ bitdi. İndi bir çoxları, hətta yaxınlarım da deyir ki, Rəşid Behbudov rəhmətə gedib, SSRİ dağılıb, get toya. Bu gün o çərçivədən çıxmaq, verdiyim sözdən dönmək çətindir. Əgər mən o vaxt bunu etsəydim, indi də edərdim. Bundan sonra bütün çərçivələri sındırıb bunu etmək düzgün deyil. Amma bir dəfə qərara gəlmişdim ki, Rəşid Behbudovun məzarını ziyarət edib, ondan halallıq alım. Lakin son anda dayandım. O həqiqətən böyük sənətkar idi, Allah rəhmət eləsin".

“Ata, sən haqlı idin”

Xalq artistinin qızı Rəşidə Rəşid atasını sosial şəbəkədə belə yad edib: “Doğum günün mübarək, doğmam mənim. Sevimlim, əzizim atam. 100 yaşın olduğuna inanmıram. Mən necə qocalmışam... Amma sən möhkəm, gənc, cəsarətli, işıqlı qalmısan. Səsin kimi əvəzolunmaz olmusan. Yadında, anam sənin üçün nə qədər həyəcan keçirib, səni danlayardı. Qitələr... Ölkələr... Dövlətlər... Materiklər. Sənin şişmiş ayaqların, damarların. Xatırlayırsan? O bir gün dedi: ”Rəşid, niyə bu qədər işləyirsən. Sən özünü öldürürsən. Dayan. Sən onsuz da çox işlər gördün. Bunu kim dəyərləndirir?" Arada çox böyük pauza oldu, amma sonra sən dilləndin: “Mənim xalqım gördüyüm işləri qiymətləndirəcək və xalqımı, insanları sevdiyimi xatırlayacaq”. Ata, sənin sevimli xalqın səni sevir və qiymətləndirir. Sən haqlı idin. Bu, sənin missiyan idi. Sən bunun üçün doğulmuşdun. Bizim mədəniyyətimizi, mahnılarımızı, romanslarımızı, operalarımızı şöhrətləndirmək sənin missiyan idi.

Qara günlər gələndə, şəhərdə tanklar peyda olanda, Qarabağ əlimizdən gedəndə sən əsl vətənpərvərlik nümunəsi münayiş etdirdin. Sən susmadın. Sən ədaləti tələb etdin və dedin ki, nə qədər sağsan dərdimizi bütün dünyaya çatdıracaqsan. Onlar bunu yadda saxladılar. Və səni bu imkandan məhrum etməyə qərar verdilər... Biz bu ağrını yaşadıq... Həm sənin itkini, həm də torpaqların itkisini... Amma ata, heç nə elə-belə qalmır. Hər şey bir gün öz yerinə qayıdacaq. Hələ ki, mən daxili ağrıdan inildəməyə bilmirəm... Sənin üçün darıxıram. Bizim sevgimiz 100 il yaşadı və vaxt yalnız bu sevgini bərkitdi".

Müəmmalı ölüm

Rəşid Behbudovun ölümü də çox müəmmalı olub. Onun ölümünün səbəbi uzun müddət gizlədilib və mediadan kənar qalıb. Amma Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bir neçə il əvvəl Rəşid Behbudovun ölümü ilə bağlı şok faktlar açıqlayıb. Onun sözlərinə görə, sənətkarın ölümünə səbəb Qorbaçovla sonuncu danışığı olub: “SSRİ Xalq artisti Rəşid Behbudov Hindistanda olarkən bu ölkənin şimalına konsert verməyə gedəndə yerli müxbirlərdən biri ona deyib ki, bu günlərdə burada sizin məşhur həmyerliniz dəfn olunub. R.Behbudov həmyerlisinin kim olduğunu soruşub, cavabında ”Şaumyan" deyiblər. Təbii ki, həmin vaxtlar Rəşid Behbudovun ətrafında Sovet kəşfiyyatının nümayəndələri olub. Müğənni Bilal Əliyev də şahidlik edir ki, o zaman rus dilini yaxşı başa düşməsə də, söhbətin mənasını anlaya bilib. Rəşid Behbudov müxbirdən orada çəkiliş aparılıb-aparılmadığını soruşub. Həmin jurnalist geri qayıdanda o kaseti Rəşid Behbudova verib. 1988-1989-ci illərdə Dağlıq Qarabağ problemli başlayanda böyük sənətkarımız ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşıb və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti Mixail Qorboçova verib. Bunu Rəşid Behbudovun yoldaşı da təsdiq edir. Rəşid Behbudov xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər".


Müəllif: