Teleqraf.com Bəxtiyar Hidayətin təcnislərini təqdim edir:
Elli var deyərsən yox, tanımıram
Elli var obaya, elə yaraşar
Hər kim bir yar sevə başu-can ilə
Əlbət çox sədləri elə yar aşar
Çox qaldım ya nadan, ya xam əlində
Az qaldı yarıla yaxam əlində
Xudam, əməlbazı yax əməlində
Hər səddi yüz pislik eləyər, aşar
Bəxtiyar, qışın od, yazın qırovdu
Qələmin bir dağdı, yazın qırovdu
Sanasan ya xalta, ya zınqırovdu
Qalstuk yaltağa elə yaraşar.
***
Hardasan sinəsi mərmər mələyim
İtmisən illərin itkini kimi
Az qalıb çöllərdə mər-mər mələyim
Səgrəqibin kini it kini kimi
Kimi dana qovub, kəl budamaqda
Kimi gəl bu kefdə, gəl bu damaqda
Kiminin köpəyi, kəlbi damaqda
Bizim də günümüz it günü kimi
Sərraflar hesaba başlaya hərdən
Açginən yükümü, başla yəhərdən
Bəxtiyar biləmmir başlaya hardan
Onmudur, beşmidir, itkin ikimi?
***
Bağrım kabab eylər kömür gözlərin
Söz yolla bir görüş barədə bəri
Heyranlıq qoymadı ovum ovlayım
Şikar da bəriydi, bərə də bəri
Can alan yarım gəl, cançı yarım, gəl
Tutuşdu odlara can-ciyarım, gəl
Sən ey canım-gözüm, can-ciyarım, gəl
Keç hicran dəryasın bərədə bəri
Bir Bəxtiyar desin, bir kim, kim, sənəm
Görməyə üzlərdə bir kim, kimsə nəm
Yox bu dağılmışda bir kim-kimsənəm
Sal yolun arada-bərədə bəri
***
Bir od saldın getdin sulu canıma
Mən elə yanaram şam aman eylər
Ollam o bostana qarğaqoruyan
Məni adamlıqdan şamaman eylər
Çox tellər bürüdü qara, tellərin
Edərsən varını qarət ellərin
Məni dara çəkər qara tellərin
Göyrüc aman eylər, şam aman eylər
Düşər zəlil düşən günə bə xan da
Dolsa günə baxmaz, günəbaxan da
Bəxtiyar düşdüyü günə baxanda
Hələb aman eylər, Şam aman eylər
***
Hac sarı axışır beçərə millət
Deyir düzəldəcək hac imicimi
Hacı yüz daş atar şeytanı tutmaz
Vurar vertolyotu ha Cimi, Cimi.
Çıxdım asimana asi, mən asi
Çoxdu haq sözümün asi mənası
Onsuz da bizlərə asiman asi
Sən ha dua oxu, ha "Cimi- Cimi".
Bəxtiyar, ha deyim ki, nolar, nolar
Mənə də bəslənən kin olar, nolar
Şəri ağlar qoyan kinolar nolar
Zahid, gedib olsun hacımı Cimi?
***
Könül bağçasına səfər eylədim
Qoxladım nərgiz də, yasəmən də mən.
İncitmədim bir çiçəyin ruhunu
Gözlədim qadağa, yasa mən də, mən.
Mən kiməm, sufi kim, həmbəli kimdi
“Yox” deyib söyləyən həm “bəli” kimdi
Eşqin qulu kimdi, hambalı kimdi
Qərq oldum qəmlərə, yasa mən də, mən.
Qoy desin Bəxtiyar pərim, a pərim
Sındı qol-qanadım, pərim, a pərim
Sən bu yerlərdən pərim, aparım
Götürüm kəhərə, ya səməndə mən.
***
Ürək bölünərsə əlacı yoxdu
Çəpərin əlacı sim sarı, simdi
Sazım simlənmədi, yaram simləndi
Bu sim bizə yaman simsar isimdi
Simsardı saatda əqrəb əqrəbə
Simsardı səhrada əqrəb əqrəbə
Getsin ilan qohum, əqrəb əqrəba
Aşiqlik edənin simsarı simdi
Çıxmaz toxunana toxunsan, canın
Sən də ürəyinə toxun sancanın
Gedib özgəsinə toxun sən canın
Dəymə Bəxtiyara sim sarı simdi
***
Baxma sinəm üstü oddu, alovdu
Gəlib mehman olsa gülə sərindi
Mənim şairliyim təpəmə dəysin
Yoxdu sənə layiq gül əsər indi
Biz piyada, zaman süvari belə
Ömür su misallı, suvari belə
Gözün gül üzünü suvarıb elə
Ah çəksəm üzündə gül əsər indi
Etdim ömrü gülə-gülə sərgüzəşt
Bülbülün fəğanı gülə sərgüzəşt
Eylə bəxtiyara Güləsər, güzəşt
Bir yer də qəlbimdə Güləsərindi
***
Əl əldən üzüldü, el eldən qopdu
Elə iraq olub Ağdam adama
Piyadalar qurban, siyasət naxış
Qara dama-dama, ağ dama-dama
Yalın əl neynəsin ağac alana
Nola qara günlər ağa calana
Almaz qara baxtı ağ acal, ana
Qalar qara gözlər ağ dama-dama.
Bəxtiyar dustaqdı, bə ha oturar
Yüzü ac, beş-üçü baha oturar
Mənə ucuz ölüm baha oturar
Qanım Qarabağa, Ağdama dama.