2 Fevral 2016 11:55
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Hacı İsmayılov son illər çəkilən ekran əsərlərini izləmədiyini deyib.

O, Teleqraf.com-a açıqlamasında filmlərin nümayiş olunmamasından şikayətlənib: “Bilirəm ki, Azərbaycanda son illər xeyli sayda filmlər çəkilib və çəkilir. Bu, çox yaxşıdır, amma nə yalan deyim, mən çoxunu görməmişəm. Hətta məlumatım var ki, onlar müxtəlif festivallarda iştirak edir, ölkəyə mükafatlarla qayıdır. Amma mənim aləmimdə filmi tamaşaçı sevsə daha yaxşıdır. Film çəkilmir ki, rəfdə qalsın, ya da ancaq bir qisim adam baxsın. Görülən iş tamaşaçı tərəfindən sevilməlidir. Vaxtilə mən “Bəyin oğurlanması”, “Yol əhvalatı” filmlərində çəkilmişəm. Hər zaman öz aramızda söhbət edəndə bu fikrə gəlirdik ki, bu səpkili filmlər tarixi filmlərlə məna və dəyər etibarı ilə müqayisə edilə bilməz. Amma təsəvvür edin ki, son 15-20 ildə tamaşaçının ən çox baxdığı filmlər məhz “Bəyin oğurlanması”, “Yol əhvalatı”dır. Qəribə bir şeydir... Bu, bir daha sübut edir ki, son qiyməti tamaşaçı verir. O bəyənir və bizim də borcumuz tamaşaçıya xidmət eləməkdir”.

Son illər çəkilən filmlərdə rol almadığını deyən aktyor teatr sənəti ilə müqayisədə kinoda rol istəməyin daha çətin olduğunu deyib: “Teatrın bir yaxşı cəhəti odur ki, gedib kimdənsə rol xahiş edə bilərsən. Amma kinoda bunu demək qəbahətdir. Bilirsiniz, aktyor sənəti tükənməz sənətdir. Aktyor 60-70-80 yaşında da filmlərə çəkilə bilər. Kinonu çox sevirəm, mənə elə gəlir ki, kinoda eləyə bilmədiyim heç nə ola bilməz”.

Heç vaxt özünü rejissor kimi sınamaq fikrində olmadığını deyən xalq artisti bu sənət sahiblərinin aktyorlardan bir neçə pillə üstün olduğunu deyib: “Rejissor sənətinə böyük hörmətim var. Əvvəla rejissor sənəti aktyor sənətindən ucada dayanır. Rejissor olmaq çox çətindir. Gərək dünyagörüşün, həyat təcrübən, savadın, biliyin, həyata, insanlara şəxsi münasibətin ola. Mənə elə gəlir ki, ancaq ondan sonra bu sənətin sahibi ola bilərsən. Mən heç vaxt rejissor olmaq fikrində olmamışam. Çünki kinoda Rasim Ocaqov, teatrda Tofiq Kazımov, Mehdi Məmmədov, Adil İsgəndərov kimi rejissorlar görmüşəm. Onları yada salanda rejissor sənətinə yaxın durmaq istəmirəm. Amma hər zaman aktyorun rejissor ola bilməsi təcrübəsi olub. Aktyorlar var ki, sonradan rejissor olurlar. Bu, normaldır. Vaxtilə aktyor Əli Zeynalov Hüseyn Cavidin “Knyaz” tamaşasını səhnələşdirdi. Yaxşı tamaşa idi, amma çox uzun ömrü olmadı. Məmmədrza Şeyxzamanov da tamaşa hazırlamışdı, onun da ömrü az oldu. Məlik Dadaşovun “Nişanlı qız” tamaşası isə uzun müddət repertuarda oldu”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər