2 Fevral 2016 15:37
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com yazarlar arasında sorğu keçirib: “Nə oxuyursunuz?”

Səslənən fikirləri təqdim edirik:

Aqşin Yenisey: “Qış girəndən Maksivell Kutzenin romanlarını və "Səfillər"i yenidən oxuyuram. Bu mənə həm də klassika ilə müasirlik arasındakı fərqləri görməyə imkan verir”.

Müşfiq Xan: “Əksər hallarda detektiv əsərlər oxuyuram, çünki özüm də eyni janrda yazıram. Ənənəvi, hamının tanıdığı xəfiyyə ədəbiyyatına məxsus imzalarla yanaşı, bizim kitab bazarına qədər gəlib çıxmayan imzaları da oxumaq üçün axtarıb-tapıram. Hazırda mütaliədə istirahət rejimində olduğum üçün özümə çox rahat kitablar seçmişəm. Keçən həftədən Markuz Zusakın 3 kitablıq "Köpək xəyalları", "Köpəklər ağlayanda" və "İt dalaşı" silsiləsini oxumağa başlamışam. Avstriyalı bu gənc yazarı oxucular "Kitab oğrusu" romanından tanıyırlar. Bütün stressi və yorğunluğu atır, məsləhətdir”.

Rəbiqə Nazimqızı: “İşimlə bağlı hər gün saytları və xəbərləri izləyirəm. Təbii ki, bədii materialları da daha çox onlayn variantda oxuyuram. Məsələn, dünən yenə Martin Svetlitskidən mənim üçün yeni olan bir xeyli şeir oxudum. Şeirlərdən üç-dördünü hətta dilimizə çevirdim də. Elə-belə, ürəyimə yatdı deyə... Amma üç gün əvvəl Kortasarın "İmtahan"ını götürdüm, sözün həqiqi mənasında, az qala, nəfəsimi kəsdi... Hazırda dünya klassikasından tərcümə və redaktəylə məşğulam deyə, çox mütaliə etməyə vaxtım olmur”.

Aqşin Evrən: “Hazırda Konstantin Paustovskinin hekayələr kitabını oxuyuram, adam möhtəşəmdir. Hekayələrində bütün insan hisslərini ayrı-ayrı rəflərdə hiss etmək olur. Bir də Pərviz Cəbrayılın "Yad dildə" əsərini yenidən oxumağa başlamışam. Son günlərdə oxucular şiddətlə bu kitabı məndən istəyir, bilmirəm nə məsələdir. Elə bil, romanın ikinci nəfəsi açılıb. Ümumilikdə, hər gecə bir hekayə oxuyuram. Oxucu dostlara da tövsiyə edirəm. Hər gecə bir hekayə oxumaq və bir filmə baxmaq insanı inanılmaz dərəcədə zənginləşdirir”.

Fərid Hüseyn: “Hazirda "Şeir haqqında" və "Cahiliyyə poeziyası" adlı poeziya haqqında yazılardan ibarət kitabları mütaliə edirəm”.

Əsəd Qaraqaplan: “Açığını deyim ki, "Karamazov qardaşları" (Dostoyevski) və "Əziz dost" (Mopassan) romanından sonra uzun müddət kitab oxuya bilmədim. Hansı kitabı oxumaq istəyirdim, ya mənə çox bəsit gəlirdi, ya da getmirdi. Həm də başqa problemlər-filan adamı kitabdan uzaqlaşdırsa da yenə hardasa oxumalı olduğunu anlayırsan. Zaman-zaman oxuduğum kitablar olsa da hazırda böyük həvəs və maraqla Cavid Osmanovun "Mücahidin yolu" romanını oxuyuram. Tam səmimi deyim ki, bu kitab bu gün üzdə olan və bəh-bəhlə təriflənən bütün kitablardan gözəl və maraqlıdır. Oxuduqca çox şey öyrənir və fikirlərin də o qədər aydın olur ki, başa düşürsən, bax, belə yazmaq lazımdı... Bundan sonra bir neçə oxumadığım kitab var ki, onları oxumağı düşünürəm. Çünki həm kitabdan nisbətən uzaq düşdüyümü, həm də ürəyimcə yaza bilmədiyimi hiss edir, üstəlik, kitabsız yaşamağın çətin olduğunu anlayıram”.

Dilqəm Əhməd: “Baninin "Qafqaz günləri" əsərini oxuyuram”.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər