Tanınmış sənət adamlarımızın mütaliəsi, dünyagörüşü həmişə maraq və mübahisə mövzusu olub. Onların oxuduğu kitablar, sevdiyi filmlər tamaşaçıların diqqət mərkəzindən heç vaxt düşməyib.
Bəs indi vəziyyət necədir? Sənət adamlarımız nə oxuyurlar? Teleqraf.com bu suala aydınlıq gətirməyə çalışıb.
Səslənən fikirləri təqdim edirik:
Rasim Balayev: “Bu yaxınlarda Azərbaycan ədəbiyyatından şairləri oxuyuram. Qətran Təbrizidən tutmuş bu günə kimi olan şairlərin şeirlərindən ibarət disk çıxarmaq istəyirəm. Yəni elə bu günlər onunla məşğulam. Amma mənim stolüstü kitablarım da var ki, onları da oxuyuram. Sizə bir şey deyim: mən oxumasam, yata bilmərəm. Həm də daha çox klassikləri oxuyuram”.
Fuad Poladov: “Hazırda əlimdə “Küləklə sovrulanlar” kitabı var, onu oxuyuram. Bizim Rusiyada yaşayan yazıçı-jurnalistimiz var: Fərhad Ağamalıyev. Bu yaxınlarda onun “Dalğaların tərs üzü” kitabını oxumuşam. Çox gözəl kitab idi. Bundan əvvəl Kamal Abdullanın “Unutmağa kimsə yox” əsərini oxumuşdum”.
Ramiz Novruzov: “Son oxuduğum “Əli və Nino” əsəri olub. Hazırda isə daha çox lazım olanları, yəni kino ssenarilərini oxuyuram. Teatrla bağlı olduğu üçün Elçinin, Əli Əmirlinin əsərlərini daha çox oxuyuram. Bundan başqa, Ramiz Rövşənin, Sabir Rüstəmxanlının şeirlərini də izləyirəm”.
Həmidə Ömərova: “Vaxtım çox olmur deyə əsasən qısa hekayələri oxuyuram. Həm də ixtisasım xarici kinodur deyə ən çox xarici ədəbiyyatla maraqlanmışam. Qabriel Markesin “Yüz ilin tənhalığı”nı yenidən oxuyuram. Azərbaycan ədəbiyyatından isə daha çox klassikləri oxuyuram. Cəlil Məmmədquluzadəni çox bəyənirəm”.
Füzuli Hüseynov: “Maraqlı olan bəzi bədii əsərləri oxuyuram. Amma daha çox sənədli əsərləri mütaliə edirəm. Yəni tarixi şəxsiyyətlər haqqında olan yazılara daha çox meyil göstərirəm. Son zamanlar rus dilində oxuduğum budur: “Достойный разговора Адольф Гитлер”.
Sərvər Şirin