Əməkdar artist Gövhər Həsənzadə bu il “Eurovision” səhnəsində Azərbaycanı təmsil edən mahnıdan danışıb.
Bəstəkar Teleqraf.com-a açıqlamasında təmsilçimiz Səmra Rəhimlinin ifa edəcəyi “Miracle” mahnısının Avropa dinləyicisinin zövqünə uyğun olduğunu deyib:
“Səmra Rəhimlinin texniki imkanları Avropa standartlarına uyğundur. Bildiyim qədər o, artıq bir neçə yarışda uğurla çıxış edib. Amma bu mahnı ifaçının imkanlarını göstərmək üçün kifayət qədər şərait yaratmır. İfaçının imkanlarına uyğun olaraq daha yaxşısını seçmək olardı. Ümumi baxanda isə musiqi Avropa tamaşaçısının zövqünə uyğundur.
O ki qaldı indiyə qədər “Eurovision” səhnəsində ifa olunan mahnılarımıza... Bu günə qədər hansı mahnımız çox güclü olub ki? “Eurovision” səhnəsində çıxış edən bütün müğənnilərimiz oxuduqları mahnıdan daha güclü ifaçılar olublar.
Hazırda Təşkilat Komitəsi belə düşünür ki, mahnı Avropa bəstəkarının olmalıdır, ona görə də bunu müzakirə etmək bizə düşmür.
Onu da deyim ki, bu gün Azərbaycan bəstəkarlıq məktəbində lazımınca güclü və effektli yaradıcı adamlar var. Başqa heç nə deyə bilmərəm. İstəyirəm ki, Azərbaycan ifaçısının çıxışı effektli alınsın, bəyənilsin.
Səsvermə zamanı hansı nəticələrlə qarşılaşacağıq, bunu demək çətindir. Səmra Rəhimliyə ancaq mahnını gözəl ifa etmək, yaxşı performans göstərmək qalır. Biz isə ona mənəvi dəstək olmalıyıq”.
Qeyd edək ki, 21 yaşlı ifaçımız Səmra 10 may tarixində keçiriləcək ilk yarımfinalda “Eurovision” səhnəsinə çıxaraq, “Miracle” mahnısını ifa edəcək.
Səmra ilk dəfə 2012-ci ildə Eurovision Mahnı Müsabiqəsinin Milli Seçim Turunda iştirak edib. Lakin o dövrdə Milli Müsabiqənin ən gənc iştirakçısı kimi ictimaiyyətin diqqət mərkəzində olan 16 yaşlı Səmra ölkəni “Eurovision”da təmsil etmək hüququnu əldə edə bilməyib.
Bundan sonra o, müxtəlif ölkələrin müsabiqələrində iştirak edib, püxtələşib. 2015-ci ildə “O Səs Türkiyə” verilişində 1/4 finala qədər irəliləyib, 2016-cı ilin mart ayında isə “Səs Azərbaycan” müsabiqəsinin ilk mövsümünün finalçısı olub.
Səmra və onun mahnısı “Eurovision” müsabiqəsinə İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən keçirilən daxili və gizli səsvermədə, o cümlədən 100 televiziya, musiqi eksperti və Avropanın 35 ölkəsindən olan “Eurovision” azarkeşlərinin rəyi əsasında seçilib.
Nərmin