Teleqraf.com aprelin 19-da doğum gününü qeyd edən tanınmış rejissor Rövşən Almuradlı ilə söhbəti təqdim edir:
-Ad günüm adi günlərdən biri kimi keçdi. Cavanlıqda adam həvəslənir ki, yaşının üstünə yaş gəlir, böyüyür. Amma yaşlananda fikirləşirsən ki, bir il də getdi (gülür). Adam ad günündə ah çəkir...
-Hansı yaşdan sonra belə hisslər keçirməyə başladız?
-60 yaşdan sonra... Belə hissləri tək mən yaşamıram, hamıda belədir.
-Allah can sağlığı versin, yaşayın, yaradın.
-Sağ olun. Həyatdır, kim nəyə necə sitayiş edirsə, ömrünü də ona uyğun yaşayır.
-İndiyədək keçən ömürdən razısınız?
-İnsan öz içində həmişə hər şeydən razı qalmır. Amma bir fikrin təbirincə desək, əgər insan öz seçimini özü edirsə, o heç vaxt heyifslənmir. Mən də hər zaman seçimi özüm eləmişəm. İmkan yaratmamışam ki, kimsə mənim əvəzimə qərar versin.
-Deməli, nəyə görəsə peşman deyilsiz...
-Elədir. Peşiman deyiləm. Şükür Allaha, ailəm, işim var. Bu yaxınlarda təzə tamaşanın məşqlərinə başlayacam. Əlimdə başqa yarımçıq işlərim də var. Yəni həyat normal gedir. Ən əsası, ətrafımda mənə dəyər verən, məni sevən dostlarım var.
-Dediniz, tamaşa hazırlığındasınız. Hansı tamaşadır, harada hazırlayırsınız, təklif kimdən gəlib?
-Təklif Mədəniyyət və Turizm Nazirliyindən gəlib. Fransız yazarı Marselyenin gözəl bir əsəri olan “Oğru”nu Sumqayıt Dövlət Dram Teatrında tamaşaya hazırlayacam. Komediya janrındadır.
-Rövşən bəy, əsəri və teatrı nazirlikmi seçib?
-Əsər seçimi, təbii, mən tərəfdən olub. Əgər nazirlik əsəri hazırlamağı sifariş verir və mənə iş təklif edirsə, deməli, mənim təklif etdiyim əsərlərin içərisindən seçib. Teatr seçiminə gəlincə, bu haqda qarşılıqlı məsləhətləşməyə əsasən nazirlik qərar verir. Özüm Sumqayıtda yaşayıram. Bura mənim üçün bir qədər rahatdır. Bundan başqa, mənim cavanlığımın bir hissəsi Sumqayıt Teatrında keçib. İlk rejissor işlərimi burda təqdim etmişəm. Teatr kollektivinə yaxından bələdəm.
-Sizə tamaşa verilməməsi ilə bağlı yaranan qalmaqallı hadisələrin üzərindən xeyli vaxt ötüb. O zaman nazir çıxışında demişdi ki, sizinlə görüşüb və məsələ həll olunub. Maraqlıdır bu illər ərzində nazirlikdənmi sizə təklif gəlmədi, yoxsa gələn təkliflərlə siz razılaşmadınız?
-Bu məsələnin nazirliyə aidiyyəti yox idi. Səmimi deyirəm... Sadəcə Akademik Milli Dram Teatrında İsrafil İsrafilov hesab edirdi ki, mən orda tamaşa hazırlamamalıyam. Onun rəhbərliyində yalnız bircə dəfə -2011-ci ildə “Yaşlı xanımın gəlişini” tamaşasını hazırladım və ondan sonra mənə tamaşa verilmədi. Mənim taleyim də belə gətirdi...
-Azər Paşa Nemətin rəhbərliyində “Azdrama” nə vəd edir?
-Çoxdandır “Azdrama” ilə əlaqəm yoxdur, proseslərdən xəbərsizəm. Rəhbər dəyişikliyini də mətbuatdan izləmişəm.
Bir dəfə bu fikri söylədim, heç bir yerdə yazmadılar. Təsəvvür edin, Tofiq Kazımovdan sonra Azərbaycan teatrında səlahiyyət heç bir rejissora verilməyib. Baş rejissor olmaq Azərbaycan teatrında səlahiyyət sahibi olmaq demək deyil. Səlahiyyət olmayanda rejissor şəxsiyyət kimi də möhkəmlənmir.
Rejissorun səlahiyyəti nədən ibarətdir? Yaradıcı istiqaməti müəyyənləşdirir, repertuar siyasəti və truppanı formalaşdırır. İndi bu sadaladıqlarımın hamısı rejissorun əlindən alınıb direktorlara verilib. Amma 1987-ci ildən sonra ilk dəfəydi Azərbaycan teatrında rəhbərlik rejissora tapşırılır. Uzun illərdən sonra bunu idarəçilikdə yenilik kimi qəbul edirəm. Bu, çox vacib məsələdir. Hesab edirəm ki, o biri teatrlarda da bu cür sistem qurulmalıdır.
Rejissorlar, yəni yaradıcı insanlar teatra rəhbərlik etməlidir. Çünki teatr nə fabrikdir, nə zavoddur. Mənzil-istismar idarəsi də deyil ki, oranı müdir idaləə etsin. Bu mənada Azər Paşa Nemətin Akademik Milli Dram Teatrına rəhbər təyin olunması çox gözəl hadisədir. Amma necə işləyəcək, nə edib, nə etməyəcək – bu barədə bir söz deyə bilmərəm və söyləməyə ixtiyarım da yoxdur.
-Yenidən o teatrda tamaşa hazırlamaq istəyərsiniz?
-Yəqin gələcəkdə olacaq. Azər Paşa Nemətin təyinatının üzərində çox keçməyib. Hər şey yoluna düşəndən sonra mən də təklifimi verəcəm. Qəbul edərlərsə böyük məmnuniyyətlə orda tamaşa hazırlayaram. Hansı rejissor istəməz ki, Akademik Milli Dram Teatrında tamaşa hazırlasın.
-“İblis”i ekranlaşdırmaq hələ də arzu kimi qalır, yoxsa artıq ümidinizi itirmisiniz?
-Film pul deməkdir. İndi vəziyyət elə ağırdır ki...Təkliflər verə bilərəm, amma inanmıram, kimsə maliyyə ayırsın. Buna görə heç kəsi qınaya bilmirəm, çünki pul yoxdur. “Azərbaycanfilm” də mənə hörmət edirlər, amma niyə film vermirlər deyib qınaya da bilmirəm, büdcələri çox kasıbdır.
“İblis”ə gəlincə, onu həm teatrda səhnələşdirmək, həm də kinoda ekranlaşdırmaq istəyirəm. Amma qismət... “İblis”lə bərabər çox əsərləri səhnələşdirmək, ekranlaşdırmaq istəyirəm.
-Yeni filmləri izləyə bilirsinizmi?
-Tamam yox. Bir neçəsindən xəbərdaram. Elçin Musaoğlunun “Nabat”, Mirbala Səlimlinin çəkdiyi “Qırmızı bağ” filmi, Elxan Cəfərovun “Yarımçıq xatirələr”i haqqında müsbət rəylər eşitmişəm. Nə qədər dəyərli, yaxşı filmlər çəkilsə yaxşıdır. Hər halda tərpəniş var Azərbaycan kinosunda...
Nərmin Muradova