2 May 2016 14:53
2 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ülviyyə Əliyeva: “Həyatda ən çətini susmaq, səbr edib gözləməkdir”

Musiqili Teatrın aktrisası Ülviyyə Əliyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla Musiqili Teatrda nümayiş olunan “Talelər qovuşanda” tamaşasından bir az əvvəl qrim otağında görüşdük. Qrim ustası aktrisanın saçını hörürdü...

- Füzulidən yenicə qayıtmışıq. Səhər saat 6-da çıxıb gecə saat 4-də qayıtmışıq. Ona görə yorulmuşam. Gedib Cocuq Mərcanlını gördük. Gözümüzün qabağında ermənilər aman vermədən atırdılar.

- Nə əcəb oralara gedib çıxmısınız?
- Aparıcısı olduğum “Zəhmətkeş ulduzlar” verilişi belə məsələlərdə hər zaman həssaslıq göstərir. İstər aprel, istərsə də o vaxtki Tərtər hadisələri zamanı oralara gedib çəkilişlər etmişik.

- Oralara gedəndə qorxmursunuz ki?
- Yox. Bəlkə 1990-cı illər olsaydı, qorxardım. Amma indi Azərbaycanın güclü ordusu var, ona görə də qorxum yoxdur.

- Ailənizdə hərbçi var?
- Yeznəm, xalamoğlu hərbçidir. Ordumuza çox güvənirəm.

- Uzun illərdir ki, “Zəhmətkeş ulduzlar”la bölgələri gəzirsiniz. Sizcə, bir layihənin ömrü nə qədər olmalıdır?
- Tamaşaçı baxırsa, sevirsə, o layihənin ömrü uzun ola bilər. “Zəhmətkeş ulduzlar” artıq beş ildir ki, efirdədir və mən onun sayəsində Azərbaycanın torpaqlarını qarış-qarış gəzirəm. Bu layihənin ən çox sevdiyim məqamı gözəl ailələrlə tanış olmağımdır. Əminliklə deyə bilərəm ki, Azərbaycanın hər bir kəndində bir ailəm var.
Dua edirəm ki, işğal olunmuş torpaqlarımızda da verilişlər hazırlayım. Şuşa, Laçın, Kəlbəcər, Xocalı, Cəbrayıl torpaqlarını otdan təmizləyəndən sonra layihənin bağlanmasına razıyam.

- Bir neçə verilişlərin aparıcısı olmusunuz. Verilişlərin reytinqləri ilə maraqlanırsınız?
- Şükürlər olsun ki, bu illər ərzində heç bir verilişimin reytinqi ilə bağlı şikayətlər eşitməmişəm. Demək ki, baxılır. Baxılmasaydı, bu qədər müddət davam etməzdi və sponsorumuz da olmazdı.

- Müsahibələrinizin birində demisiniz ki, hər şeydən tez bezirsiniz. Bu bezmək işinizin hansı tərəfinə aiddir?
- Əgər mən müəllim işləsəydim, bəlkə də bezərdim. Amma bu sənət ona görə ruhuma yaxındır ki, hər günümüz rəngarəngdir. Bir azdan səhnədə nümayiş olunacaq tamaşa artıq 15 ildir ki, teatrımızın repertuarındadır. Amma hər dəfə bu tamaşada rolumu oynayanda yeni nələrsə kəşf edirəm. Ona görə mən bu sənətdən bezmirəm və hər dəfə də səhnəyə çıxanda həyəcanlanıram.

- Saçınız da bu tamaşa üçün hazırlanır?
- Bəli. Gözəl, təcrübəli Aybəniz xanım teatrımızın qrim ustasıdır. Biz səhnəyə çıxırıqsa demək hər zaman səliqəli olmalıyıq. “Mən dəyərəm min cavana” tamaşasında baş rolu oynayıram. O rolu uzun illə Afaq Bəşirqızı oynayıb, sonra isə mənə həvalə etdi. Rolumdan irəli gələrək tamaşanın birinci hissəsində qaşlı, saqqalı, ikinci hissədə isə bəzənmiş, saç düzümü dəyişmiş bir qız oluram.
Və bu iki hissənin arasında 10 dəqiqə fasilə var, mən də imic dəyişikliyini o vaxt kəsiminə sıxışdırmalıyam. Bu işdə də bizə qrim ustalarımız yardımçı olur.
Dediyim tamaşa may ayının 6-da oynanılacaq, hamınızı gözləyirik, gəlin, baxın. Neçə illərdir ki, repertuarda olmasına baxmayaraq hər dəfə anşlaqla keçir.

- Yəni deyirsiniz ki, indi də teatrlarda anşlaqlar olur?
- Olur. Bir çox tamaşalarımız anşlaqla keçir.
Əvvəllər bir televiziya kanalı vardı, insanların əyləncəli məkanları isə kinoteatrlar, teatrlar idi. İndi kanalların, orda nümayiş olunan proqramların sayı boldur, internet də hər kəsin əlinin altındadır, amma buna baxmayaraq, teatra gələnlərin sayı da az deyil. Mən 90 -ci illərdə - teatrın ən çətin dövrlərində bu sənətə gəlmişəm. O vaxtkı teatrla indiki teatrların arasında dünyalar qədər fərq var. İstər repertuarda, istərsə də şəraitdə.

- Teatrınızın təmirinə söz ola bilməz.
- Mən Musiqili Teatrı beş ulduzlu otel adlandırıram. (gülür) Doğurdan teatrımızın həmin otellərdən heç bir fərqi yoxdur. Burda hər cür şərait var. Dövlət başçımız var olsun ki, bizə - sənət adamlarına belə qayğı göstərir.
Amma əvvəllər belə deyildi. Mən Dövlət Gənclər Teatrında işləyəndə məşqlərimiz Aktyorlar evində olurdu. Səhnə o qədər soyuq idi ki, danışanda ağzımızdan tüstü çıxırdı. Tamaşaçılar zalda palto ilə otururdular.
Bir hadisəni danışım, bunu heç unutmaram. Təsəvvür edin ki, 17 yaşımda “Ölülər”in premyerasında Nazlını oynayıram. Səhnədə Kefli İsgəndər monoloqunu deyir, mən də Nazlı obrazında iməkləyə-iməkləyə səhnəyə çıxıb, İsgəndərə sarılıb “Dadaş” sözünü deməliyəm. Mən dizimi yerə qoyan kimi yağışın suyu sıçrayırdı. Bax biz bu şəraitdə işləyirdik. Rəhmətlik Hüseynağa müəllim “Ölülər”i, “Hamleti” o cür şəraitdə hazırlayıb.

- Belə bir fikir var: indi yaradıcı adam üçün şərait var, amma ortalıqda yaxşı nəticə yoxdur.
- Zövqlər müxtəlifdir. Bunu nəinki teatrlara, bütün sahələrə şamil etmək olar. Hanı o vaxtkı bəstəkarların bəstələdikləri mahnılar? İndikilər bir günlük mahnılardır.
Bizim teatrda çox maraqlı tamaşalar var. İndiki dövrdə insanın üzünü güldürmək çox çətindir. Bu çətin məsuliyyət Musiqili Teatrın aktyorlarının çiyinlərinə düşür.

- Bir var düşündürücü güldürmək, bir də var bayağı gülüş...
- Məni tanıyanlar bilir ki, indiyə qədər bayağı, ucuz gülüşlə məşğul olmamışam. Məktəb görən aktyor bu cür zarafatlara yol verməz.

- Keyxanım obrazını yaradanda ola bilməz ki, sizə gələn mətndə az da olsa belə zarafatlar olmasın.
- “SOY” prodakşnda heç vaxt belə ucuz zarafatlar olmayıb. Ora bir ailədir və mənə də övladları kimi yanaşıblar. Orda zarafatlar da, hərəkətlər də çox səliqəli olub. Mən orda açıq-saçıq zarafatlara rast gəlməmişəm.
Teatrda da həmçinin. Bizim bütün tamaşalarımıza daxili baxışlar olur. Lazımsız, artıq, xoşagəlməz nələrsə olarsa, onu tamaşadan çıxardırlar.

- Televiziya tamaşaçıları sizi daha çox Keyxanım obrazı ilə tanıyırlar, amma teatr tamaşaçıları yaxşı bilirlər ki, siz yalnız Keyxanımla məhdudlaşmırsınız. Mənə həmişə elə gəlir ki, Ülviyyə Əliyeva içindəki o enerjini göstərməyə, bacarığını üzə çıxarmağa qadir olan rolla qarşılaşmayıb.
- Yox, qarşılaşmışam. “Arşın mal alan”da Telli obrazını buna misal çəkə bilərəm. O rolu oynamaq çox çətin idi. Çünki Tellinin artıq möhürü vurulmuşdu. Mən elə bir şey etməliydim ki, səhnəyə çıxanda kimsə mənə deməsin ki, bu Telli yox, Keyxanımdır. Bu mənim üçün təhqir olardı. Tamaşanın qurulduğu bir il ərzində düşünməyə çox vaxtım oldu. Və axırda tapdım. O vaxt qızlar 13-14 yaşında gəlin olurdular və əgər Telli Gülçöhrə, Asya ilə bir yerdə böyüyürsə, deməli onun 30-40 yaşı ola bilməz. Demək Telli də gəncdir. Mənim səhnədəki Tellim məhz 13-14 yaşlı bir qız oldu. Və mən doğurdan da tamaşaçını inandıra bildim ki, Keyxanım yox, Telliyəm.

- Məşqlərə gecikdiyiniz vaxtlar çox olur?
- Xeyir. Mən məşqlərə iki saat öncədən gəlirəm. Aybəniz xanım da buna şahiddir.

- İnsanların tənqidi ilə qarşılaşanda reaksiyanız necə olur?
- Öncə onu deyim ki, mən tərifdən çox tənqidi sevirəm. Və tənqidi mənə premyeradan öncə səhnə arxasında həmkarlarım deyir.
Ən böyük tənqidçilərim evdəkilər-ailəmdir. Tamaşaların premyerasına baxırlar, iradlarını bildirirlər. Haqlı iradların hamısını nəzərə alıram.

- Haqqınızda yazılan hansı yazılara görə əsəbləşmisiniz?
- Bir ara jurnalistlər zəng vurub, ancaq şəxsi həyatım barədə suallar verirdilər. Deyirdim ki, bu haqda danışmaq istəmirəm, amma götürüb özlərindən yazırdılar. O zaman çox pis olurdum. Yaxud hansısa verilişdə danışırdım, ona baxıb müsahibə yazırdılar. Bu peşəkarlıq deyil.

- Niyə şəxsi həyatınızla bağlı danışmağı sevmirsiniz?
- Bu mənim şəxsi həyatımdır. Bir dəfə danışmışam, çünki lazım idi. İstəyirdim ki, tamaşaçı məni yalnız Keyxanım kimi tanımasın. Axı əslində mən Keyxanım deyiləm, Ülviyyəyəm. O vaxt danışdım və elə onunla da hər şeyi bitirmək istədim.
Nə vaxtki, şəxsi həyatımda xoş hadisələr olar, onda yenə danışaram. Hazırda durğunluqdur, nə danışım ki...Keçmişi danışıb, xırdalamaq kimə lazımdır?
Şükürlər olsun ki, keçmişimdə utanacağım elə bir məqam yoxdur ki, onu danışmaqdan ehtiyat edim. Azərbaycanda hamı bir -birini tanıyır. Kimdən nə gizlədəcəksən? Amma bu bir dəfə danışılıb, yenidən ona qayıtmaq istəmirəm. İndi elə bir yaş dövründəyəm ki, ancaq sənətimlə məşğulam. Amma yenə deyirəm şəxsi həyatımda yeni nəsə olsa sizlərlə bölüşəcəm.

- Arzu edirik ki, olsun.
- İnşallah. Mən hər zaman başqalarının sevincinə sevinən biriyəm. Ona görə Allah mənim üzümə bütün qapıları açır.

- Kinli deyilsiniz?
- Yox, kinli deyiləm. Pis şeylər tez yadımdan çıxır.

- Yəni bağışlayırsınız?
- Biri bir qəpiklik yaxşılıq etsin onu ömrümün sonuna kimi unuda bilmirəm. Amma pisliyi tez unuduram. Bir- iki dəfə mənə qarşı pis hərəkətinizi keçə bilərəm, amma elə bir hədd olur ki, onu adlaya bilmirəm. O hədd gələndə sadəcə olaraq həmin insanı görmürəm. Salamımı kəsirəm.
Mənim üçün həyatda salam və çörək çox önəmlidir. Çörək kəsdiyim insan mənə yaxındır, salamımı kəsdiyim insanı isə görməzdən gəlirəm. Dalaşmaq, söz atmaq, intriqa etmək mənim xarakterimə ziddir.

- Sənətinizlə hər zaman üzdəsiz. Ona görə də Sizin yerinizdə olmaq istəyənlər çoxdur.
- İnsandan çox şey asılıdır. Nə tökərsən aşına, o da çıxar qaşığına. Mən hər zaman böyük-kiçik yeri bilmişəm, hamının hörmətini saxlamışam. Heç kimin dalınca danışmamışam. Kimsə yanında nəsə danışanda ərkim çatıbsa susdurmuşam, çatmayıbsa oradan çıxıb getmişəm. Heç vaxt da xəbərçilik etməmişəm.

- Ədalətsizliklə üzləşmisiniz?
- Əlbəttə, o qədər... Təcrübəmdən irəli gələrək deyirəm həyatda ən ağır iş –susmaq, səbr edib gözləməkdir. Ağır və çətin olsa da, doğrusu budur. Haqq-ədalət mütləq öz yerini tutur.

- Bəzən insan elə bir mərhələyə çatır ki, hər şeyi yenidən başlamaq məcburiyyətində qalır. Bu mənada həyatınız necə dəfə “qırılıb”?
- Sayı-hesabı yoxdur. Siz aysberqin üz qatını görürsünüz...Bizim sənətdə istedadla bərabər şans böyük rol oynayır. Şükürlər olsun ki, Allah məni şanslı aktrisalardan edib. Amma burda da incə nüans var. Bir var iynə ilə gor qazmaq, bir də var iynə ilə qayalığa çıxmaq. Və təbii ki, iynə tez-tez qırılıb, mən yerə düşmüşəm. Hər dəfə bir addım qabağa, beş addım arxaya getmişəm. Bu səviyyəyə 19 ildə qaza-qaza gəlmişəm. Mənim sənətdə qohumum, day-dayım olmayıb. Nəyə nail olmuşamsa hamısı Allahın köməkliyi və çəkdiyim böyük əziyyətlər hesabına olub. Eyni vaxtda dörd yerdə çalışmışam, sutkada 18 saat işləmişəm. “Zəhmətkeş ulduzlar”ın aparıcısı kimi mənə deyirlər ki, rayonları gəzib kef edirsən. Deyirəm səhər saat 5-də evdən çıxıb, ora çatıb çəkiliş edib, səhər saat 5-də qayıdıb gəlmək kef deyil. Bu o deməkdir ki, mən bir sutka işləmişəm.

Bu arada Ülviyyə xanım səhnə arxasına gedir, səhnəyə çıxış vaxtına nə qədər qalıb-qalmamasını yoxlayır.

Qayıdıb gəlir:
- Hələ vaxtıma var. Ayaqqabımı geyinib, startda dayanım.

- Çıxış zamanını kimsə sizə demir?
- Başqalarına güvənmərəm. Təbii ki, onlara desəm, xahiş etsəm edərlər, amma öz işimi hər zaman özüm görürəm. İnsandır da yadından çıxa bilər.

- Gündəlik həyatınızda makiyajdan çoxmu istifadə edirsiniz?
- Yox. Anam məni buna görə çox danlayır. Deyir ki, çölə çıxırsan, hamı səni tanıyır. Deyirəm, ay mama, mən istirahət edirəm. Mənə xoş gözlə baxanın gözündə mən onsuz da gözəl görünürəm. Xoş gözlə baxmayan onsuz da bir eyib tapacaq.
İnsanları olduğu kimi – mənfi, müsbətləri ilə qəbul edirəm. Məni də o cür qəbul etmələrini istəyirəm. Mən çölə sadə bir paltarda çıxa bilərəm. Burda ayıb nə var ki, fəhlə ailəsində anadan olmuşam. Nazir övladı deyiləm ki, hər dəfə brend paltarlar geyinim. Amma inanın nə qədər də imkanım olsa heç vaxt paltara 5-8 min pul vermərəm.

- Niyə?
- Çünki 5 min bir körpə uşağın ürək əməliyyatıdır. Bu əməliyyatla o uşaq həyata qayıdar, atanın-ananın göz yaşı quruyar. Mən bunu bilə-bilə 5 min manatı paltara necə xərcləyim...Bir xeyriyyəçi xanım tanışım var. O insan mindən çox ürək qüsurlu uşaqları əməliyyat etdirib. Bundan başqa tez-tez onkoloji xəstə uşaqların yanında oluram. Bilirsiniz, bunları görə-görə, bilə-bilə bir paltara o qədər pul xərcləmərəm.

- Sizi nə heyrətləndirə bilər?
- İnsanlar...

- Yaxşı yoxsa pis cəhətləri?
- Şükürlər olsun ki, mənim ətrafımda hər zaman yaxşı insanlar olub. İnsanların yaxşı cəhətlərinə, Allahın möcuzələrinə heyrətlənirəm.

- Bəs insanları tanıya bilirsiniz?
- Tanıya bilirəm. Sizi ilk dəfə görüm, gözlərinizin içinə baxacam, ya xoşuma gələcəksiniz, ya da gəlməyəcəsiniz. İnsanın daxili işıqlıdırsa bu, onun gözünə yansıyır.

- Sizi nə vaxt filmlərdə görəcəyik? Ola bilməz ki, təklif almayasınız...
- Məni tanıyan sənət adamları, rejissorlar bilir ki, heç vaxt təklifdən imtina etmirəm, üstəlik heç vaxt soruşmuram ki, nə qədər qonorar verirsiniz. Qarşıma çıxıbsa, demək bu qismətimdir. Qismətimə təpik atmamışam. Qarşıda gözəl bir layihə var. O baş tutan kimi açıqlama verəcəm.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər