6 May 2016 17:24
1 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tənqidçi Əsəd Cahangirin sosial şəbəkədə paylaşdığı status geniş müzakirələrə səbəb olub. Tənqidçi xalq şairi Söhrab Tahirin son mənzilə Təzə Pir məscidindən yola salınmasını təqdirəlayiq hal kimi qiymətləndirib, adətən belə mərasimlərin təşkil olunduğu teatrı “şeytan evi” adlandırıb:

“Söhrab Tahirin dəfni... Yaxşı ki, şairin nəşi ilə vidalaşma hansısa teatr bunasında yox, Təzə Pir məscidində oldu. Sovet dövründəkindən fərqli mərhumlarımızı son mənzilə artıq şeytanın evindən yox, Allahın evindən yola salırıq. Allah bu məscidi inşa etdirən Nabat xanıma da, Söhrab Tahirə də rəhmət eləsin”.

Əsəd Cahangir Teleqraf.com-a açıqlamasında yazdığı statusa belə aydınlıq gətirib: “Teatrın mahiyyətində şeytanilik var. Çünki teatr yeni bir dünyadır: öz padşahı, öz prezidenti, öz qanunu var. Teatr Allahın yaratdığı dünyaya qarşı alternativ dünya qoyur. Bununla da teatr Allahla yaradıcılıq bəhsinə girir. Ona görə də fəlsəfi mənada Allaha şərik qoşur. Allaha şərik qoşan da şeytandır.

Məhz bu mənaya görə teatrı şeytan yuvası adlandırmışam. Teatrdan cəmiyyətə həmişə şeytani ideyalar ötürülüb. Tarixən teatr intriqa yuvası olub.

Amma məscid Allahın evidir. Sovet vaxtı bizim məşhurların nəşini teatr binasından götürürdülər. Onları şeytan yuvasından son mənzilə yola salırdıq. İndi isə Təzə Pir məscidindən yola salırıq. Dünən Söhrab Tahiri ordan yola saldıq və mən buna sevindim. Qoyun ölülərimizi son mənzilə Allahın evindən yola salaq”.

Statusun altına yazılan şərhlərlə tanış olduğunu bildirən tənqidçi 18-ci əsərdən başlayaraq sənətin ilahi düşüncələrdən uzaqlaşdığını deyib: “Fikrimə çox kəskin etiraz edənlər oldu. Amma bununla yanaşı mənimlə həmrəy olanlar da az deyil. Yenə də öz fikrimdə qalıram ki, mən sözün fəlsəfi mənasında teatrı şeytan yuvası hesab edirəm. Bu o demək deyil ki, mən teatrı sevmirəm, orda işləyənləri pis adamlar hesab edirəm, xeyir.

Mən beş yaşımdan tamaşalara baxıram, tamaşalar haqda çoxlu sayda məqalələr yazmışam, rejissorlar, aktyorlar, aktrisalardan müsahibələr götürmüşəm. Demək olar ki, hər həftə Akademik Milli Dram Teatrındayam. Bu sözü deyəndə konkret öz teatrlarımızı nəzərdə tutub demirəm.

Ümumən dünyada teatrlar yarananda mövcud olan teatr anlayışını nəzərdə tutub deyirəm ki, teatr şeytani mahiyyət daşıyır. Ümumən sənət şeytani mahiyyət daşıyır. Amma bu teatrda daha qabarıq görünür, çünki teatr vizual sənətdir, canlıdır. Bədii mətin gözlə görünmür. Ona görə onun şeytani mahiyyəti o qədər də hiss olunmur. Deyə bilərsiniz ki, kinoda da vizual görünür, sadəcə kinoda canlı insanlar deyil, insanların lentə alınmış şəkilləridir. Sənətin şeytani mahiyyəti ən canlı, ən qabarıq şəkildə məhz teatrda üzə çıxır.

Sizə onu da deyim ki, 18-ci əsrdən üzü bəri sənət öz ilahi mahiyyətini itirərək şeytani istiqamətə doğru irəlilədi. 18-ci əsrdə fəlsəfədə materializm sözü meydana gəlməyə başladı ki, bu da bəşəriyyəti dini, ilahi düşüncədən uzaqlaşdırdı. Sənət də Allah ideyasından uzaqlaşdı. Və mən teatrı şeytan yuvası adlandıranda ilk növbədə bunu nəzərdə tuturam.

Amma ən qədim teatr tamaşalarına baxın... O tamaşalarda baş rolların ifaçıları elə Allahlar idi: Zevs, Hera, Apallon, Afina. Hətta Allahlar finalda məsələlərə müdaxilə edib, problemləri həll edirdilər”.

Qeyd edək ki, Əsəd Cahangir vaxtilə Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışıb.

Pərvin


Müəllif:

Oxşar xəbərlər