"Bakı-2015" birinci Avropa Oyunlarının məşəli Saatlı rayonundan sonra mayın 6-da günün ikinci yarısında Sabirabada gətirilib.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan ədəbiyyatında ictimai satiranın banisi olan Mirzə Ələkbər Sabirin 1931-ci il oktyabrın 7-də adı verilmiş rayona məşəl axşam saatlarında yetişdirildi.
Əvvəlcə estafet iştirakçıları rayonun məşhur yerləri ilə tanış oldular. Bir vaxtlar Arazboyu zonanın təsərrüfat və iqtisadi mərkəzi kimi inkişaf edən Sabirabadın qarpızı ilə yanaşı, pomidor istixanaları da məşhurdur. Bu təsərrüfatın fəaliyyəti ilə tanışlıq, sonra rayonun ən məşhur ərazisində - Kür və Araz çaylarının qovuşduğu Suqovuşanda davam etdi. Sabirabadın rəngarəngliyi bu ərazidən aydın görünür: Bir hissəsi Kür çayının sağ sahilində Muğan düzündə, bir hissəsi Kür çayının solunda - Şirvan düzündə, digər bir hissəsi Araz çayının sol sahilində Mil düzündə yerləşir. Burada təbiətin seyrinə çıxan məşəlçilər fotoşəkillər çəkdirdilər.
Opera ifaçısı, SSRİ xalq artisti Lütfiyar İmanovun dünyaya göz açdığı məkan kimi tanınan Sabirabadda özünəməxsus idmançılar məktəbi də var. 2008-ci ildə olimpiya idman kompleksinin istifadəyə verilməsi idman ənənələrinin geniş spektrdə inkişafına yeni cizgi oldu.
Yerli güləş məktəbinin yetirməsi, 1987-ci ildə yeniyetmə yunan-Roma güləşçiləri arasında SSRİ çempionu olmuş Azad Əsgərov qaydasız döyüş üzrə dünya, Xamiz Məmmədov isə karate üzrə Avropa çempionlarıdırlar. Son illər güləş, boks və şərq döyüş növləri üzrə yeni parlaq nəsil yetişməkdədir. Futbol məktəbinin yetirmələrindən Rəşid Özbəyov Sovet dövründə ölkənin aparıcı futbol komandası “Neftçi”nin üzvü olub və məşqçi kimi onun başçılığı ilə rayonun “İnşaatçı” klubu isə 1993-cü ildə ölkə kubokunun finalçısı olub.
Pankration federasiyasının prezidenti Azad Əsgərovun başladığı estafet Heydər Əliyev prospekti boyunca 3,23 km məsafəni əhatə etdi. Bu yürüşü məşqçi-müəllimlər - regionda güləş ənənələrinin formalaşmasında böyük xidmətləri olmuş Mirəflan Ağayev və Seyfulla Mehdiyev, ictimai fəallar - Ramiz Məmmədov, veteran futbolçu İbrahim İbrahimov, atlet Rüfət Mehdiyev və Mərkəz Regional Futbol Federasiyasının prezidenti Nadir Quliyev, həmçinin "Bakı 2015"in rəsmi tərəfdaşının nümayəndəsi İlham Əzimov, tələbə və peşəkar idmançı Əlicabbar Nuriyev, "Bakı-2015"in ulduz elçisi İlkin Həsəni və məktəbli Seymur Adışov davam etdirdilər. Pəhləvan Amid Babayev məşəllə Heydər Əliyev parkının tağından keçərək, burada quraşdırılmış səhnəyə çıxdı. O, Avropa Oyunlarının çırağını yandırdı və 11-ci sinif şagirdi Nərgiz Əsgərova onu rayon ictimaiyyətinə təqdim etdi.
Bu anda möhtəşəm Alov Festivalı başlanmışdı. Mərasim mədəniyyət və incəsənət ustalarının çıxışları ilə davam etdi. İzdihamlı tədbirə toplaşanlar məşəl estafetinin iştirakçıları ilə səmimi söhbət etdilər. Avropa Oyunlarının canlı rəmzləri isə yerli gənclərin və yeniyetmələrin diqqət mərkəzində idi.
Estafetin ilk iştirakçısı olmuş yerli pəhləvanlıq məktəbinin tanınmış simalarından Mirəflan Ağayev təəssüratlarını paylaşdı: “Bu Oyunlar artıq Azərbaycanın nüfuzunun dünya səviyyəsində təsdiqidir. Avropada böyük idman ənənələri olan, neçə-neçə olimpiya oyunlarına ev sahibliyi etmiş şəhərlər ola-ola, məhz Bakının, müstəqilliyini cəmi iki onillikdir əldə etmiş Azərbaycanın paytaxtının belə bir şərəfə nail olması da bunu əyani sübut edir. Amma bizim üçün bu, həm də Azərbaycan haqqında həqiqətləri Avropaya, dünyaya çatdıran gözəl vasitədir. Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarının təkcə paytaxt Bakını deyil, rayonları da öz qanadı altına alması təqdirəlayiq hadisədir. Onun iştirakçılarından biri olmaq mənim üçün qürur mənbəyi, gözəl xatirədir. Bir məşqçi kimi, Avropa Oyunları yetirmələrimə böyük yarış həyəcanını, olimpiya ehtirasını aşılamaq, beynəlxalq təcrübənin nə olduğunu göstərmək üçün gözəl fürsət olacaq. Həm də bütün varlığımızla idmançılarımızı qələbəyə səsləyəcəyik”.
Sabirabadda daha bir maraqlı günü geridə qoyan məşəl karvanı Araz sahili boyunca səyahətini davam etdirərək, sabah səhər İmişlinin qonağı olacaq, axşam saatlarında isə Füzuli rayonunun Horadiz şəhərində Alov Festivalı keçiriləcək.