8 May 2015 11:06
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacı Şahin Həsənli: "Avropa Oyunları dünyaya sülh, əməkdaşlıq çağırışıdır"

Anar Xəlilov: "Dünya bizim yüksək mədəniyyətimizi, intellektimizi, bacarığımızı görəcək"

Firdovsiyyə Əhmədova: "Dünyanın diqqəti Bakıya cəlb olunacaq"

Vətəndaş cəmiyyəti nümayəndələrinin, elm adamlarının Bakıda keçiriləcək I Avropa Oyunlarına dəstəyi davam edir.

Oyunların Azərbaycan üçün əhəmiyyəti barədə danışan Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib ki, Avropa Oyunları ölkəmizin dünyada tanıdılması istiqamətində önəmli bir addımdır. Onun sözlərinə görə, bu mötəbər yarışın Azərbaycanda keçirilməsi əcnəbilərin ölkəmizlə tanışlığına xidmət edir: "Həm də müxtəlif millətlərin nümayəndələri bu yarışlarda iştirak edəcək. I Avropa Oyunları dünyaya sülh, əməkdaşlıq çağırışıdır. Günümüzdə buna çox böyük ehtiyac var".

"Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri Anar Xəlilov bildirib ki, I Avropa Oyunları yaxınlaşdıqca bu Oyunların Azərbaycanda keçirilməsi ilə bağlı istər daxili, istərsə də xarici mətbuatda, ictimaiyyət arasında müxtəlif yönümlü fikirlər səslənməkdədir: "Təbii ki, Azərbaycanın dünyada tutduğu mövqeyə görə rəqiblərimizin bu Oyunlar haqqında dedikləri başa düşüləndir və heç onlardan yaxşı nə isə gözləmək sadəlöhvlük olardı. Ölkə daxilində də bəzi insanlar mövzu qıtlığından istifadə edərək "fürsətdən yararlanmaq" istəyirlər. Bu Oyunların Azərbaycanda keçirilməsini alqışlayanlar da bunun ölkəmizə verəcəyi töhfələrdən çox danışırlar. İlk növbədə onu qeyd edim ki, bu Oyunların Azərbaycanda keçirilməsi təşəbbüsü və onun reallaşmasının banisi Prezident İlham Əliyevdir və bu idman yarışı yüksək səviyyədə təşkil olunub, uğurla da keçiriləcək. Bir çox strateji əhəmiyyətli sahələrdə qazancımız gözləniləndir. Dünyaya sübut edəcəyik ki, cəmi 24 il müstəqillik əldə etmiş dövlət olsaq da, bu cür böyük idman yarışını keçirməyə qadirik. Millət olaraq hansı potensiala malik olduğumuzu ortaya qoyaraq özümüzü təsdiq və dünya dövlətləri içərisində yerimizi müəyyənləşdirmiş olduq. Müharibə şəraitində olmağımıza baxmayaraq, güclü iqtisadiyyat qura bildik və inkişaf etmiş ölkələr sırasına daxil olmağı bacardıq. Dünyada tarix boyu müharibə şəraitində heç bir dövlətdə inkişaf haqqında düşüncə belə olmayıb. Ancaq Azərbaycanda müharibə, bir milyon qaçqın və məcburi köçkün olmasına baxmayaraq, eyni zamanda, yüksək iqtisadi inkişafa nail ola bildik. Deyərdim ki, Azərbaycan bununla həm də yeni bir iqtisadi inkişafın modelini ortaya qoymuş oldu. Ona görə də bəzi Qərb dairələrinin indidən narahatlığı başadüşüləndir, miflər sınır, dünənə qədər əzilən, məhv edilən xalqlar dirçəlir. Bu Oyunların Azərbaycanda keçirilməsi və yüksək nailiyyət Qarabağın azad olunmasının açarıdır. Mən bunu inamla deyirəm. Mənfur düşmənin bizi dünyaya vəhşi, mədəniyyətsiz xalq kimi tanıtması siyasəti iflasa uğrayacaq, dünya bizim yüksək mədəniyyətimizi, intellektimizi, bacarığımızı görəcək".

Tarixçi alim Firdovsiyyə Əhmədova bildirib ki, ilk Avropa Oyunlarının Bakıdakı keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə idman oyunlarının keçirilməsinə dəstək verən siyasi dairələr tərəfindən nüfuzunun tanıdılmasının və qəbul edilməsinin bir göstəricisi sayıla bilər: "Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsi tarixə Azərbaycanın adını yazmış olacaqdır. Çünki bu gün mədəniyyət, musiqi, idman hər hansı bir dövlətə, xalqa xidmət edən amil deyil, qloballaşan dünyada bu sahələr də artıq siyasiləşib. Bu baxımdan, bu idman yarışı siyasi əhəmiyyəti olan hadisədir. Azərbaycanda bu Oyunların keçirilməsi bütün Avropa və geniş anlamda dünya ölkələrinin diqqətinin Bakıdakı möhtəşəm anlara cəlb olunması deməkdir. Bu, bir tərəfdən Azərbaycanın bir gənc dövlət olaraq dünyaya tanıdılmasının, tərəqqisinin nümayiş etdirilməsidirsə, digər tərəfdən bu idman yarışı ölkəmizə marağın artması, sərmayə qoyulması, turizm axınının gəlməsi deməkdir. Eyni zamanda, növbəti mərhələlərdə beynəlxalq tədbirlərin keçirilməsi baxımından Azərbaycanın ev sahibliyi etməyə iqtidarı olduğunu təsdiqləyən bir hadisədir".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər