23 May 2015 18:51
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Oyunları Azərbaycanın uğurlu sabahının müjdəçisidir

Azərbaycanın möhtəşəm bir yarışa ev sahibliyi edəcəyi günlərə artıq qısa zaman qalıb. Avropa Oyunları Əməliyyat Komitəsindən verilən məlumata görə, oyunlara dəstək məqsədi ilə ölkəmizdən 12 min əsas, 6 min isə ehtiyat heyətdə könüllünün iştirakı nəzərdə tutulub. Onların əsas tərkibi gənclərdən ibarət olacaq.

Avropa Oyunları, gənclərin Avropa Oyunları haqqında fikirləri və tədbirə hazırlığı ilə maraqlandıq. Ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının komandası ilə söhbətləşdik.

Oyunların keçirilməsi sabahın müjdəçisidir

I Avropa Oyunlarından danışan ARGTMŞ-IN Baş Katibi Seymur Hüseynov deyir ki, beynəlxalq tədbirin təşkili həmin ölkəyə faydasını müxtəlif cəhətlərdən göstərir: "Avropa Oyunları Azərbaycanı idman ölkəsi kimi tanıtmaqla yanaşı, eyni zamanda, 20 idman növü üzrə 253 yarışa, eləcə də, bir çox idman növünə ölkədə marağın güclənməsinə səbəb olacaq. Məlum olduğu kimi, idman gənclər arasında zərərli vərdişlərin yayılmasının da qarşısını almağa kömək edir. Bu baxımdan, belə bir beynəlxalq idman tədbirinin keçirilməsi ölkəmizdə sağlam həyat tərzinin təbliğində mühüm rolu olacaq.

Avropa Oyunları Azərbaycanın tanıdılması və beynəlxalq nüfuzunun artması istiqamətində də əhəmiyyətli ab-hava yaradacaq. Avropa Oyunları nəinki Azərbaycanın, Avropanın marağındadır".

Seymur Hüseynovun fikrincə, Oyunlar çərçivəsində ölkəyə gələn 6000-dən çox idmançı, mətbuat nümayəndələri və turistlərlə bərabər, yarışları televiziyadan izləyən və təqdimatlara qatılan xarici vətəndaşlar da Azərbaycanın turistik istiqamətinə maraq göstərəcək: "Bu istiqamətdə görülən işlər, aparılan təbliğat, eləcə də, xaricdə həyata keçirilən təqdimatlar ölkəmizə qarşı böyük maraq hissi oyadır. Brüsselə səfərimiz çərçivəsində Avropanın ən böyük gənclər platformasının iclasında Avropa Oyunlarının təqdimatını keçirdiyimiz zaman bunun bir daha şahidi olduq. Bir daha əmin olduq ki, oyunların ölkəmizdə keçirilməsi Azərbaycanın uğurlu sabahının müjdəçisidir".

18 min könüllünün uğur hekayəsinin başlanğıcı

Azərbaycan Könüllülük Xidmətinin rəhbəri Hüsniyyə Qafarovanın sözlərinə görə, "Bakı-2015" ilk Avropa Oyunları Azərbaycanda könüllülük hərəkatı, könüllülük fəlsəfəsinin inkişafına təkan verdi: "18 min gənc bu möhtəşəm tədbirin təşkilində yaxından iştirak etmək, onun bir parçası olmaq, həm də dünya idmanının tanınmış simalarına daha yaxın olmaq imkanı qazanır.

Əlbəttə, tədbirlərin təşkilində əldə olunan təcrübəmizlə yanaşı, "uğurlu simalar"ın yanında olmaqla uğur fəlsəfəsini mənimsəyəcəyik. Ən əsası odur, əldə etdikləri təcrübəni ölkəmizin ev sahibliyi edəcəyi növbəti tədbirlərdə tətbiq edə biləcəklər.

İnanıram ki, Avropa Oyunları 18 min gənc kadrın uğur hekayəsinin başlanğıcı kimi də yaddaşlarda qalacaq".

16 mindən çox məlumat müxtəlif dillərdə

İctimaiyyətlə Əlaqələr üzrə Departamentinin rəhbəri Pərvin Piriyev deyir ki, adlarını əzbərdən bildiyimiz bir çox ölkə bizdə indi "Bakı-2015" birinci Avropa Oyunları ilə assosiasiya olunur: "İnsanların bir ölkə haqqında düşüncə və təsəvvürləri, əksər hallarda həmin ölkə haqqında məlumatlılıq dərəcəsi, xatirə və emosiyaları əsasında formalaşır. Avropa Oyunları bir şansdır ki, biz müxtəlif idman yarışlarına göstərdiyimiz maraq əsasında ölkəmiz haqqında onlara məlumat verək, müsbət xatirələrlə yadda qalaq.

Əlbəttə, bu Oyunların bəzi özəllikləri var. Birincisi, Avropa Oyunları tarixdə ilk dəfə keçirilir və çox xoşdur ki, bu ilk məhz Azərbaycanın taleyinə yazılır. Məlum olduğu kimi, "ilk"lər heç vaxt unudulmur, əksinə, hər növbəti yarışlarda xatırlanır.

İkincisi, xalqımız qonaqpərvərdir. Ən effektiv təsir vasitəsinin canlı ünsiyyət olduğunu nəzərə alsaq, bu qonaqpərvərliyin xaricilərin yaddaşından silinməyəcəyinə şübhə yoxdur. Bu gün, "twitter"də kiçik bir statistik monitorinq aparmaq kifayətdir ki, #Baku2015 haştaqını cəmi bir neçə gün ərzində milyonlarla şəxsin gördüyündən əmin olaq.

Artıq 2 həftəyə yaxındır, Gənclər Təşkilatları Milli Şurasının "twitter"də Avropa Oyunlarına dəstək olaraq irəli sürdüyü təşəbbüsə, bu gün onun üzvü olan gənclər təşkilatlarından olan 79 nəfər qatılıb və kampaniya çərçivəsində 16 mindən çox məlumat müxtəlif dillərdə paylaşılıb. Çox xoşdur ki, bu təşəbbüsə həmvətənlilərimizlə yanaşı, xaricilər də dəstək olub.

Sözsüz ki, sadaladıqlarım, "böyük bir şəkil"in kiçik parçalarıdır. O şəkil ki, onun faydaları Azərbaycan xalqının maraqlarına xidmət edir, o şəkil ki, onun nəticəsi Azərbaycanın gələcək beynəlxalq imicinə mühüm töhfələr verəcək".

İlhamə


Müəllif:

Oxşar xəbərlər