Bakı-2015 I Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medalı taekvondoçu Ayxan Tağızadə yazdırıb.
Avropa Oyunları çərçivəsində taekvondo üzrə yarışlarda Azərbaycan təmsilçisi Ayxan Tağızadə (-68 kq) final görüşündə Polşa idmançısı Karol Robakla qarşılaşıb.
Birinci hissədən sonra hesab 2-0 polşalı idmançının xeyrinə olub. İkinci raundda da A.Tağızadə rəqibindən 2 xal geridə qalıb. Bu hissədə K.Robak 3-1 hesabı ilə taekvondoçumuzu üstələyib. Üçüncü hissədə Azərbaycan təmsilçisi 9:4 hesabı ilə önə keçsə də, yekunda hesab bərabərləşib: 9-9. Tərəflər arasında qızıl xal raundu keçirilib. Azərbaycan təmsilçisi 1 xal qazanaraq qızıl medala layiq görülüb.
Avropa Oyunları çərçivəsində taekvondo üzrə yarışların ikinci günündə Azərbaycan təmsilçisi Ayxan Tağızadə (-68 kq) finala vəsiqə qazanıb.
Yarımfinal döyüşündə taekvondoçumuz rusiyalı Aleksey Denisenko ilə üz-üzə gəlib. Birinci raundda rəqibini 2-1 hesabla üstələyən A.Tağızadə növbəti raundda 5 xal toplayıb. Sonuncu raundda da üstünlüyü əldən verməyən təmsilçimiz 7-5 hesabı ilə finala vəsiqə qazanıb.
15:50
Avropa Oyunları çərçivəsində taekvondo üzrə yarışların ikinci günündə azərbaycanlı Ayxan Tağızadə (68 kq) dörddəbir finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib.
Birinci raundda A.Tağızadə rəqibini 1-0 hesabı ilə üstələyib. İkinci raundda daha 3 xal qazanan taekvondoçumuz yarışın sonunda 7-5 hesabı ilə rəqibini məğlub edib. Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb. A.Tağızadə yarımfinalda Aleksey Denisenko ilə qarşılaşacaq.
10.50
10:45-də tatamidə yenidən Azərbaycan təmsilçisi döyüşdü. Taekvondoçumuz Ayxan Tağızadə Sloveniya təmsilçisi Pantar Jure ilə üz-üzə gəldi. Birinci turda 6-1 hesabı ilə rəqibini üstələyən A.Tağızadə növbəti turda daha iki xal qazandı. Yarış 11:3 hesabı ilə təmsilçimizin xeyrinə başa çatdı. Beləliklə, A.Tağızadə dörddəbir finala vəsiqə qazandı.
Qeyd edək ki, 19 yaşlı A.Tağızadə 2013-cü ildə Portoda keçirilən Gənclər arasında Avropa Çempionatında gümüş medal qazanıb. Ayxan 1996-cı ildə Bakı şəhərində taekvando məşqçisi Avaz Tağıyevin ailəsində dünyaya göz açıb. Onun qardaşı Fərid Tağızadə Azərbaycan milli taekvando komandasının keçmiş üzvüdür. Onun atası Azərbaycanın Para-Taekvando üzrə Milli komandasının baş məşqçisidir.
10.20
Bakı Kristal Zalda kişilər və qadınlar arasında taekvondo yarışları 2-ci gündür davam edur.
Teleqraf.com-un məlumatına görə, saat 10:30-da tatamiyə Azərbaycan təmsilçisi Günay Ağakişiyeva (57) çıxıb. Serbiya taekvondoçusu Draqana Qladoviçlə qarşılaşan taekvondoçumuz 8:4 hesabı ilə rəqibinə uduzub.
Qeyd edək ki, 24 yaşlı G.Ağakişiyeva 2014-cü il Avropa Çempionatında 3-cü, 2013-cü il İslam Həmrəyliyi Oyunlarında 2-ci, 2007-ci il Avropa Çempionatında 3-cü yeri tutub.
Nərgiz