“Demək olar ki, bütün yarışlara baxıram. Səmimi deyim ki, qızıl medallar çox gözləyirdim, amma bu qədər yox. Ola bilsin ki, yarışın təntənəli açılışı, az müddətdə yüksək səviyyədə hazırlanması, böyük idman arenalarının tikilməsi, Prezidentin idmançılara ciddi dəstəyi idmançılarımız üçün stimul oldu. Hər halda mən bu qədər medal gözləmirdim. Demək olar ki, yarışları canlı olaraq stadionlardan izləyirəm. Vaxt çatdırıb izləyə bilmədiyim yarışları isə axşam televiziyadan izləyirəm. Bütün idman növlərində uğurlarımız var”.
Bunu qəzetimizə müsahibəsində millət vəkili İmamverdi İsmayılov bildirib. Müsahibəni təqdim edirik.
- İmamverdi müəllim, I Avropa Oyunlarının açılış mərasimində iştirak etmisiniz. Təəssüratlarınız necədir?
- Bu, nəinki I Avropa Oyunlarının, eləcə də, dünya ölkələrində keçiriləcək yarışlar üçün nümunə olacaq bir açılış mərasimi idi. Bütün dünya ölkələri bu açılış mərasiminin texnologiyasını, hazırlanması metodunu ciddi şəkildə öyrənməli, öz ölkələrində tətbiq etməlidir.
- Açılış mərasimində bir sıra kompozisiyalar nümayiş etdirildi. Sizin xoşunuza daha çox nələr gəldi?
- Daha çox Azərbaycanın milli tarixi, poeziyası, ədəbiyyatı, incəsənəti, Qobustan qayalıqlarında olan təsvirlərin nümayişi xoşuma gəldi. Eləcə də, ilk insanın dünyaya gəlişi, odun icad edilməsi, dünyanın yaşıllıqlar üzərində cücərməsi səhnələrini bəyəndim. Bütövlükdə isə Nizami Gəncəvi poeziyası, mədəniyyətimiz, milli xalçalarımız və naxışlarımız yüksək səviyyədə dünyaya təqdim edildi. Dünya Azərbaycan ədəbiyyatını, mədəniyyətini yüksək səviyyədə gördü. Məni ən çox sevindirən məqamlardan biri də stadiona toplaşan vətəndaşların vətənpərvərlik coşqusu oldu. Azərbaycan və Türkiyə bayrağına stadionda böyük sevgi sərgiləndi. Tədbirin mühüm bir tərəfi də odur ki, insanlarımızda vətənpərvərlik hissini artırır, onları ortaq məxrəcə gətirir. Oyunların məşəli rayonlarımızda olan zaman ortaya çıxan coşqu, birlik, həmrəylik, bayrağımıza hörmət məni sevindirdi. Yarışların keçirildiyi zallarda insanların iştirak fəallığı müşahidə edilir. Bütün bunlar bizi Vətənimiz, müstəqilliyimiz, əldə etdiyimiz uğurlar və bu uğurların memarı olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ətrafında sıx birləşməyə səsləyir.
- Sizcə, belə yüksək səviyyədə təşkil edilən I Avropa Oyunları Avropa qitəsində necə qarşılanır?
- Avropada buna sevinənlər daha çoxdur. Sevinməyənlərin baxışlarına da təbii yanaşıram. Çünki uğur olan yerdə paxıllıqlar da özünü büruzə verəcək. Bu gün Azərbaycan ictimai-siyasi həyatında, elm və təhsilimizdə, iqtisadi sahədə, şəhər quruculuğunda əldə olunan uğurları kimlərsə qısqanır. Maraqlıdır ki, uğurlarımıza kor olan insanlar xaricdəki düşmənlərimizə bağlı olan qüvvələrdir. Onları yaxşı başa düşürəm. Amma təəssüf edirəm ki, burda da onlarla həmrəy olanlar var. Hansısa qəzetlərdə erməni lobbisinə bağlı mərkəzlərin, QHT-lərin məqalələrini böyük sevinclə qarşılayırlar. Bu, vətənpərvərlik ruhuna, dövlətçiliyin müdafiə olunmasına heç də uyğun gəlmir. Bəlli mərkəzlərin, erməni lobbisinə bağlı qurumların atdıqları addımları az qala burada ajiotaj kimi qələmə vermək istəyənlərə təəssüflə yanaşıram. Biz 24 ildir müstəqilik. Bu müddətdə böyük işlər həyata keçirilib. İqtisadiyyat inkişaf etdirilib, böyük tikinti-quruculuq işləri görülüb, sosial sahədə irəliyə addımlar atılıb. Ümumiyyətlə, bütün sahələrdə əldə olunan uğurlar kimlərisə narahat etməlidir. Xüsusilə, bizim bədxah qonşularımızı. I Avropa Oyunlarında əldə etdiyimiz uğur ümid edirəm Qarabağımızda da yaşanacaq.
- Oyunları izləyirsinizmi?
- Demək olar ki, bütün yarışlara baxıram. Səmimi deyim ki, qızıl medallar çox gözləyirdim, amma bu qədər yox. Ola bilsin ki, yarışın təntənəli açılışı, az müddətdə yüksək səviyyədə hazırlanması, böyük idman arenalarının tikilməsi, Prezidentin idmançılara ciddi dəstəyi idmançılarımız üçün stimul oldu. Hər halda mən bu qədər medal gözləmirdim. Demək olar ki, yarışları canlı olaraq stadionlardan izləyirəm. Vaxt çatdırıb izləyə bilmədiyim yarışları isə axşam televiziyadan izləyirəm. Bütün idman növlərində uğurlarımız var. Güləş, karate, taekvondo, voleybol və digər sahədə uğurlarımız var. Mən buna görə xalqımızı təbrik edirəm. Bu, bizim əldə etdiyimiz uğurların yekun təntənəsidir.
- Siz işğal edilən bir rayonun deputatısınız. Erməni idmançılarının bu yarışlarda iştirakını necə qiymətləndirirsiniz?
- Əlbəttə, istəməzdim ki, onlar yarışlara gəlsinlər. Ancaq idman oyunlarının normaları var və biz də ermənilərin gəlməsinə etiraz etməmişik. İstərdim ki, arxası yerə vurulan erməni idmançıları azərbaycanlı idmançılarımızın əzələ gücünü görsün, bayrağımızın qaldırılmasına, himnimizin səslənməsinə baxsın və əmin olsunlar ki, bu bayraq doğma Qarabağın üzərində də dalğalanacaq. Onlar gedib öz ölkələrində Azərbaycanda yaşadıqları otellər, gəzdikləri küçələrdəki abadlıq işləri, şəhərin gözəlliyi, tikilən infrastruktur haqqında danışacaqlar. Çünki bütün bu uğurlar ermənilər üçün sadəcə bir xülyadır. Ermənilərlə bağlı emosional yanaşmalar da olur. Bu, bir idman yarışıdır. Burada udan da, uduzan da olur. Amma biz bütün sahələrdə qələbə əldə etmişik, ən çox medal əldə edən dövlətlərdən biriyik. İdmançılarımıza, onların məşqçilərinə, bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Açılış mərasimində erməni nümayəndə heyəti zala daxil olanda gənc vətənpərvərlərimiz fitə basdı, ayaqlarını yerə döyməklə etiraz etdilər. Onlara kinayə ilə yanaşanlardan biri də mən idim. Hesab edirəm ki, doğru da etdim. Çünki onlar qəsbkar bir millətin nümayəndələridirlər. Erməni hansı bir ölkədə yaşasa, orada etnik qarşıdurma hökmən yaşanacaq. Onlar Amerikada və ya Afrika qitəsində cəm halında yaşasaydı, orada da etnik bir münaqişə ocağı yaranacaqdı. Bu, onların xislətindədir. Ermənilərin problemləri getdikcə çoxalır, bizim problemlər isə azalır. Dünya artıq haqq səsimizi eşitmək zorundadır.
- Bakıda I Avropa Oyunları yüksək səviyyədə davam edir. Ermənilər isə cəbhə bölgəsində yanğınlar törədir. Bunu necə izah etmək olar?
- Buna narahat olan, uduzan, qələbədən yan keçən, bizim açılış mərasimində olan atəşfəşanlıqdan qıcıqlananların arxadan atdığı daş kimi baxmaq lazımdır. Amma narahat olmasınlar, yandırdıqları bu biçənəklərdə bizlər ağaclar, güllər, çiçəklər əkəcəyik. Bizim Şuşamızda bayrağımız dalğalanacaq, böyük qələbəmizi qeyd edəcəyik.
- Yarışlar davam edir, yeni uğurlar gözləyirsinizmi?
- Əlbəttə, gözləyirik. Elə idman sahələri var ki, bizim üçün ilkdir. Yəni o sahələrdə ilk dəfədir ki, milli komandalarımız formalaşır, yarışlara çıxırıq. Amma az müddətdə avarçəkmə, dəniz çimərliyi, dəniz voleybolunda əldə olunan uğurlar məni sevindirir. Ümid edirəm ki, medallarımızın sayını artıracağıq.
- Azərbaycanda I Avropa Oyunları davam etdiyi halda bəzi Avropa mərkəzlərində və mediasında ölkəmizlə bağlı neqativ kampaniya aparılır. Sizcə, bunu niyə edirlər?
- Demokratiya, insan hüquqları bir baxış vektorudur. Nə üçün Azərbaycanda bir insanın hüquqlarının pozulması haqda odlu-alovlu bəyanat verirlər, ancaq bir milyon insan haqqında susurlar? Niyə Vətəndən didərgin salınan, əmlakı məhv edilən, öldürülən insanları heç kim müdafiə etmir, buna diqqət belə göstərilmir? Belə yanaşma kimə lazımdır? Hansı səbəblərdən dünya Ukraynada baş verən hadisələr zamanı bu ölkəni müdafiə etdi, amma Dağlıq Qarabağ münaqişəsini, bu ərazinin Azərbaycanın tarixi torpağı olduğunu görmür? Bunlar ciddi suallardır və ciddi cavablar tələb edir. Əgər cavab yoxdursa, deməli, bu, ikili standartdır, təzyiq üsuludur. Eləcə də, siyasi və iqtisadi maraqlarını Azərbaycanda təmin etmək istəyən qüvvələrin insan hüquqları, demokratiya bəhanəsi ilə atdığı addımlardır. Biz bütün bunları yaxşı başa düşürük. İstəyirlər bizi kölə durumuna, özlərindən asılı vəziyyətə salsınlar, arzuladıqları qərarları həyata keçirə bilsinlər. Ancaq dövlət başçımız cənab İlham Əliyevin bəyan etdiyi kimi, biz müstəqil xarici siyasət aparırıq və bu siyasət milli maraqlara söykənir, hər zaman müstəqilliyimizin keşiyində duracağıq. Bu təzyiqlər, tənqidlərlə bizə heç kim heç nə edə bilməz. Ölkəmizdə hər şey yüksək səviyyədədir. İnsan hüquqları qorunur, hər şey ictimai nəzarətdədir. Xalqımız da hər şeyi görür və qiymətləndirir. Hər bir regionda Prezident İlham Əliyevin əldə etdiyi uğurlar böyük coşqu ilə qarşılanır və dəstəklənir. Ona görə də bu təzyiqlərin mənası və nəticəsi ola bilməz. Elə bu yerdə karvan keçər məsəli yada düşür.
Nemət Hüseynli