15 Avqust 2015 11:29
3 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Brifinq"in qonağı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadədir. Artıq 4 gündür TQDK qəbul imtahanının nəticələrini açıqlayıb. Builki nəticələr barədə ilkin dəyərləndirmələri açıqlayan TQDK sözçüsü III ixtisas qrupu istisna olmaqla, digər qruplarda imtahan verən abituriyentlərin nəticələri ilə əvvəlki illərin nəticəsi arasında ciddi fərq olmadığını bildirdi. TQDK haqda irəli sürülən ittihamlara cavab verən E.Nağızadə test sisteminin ləğvi ilə bağlı irəli sürülən təkliflərə də aydınlıq gətirib.

Sevil Hilalqızı: Artıq ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb, əvvəlki illərlə müqayisədə nəticələr pozitivdir. 15 nəfər 700 bal topladı, həmçinin TQDK xeyli islahatlar apardı, V ixtisas qrupu yaradıldı. Nəticələri ümumiləşdirmənizi istərdim, əvvəlki illərlə müqayisədə müsbət irəliləyiş oldu?
- Bildiyiniz kimi, ötən ildən etibarən əvvəlki illərin məzunları ilə cari il məzun olmuş abituriyentlər ayrıca imtahan verirlər. Bu il tətbiq olunan yeniliklərdən biri isə V ixtisas qrupunun yaradılmasıdır. Abituriyentlər dörd ixtisas qrupunun hər hansı biri ilə yanaşı, bu qrupu da seçmək və qabiliyyət tələb edən ixtisaslar üzrə də müsabiqədə iştirak imkanı əldə etdi. Bir sözlə, abituriyentlərə 2 ixtisas qrupunda özlərini sınamaq imkanı yaradıldı. Apardığımız sorğular, abituriyentlər və valideynlərin müraciəti də göstərdi ki, onlar bu yeniliyi çox pozitiv qarşıladılar.

"Bəzi müəllimlər "bunker" ifadəsindən reklam kimi istifadə edirlər"

Nərgiz Ehlamqızı: Bu il müsabiqə balı 200 baldan yuxarı oldu, heç bir ixtisas qrupunda keçid balı aşağı salınmadı. Bu, abituriyentlərin səviyyəsinin yüksək olması ilə bağlı idi?
- Son 3 ildə I, II, IV qruplarda müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal bal 150 müəyyən olunmuşdu. Amma qeyd etdiyiniz kimi, bu il kənd təsərrüfatı ixtisasları istisna olmaqla, müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal bal 200 saxlanıldı. Ali məktəblərin, Təhsil Nazirliyinin, TQDK ekspert Şurasının təklifləri nəzərə alınaraq balı 200-dən aşağı olan abituriyentlər, ümumiyyətlə, müsabiqəyə buraxılmadı. Qəbulun nəticələri ilə bağlı geniş elmi statistik təhlillər avqust ayının sonlarında başlanacaq. Yalnız o vaxt bu barədə daha geniş danışmaq mümkündür. Ancaq nəticələrin daha yaxşı olmasını 700 bal toplayanların sayı ilə ölçmək düzgün deyil. Çünki istedadlı uşaqlar həmişə var və olacaq. Bu gənclərin sevincini biz də bölüşürük, belə istedadların sayının çox olması, təbii ki, yaxşıdır. Amma buna ümumi nəticələri təyin edən nöqtə kimi baxmaq olmaz. Hələlik ümumi olaraq onu qeyd edə bilərik ki, nəticələrdə III qrupda bu il əvvəlki illə müqayisədə pozitiv irəliləyiş var. Amma digər ixtisas qruplarında vəziyyətdə elə bir ciddi fərq müşahidə olunmur.

"600-dən çox bal toplayanlar respublikanın bütün bölgələrini təmsil edir"

S.Hilalqızı: Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Fəxrəddin Yusifov 15 abituriyentin 700 bal toplamasını məktəblərin hazırlıq səviyyəsinin yüksək olması ilə yox, repetitor hazırlığının yüksək olması ilə əlaqələndirir...
- TQDK ənənəvi olaraq 600-dən çox bal toplayan abituriyentlərlə anket sorğuları keçirir. Onlar haqqında məlumatlar, "Abituriyent" jurnalının 11-ci sayında dərc olunur. 600-dən çox bal toplayanlar respublikanın bütün bölgələrini təmsil edir. Ola bilər ki, hər hansı bir gəncin çox yüksək istedadı olsun, amma onun öz istedadını nümayiş etdirməsi, özünü inkişaf etdirməsi üçün zəruri mühit olmasın. Bu istedadın parlaması üçün şərait də vacib şərtdir. Reallıq bundan ibarətdir ki, abituriyentlər hazırlıq üçün repetitor yanında əlavə tədris alırlar. Amma bu, o demək deyil ki, fərdi hazırlığa gedənlərin hamısı 700 bal toplaya bilər. Bu, şagirdin istedadının və onlarla işləyən müəllimlərin zəhmətinin bəhrəsidir.

Qurban Yaquboğlu: Yüksək bal toplayanların sayı artıb, pozitiv nəticələr də var. Bu, nəyin hesabına baş verib? Ağıla gələn ilk arqument budur ki, bəlkə, TQDK sualları asanlaşdırıb? Vaxtaşırı belə suallar çıxır ki, nəticələr TQDK-nın hazırladığı sualların asan və çətinliyindən asılı olur.
- TQDK nəzdində artıq uzun illərdir ki, fənlər üzrə elmi-metodiki seminarlar olur. Burada qəbul imtahanlarının məzmununun müzakirəsi aparılır, fənlər üzrə təhlil həyata keçirilir, qəbul imtahanının proqramı hazırlanır və təsdiq olunur. Proqram təsdiq olunduqdan sonra hər il yanvar ayında "Abituriyent" jurnalının 1-ci sayında bütün imtahan fənləri üzrə qəbul proqramı ictimaiyyətə təqdim edilir. Həmin jurnalda qəbul imtahanında istifadə olunacaq model testlər də təqdim olunur. Sualların müəyyən hissəsi asan, orta və çətin olur. Müəyyən sayda suallar çətin olmalıdır ki, yaxşı ilə zəifi, həmçinin daha yaxşıdan da yaxşını ayırd etmək mümkün olsun. Məsələ burasındadır ki, özünü müstəqil ekspert kimi təqdim edən bəzi şəxslər həmin jurnalda model testlər təqdim ediləndə heç bir fikir, rəy bildirmirlər. Lakin qəbul imtahanlarının nəticələri elan edildikdən sonra guya sualların qəsdən çətinləşdirildiyini iddia edirlər. Təbii ki, bunlar tamamilə əsassız fikirlərdir. Ötən illə müqayisədə bu il sualların məzmununda hər hansı ciddi fərq qətiyyən yoxdur.

Dilqəm Əhməd: Aşağı nəticə göstərənlərin statistikası Sizə məlumdur. Hansısa regionda bir abituriyent belə qəbul olunmursa, bununla bağlı Təhsil Nazirliyi ilə müzakirələr olurmu? Qarşılıqlı əməkdaşlıq nə yerdədir?
- Uzun illərdir ki, qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlilləri aparılır və "Abituriyent" jurnalının 12-ci sayında dərc olunur. Burada ali və orta ixtisas təhsilinin müxtəlif səviyyələrinə, o cümlədən magistratura və rezidentura səviyyələrinə qəbul imtahanlarının, həmçinin ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə səviyyəsində, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, bunların əsas parametrləri əhatəli şəkildə təqdim olunur . Bu təhlil təhsilin müxtəlif pillələrində mövcud vəziyyət haqqında məlumatlar əldə etmək və çatışmazlıqların aradan qaldırılması yollarını araşdırmaq üçün əvəzsiz mənbədir. Burada respublikanın bütün şəhər və rayonları üzrə orta məktəb məzunlarının göstəriciləri təqdim olunur. Həm ayrı-ayrı fənlər üzrə, həm ümumi göstəricilər, orta respublika göstəricisi ilə müqayisəli təhlillər və hər bir məktəbin göstəricisi öz əksini tapır. Bundan başqa, hər bir rayon üzrə ayrıca buraxılışlar dərc olunur. Bu kitabçalar hər il təhsil şöbələrinə pulsuz olaraq göndərilir. Onlar burada təqdim olunan araşdırma materiallarını müzakirə etməlidirlər və edirlər də. Eyni zamanda, bu materialların geniş müzakirəsini təşkil etmək üçün TQDK zona müşavirələri keçirir. Təbii ki, bütün bunlar Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu materiallar elektron formatda saytımızda - statistik təhlillər bölməsində yerləşdirilir.

Q.Yaquboğlu: Biz Sizin hazırladığınız statistika ilə tanış ola bilirik. Bu analizlər böyük güc və zəhmət hesabına hazırlanır. Təhsil Nazirliyi bunu nəzərə almırsa, nə əhəmiyyəti var? Bunun məcburi olması üçün hər hansı təsir mexanizmi var?
- Qeyd etdiyim kimi, biz bu materialları təqdim edirik ki, onun əsasında müvafiq işlər həyata keçirilsin, problemlərin aradan qaldırılması üçün addımlar atılsın. Təbii ki, bu addımlar atılır da. Amma bizim ona nəzarət üçün mexanizmimiz yoxdur. Çünki bu, bizim səlahiyyətlərimizə aid deyil.

D.Əhməd: Qəbul imtahanında sualları hazırlayan şəxslərin seçimi necə olur? Onların akademik təcrübəsi, müəllimlik fəaliyyəti nəzərə alınır? Suallar hazırlandıqdan sonra həmin müəllimlərin şəxslərə çıxışının qarşısı necə alınır? Bütün bu proseslər necə tənzimlənir?
- TQDK-da hər bir fənn üzrə imtahan suallarının test bankı var. Buraya hər bir fənn üzrə minlərlə sual daxildir. Siz əgər orta məktəbdə çalışırsınızsa, yaxud hansısa bir fənn üzrə bilik və təcrübəyə maliksinizsə, bizim treninqlərdə iştirak edərək bizə test sualları göndərə bilərsiniz. TQDK ilə əməkdaşlıq etmək istəyən şəxslərə test suallarının hazırlanması ilə bağlı tələblər təqdim olunur. Bu tələblərə əməl edib test tapşırıqları göndərən hər bir müəllifə müqavilə əsasında məvacib ödənilir. 3 ay ərzində 200-300 test göndərirsinizsə, ola bilsin ki, göndərdiyiniz testlərin 15-i qəbul olunsun, yaxud heç biri qəbul olunmasın. Müəllifə məlumat verilir ki, hansı sayda testiniz qəbul olundu. Ancaq o, məhz hansı testlərin qəbul olunduğunu bilmir. Həmin bazada, yəni test bankında hər bir sualın öz pasportu formalaşır. Burada sualın sadə, yaxud çətin olması, hansı mövzunu əhatə etməsi və s. öz əksini tapır. İmtahan ərəfəsində imtahanın məzmunu ilə bağlı texniki tapşırıq hazırlanır. Texniki tapşırığa əsasən, imtahanda istifadə olunan hər fənn üzrə 25 sualın neçəsinin sadə, orta və ya çətin olmalı olduğu təsbit olunur. Daha sonra tamamilə qapalı rejimdə kompüterə təsadüfi seçim əsasında tapşırıq verilir, ona uyğun olaraq həmin fənn üzrə suallar seçilir. Qapalı rejimdə olan 2 ekspert bir-birindən xəbərsiz, ayrı-ayrı otaqlarda suallarla tanış olurlar. Hansısa mübahisəli məqam varsa, onu qeyd edirlər, sual yaranırsa, müzakirə edirlər. Bəzi hallarda sualın məzmununda mübahisəli məqam ortaya çıxırsa, həmin sual başqası ilə əvəz olunur. Bu proses yekunlaşdıqdan sonra "Sual kitabçası" çap olunur və imtahan günü səhər tezdən qapalı rejimdə sual kitabçaları xüsusi dövlət mühafizə xidmətinin əməkdaşlarının iştirakı ilə imtahan mərkəzlərinə yola salınır. İmtahan saat 14:00-da başa çatandan sonra həmin ekspertlər qapalı rejimdən çıxırlar.

"Ekspertlər qapalı rejimdə bəzən 5 gün qalırlar"

N.Ehlamqızı: Ekspertlər qapalı rejimdə təxminən neçə gün qalır?
- Bu, imtahandan asılı olur. Bəzən 5 günə qədər olurlar. Onlar üçün bütün şərait yaradılıb. Otaqlarda pəncərələr olmasa da, havalandırma sistemi mövcuddur. İstirahət üçün bütün şərait qurulub. Təbii ki, oraya ətraf aləmlə təmas qurulmasına imkan verən qurğu, o cümlədən mobil telefon buraxılmır. Bəzi müəllimlər bu qapalı rejim üçün istifadə olunan məşhur "bunker" ifadəsindən reklam kimi istifadə edirlər. Onların çoxu, ümumiyyətlə, bu qapalı rejimdə heç vaxt olmayanlardır. İstənilən bir müəllimin TQDK ilə əməkdaşlıq etməyə ixtiyarı var. Yalnız mərkəzi şəhərlərdə fəaliyyət göstərən məktəblərdə çalışan müəllimlər deyil, respublikanın bütün şəhər və rayon məktəblərində çalışan müəllimlər də videomüzakirələrdə iştirak edirlər. Bir sözlə, hər bir müəllimin bizimlə əməkdaşlıq etməsi üçün imkanı var.

"TQDK-nın sisteminə müdaxilə qeyri-mümkündür"

Q.Yaquboğlu: Cavabların qorunma mexanizmi ilə bağlı müəyyən iddialar var. TQDK-nın keçmiş əməkdaşı Fərman Abdullayev söyləyirdi ki, TQDK kiminsə göstərişi ilə balları artıra bilər. Texniki baxımdan sistemə müdaxilə mümkündür?
- Bizim sistemə müdaxilə qeyri-mümkündür. Qəbul imtahanları ərəfəsində jurnalistləri, QHT nümayəndələrini, bu sahə üzrə ekspertləri daim dəvət edirik ki, gəlib həmin mexanizmin iş prinsipi ilə tanış ola bilərlər. Amma belə əsassız iddialarla çıxış edənlər yalnız danışmaqla kifayətlənirlər, gəlib ekspertlərlə birgə bu prosesi izləyib konkret fikir irəli sürə bilmirlər. Xatırlayırsınızsa, YUNESKO tərəfindən hazırlanmış hesabatda belə MDB ölkələri arasında Azərbaycandakı ali məktəblərə qəbul prosesi şəffaf nümunə kimi təqdim olunmuşdu.

Q.Yaquboğlu: TQDK-nın xətti ilə ali məktəbə qəbul olunanlar arasında kənar qəbul yoxdur. Bir nəfər belə balların qaldırılması ilə qəbul olmayıb. Bu, tam istisnadır, yoxsa belə hal ola bilər?
- Tamamilə istisnadır. Kim imtahan verib müsabiqə şərtlərini ödəyib ixtisas seçimi edibsə, qəbul ola bilər. TQDK tərəfindən qəbul prosesində hər kəs biliyinə əsasən qəbul olur, başqa hal təbii ki, mümkün deyil. TQDK tərəfindən keçirilən qəbul imtahanlarından kənar qəbul halları xeyli vaxtlar mövcud olub. Bu prosesdə xüsusi fəallığı ilə seçilən özəl ali təhsil müəssisələrinin bir çoxunun fəaliyyəti artıq dayandırılıb.

"TQDK xətti ilə 2 milyondan artıq insan imtahandan keçib"

Q.Yaquboğlu: TQDK-nın müstəqilliyin ilk illərində rüşvət amilinin qarşısının alınması üçün yaradıldığı və indi onun məqsədəuyğun olmadığı və ləğvi istiqamətində təkliflər var. Test üsulunun şagirdləri əzbərçiliyə öyrətdiyini, təfəkkürünü inkişaf etdirmədiyi barədə fikirlər də irəli sürülür... Buna münasibətiniz necədir?
- Sovet təhsil sistemi müəyyən dövrə qədər bütün dünyada güclü təhsil sistemlərindən biri kimi tanınırdı. 1980-ci illərdə sovetlər birliyində bütün sahələrdə olduğu kimi, təhsildə də geriləmə, çökmə prosesi başladı. Ali məktəblərə qəbul prosesində rüşvətxorluq, tapşırılma amilləri 1980-ci illərin sonlarında xüsusilə geniş vüsət aldı. Azərbaycanda bu prosesdən narazı olan ziyalılar, mütərəqqi fikirli insanlar rüşvətin ali məktəblərə qəbulda aradan qaldırılması ilə bağlı fikirlər səsləndirirdilər. Bu ideyalar yeni müstəqillik qazandığımız dövrdə bir qədər də qardaş Türkiyə Respublikasında bu sahədə olan təcrübədən istifadə olunması fikirlərini gücləndirdi və qəbul imtahanları üçün ayrıca bir orqan - TQDK təsis olundu və imtahanların test üsulu ilə keçirilməsinə başlanıldı. Təbii ki, heç bir üsul ideal deyil. Test üsulunun da çatışmayan cəhətləri var. Mərkəzləşdirilmiş qaydada aparılan qəbul imtahanları bizə nə verdi? Əvvəla, 1992-ci ildən bu yana TQDK xətti ilə imtahandan keçmiş 2 milyondan artıq insan var. Həmin insanların yaddaşı TQDK-nın və test üsulunun tarixi deməkdir. Elə nəsil var ki, onlar bir neçə mərhələdə bu imtahanlardan keçiblər. Ali məktəbə, magistraturaya, işə qəbul olublar. Şəxsən mənim özüm haqqında bu, belədir. Test üsulunun ən böyük üstünlüklərindən biri odur ki, imtahan mərkəzləşmiş qaydada aparılır, iştirakçıların biliyi vahid standartla ölçülür. Azərbaycanda test üsuluna qədərki imtahan prosesini xatırlayın. Sizin psixoloji durumunuz, mənim özümü ifadə etməyimə münasibətiniz, mənə qarşı simpatiyanızdan asılı olaraq verdiyiniz qiymət dəyişə bilər. Söhbət insan amili faktorundan gedir. Hətta insanın üzünün hansısa cizgisinə görə münasibət dəyişə bilər. Test imtahanında müəllimin hər hansı rolu yoxdur. 20- 30 nəfər bir zalda imtahan verir. Bu, həyəcan amilini də aşağı salır. Burada abituriyentin biliyi kompüter əsasında yoxlanır, vahid standartla ölçülür, kiminsə psixoloji durumundan və tapşırığından asılı olmayaraq yoxlanılır. Bu, çox böyük üstünlükdür. Bu, rüşvət, tapşırıq, qohumluq amillərini aradan qaldırıb. TQDK mövcud olduğu dövrdən indiyədək daim müəyyən qüvvələr tərəfindən müqavimətlə rastlaşıb. Bu dairələr əsasən maraqlı tərəfdir, sovet dövründə bu prosesdən hansısa formada faydalanan, maraqları olan insanların istəkləridir. Bunu özləri də gizlətmir. Hesab etmirəm ki, bu fikirlərin hamısı obyektiv olaraq təhsilin, biliyin qayğısına qalmaq eşqilə yaranıb.

S.Hilalqızı: TQDK-nın səlahiyyətlərinin artırılması, adının dəyişdirilməsi, yaxud təkmilləşməsi mümkündür?
- Bizim fəaliyyətimiz haqqımızda olan əsasnamə ilə nizamlanır.

D.Əhməd: Siz də test üsulu ilə imtahan verib qəbul olanlardansınız?
- Bəli, 1998-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olmuşam.

N.Ehlamqızı: Necə oldu TQDK-ya gəldiniz? Mətbuatda jurnalist kimi çalışmısınız?
- İlk dəfə dövlət qulluğuna işə qəbul imtahanları 2005-ci ildən başladı. O vaxt TQDK-da olan vakant iş yerlərinə keçirilən imtahanın birinci mərhələsində iştirak etdim və 80 ballıq baryeri keçdim İkinci mərhələdə TQDK-da təşkil olunan müsabiqə komissiyasında 40-a yaxın namizəddən biri də mən oldum. Həmin vaxt TQDK-nın struktur bölmələrindən biri də İctimaiyyətlə əlaqələr sektoru idi ki, mən oranı seçmişdim və müsahibə mərhələsini də uğurla keçdiyimə görə həmin sektorda məsləhətçi vəzifəsinə işə təyin olundum. Qeyd etdiyim kimi, ixtisasca jurnalist deyiləm. 2009-cu ildə, BDU-nun "Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi" fakültəsi üzrə magistr dərəcəsi almışam. Hazırda isə Prezident yanında İdarəçilik Akademiyasında "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə ikinci magistr təhsili alıram. Qiyabi bölmədəyəm, ikinci kursda oxuyuram. Jurnalistika təcrübəm elə də zəngin deyil, bu, həvəskar formada olub. Atam ixtisasca jurnalistdir. O, vaxtilə Azərbaycan Dövlət Universitetində jurnalistika müstəqil fakültə kimi fəaliyyətə başlayanda ilk məzunlardan olub. Jurnalistikaya marağım daim olub, idman jurnalistikası sahəsində həvəskar yazılar yazmışam. İdman qəzetlərində yazılarım dərc olunub. Başqa sahədə yazmağa, əslində, vaxtım olmayıb (gülür). İşə qəbul olunanda 25 yaşım vardı. Əslində, jurnalistika məktəbini də, dövlət işində çalışmaq təcrübəsini də TQDK-da keçdim.

N.Ehlamqızı: Xanım rəhbərlə çalışmaq necədir: asan, yoxsa çətindir?
- Rəhbərliyi xanım və ya kişi kateqoriyasına bölmək düzgün deyil. Məncə, rəhbərin xüsusiyyətləri vacibdir. Sədrimiz Məleykə Abbaszadə ilə işləmək həm çətin, həm asandır. Çətindir ona görə ki, həddən artıq tələbkardır, verilən tapşırıq düzgün, vaxtında və operativ həll edilməlidir. Əgər hər hansı problem və ya çatışmazlıq varsa, o, vaxtında bildirilməlidir. TQDK-da öz üzərində mütləq müntəzəm olaraq işləməlisən. Məleykə xanımla işləmək ona görə asandır ki, o, yeniliyə, mütərəqqi fikirlərə həddən artıq açıqdır. İşçiyə fərdi bacarığına görə qiymət verir. Gənclər arasında bacarığına görə seçilənlər TQDK-da mütləq irəli çəkiliblər. Yeganə faktor bacarıq və işgüzarlıqdı. Bizdə ən sıravi əməkdaş da birbaşa rəhbərə öz fikirlərini açıq şəkildə bildirmək imkanına malikdir. Məleykə xanım birgə müzakirəni çox sevir. Başqa sözlə, bizim təşkilatda formallıq yox, praqmatizm var.

S.Hilalqızı: Adətən, dosyenin sonu belə bitir: evlidir, yaxud subaydır...
- Bəli, evliyəm, 2 oğlum var.

N.Muradova: TQDK işçiləri nə vaxt dincəlir? Hamı yayda istirahət edir, Komissiya isə yayda imtahan keçirir...
- TQDK-da il boyu gərgin iş rejimi mövcuddur. Təbii ki, yay vaxtı, yəni qəbul kampaniyası dövründə iş rejimi daha gərgin olur. Biz işə qəbul olunanda Məleykə xanım yarızarafat, yarıciddi dedi ki, Siz gözünüzün qabağına dövlət qulluğuna yox, hərbi qulluğa qəbul olunduğunuzu gətirin, çünki bizdə iş sistemi çox ağırdır. İşlədikcə gördük ki, doğrudan da, belədir. İstirahətə gəlincə, biz də bütün dövlət qulluqçuları kimi nəzərdə tutulmuş illik məzuniyyətdən istifadə edirik. Ancaq payız və qış aylarında məzuniyyətə çıxırıq.

N.Ehlamqızı: Dediniz, futbola həvəsiniz olub. Hansı futbol komandasına azarkeşlik edirsiniz?
- Futbol ən böyük hobbimdir. Vaxt tapanda payız aylarında iş yoldaşlarımızla oynayırıq. Yeniyetmə illərində həyatımı futbolsuz təsəvvür etmirdim. Futbolçu olmaq arzusu ilə yaşayırdım, perspektiv də vardı (gülür). Ancaq evdə buna mane oldular. Klublarımızın və milli komandamızın beynəlxalq oyunlarını izləmək üçün vaxt tapan kimi gedirəm. "Qarabağ" komandasının "Seltik"lə Bakıda keçirilən son oyununa da getmişdim. Qarabağ hamımız üçün futbol komandası olmaqdan əlavə, mənəvi simvolumuzdur. Çox şadam ki, onlar bizi Avropada heç də pis təmsil etmirlər.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD


Müəllif:

Oxşar xəbərlər