30 Aprel 2016 15:30
7 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Diplomatların 20 ildə edə bilmədiyini, əsgərimiz 20 dəqiqəyə elədi”

Hərbi ekspert Üzeyir Cəfərov “Brifinq” layihəsində 2-6 aprel döyüşləri barədə cəmiyyət üçün açıq qalan və maraq doğuran sualları cavablandırıb:

Naibə Qurbanova: 2-6 aprel tarixlərində cəbhədə ciddi döyüşlər getdi. Cəmiyyət nələrin baş verdiyini öyrənmək istəyir. Amma nədənsə hərbçilərimiz və bu işə məsul şəxslər mediaya çox az danışır...

- Tamamilə haqlısınız. Doğrudan da, eyni ad, eyni sima və imza haradasa görünəndə bu, insanları yorur. Bizim kifayət qədər təcrübəli generallarımız var. Müdafiə nazirinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ilə görüşəndə dedim ki, sizə yaxşı köməkçilər lazımdır. Jurnalistlərə Müdafiə Nazirliyinin xətti ilə sertifikatlar verilmişdi, dedim onları cəlb edin, dostlar da kömək olsun, cəmiyyətə operativ xəbərlər çatdırılsın. Erməni saytlarında materialların 95 faizi hərbi mövzudadır. Yalandan üç dildə döşüyürlər, təki məlumat getsin.

Nərgiz Ehlamqızı: Son döyüşlərdə tək oğul məsələsi də gündəmə gəldi...

- Bu gün mənim də oğlum döyüş bölgəsindədir. Tək oğlum var, ali təhsillidir, amma cəbhəyanı ərazidə xidmət çəkir. Tək oğlu olan şəxslərin ön cəbhədə yox, arxa cəbhədə olması ilə bağlı məsələ qaldıranda dedilər ki, öz oğluna görə çalışır. Ona görə o mövzunu səngitdim. Təklifim odur ki, genefondumuzu qoruyaq. Hadisələr də göstərdi ki, evin tək oğlu olanlar şəhid oldu. Olmazdı ki, onlar ön xətdə yox, arxa cəbhədə xidmət eləsin. Şəhid olan 700 bal toplayan gənc vardı, onunla bağlı məsələ ictimailəşdi. Onları Azərbaycanın sabahı üçün qorumalıyıq. Güllənin imanı yoxdur, mərmi gələndə soruşmur ki, evin tək oğlusan, yoxsa dördüncü . Alın yazısı deyilən şey də var.

Ruslan Xəlil: Erməni mətbuatından söz düşmüşkən, ermənilər deyirlər ki, yarışda tank udmuşuq, bu nə məsələdir?

- O məlumatı oxudum. Ermənilər 2014-cü ildə Rusiyada keçirilən yarışda tank udublar, üstündən 2 il keçib. İndi həmin T-90S tankını təyyarə ilə Ermənistana gətirirlər. Əslində, çox böyük sayda silahlar gətirirlər. Bizdə olan tanklara adekvat kimi həmin tankı təyyarə ilə Ermənistana çatdırdılar. Bəzi məsələlərdə üzüyumşaqlıq elədik, bundan kifayət qədər istifadə elədilər. Baxın, Tərtəri, Ağdamı vururlar, heç kəsin səsi çıxmır. Bütün beynəlxalq aləm ermənipərəst mövqe nümayiş etdirir. Nikolay Bordyuja danışır, halbuki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qarabağa nə aidiyyatı ola bilər?

Ötən gün belə fikir səsləndirdi ki, əgər müttəfiqlərimizin hər hansı birinin ərazisində problem yaranarsa, biz o məsələyə qarışacağıq. Bunu demisiz də... Münaqişənin həlli çox adidir, Ermənistan geri çəkilir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunur və məsələ bitir. Ondan sonra istəyirsən sülhməramlı qoşun gətir və s.

Ermənistanın iqtisadiyyatı rusların əlindədir. Mən rus deyəndə bəzilərinin xoşuna gəlmir, əslində bilirik ki, bizə qarşı bu münasibət erməni ağlının məhsulu deyil. Tankı göstərib deyirlər ki, 2014-cü ildə udulan tankdır. Adətən, yarış bitəndən sonra qalibə mükafat verirlər. Necə olur ki, sən 2014-cü ildə ortada olan mükafatı vermirsən, 2016-cı ildə cəbhədə vəziyyət gərginləşən kimi tankı təyyarə ilə göndərirsən? Bunlar hələ göndərilən silahların cüzi hissədir. Biz hələ döyüşə girməmişik. Müdafiə naziri Zakir Həsənov Şəmkir korpusunun zabitləri ilə görüşəndə tapşırıqlar verdi. Aprelin 1-dən 2-nə keçən gecə ermənilər şoka düşmüşdü. Biz çoxdan bu prosesə hazır idik. Zakir Həsənova daha işlək qərargah lazımdır. Qərargah işləyir, ancaq daha cavan, arxasına baxmayan çevik komandaya ehtiyac var.

Son döyüşdə bizim xüsusi təyinatlılarımıza türklər həsəd aparırdı. İndi briqadalarımız hazır vəziyyətdədir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də təlimat verilib ki, lazım gələrsə, sonuncu təlimlərdə olan rezerv hazır olsun. Ancaq ona ehtiyac olmayacaq. Düşmən artıq mülki obyeklərimizi vurur. Ermənilərin əsas məqsədi odur ki, camaat panikaya düşsün və o yerləri tərk eləsin. Əsgər görəndə ki, camaat yaşayış yerini tərk edir, ona psixoloji təsir edir. Əsgər düşünür ki, yəqin nə isə var ki, mülki əhali gedir. Ermənilər aprelin əvvəllərində postlar qoymuşdular ki, Talış kəndi və ətrafda yaşayan əhali oradan köçməsin. Erməniləri vahiməyə salan xüsusi təyinatlılarımız oldu. Onlar o qədər gözəl işləmişdilər ki. Bunu ermənilər özləri də etiraf edir. Bu gün briqadalar döyüşə girməyib, onlar döyüşə girəndən sonra ortada çox böyük nəticələr olacaq.

Səxavət Həmid: Ümumiyyətlə, “Dördgünlük aprel döyüşü”nü uğurlu saymaq olarmı?

- Bəli, Lələtəpə yüksəkliyi faktiki olaraq Füzuli və Cəbrayılın qısa müddətdə bizdə olmağı deməkdir. Ondan sonra Zəngilan və digər ərazilərə yol açılır. Bir üstünlük də odur ki, briqadalarımız digər ərazidən, həm Tərtər, Ağdərə istiqamətinə, həm də Harami düzü istiqamətinə çox rahat şəkildə hərəkət edə biləcəklər. Bizə 3-4 gün kifayət edəcək ki, çox böyük üstünlük əldə edək. Böyük üstünlük də odur ki, o qüvvə və güclə ən azından 4-5 rayonu qaytara bilərik. Bizim morqlarda ermənilərin götürmədiyi 6 meyit var. Bunlar Ermənistan tərəfindən döyüşmüş, amma onların imtina etdiyi meyitlərdir.

N.Ehlamqızı: Niyə imtina edirlər?

- Çünki kənardan gələn qüvvələrin meyitləridir. O meyitlər erməni əsgərlərinin meyiti deyil, ona görə onlara yiyə durmurlar, götürsələr, bunun dəfni, izdihamı, səs-küyü var. Ona görə açıq şəkildə imtina ediblər. Çox maraqlıdır ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsi də, meyitlərin dəyişdirilməsi prosesində iştirak edən ATƏT nümayəndələri də bilir. Ancaq heç kəs dilə gətirmir ki, niyə meyitinizi götürmürsünüz. Bizdə sonuncu olaraq Sumqayıtda dəfn olunan kiçik gizir idi, o da qəhrəmancasına döyüşmüşdü.

S.Həmid: Onların adları siyahıda yoxdur?

- News.am saytında şəkillər verilmişdi, hətta 2 nəfər haqqında könüllü yazılmışdı. Əgər əsgərin döyüşürsə, onun sıravi, zabit və ya çavuş olduğu yazılmalıdır. Bunlar kimi gəldi silahlandırıb geyindirdilər yutub sosial şəbəkələrində yaydılar.

Dilqəm Əhməd: Ermənilərin qadağan olunmuş silahlardan istifadə etməsi, cəsədləri təhqir eləməsi kimi faktlar da üzə çıxdı...

Biz onların meyitlərini morqlarda saxlamışdıq, onlarsa bizim əsgərlərimizin meyitlərini basdırmışdılar. Qızıl Xaç bizim meyitləri alanda torpaqdan çıxarırdılar, meyitlərin başına oyun açmışdılar. Ermənilərin atdığı mərmilərdən iynələr çıxır, insanın yaşama şansı sıfırdır, Allah saxlaya bilər. İynə bir nöqtəyə getmir, mindən çox iynə insanın üzərinə gəlir.

N.Ehlamqızı: Hansı silahdır?

- Topla atırlar, yerə düşəndən sonra kaset kimi yayılır, Yayıla-yayıla partlayır. Ona görə kimyəvi silahlarla birgə o silahdan istifadə qadağan olunub. Müdafiə Nazirliyi həmin silahın şəklini yaymışdı.

N.Qurbanova: Ermənilər tvitterdə, feysbukda çox aktivdirlər. Bizim fəaliyyəti necə görürsünüz?

- Bu, informasiya müharibəsinə əhəmiyyət verməməyimizin bəlasıdır. Fikir verin, Rusiya kanallarında Ukrayna yaddan çıxıb, bizim üstümüzə düşüblər, Rusiya Türkiyənin heyfini də bizdən çıxır. Əslində, Ermənistan Rusiyaya bundan sonra heç 100 il də lazım olmayacaq. Ən çox narahat olduğum məqam ondan ibarətdir ki, ola bilsin gələn həftə Serj Sərkisyanın istefa məsələsi ortaya atıldı. Bütün oyunların başında onu ya postunda saxlamaq, ya da rədd etmək məsələsi dayanır.

Görün, bunlar neçə başlı oyun oynayırlar. Nahara kimi rusun yanındadırlar, bir də eşidirsən ki, Ermənistanın müdafiə nazirinin müavini xarici işlər naziri ilə birgə NATO-da görüş keçirib. Ermənistan müdafiə nazirinin digər müavini ABŞ-da hansısa görüşdədir. Bu dəqiqə bütün oyunlar Sərkisyanın ətrafında gedir, onun prezident kimi qalıb-qalmaması məsələsi müzakirə edilir. Sərkisyan qorxur ki, onu da gülləbaran edib cəhənnəmə vasil edəcəklər. Ya da ola bilsin özü müdafiə nazirini, Seyran Ohanyanı istefaya göndərsin. Alik Mirzəbekyan Sərkisyanın sağ əli idi, hətta onu da vəzifəsindən çıxardı. Prezidentlik postunda qalmaq üçün görün Sərkisyan hansı variantlara əl atır. Əgər ən yaxın adamını vəzifədən çıxarırsa, deməli, onun üçün fərqi yoxdur, kimsə qurban verilməlidir ki, günahı onun boynuna atsın. Uğur vardısa, niyə 3 generalı çıxarırsan. Erməniləır çaşıb qalıblar.

N.Ehlamqızı: Belə məlumatlar da yayılıb ki, Serj Sərkisyan hökuməti buraxıb yenisini formalaşdıracaq...

- Onun əlində atom bombası olsa, özünü xilas etmək üçün o bombadan da istifadə edər.

D.Əhməd: I Qarabağ savaşında iştirak edən şəxsləri hazırda döyüş bölgələrinə cəlb etmək olarmı?

Nazirə təklif eləmişəm, birinci Qarabağ savaşında təcrübəli olan insanlarla cəbhə bölgəsindəki komandanlığı möhkəmləndirməliyik. Bu, ümumi işin xeyrinə olacaq. Birinci Qarabağ savaşında döyüş görmüş, güllə səsini adi səs kimi qarşılayan insanlar mütləq mənada Müdafiə Nazirliyi tərəfindən istifadə olunmalıdır ki, onlar səngərdə döyüş görməyən, düşmənin məkrli niyyətini tam başa düşməyən 18-20 yaşlı uşaqlara dəstək versinlər. Demirəm, hamı çağırılsın. Füzuli, Bərdədən yerli uşaqlardan istifadə olunsun. Rayondan gələn uşaq relyefi tanımır, bilmir ki, kəşfiyyat haradan və necə gələ bilər, özünü necə qorumalıdır. Düşmən atəş açanda təcrübəli döyüşcü gəncə deyəcək ki, bu mərmi hansı silahdan atılıb, əsgərə qorunmaq üçün müvafiq tapşırıqlar verəcək.

R.Xəlil: Siz özünüz də döyüşlərdə olmusunuz…

Mən döyüşlərdə olmuşam. Belə ki, məni ordunun qəzetinin baş redaktoru vəzifəsindən keçmiş nazir Rəhim Qazıyev çıxardı, sonra isə Füzuli döyüş briqadasına təyin elədilər.

Ona bu qərarına görə minnətdaram. Mənə sonralar dedi ki, ən böyük səhvlərimdən biri də sənə qarşı elədiyim haqsızlıq olub. Şəhər mühitindən gəlmiş insan olaraq Füzuli briqadasına düşdüm. Mənə başa salırdılar ki, komandir, əyil. Təcrübəli uşaq minamyot, tank, artilleriya atışı olduğunu seçə bilir. Əsgərlə bir sürünürsən, başının üstündən vıyıltı ilə güllələr gedir. Qismətdir, alın yazısı var, kimi tutdu-tutdu. Elə olub minamyotdan atılan atəş bizdən 20 metr aralı düşüb. Mənim yanımda düşüb parça-parça da edərdi. Mərminin Allahı yox, imanı yox.

Nərgiz Cavadzadə: Sərkisyanın devrilməsi məsələsini qeyd etdiniz, Sizcə hakimiyyəti kim götürə bilər?

- Ermənistan daxilində qüvvələr arasında böyük mübarizə gedir. Dəqiq deyə bilmərəm, amma yəqin keçmiş prezidenlərdən birini hakimiyyətə gətirmək istəyirlər. Yeni qüvvənin gəlməsi Ermənistanda daxildə parçalanmanı bir az da gücləndirə bilər. Sərkisyan Levon Ter-Petrosyanla görüşüb ehtiyat variantı müzakirə elədi.

D.Əhməd: 2-6 aprel hadisələrindən 20 gündən artıq vaxt keçib, arada xeyli danışıqlar oldu, ermənilərin Ağdamı hücuma məruz qoyması onu göstərdi ki, danışıqların hamısı boşuna imiş…

- Bu, sırf Putin-Lavrov planıdır və Azərbaycanın əleyhinə olan plandır. 20 gün onu sübut etdi ki, onların məqsədi o idi ki, düşmənə əlavə qüvvə və silah-sursat gətirmək üçün vaxt udsunlar.

Ruslan Xəlil: Hesab edirsiniz ki, Ermənistanda Rusiya əleyhinə keçirilən aksiyalar da təşkil olunmuş oyun idi?

- Mütləq mənada oyun idi. Hələ indiyə kimi Rusiya bayrağı yandırılmamışdı. Ruslar ermənilərə bu dəfə də söz vermişdilər ki, Azərbaycandır da, 1994-cü ildən atır, sonra sakitləşəcək. Azərbaycan indiyədək kifayət qədər səbir və dözüm nümayiş etdirib. Demişdik ki, vuracağıq, vurduq da. Sən dayanmısan, sənə 3-4 dəfə şillə vururlarsa, 3 şillədən heç olmazsa, birinə cavab verməlisən. Biz atəşkəs dövründə erməni gülləsindən xeyli insan itirmişik, onlar da itirib, amma bu, o demək deyil ki, onlar vuracaqlar, biz dözməliyik, bu, belə davam edə bilməzdi.

N.Ehlamqızı: Belə fikirlər var ki, müdafiə naziri Zakir Həsənov dediyini elədi, xeyli irəliləyiş əldə elədi, indi növbə Xarici işlər naziri Elmar Məmmədyarovdadır, proses danışıqlar masasında davam eləməlidir, cəbhədə qazandığımız irəliləyişi XİN rəhbəri daha da qabağa aparmalıdır...

- Siyasətçilər inciməsinlər, diplomatların 20 ildən artıq dövrdə edə bilmədiyini, Azərbaycan əsgəri 20 dəqiqəyə elədi. Həqiqətən də, Azərbaycan əsgəri çox gözəl motivasiya yaratdı, əsgərlərimiz dedi ki, ya bu problemi həll edin, əks təqdirdə biz həll edəcəyik.

R.Xəlil: Rusiyanın regionla bağlı Gömrük İttifaqı, Avrasiya İttifaqı kimi daha böyük layihəsi var. Amma Dağlıq Qarabağdakı separatçı rejim, Abxaziya, Acarıstan, Donbas məsələsi ziyan verir. Amma Azərbaycan Rusiyaya böyük fayda verir, silahını alır. Rusiyanın bu yanaşması başadüşüləndirmi?

- Bəzən sosial şəbəkələrdə məni möhkəm ittiham edirlər ki, Rusiyanın əleyhinəyəm. Əslində, bu cür deyil, sadəcə Rusiyanın Azərbaycana qarşı apardığı qeyri-səmimi siyasəti tənqid edirəm. Bizim vətəndaşlarımız Rusiyada yaşayır, işləyirlər, Azərbaycanda 321 rusdilli məktəb var. Münasibətləri qırmaq mümkün deyil. Ermənilərlə də tədbirlərdə görüşəndə həmişə deyirəm ki, nə siz harasa köçəcəksiniz, nə də biz. Biz qonşuyuq, Allah-təala bizi belə yaradıb, qonşu kimi yaşamalıyıq, başınızı salın aşağı həyatınızı yaşayın.

1988-ci ildə separatçılara şans yaratdılar, proses yara kimi yayılmağa başladı. Rusiya Azərbaycanı itirsə, çox şeyi itirəcək. Biz Rusiya üçün adi ölkə deyilik, onlarla bağlılığımız çoxdur. Rusiyanın ayrı-ayrı vilayətlərində böyük vəzifələrdə çalışan azərbaycanlılar var. Rusiyaya qarşı qəbul olunan iqtisadi sanksiyalar zamanı birinci Ərdoğan qucağını Putinə açdı, indi Türkiyənin adı gələndə rusların təzyiqi qalxır. Rusiyanın kənd təsərrüfatını işlədən qafqazlılar içində azərbaycanlılar üstünlük təşkil edir. Milyonçu biznesmenlərin əksəriyyəti azərbaycanlılardır.

R.Xəlil: Üstəlik hərbi avadanlıqları, texnikanı alıb milyardlarla onlara pul veririk...

- Neft ölkəsi Azərbaycan Rusiyaya 5 milyard xeyir verir. Hamı müdafiə nazirindən nə isə umur. Mübarizəni təkcə müdafiə naziri aparmır, bütöv Azərbaycan xalqı aparır. Bütün nazirlər, komitə rəhbərləri cəbhə ilə nəfəs almalıdır. Hələ də təəccüblənirəm ki, cəbhə bölgəsinin rayonlarının icra başçıları şəxsi heyətin qarşısına mülki geyimdə çıxır. Hərbi geyimlə getsə, tamam fərqli aura yaradar. Camaatın balası əli silahlı səngərdə palçığın içindədir, sən isə sağlığına qismət, min manatlıq kostyumu geyinib əsgərlərlə görüşə gəlirsən. Bu, əsgərə pis təsir edir.

1994-cü ildə hələ atəşkəs elan olunmamışdı, mərhum Heydər Əliyev döyüş bölgəsinə gəldi, bütün səngərləri gəzdi, biz də onu müşayiət elədik.

Sonra bizi Beyləqan icra hakimiyyətinin binasında bütün briqada komandirlərini, silahlı qüvvələrin rəhbər şəxslərini yığdılar. Mən də o görüşdə idim, o vaxt cavan bir mayor idim. Söz almaq istədim, mərhum generalımız Arif Salahov dedi ki, lazım deyil, ancaq əlimi qaldırdım, rəhmətlik Heydər Əliyev mənə söz verdi.

İndiyə kimi yadımdadı, məni xilas edən onun qələmi və yazısı oldu. O kadrlar Prezident Aparatının arxivində durur. Özümü təqdim elədim ki, 702 saylı hərbi hissənin şəxsi heyət üzrə komandir müavini mayor Cəfərov Üzeyir. Dedim 4 məsələ ilə bağlı Sizi narahat etmək istəyirəm. O da yazırdı, o vaxt dövlət müşaviri general-mayor Nurəddin Sadıxov, bir də indiki deputat Arif Rəhimzadə idi. Cənab Prezident onda səngəri gəzmişdi, hər bir əsgər, zabitin gözündə işıq yaranmışdı, görüşəndə əsgərlər şeirlər deyirdi. Əlini bir əsgərin çiyninə qoydu, soruşdu nədir rütbən? Dedi ki, baş leytenant, dedi neçə ildir buradasan? O da qayıtdı ki, 7 ildir. Dedi ki, hələ də baş leytenantsan, səni təbrik edirəm bu gündən kapitansan. Səngərdə duran insanlarla Bakıda qulluq keçən insana fərq qoyurdu. O vaxt müdafiə naziri general-leytenant Məmmədrəfi Məmmədov idi, indi də sağdır, onu tənqid elədim. Dedim ki, cənab ali baş komandan mən Sizdən üzr istəyirəm, qayıtdı ki, oğul, burada oturanlar səndən üzr istəməlidir. Onlar şəhərdədirlər, sən burada güllə qabağındasan, sən niyə üzr istəyirsən, mənim də qulağıma çatır ki, bəzi adamlar Bakıda oturub lazımsız işlərlə məşğuldurlar.

Məmmədrəfi Məmmədov o vaxt ad günündə yeyib-içib yaxşı əhval-ruhiyyədə olub, bir neçə nəfərə rütbələr vermişdi, Prezident hər şeydən məlumatlı idi. İkinci məsələ kimi qaldırdım ki, bu gün əsgər, zabit döyüşə girir, sabahkı döyüşdə ola bilsin sağ qalmasın, dedim olmazmı ki, səlahiyyətli şəxsləriniz döyüşdən sonra düşmən tankını, əsgərini məhv edən əsgər və zabitə Sizin adınızdan orden, medal versin.

Çünki döyüşçüyə sağlığında qiymət verilsə, onlar üçün yüksək motivasiya olar. Məsələn, tankı vuran əsgərə “Azərbaycan bayrağı” ordeni düşürdü. Dedi maraqlı təklifdir, xoşuna gəldi. Ailənin tək oğlu olan əsgərlərlə bağlı məsələni qaldırdım, dedim, cənab Prezident, komandirin şəxsi heyətlə iş üzrə müaviniyəm, insanları o vaxt metronun qabağında avtobusa yığıb doldurub gətirirdilər, dedim biz bilmirik erməni ilə döyüşək, yoxsa valideynlərə xəstə uşağına görə cavab verək? Elə insanlar vardı ki, xəstəlik kağızı, sənədi üstündə olmurdu, dinləmədən avtobusa mindirib gətirirdilər. O vaxt elə şeylər vardı, mərhum Prezident Məmmədrəfi Məmmədova bu barədə göstəriş verdi ki, belə hallar yığışdırılsın. Sonda mənzil məsələsini qaldırdım. Dedim ki, döyüşlərdə iştirak edən hər bir insan istəyir ki, onun ailəsi güvənli olsun. Bu, irəli gedəndə fikirləşməsin ki, güllədən başımı yerə qoyanda evsizliyini, uşaqlarının problemini düşünməsin. Qiyməti vaxtında verilsin və dəyərləndirilsin. 4 məsələnin hamısını qeyd elədi. Təşəkkür elədi, dedi ki, sənin kimi oğullar belə məlumatları verdiyiniz üçün sağ olun.

Nərgiz Ehlamqızı
Foto: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər