11 İyun 2016 11:18
1 730
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brifinq”in budəfəki qonağı Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadaraidir.

Nərmin Muradova: Bakıda Formula 1 yarışının başlamasına bir neçə gün qalıb. Hazırlıqların hansı mərhələsindəsiniz?

- Son mərhələdəyik. Gələn həftənin bazar ertəsindən etibarən Formula 1-in rəhbərliyi, komandalar, Beynəlxalq Avtomobil Federasiyası, əcnəbi media nümayəndələri Azərbaycana səfər edəcək. Biz də işlərimizi bitirmək üzrəyik. Amma görüləcək işlərimiz də az deyil. Çünki biz yarışı şəhər trasında keçirəcəyik. Elə ölkələr var ki, orada bu yarış şəhərdən kənar xüsusi treklərdə, avtodromlarda keçirilir. Bizim Formula 1 modelimiz Sinqapur və Monakoda keçirilən yarışların modelindən qaynaqlanır. Bu modeli seçməkdə məqsədimiz var idi.

Hazırda trasda asfalt qatı tam salınıb, yenilənib. İndi tribunalar, təhlükəsizlik baryerləri quraşdırılır. İnsanların hərəkətini tam məhdudlaşdırmamaq üçün işlərimizi mərhələ-mərhələ görürük. Elə işlər var ki, gecə saatlarında görülür, elələri var ki, yollar tam bağlanandan sonra görüləcək. Bura bütün təhlükəsizlik baryerlərinin birləşdirilməsi, banerlərin vurulması və s. daxildir. Bütün bu işlər ayın 14-dən sonra görüləcək.

"Ümumilikdə isə 37 ölkədən bilet alınıb"

N.Muradova: Oyunlara az qalıb, yəqin, biletlərin statistikası ilə tanışsınız. Yarışlara yerli və xarici ölkə vətəndaşlarının marağı hansı səviyyədədir?

- Formula 1 uzun illərdir keçirilir. Bu yarışın arxasında böyük azarkeş ordusu var. Dünyada ortalama 500 milyon insan Formula 1 yarışlarını izləyir. Bu, çox böyük rəqəmdir. Özünün izləyici sayına görə Formula 1 siyahıda Yay Olimpiya Oyunları və Futbol üzrə Dünya Çempionatından sonra üçüncü yerdədir. Sadaladığım digər oyunlardan fərqli olaraq bu yarış hər il keçirilir. Düşünün ki, hər il yarım milyard insan Formula 1 –i izləyir. Həm bu baxımdan, həm də Bakı təqvimdə yeni ölkə olduğu üçün deyə bilərik ki, Formula 1-ə maraq böyükdür.
Biletləri satışa buraxdığımız ilk gündən müşahidə etdik ki, əcnəbi ölkələrdən yarışa maraq daha çoxdur. Məsələn, ilk biletimiz Amerikadan alınmışdı. İndi isə biletləri daha çox Rusiya, Böyük Britaniya, Ukrayna vətəndaşları alır. Ümumilikdə isə 37 ölkədən bilet alınıb.

Dilqəm Əhməd: Azərbaycan vətəndaşlarının aldığı ən bahalı biletin qiyməti nə qədərdir?

-Təəssüf ki, onu deyə bilmərəm. Biletlər 30 - 600 dollar civarındadır. Paddok Klubun biletlərinin qiyməti isə 4-5 min dollardır. Bu biletləri isə biz yox, Formula 1-in dünya üzrə təşkilatçıları satır. Bizim vətəndaşlar arasında müxtəlif qiymətə bilet alanlara rast gəlmək olar. Biletin qiyməti sizə ilk məqamda baha görünə bilər. Amma siz o qiymətə daxil olacaq proqramlara baxsanız, elə düşünməyəcəksiniz. Hətta deyərdim ki, bizdə biletlərin qiyməti digər ölkələrə nisbətən ucuzdur. Onu da deyim ki, Azərbaycan vətəndaşlarına və Azərbaycanda yaşayan xaricilərə biletlərin qiymətiində 20-40 faiz güzəştlər mövcuddur. Bu, bütün dünyada belə deyil.
Qiymətə isə çox şeylər daxildir. Bilet alan insanlar Formula 1-in davam etdiyi müddətdə şəhərciyimizə istənilən vaxt daxil ola bilərlər.

"Üç dünya ulduzunun konserti olacaq"

Şəhərciyimiz digər şəhərciklərdən qat-qat böyükdür. 2 kilometrlik ərazini əhatə edirik: Dəniz Vağzalından Azneft meydanına qədər. Bu ərazidə üç böyük səhnə quraşdırılacaq, kartinqlər, uşaqlar üçün sürücülük məktəbi, motosikl şousu, tramplin, Azərbaycan mədəniyyətini tanıdacaq çadırlar, bir neçə yerdə Formula 1-ə aid olan oyun zonaları yaradılacaq. Eyni zamanda Formula 1 pilotları ilə avtoqraf sessiyaları, üç dünya ulduzunun- Kris Braun, Enriki İqlesias və Farrell Uilyamsın konsertini təklif edir. Bunlar hamısı bir biletin qiymətinə daxildir. Azarkeş səhər saatlarından gəlib, bütün gününü orada keçirə və bütün əyləncələrdən yararlana bilər. Digər tərəfdən fərqlər yalnız tribunalardadır. 190 dollarlıq tribuna fərqlidir.

Qurban Yaquboğlu: Dediniz yarış üçün şəhər treki modelini seçdiniz. Buna səbəb nə idi? Belə baxanda Bakı elə də geniş şəhər deyil.

-Bunun iki səbəbi var. Birincisi, bu, şəhərin təbliğatı, ölkəyə, şəhərə turistləri gətirmək üçündür. Çünki Sinqapur modeli çox uğurlu modeldir. Məsələn, orada Formula 1 olan zaman şəhərdə əsl canlanma hiss olunur. Həm otellər, həm restoranlar, həm hava limanı, həm taksi sürücülərinin canfəşanlığı... İstədik ki, bizdə də elə olsun. Bakıya gələcək insan trasın yanında yerləşən otellərə girəcək. Bu, şəhərin təbliğatı üçün çox önəmlidir.
Azərbaycan haqda hər hansı videoçarxın Sky Sports kanalında nümayişi milyonlarla pul deməkdir. Formula 1 sayəsində Azərbaycan haqda reportajlar o kanalda dəfələrlə yayımlanıb. Yarış günləri isə canlı yayımda saat yarım bizi bütün dünya görəcək. Onu da qeyd edim ki, Formula 1- in 200-ə yaxın yayım şirkəti var və 187 ölkədə yayımlanır.

Formula 1- i Bakıda keçirməklə təəssüf ki, insanlara müəyyən narahatlıq yaşadırıq. Mən Komitə adından buna görə insanlardan üzr istəyirəm. Amma nəzərə alaq ki, Formula 1 uzun müddətli layihə olaraq Azərbaycana çoxlu investisiya gətirə bilər. Necə ki, Sinqapurda Formula 1 həftəsi ərzində turizm nazirliyi, şəhər meri, təşkilatçılar bir –biriləri ilə çox sıx işləyir. Onlar sırf biznes modeli qurublar və bundan külli miqdarda pul qazanırlar.

Əlavə trekin tikilməsi də külli miqdarda investisiyadır. O trekin saxlanılması vacibdir. Bizdə gördüyünüz kimi asfalt qatı salındı, tribunalar quraşdırıldı. Bütün bu işlər yalnız birinci il olur. Növbəti il asfalt qatı salınmayacaq, gördüyünüz o tribunalar bazada saxlanılacaq, gələn il yenidən qurulacaq. Yəni gələn il bu il çəkdiyimiz xərci çəkməyəcəyik.

"Mütləq olaraq beş il bu yarışlar ölkəmizdə keçirilməlidir"

Q.Yaquboğlu: Bildiyimizə görə, Azərbaycan beş il bu layihəni həyata keçirməlidir. Bu şərtdirmi?

-Formula 1-lə onillik müqaviləmiz var. O müqaviləyə görə mütləq olaraq beş il bu yarışlar ölkəmizdə keçirilməlidir. Növbəti beş il hər iki tərəfin razılığı əsasında ola bilər. Digər ölkələrin praktikasından görürük ki, onlar sonrakı illərdə də bu yarışları davam etdiriblər. Məsələn, Monako 35, Sinqapur 8, Abu-Dabi 7 il bu yarışlara ev sahibliyi edib. Təqvimdə yeni olan Soçi və bizik.

D.Əhməd: Yarışların eyni şəhərdə keçirilməsi tamaşaçılar üçün maraqsız olmur ki?

-Xeyr. Əksinə daha maraqlı olur. Məsələn, indi bizdə tamaşaçılar onları nələrin gözlədiyindən xəbərsizdir. Sadəcə hamısı maraqdan gəlir. Növbəti il artıq onlar biləcəklər ki, sürücülərin ötmələri necə baş verir, avtoqraf sessiyaları necə keçir, Ferrari necədir və s. Yəni bu yarışda kifayət qədər maraqlı məqamlar var. Avstraliyada bu yarışlar parkda keçirilir. Onlar ilk il bu yarışlara ev sahibliyi edəndə əhali bunu etirazla qarşılamışdı. Müqavilənin müddəti bitəndən sonra dövlət səviyyəsində iqtisadçılar bu illər ərzində ölkəyə gələn külli miqdarda gəlirin hesabatını aparıb, belə nəticəyə gəliblər ki, müddət uzadılmalıdır. Və elə də etdilər.


Q.Yaquboğlu: Yeri gəlmişkən, iqtisadi baxımdan Azərbaycan bu yarışlardan necə faydalanacaq? Hesabatlar nələrdən xəbər verir?

-Biz Bakı Şəhər Halqası olaraq yarışın idman tərəfi ilə maraqlanırıq. Mən bunları sadəcə ümumi söhbət əsnasında deyirəm. İqtisadi hesabatlar var, amma bunu rəsmi qurumlar açıqlaya bilər. Bakı Şəhər Halqası olaraq bizim işimiz – bu yarışı təşkil etmək, qonaqları qarşılamaqdır.

Q.Yaquboğlu: Hər halda iqtisadi baxımdan Formula 1-in Azərbaycana fayda verəcəyinə ümid edirsiniz.

-Mən buna çox inanıram və inanaraq da işləyirəm. Bu, bizə yalnız təbliğat üçün lazım deyil. Biz Formula 1-ə uzunmüddətli layihə kimi yanaşmalıyıq. Əlbəttə, birinci il o gəlirin hamısı bizə qayıtmayacaq, amma ikinci, üçüncü, beşinci il biz çox yüksək səviyyəyə qalxa bilərik. Azərbaycanda belə uzunmüddətli layihələr mütləq olmalıdır.

Elçin Murad: Playstation, JAVA oyunlarında Formula 1 yarışlarını təşkil edən şəhərlərin adları yer alır. Bakı o siyahıya düşəcəkmi? O qrafikanı kim hazırlayacaq?

-Bunu Formula 1 özü edir. Bütün şəhərlərə və traslara uyğun olaraq oyunları özü hazırlayır. Hətta biz hazırlamaq istəsək belə, bizə lisenziya verilməyəcək. Əslində, çox gözəl məqama toxundunuz. Bizim trasın konfiqurasiyası memar Herman Tilke tərəfindən qurulub. Herman Tilke Formula 1-in bir çox traslarının yaradıcısıdır. Yarışlar üçün bir neçə tras variantı təklif olunmuşdu. Hazırda seçilmiş olan isə ən cürətlisidir. Tilke özü də etiraf etdi ki, Bakı onun ən sevimli traslarından birinə çevriləcək. Məşhur idman jurnalisti Tedd Kresveys bir neçə dəfə Bakıya gəlib və o iki geniş reportaj hazırlayıb. O, Əziz Əliyev küçəsində Qoşa Qalanı görəndə özünün tvitter səhifəsində yazmışdı ki, bu yer məşhur olacaq.

Q.Yaquboğlu: Azərbaycan pilotları bu yarışlarda iştirak edəcəkmi?

- Xeyr. Formula 1-də ölkə təmsil olunmur. Formula 1-də komandalar: Ferrari, McLaren eləcə də digər dünya brendləri təmsil olunur. Formula 1-in pilotu olmaq çox çətindir. Hazırda Formula 1 sezonunda iştirak edən cəmi 22 pilot var. Azərbaycanda isə Gülhüseyn Abdullayev adlı gənc bir pilot var. O, bizim Formula yarışlarına olan ümidimizdir. Biz onu çox dəstəkləyirik. Gülhüseyn Formula 3 yarışlarında böyük nailiyyətlər əldə edib. Belə davam etsə, sponsorlar tapsa, ümid etmək olar ki, o da nə vaxtsa Formula 1-də ola bilər.
Ümumilikdə, Formula 1-in pilotu olmaq üçün bir çox faktorların olması şərtdir.

"Formula 1 həyat tərzidir"

D.Əhməd- Hər oyunun öz fəlsəfəsi olur. Formula 1-də maşınların tamaşaçıların yanından sürətlə keçməsini mənasız hesab edən insanlar da var. Sizdən bu yarışların mahiyyəti, fəlsəfəsini eşitmək maraqlı olardı

-Səmimi deyirəm ki, bu zamana kimi mən Formula 1-lə yaxından tanış deyildim. Formula 1 deyəndə Şumaxer, Sienna və gözəl bolidlər (avtomobillər) gözümün qabağına gəlirdi. Məncə, Formula 1 həyat tərzidir. Yüksək keyfiyyətli idman növüdür: burada sürət, həyəcan, qələbə əzmi, hər şey var. Həm bolidlər çox gözəldir, həm mühərrik innovativdir. İldən –ilə komandalar texnoloji yeniliklərdən istifadə edir.

Bu yaxınlarda Fernando Alonso həmkarını ötməyə çalışarkən qəza baş verdi, bolid əməlli-başlı dağılmışdı, amma Alonso salamat idi. Görün, necə texnoloji yeniliklər istifadə olunur ki, insan dağılmış boliddən salamat çıxır. İllər öncə belə deyildi. Hər Formula 1 zamanı qəza olurdu və qəzadan da pilotlar çox nadir hallarda sağ-salamat çıxırdılar.

N.Muradova: Heç bolidin içərisində oturmusunuz?

-Yox. (gülür) Simulyatorda oturmuşam. Çox qorxmuşam. Demək olar ki, pilotlar boliddə oturmurlar, uzanırlar. Və onlar adətən alçaqboylu olurlar. Bolidlər yerə çox yaxın olur və ordan çıxmaq problemlidir. Ona görə də qəzalar zamanı pilotun bolidin içərisindən çıxarılması və s. məsələlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin nümayəndələri üçün treninqlər keçirilir. Bu, elə bir idman növüdür ki, orada risk, təhlükə hər zaman var.

D.Əhməd: Şəhərcikdə Ramazan ayı ilə əlaqədar olaraq xüsusi çadırlar qurmusunuz.

-Şəhərciyimizdə həm Azərbaycan mədəniyyətini tanıdacağıq, həm əyləncəli vasitələri olacaq, həm də Ramazan ayında oruc tutanlar üçün iftar süfrələri təşkil olunacaq. Ki, gələcək müsəlmanlar iftarlarını açıb, özlərini rahat hiss edə bilsinlər.

Q.Yaquboğlu: Üçgünlük proqram saat neçədən başlayıb, saat necədə yekunlaşacaq?

-Artıq günlərin sayı artıb. Belə ki, biz bir gün də əlavə etdik. Ayın 16-dan saat 14:00-dan şəhərciyimizə giriş açıq elan ediləcək. Qalan günlərdə şəhərciyimiz səhər saat 10-dan gecə 12-yə qədər tamaşaçıların xidmətində olacaq.

D.Əhməd: Maraqlıdır, Paddok Klubdan yarışı kimlər izləyəcək?

-Paddok Klub-un biletlərini dünyada, adətən, biznes qurumları alır. Onlar ora öz qonaqlarını dəvət edirlər. Həmin yerdə onlar üçün xüsusi otaqlar mövcuddur.

D.Əhməd: Dünyada Formula 1-i izləyən tanınmış milyonçular, məşhurlar var. Onlar Bakıya gələcəkmi? Adlar bəllidirmi?

-Adətən, elə onlar gəlirlər. Təəssüf ki, adları deyə bilməyəcəyik. Ən çox ulduzların gəldiyi yer Monako, Sinqapur yarışlarıdır. Biz də istəyirik ki, Bakı o qədər məşhurlaşsın ki, həmin ulduzlar bura gəlsin. Çünki onların hər birinin arxasında fanat ordusu var. Hansısa ulduzun Bakıya gəlib, öz sosial şəbəkəsində burdan bir mesaj yazması çox böyük amildir. Bununla hər bir ulduzun fanatı biləcək ki, Bakı harda yerləşir. Çox istəyirik ki, Formula 1 Bakını bu yöndən də tanıtdırsın.

N.Muradova: Bir az açılış mərasimi barədə danışmağınızı istəyirəm.

-Açılış mərasimi Olimpiya Oyunlarındakı açılış mərasimlərindən fərqlidir. Formula 1-in formatı bizi müəyyən çərçivədə hərəkət etməyə sövq edir. Məsələn, zonada açılış mərasiminə 20 dəqiqə vaxt ayrılır. Sirləri açmıram, sadəcə onu deyim ki, qısa vaxt ərzində maraqlı açılış mərasimimiz olacaq. Mənə tez-tez sual verirlər ki, Azərbaycanı pilotlara necə tanıtdıracaqsınız. Təəssüf ki, pilotlar üç-dörd günlük Bakıya gəlirlər. Onların çox sıx iş qrafiki var və ölkədən –ölkəyə mütəmadi səfərlər edirlər. Təsəvvür edin ki, noyabr ayına qədər 21 ölkədə yarışlar olacaq.

D.Əhməd: Pilotlarla selfi çəkdirmək mümkün olacaq?

-Bəli, avtoqraf sessiyalarında bu, mümkün olacaq.

D.Əhməd: Konsertlərdə yerli müğənnilər olacaqmı?

-Olacaq. Biz gənc müğənnilərə üstünlük verdik. Məsələn, Dilarə Kazımova, Azad Şabanov və s.

"12 min könüllünün 12 mini də müsahibəyə gəldi"

D.Əhməd: Sizin könüllülərdən birinin çıxışı sosial şəbəkədə sərt tənqid olunur. Belə bir fikirlər var idi ki, niyə Formula 1 rəhbərliyi o qızı müdafiə etmir?

-Bizim bundan xəbərimiz var. Könüllülər çox möhtəşəm iş görürlər. Öncə 5 min nəfər könüllünün olması gözlənilirdi, amma 12 min nəfər bizə müraciət etdi. Və 12 min könüllünün 12 mini də müsahibəyə gəldi. Görünür, Avropa Oyunlarında olan həyəcan onları bu yarışmada da könüllü olmağa sövq edib. Könüllülər treninqlərə gəlir, çox böyük entuziazmla işləyirlər. Sözügedən o tədbir onları bir daha ruhlandırmaq üçün idi. Onlar bilirlər ki, biz komanda olaraq onlara çox etibar edir, güvənir, işlərini yüksək qiymətləndiririk. Kənardan gələn söz- söhbətlər onlara təsir etməməlidir. Çünki onlar ölkədə keçiriləcək ən önəmli tədbirə qatılıblar. Hazırda o gənclərin yerində olmaq istəyən bir çox insanlar var. Ona görə mən bu təndiqləri qeyri-ciddi hesab edirəm.

Q.Yaquboğlu: Müsahibələriniz birində demisiniz ki, komandanızda 50-60 işçiniz var...

-Biz say etibarı ilə azıq. Sevindirici hal odur ki, digər irimiqyaslı tədbirlərdən fərqli olaraq komandanın 90 faizini azərbaycanlılar təşkil edir. Hazırda müvəqqəti vakansiyalarla birgə 300 nəfərə yaxınıq. Müvəqqəti vakansiyalarda olan insanların müqavilələri bitəndən sonra onlar ayrılacaq. Komandanın əsas üzvlərinin sayı isə 100 nəfərdən çox deyil. Yarış bitəndən sonra şəhərdə gördüyünüz nələr varsa hamısı söküləcək, hesabatlarımızı hazırlayacağıq. Sonra tətil, onun ardından sentyabrda işə qayıdıb, gələn il üçün təşkilati işlərlə məşğul olmağa başlayacağıq.

D.Əhməd: Əlilliyi olan insanlar bu yarışları rahat izləyə biləcəklərmi?

-Bizim könüllülər arasında 15 nəfərə yaxın əlilliyi olan insan var. Onlar xüsusi İnfo mərkəzlərində oturacaqlar. Ondan başqa əlilliyi olan insanların tribunada əyləşməsi üçün hər cür şərait yaranıb. Bu, həm bizim istəyimiz idi, həm də Formula 1-in tələbidir.

D.Əhməd: Nigar xanım, əksər insanlar sizi məhz Formula 1-lə tanıdı. Bilmək istərdik, bura qədər hansı sahələrdə çalışmısınız? Təhsiliniz nə üzrədir?

-Mən Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” fakültəsini bitirmişəm. Həyat elə gətirdi ki, hər zaman media ilə yaxından işlədim. Bundan öncə “Nar mobile” şirkətinin mətbuat xidmətinin rəhbəri, Korporativ Kommunikasiya şöbəsinin direktoru idim. Yadınızdadırsa, Azərfon-Vodefon brendi var idi, Vodefon Azərbaycana gələn zaman mən də komanda yer alırdım və brend meneceri kimi Vodefonla işləyənlərdən biri idim. Ondan da əvvəl isə Avropa İttifaqının Nümayəndəliyində mətbuat xidmətində çalışırdım. İlk iş yerim isə Yunanıstan Səfirliyi olub. Yəni çox fərqli sahələrdə çalışmışam. Həm biznes, həm dövlət sektorunda...
Amma piar-təbliğatı, imicin formalaşması, marketinqi çox sevirəm və zövq alaraq işləyirəm. Həm çətindir, həm məsuliyyətlidir.

N.Muradova: Çox maraqlı soyadınız var. Müsahibələrinizdə onun açıqlamasına rast gəlmədim. Ona görə soyadınızın tarixçəsini soruşmaq istəyirəm.

-Səmimi söyləyim ki, müsahibələrimdə şəxsi məsələlərə toxunulmasını istəmirəm. Atam cənubi azərbaycanlıdır. Mən Bakıda doğulmuşam, nənəm-babam vaxtilə İrandan gəlib. Təbriz, Ərdəbildə yaşayan qohumlarımız var. Ona görə soyadım belədir. Ailə qurduğum zaman da soyadımı dəyişmək istəmədim. Çünki artıq hamı məni belə tanıyır.

D.Əhməd: Maraqlıdır, Formula 1-ə İrandan bilet alınıbmı?

-İranda reklam etmək çox çətindir. Çünki orda sosial şəbəkələr yoxdur. Təbii ki, İrandan da olacaq, amma yenə deyirəm daha çox bilet alanlar Rusiya, Türkiyə vətəndaşlarıdır.

Rəqsanə Həsənova: İdmanın hansı növünü sevirsiniz? Ümumiyyətlə, gündəlik idmanla məşğul olursunuzmu?

-İndi artıq Formula 1-i sevirəm. (gülür) Çünki bütün fikrim bu yarışdadır. Burdan getsəm belə, Formula 1-i çox sevəcəm. Bu il gündəlik idmanla məşğul ola bilmədim. Amma adətən, idman zalına gedib, fitneslə məşğul oluram.

R.Həsənova: Səhv etmirəmsə, iki oğlunuz var. Yarışlara baxacaqlarmı?

-Bəli, iki oğlum var. Birinin yeddi, o birinin iki yaşı hələ olacaq. Böyük oğlum mütləq gələcək. Maşınları çox sevir. Hələ də mənim Formula-1 -də işləməyimi dərk etmir. Əminəm ki, çox böyük zövq alacaq.

D.Əhməd: Pilot olmasını istəyərdiniz?

-Bilmirəm, çox təhlükəlidir. Özündən soruşanda “hə” deyir. Amma məncə, başqa bir işlə məşğul olsa yaxşıdır. (gülür)

N.Muradova: Karyera ilə ailənizi eyni vaxtda necə idarə edirsiniz? Çətinlikləriniz nələrdir?

-Xoşbəxtəm ki, yoldaşım çox anlayışlıdır və mənə çox dəstək olur. Hər ciddi məsələdə onunla mütləq məsləhətləşirəm. Əgər əvvəllər işdən sonra hansısa tədbirlərə qatılırdımsa, indi çalışıram daha çox ailəmlə olum. İşdən sonrakı vaxtımı ailəmlə, uşaqlarımla keçirirəm. Çünki onlar mənə lazımdır, mən onlara...
Həm də ki, yarışqabağı olduğu üçün belə gərgin iş qrafikimiz var. Yarışlardan sonra daha rahat olacaq. İş rejimimiz də digər iş yerlərindəki kimidir: şənbə-bazar işləmirik.

D.Əhməd: Sizi nə vaxtsa məhkəmədə kiminsə hüquqlarını müdafiə edən görə bilərikmi?

-Yox, heç vaxt. Məni mətbuatla işləyən, hansısa bir işin təbliğatçısı kimi görə bilərsiniz, amma məhkəmədə yox.

E.Murad-Bəs “Beynəlxalq hüququ” seçməyinizı səbəb nə oldu?

-O zaman diplomat olmaq, səfirliklərdə çalışmaq istəyirdim. Universitetə də yüksək balla daxil oldum. Yunanıstan səfirliyində işləsəm də, işim mətbuatla idi. Sonra piar sahəsində çalışdım, piar, marketinq üzrə bir çox treninqlərə qatıldım. Bu sahə mənə çox maraqlıdır.

E.Murad: Nigar xanım, yenidən Formula 1-ə qayıtmaq istəyirəm. Gənclər və idman naziri yarış trasında yerləşən fərdi evlərin sahiblərinə belə bir təklif etdi ki, pul qarşılığında balkonlarını tamaşaçılara icarəyə versinlər. Bu işdə ev sahiblərinə hər hansı yardımınız olurmu?

-Məhz bununla bağlı hər hansı təklifimiz olmayıb. Biz sadəcə o evlərdə olub, yarış müddətində balkonlardan heç nəyin atılmaması ilə bağlı xəbərdarlıq etmişik. Onlar da razılaşıblar. Balkonunu icarəyə verən sakinlər də var, bununla bağlı sosial şəbəkələrdə elanlarla rastlaşıram. Amma biz istəyirik ki, insanlar bilet alıb, yarışı yaxından izləyib, müxtəlif səpkili proqramlara qatılsınlar.

D.Əhməd: Formula 1-dən xatirə qalacaq hansısa məhsullar istehsal etmisiniz?

-Yaxşı məqama toxundunuz. Biz bu həftə öz məhsullarımızı təqdim edəcəyik. Bütün satış nöqtələrində o məhsulları görə biləcəksiniz. Bura kepkalar, maykalar, breloklar və s. aiddir. Ondan başqa bizim şəhərciyimizdə məşhur brend şirkətlər də öz məhsullarını təqdim edəcəklər.

Nərmin Muradova
Fotolar Elçin Murad


Müəllif:

Oxşar xəbərlər