“Brifinq”in qonağı Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərimdir. Redaksiyamıza təşrif buyuran Nasir Əbdül Kərim Azərbaycanla Fələstin arasındakı münasibətlərdən danışdı, Fələstin probleminin tarixindən bəhs etdi, bu münaqişənin çözümünün yollarını göstərdi. Fələstinlə Ermənistan münasibətlərinə toxunan diplomat o ölkədə səfirliyin açılması xəbərlərinin doğru olmadığını söylədi, Fələstinin keçmiş prezidenti YasirƏrəfatın ermənilərə xitabən etdiyi çıxışa aydınlıq gətirdi.
Nərgiz Ehlamqızı: Cənab səfir, Fələstinlə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin hazırki səviyyəsini necə qiymətləndirirsiniz?
- Fələstinlə Azərbaycan arasındakı əlaqələr tarixə söykənir. 2011-ci ildə Fələstinin Azərbaycanda səfirliyinin açılması ilə bu əlaqələr daha da gücləndi və hazırda irəliyə doğru gedir. İki ölkənin rəhbərlikləri arasında daima məsləhətləşmələr aparılır və ikitərəfli əməkdaşlıq mövcuddur. Azərbaycan və Fələstin beynəlxalq təşkilatlar çərçivəsində, forumlarda bir-birini dəstəkləyir. Azərbaycan müstəqillik qazanandan sonra iki ölkə bir-birinin müstəqilliyini tanıdı. Hətta Sovet dövründən bəri və Azərbaycan müstəqillik qazandıqdan sonra Fələstin lideri Yasir Ərəfatla Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasında əməkdaşlıq mövcud olub və daim bir-biri ilə əlaqə saxlayıblar. 2011-ci ildə Fələstin prezidenti Mahmud Abbas Azərbaycana səfər etdi və ardınca da əlaqələrin inkişaf istiqaməti daha da irəliliyə getdi. Bir sözlə, Fələstinlə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir.
“Yasir Ərəfat inqilabçı, vətənpərvər bir insan idi”
Taleh Şahsuvarlı: Fələstin deyəndə yadımıza Yasir Ərəfat düşür. Cənab səfir, Yasir Ərəfatla görüşmək imkanınız olubmu? Onu necə xarakterizə edərdiniz?
- Əlbəttə, mən Yasir Ərəfatı tanıyırdım, onunla görüşlərim olub. Təbii ki, mənimlə onun arasında böyük fərq var. Mən xaricdə səfirliklərdə işlədiyim müddətdə Yasir Ərəfatla Fələstindəki iqamətgahında görüşmüşəm. Yasir Ərəfat inqilabçı, vətənpərvər bir insan idi. O, inqilaba liderlik etmək iqtidarında olan şəxsiyyət idi. Yasir Ərəfat inqilabçı xarakteri ilə daim öndə getməyi bacarırdı.
“Valideynlərim düşünürdü ki, mən böyüyüb boya-başa çatanda bu problem bitmiş olacaq”
T.Şahsuvarlı: Uşaqlıqdan Fələstin problemini eşidirik, bu savaşın qaynağı nədir, niyə bitmir? Sanki bitsə, dünya xəritəsi dəyişəcək...
- Uşaqlıqdan bəri evdə atamla anam Fələstin problemi haqda danışırdı. Valideynlərim bütün fələstinlilər kimi düşünürdü ki, mən böyüyüb boya-başa çatanda artıq bu problem bitmiş olacaq. Dünyada heç bir valideyn istəməz ki, onun övladları hər hansı münaqişə zəminində böyüsünlər. Əlbəttə, bunu mənim anamla atam da istəməzdi. Sadəcə,onu söyləməliyəm ki, problemin mənbəyi məhz işğaldır. Buna görə də bu proses uzun çəkib. Azərbaycan xalqı işğalın nə olduğunu çox yaxşı bilir. Uzun illər boyu öz mübarizəmiz uğrunda müharibələr aparmışıq, inqilablar da etmişik, lakin işğal bu gün də davam edir. Tarix boyunca mübarizə aparmışıq ki, bu problemi sona çatdıraq. 1993-cü ildə İsrail tərəfi ilə Oslo müqaviləsi bağlandı. Bu müqavilənin məqsədi İsrail dövləti ilə yanaşı Fələstin dövlətinin yaradılması prinsipinə görə sülhün bərqərar edilməsi idi. Lakin o vaxtdan bu günə kimi danışıqlar aparsaq da, İsrail hökuməti bu problemi həll etməkdən yayınır, işğalçı ordusunu Fələstin ərazisindən çıxarmır. 2009-cu ildə İsrailin baş naziri Benyamin Netanyahunun hakimiyyətə gəlməsindən bu yana danışıqlar prosesində heç bir nailiyyət əldə olunmayıb. Netanyahunun xarakteri olduqca radikaldır, irqçi mövqeyə malik şəxsdir. Onun qurduğu irqçi hökumət danışıqlar prosesində təmsil olunsa da, hər hansı irəliləyişin əldə olunmaması onu deməyə əsas verir ki, bu hökumətlə danışıqlar çətin ki alınsın.
“Biz bu münaqişəni qətiyyən dini münaqişə hesab etmirik”
T.Şahsuvarlı: Məncə bu problemin kökündə panərəbizm və bir qədər İslam fundamentalizmi də var. Qüds bütün dinlərin müqəddəs saydığı şəhərdir. Olmazmı Fələstin münaqişəsi həll olunmaqla millətçilik qarşıdurmasından multikultural cəmiyyətin qurulmasına doğru addımlar atılsın?
- Biz bu münaqişəni qətiyyən dini münaqişə hesab etmirik. Bu, tamamilə dindən uzaq, sırf siyasi münaqişədir. İsrail tərəfində çoxlu sayda yəhudilər var ki, kifayət qədər mütərəqqi və sülh tərəfdarıdır. Bizim heç bir halda yəhudi xalqına qarşı hər hansı neqativ münasibətimiz olmayıb və heç vaxt olmayacaq. Fələstin dövlətini təmsil edən Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Azadlıq Təşkilatı da dini bir mövqeyə malik hökumət yox, əksinə dünyaya açıq hökumətdir. 1965-ci ildə dövlət qurmaq üçün inqilab etdiyimiz zaman təklifimiz demokratik Fələstin dövlətinin yaradılması idi. Fələstində dini partiyalar çoxdur, Müsəlman Qardaşları, “Həmas” qrupu mövcuddur. Lakin onlar Fələstin xalqının mütləq əksəriyyətini təşkil etmirlər, xalqdan bir qrup dəstək qazanırlar. Fələstin dövlətinin qanunverici orqanı və qanuni hökuməti Fələstin Azadlıq Təşkilatı və Fələstin Milli Hakimiyyətidir. Bir dövlət başçısı və baş nazir öz çıxışlarında daim təhrikçilik və qarşı tərəfə yüklənmə metodunu seçirsə, əlbəttə, bu hökumətlə danışıq aparmaq alınmır. Başda Mahmud Abbas olmaqla Fələstin dövlətinin qarşı tərəfə ötürdüyü yalnız sülh mesajıdır. Əlimizi açıq tutub deyirik ki, biz sülhə gələk, sülh danışıqları həyata keçirək, lakin qarşı tərəf gərginlik yaratmağa çalışır. İsrail dövləti 1967-ci ildə Fələstini zəbt edib. Bizim yeganə məqsədimiz o illərdəki sərhədlər çərçivəsində müstəqil Fələstin dövlətinin yaradılmasıdır. Dövlət yaratdıqdan sonra İsrailə körpü rolunu oynaya biləcəyik. Əslində, İsrailin qazancı da böyük olacaq. Bildiyiniz kimi İsrailin region və İslam ölkələri ilə əlaqələri yoxdur. Biz körpü yaradıb İsrailin həmin ölkələrə çıxışını təmin etmiş olacağıq. Ötən il Netanyahu seçkilərdə uduzduğunu görəndə İsraildə yaşayan fələstinlilərə bəyanat ünvanladı, dedi ki, ey yəhudilər, siz İsraildə yaşayan sürülərdən (israilli-fələstinlilərdən) öncə seçki qutularına gəlib səs verin, məni onlardan xilas edin. İsraildə Fələstin kökənli israillilər var, bilirdi ki, onlar Netanyahunun əleyhinə səs verəcək. Onun fələstinliləri vəhşi adlandırmasından sonra reytinqi qalxdı və qalib gəldi. Bir neçə gün bundan öncə daha bir bəyanat verdi, bildirdi ki, vəhşi ərəblərdən qorunmaq üçün İsrailin ətrafına divar çəkək. Bu çıxışlardan bəlli olur ki, onun üslubu gərginlik və təhrikçiliyə yönəlib. Belə bir şəxslə sülhə getmək çətin məsələdir. Siyasi arenada çalışırıq ki, dünya ictimaiyyəti həqiqəti bilib susmasın, sivil surətdə siyasi yolla İsrailə təzyiq göstərməyi bacarsın.
Ömər Əmirov: Benyamin Netanyahu hökuməti ilə sülhə getməyin qeyri-mümkün olduğunu söylədiniz, bəs İsraildə elə qüvvələr varmı hakimiyyətə gəlsə, Fələstinlə 1967-ci il sərhədlərini qəbul edərək danışıqlara gedə bilər?
- 1993-cü ildə mərhum lider Yasir Ərəfatla İsrail baş naziri İsaak Rabin arasında imzalanan Oslo müqaviləsi məhz Fələstin dövlətinin yaranması məqsədilə imzalanıb. İsrail tərəfində belə niyyət var idi, biz bu yolla gedəcəkdik və nəticədə Fələstin dövləti yaradılacaqdı. Lakin olmadı, bununla yanaşı 2008-2009-cu illərdə İsrailin baş naziri Ehud Olmertlə az qala sülhə çatmaq yolunda irəliləyişə nail olacaqdıq, ümumi razılıq vardı, müəyyən detallarda anlaşa bilmədik. Ancaq Ehud Olmertdən sonra hakimiyyətə gələn Netanyahu fırlanan çarxa sanki çubuq uzatdı və çarx dayandı. 2009-cu ildən bu yana hazırki İsrail hökuməti ilə hər hansı danışıq nəticə vermir. Əlimizdən gələni etsək də bu, mümkün deyil. Əlbəttə, İsrailin daxilində bir sıra mütərəqqi fikrə malik partiya və qüvvələr var ki, onlarla bu gün də danışıqlar aparırıq, müzakirələr edirik. Amma qanuni hökumət Netanyahunun başçılıq etdiyi hökumətdir. Danışığa meylli həmin siyasi qüvvələr nə zaman İsrail baş nazirinin bəyanatına təsir etsələr, o zaman Netanyahu məğlub olacaq və digər partiyalar hakimiyyətə gələcəklər.
Dilqəm Əhməd: Son bir neçə ildir Fələstinlə bağlı müsbət şeylər eşidirik. BMT-də müşahidəçilik statusu əldə etdi, Vatikan, İspaniya hökumətlərinin Fələstinə yönəlik pozitiv açıqlamaları oldu. Bu, Fələstinin uğurudur, yoxsa dünya dövlətlərinin İsrailə təzyiq formasıdır?
- Bu, Fələstin diplomatiyasının uğurudur. Çünki Fələstin diplomatiyası daim fəaliyyətdədir, ölkələrlə əməkdaşlıq edir. Bunu diplomatik uğur kimi qiymətləndirə bilərik. Dövlət fəaliyyətsiz olduğu təqdirdə heç kəs kənardan gəlib onun müstəqilliyini tanıya bilməz. İşləməli, enerji sərf edilməlidir ki, uğura nail olmaq mümkün olsun. Xarici ölkələrdən gələn müsbət meyillər reallığı dəyişməyib, işğal hələ də davam edir. Dünyada 137 ölkə, o cümlədən BMT Fələstini müstəqil dövlət kimi tanıyır. Fransanın da Fələstini tanımaq niyyəti var. Bütün bunlar bizim əməyimiz sayəsində baş verir. Tarixin gedişatını dəyişmək olmaz. İşğalın uzunömürlülüyü deyə bir şey yoxdur. Əlbəttə, bu, uzun çəkə bilər, amma bu, bir tarixi gedişdir, bunun da sonu olmalıdır. Addım-addım irəliləyirik, biz yenə də fəaliyyətimizi davam etdirməliyik.
N.Ehlamqızı: Azərbaycan özü də ermənilər tərəfindən işğala məruz qalıb. Sizin dilinizdən Fələstinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini eşitmişik. Ötən ilin sonunda belə xəbər yayıldı ki, Fələstin Ermənistanda səfirlik açmaq niyyətindədir. Bir məqamı da qeyd edim, sosial şəbəkələrdə Yasir Ərəfatın “ermənilər qardaşımızdır” fikrinin əks olduğu plakatlar tez-tez paylaşılır. Buna aydınlıq gətirmənizi istərdim...
- Gəlin məntiqlə belə bir məqama diqqət yetirək, biz Fələstin xalqı olaraq işğal altındayıq, güclü qüvvə deyilik. Əsas problemimiz işğalı sona çatdırmaqdır. Beynəlxalq hüququn Azərbaycanın tərəfində, BMT-nin 4 qətnaməsi olduğu halda Fələstin necə ola bilər ki, Azərbaycana qarşı işğalçı dövləti dəstəkləsin. Özü də işğal altında olan xalqın işğalçı dövləti dəstəkləməsi üçün heç bir məntiq yoxdur. 1992-ci ildən bu yana Azərbaycanla Fələstin arasında İslam ölkəsi kimi əlaqələr mövcuddur. Bildirmək istəyirik ki Fələstinlə Ermənistan arasında isə heç bir diplomatik əlaqə yoxdur. Nə iqtisadi, nə siyasi münasibətlər mövcuddur, nə də səfirliyimiz var. Biz heç vaxt Azərbaycanın əleyhinə Ermənistanı dəstəkləməmişik, bunun əksi olub. Ona görə də bəzi az sayda şəxslərin Fələstinə bu məsələdə yüklənməsi məntiqli deyil. Belə olan təqdirdə nəzərləri münasibətlərimizinpozulmasındamaraqlı olan digər üçüncü tərəfə yönəltmək lazımdır. Fələstinin Ermənistanda səfirlik açması xəbərinə gəlincə, bu barədə məlumatı Ermənistan mətbuatı yaymışdı, biz dərhal səfirliyin rəsmi Feysbuk səhifəsində və bütün mediaya göndərdiyimiz press-relizdə bunu təkzib etdik. Xarici İşlər Nazirliyimiz də bu xəbəri təkzib etdi. Bu tipli xəbər Fələstinlə Azərbaycan arasında bir növ narahatlıq yaratmağa yönəlik informasiya idi və gərginlik yaratmaq məqsədi güdürdü. İsrailin özünün Ermənistanla sıx əlaqələri var. Bizim Ermənistanla heç bir əlaqələrimiz olmadığı halda bizi ittiham etmək məntiqsizdir. Yasir Ərəfatın “ermənilər qardaşımızdır” fikrinin əks olduğu plakatlara gəlincə, bu, fotoşopdur. İstənilən şəxs də Benyamin Netanyahunun şəklini götürüb onun çıxışından bir fraqment yazaraq həmin plakatı dünyaya yaya bilər. Yasir Ərəfat belə bir söz deyibsə, onun səsli audio yazısı olmalıdır, rəsmi səviyyədə bu bəyanat haradasa yayılmalıdır. Fələstində 2 minə qədər erməni yaşayır, onların məhəlləsi erməni məhəlləsi adlanır. Amma onlar fələstinli ermənilərdir, İrəvanla heç bir əlaqələri yoxdur. Onlar sadə Fələstin ərazisində yaşayan cəmiyyətə qaynayıb qarışmış erməni kökənli fələstinlilərdir.
“Yasir Ərəfatın o xitabı Fələstində yaşayan ermənilərə olub”
T.Şahsuvarlı: Əslində, Ermənistandakı ermənilərin də kökəni elə oralardır, sonradan gəliblər...
- Yasir Ərəfat seçkilər zamanı orada yaşayan ermənilərə xitab edib ki, sizdən dəstək gözləyirəm. Əslində fələstinlilərə xitab edib, çünki həmin ermənilər Fələstin vətəndaşlarıdır. Bəzi israil tərəfdarları çox zəki şəkildə çıxışın məhz o hissəsini götürüb fotoşopla yaymağa başlayıblar. Dünyaya da bəyan edirlər ki, fələstinlilər erməniləri dəstəkləyir. Əslində isə fələstinli erməniləri İrəvanda nə baş verməsi maraqlandırmır. Qüds şəhəri kifayət qədər müqəddəs və dini yerdir, orada hasarlanmış hissə mövcuddur ki, orada dörd məhəllə var, bunlar islami, xristian, yəhudi və erməni məhəllələridir. Yasir Ərəfat seçkiöncəsi çıxışında da məhz həmin erməniləri nəzərdə tutub. Bəzən bəzi insanlar Feysbukda da bizə yazırlar ki, erməniləri dəstəkləyirsiniz, deyəndə ki, sübut gətirin, dərhal həmin fotoşopu göstərirlər. Hər bir şeyin kökü, rəsmi formada, dövlət səviyyəsində bəyanat olmalıdır. Bizi ittiham edən bəzi şəxslər fotoşopla düzəldilmiş plakatlardan başqa heç vaxt rəsmi dəlil gətirə bilmirlər. Ermənilərin bəzi qeyri-ciddi saytlarında saxtalaşdırılmış, təhrik olunmuş bir-iki cümlə gedə bilər, amma rəsmi bəyanat yoxdur. Dünyada erməniləri dəstəkləyən bir çox dövlət var, amma bizə yüklənən qədər onlara yüklənmirlər və bu da özü özlüyündə bu az sayda insanların niyə belə etməsi barəsində sual yaradır.
Səxavət Həmid: Mən rəsmi dəlil gətirmək istəyirəm. 2000-ci ildə Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryan Fələstin Muxtariyyətinin rəhbərliyi tərəfindən “Vifliem-2000” medalı ilə təltif olunub. Biz başa düşürük, Fələstin dövlətinin başçıları seçkilər zamanı ölkədəki erməni milli azlığın səsini almaq üçün onların ünvanına hansısa xoş söz deyə bilərlər, ancaq əlinə silah alıb Xocalıda qətliam törədən Köçəryanın medalla təltif olunmasını necə izah edə bilərsiniz?
- Beyt-ləhm şəhəri İsa peyğəmbərin anadan olduğu şəhərdir, müqəddəs yerdir, bütün dinlər və xalqlar üçün açıqdır və Məkkə müsəlmanlar üçün nə deməkdirsə bu şəhər də xristianlar üçün o deməkdir. Onlar bu şəhəri bütün məzhəbləri ilə ziyarət edirlər. 2000-ci ildə nəinki Ermənistan dövlət başçısı, xristian dininə mənsub bütün dövlətlərin başçıları Beyt-ləhmdəki Milad bayramının iki min illiyinin qeyd edilməsi üçün gəlmişdilər. Yasir Ərəfat rəmzi olaraq tədbirdə iştirak edən bütün dövlət başçılarına Beyt-ləhm medalını təqdim etdi. Robert Köçəryan da qonaqlar içərisində olub, Yasir Ərəfat ayrı-seçkilik etməyib. Bu məsələdə siyasi məqam axtarmaq lazım deyil. 2000-ci ildən sonra siyasi arenada hər hansı əlaqələrmi quruldu? Ordenin qarşılığında Ermənistan Fələstinin müstəqilliyinimi tanıdı? Biz orada səfirlikmi açdıq? Yox! Bu ordenin siyasətə qətiyyən aidiyyatı yoxdur. O, sadəcə qonaq qismində dini bir mərasimə təşrif buyurub və orden simvolik xarakter daşıyır. Beyt-ləhm xristianlar üçün müqəddəs şəhərdir və Fələstinin ərazisindədir, Mahmud Abbas Beyt-ləhmə Milad bayramına gedir, xristian dövlət başçılarından kim gəlirsə, onlarla görüşür, xristian dininin nümayəndələri ilə bayramlaşır. Bu il yanvarın 18-də Mahmud Abbas orada bütün xristian dininin nümayəndələri ilə görüşdüyü kimi erməni ruhaniləri ilə də görüşmüşdü. Bu, sırf dini mərasimdir. Bununla dünyaya mesaj veririk ki, bütün dinlərə açığıq, hörmət edirik, tolerantıq. Azərbaycanın İsraillə münasibətlərinin yaxşı olmasına sevinirik və bunu özümüzə qarşı olduğunu düşünmürük. Azərbaycanın milli maraqlarına uyğundursa, İsrail dövləti ilə əlaqədə olmalıdır. İsrail ölkəmizi işğal edib deyə Azərbaycana yüklənə bilmərik ki, niyə onunla əlaqədəsiniz. Biz Azərbaycanla qardaş və dost olaraq onun vəziyyətini başa düşürük, onun iqtisadi və siyasi maraqları İsrailin dövlət maraqları ilə üst-üstə düşürsə, bunu alqışlamalıyıq. Həm də ona görə sevinirik ki, nə qədər Azərbaycanla İsrail əlaqəsi yaxşı olsa, Azərbaycan tərəfinin Fələstin münaqişəsinə müsbət təsiri ola bilər. Mənim tanıdığım və əməkdaşlıq etdiyim azərbaycanlı deputatlar Səməd Seyidov, Asim Mollazadə bu günlərdə İsraildə idi. Onlar İsrailə getməklə Fələstinə qarşı çıxış etmirlər. Əksinə o dövlətlə də əlaqə yaradıb balans qururlar, eyni zamanda mənimlə dostluq edirlər. Azərbaycan milli maraqları çərçivəsində Fələstinlə dostluqla yanaşı İsraillə əlaqə qurursa, buna necə etiraz edə bilərik? Biz Azərbaycan dövlətinin milli mənafeyini çox gözəl başa düşürük və hörmət edirik. Biz heç vaxt Azərbaycanın əleyhinə Ermənistanı dəstəkləməmişik, bunun əksi olub. Ona görə də bəzi az sayda şəxslərin Fələstinə bu məsələdə yüklənməsi məntiqli deyil. Əgər bizim dövlət olaraq Ermənistanla heç bir siyasi əlaqəmiz, alış-verişimiz yoxdursa, əlbəttə, etiraz edənlərin bizə qarşı bu cür yüklənməsi bir növ haqsızlıqdır. Fələstinə Azərbaycan tarix boyu dəstək olub, bizi dövlət kimi tanıyıb, səfirliyimizin binası önünə Fələstin dövlətinin Azərbaycan Respublikasındakı səfirliyi yazılıb. 2012-ci ilin noyabrın 29-da Fələstinin BMT-də müşahidəçi dövlət kimi tanınmasında Azərbaycan dövləti nəinki qətnamənin lehinə qərar verdi, eyni zamanda bu qətnaməni irəli sürən sponsor dövlətlərdən biri idi.
“Yevda Abramovla hələki görüşməmişəm”
N.Ehlamqızı: İsraildə səfərə gedən deputatların adını açıqladınız. Onlardan biri də yəhudi əsilli Azərbaycan Milli Məclisinin deputatı YevdaAbramov idi. Onunla heç görüşmüsünüz, söhbət olub aranızda?
- Milli Məclisin spikeri Oqtay Əsədov, onun müavini Ziyafət Əsgərov, deputatlardan Səməd Seyidov, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa və digər azərbaycanlı deputatlarla münasibətlərim var, görüşüb müzakirələr aparırıq. Yevda Abramovla isə indiyə qədər görüşməmişəm, belə bir fürsət olmayıb.
S.Həmid: Vurğuladınız ki, Azərbaycanın İsraillə münasibətləri yaxşı səviyyədədir. Bəs Fələstin Azərbaycanın ona verdiyi dəstəkdən razıdır?
- Azərbaycan dövlətinin bu günə kimi olan dəstəyindən dövlət və xalq səviyyəsində kifayət qədər razıyıq. Bizim Azərbaycanın İsraillə olan yaxşı münasibətlərinə heç bir etirazımız ola bilməz. Azərbaycan dövlətinin 20 faiz torpağı işğal altındadır. Azərbaycan milli və siyasi maraqlarından çıxış edərək İsrailin güclü potensialından faydalanmalıdır. Baxaq görək Azərbaycan dövlətinin İsraillə olan bu əlaqəsi Fələstinə olan prinsipial dəstəyinə hər hansı təsir göstərirmi? Yox! Azərbaycan öz əlaqəsini qurur, biz buna yaxşı əlaqələr kimi qiymət veririk, digər tərəfdən Fələstinlə dövlət və xalq səviyyəsində həmrəydir. Bu balansın yaradılması bizim üçün əlverişlidir. Azərbaycan iki il BMT Təhlükəsizlik Şurasına rəhbərlik etdi, o müddətdə dünya dövlətlərində olan Fələstin lobbisi o kürsünün əldə olunmasında Azərbaycana köməklik etdi və bu münasibətlə Azərbaycan dövlətini təbrik etdik. Gələcəkdə Ermənistanla Fələstin arasında diplomatik əlaqələr yaranarsa, burada da təəccüblü bir şey yoxdur. Bu, Azərbaycanın maraqlarına zidd deyilsə, belə əlaqələrin qurulmasına normal yanaşılmalıdır.
Samir İsayev: Ərəb dünyasında baş verən hadisələr, “Ərəb baharı”Fələstin probleminə necə təsir göstərdi?
- Ərəb dünyasında baş verən bu hadisələri istər, bahar, istər payız, istərsə də qış adlandırın, bu, Fələstin məsələsinə mənfi təsir göstərdi. Ərəb baharından öncə bu günə kimi hər zaman gündəmdə olan bir nömrəli məsələ Fələstin məsələsi idisə, indi artıq bir çox münaqişələr yaranıb. Fələstin məsələsi bir növ diqqət mərkəzindən ikinci dərəcəli məsələyə çevrilib. Suriyaya getsəniz və orada kimdənsə soruşsanız ki, əgər ölkənizdəki problemlər həll olunsa, sizin üçün ikinci dərəcəli prioritet məsələ nədir? Dərhal sizə Fələstin problemini deyəcək. Fələstin problemi hər zaman dünya mediasının gündəmində olub. Ortada problem olanda radikal, ekstremist qüvvələr həmin problemdən istifadə edib gənclərin beynini yuyur, hərbi səfərbərliyə yönəldir və onlardan terrorçu yetişdirir. Bataqlığın birdəfəlik qurudulması üçün mütləq Fələstin problemi həll olunmalıdır. Gənclərin hərbiyə ruhlandırılması üçün heç bir problem qalmayacaq, o şəraiti aradan qaldırmaq lazımdır ki, radikal qüvvələr gənclərdən istifadə edib terrorçu qruplar ortaya çıxarmasın. Fələstin problemi region problemi olmaqdan çıxıb dünya probleminə çevrilib. Fələstinlilərin necə yaşamasını vəsf etsəm, dəhşətə gələrsiniz. Fələstin daxilində 400 hərbi postlar var, siz bulvara maşınınıza rahat oturub gedirsiniz. Ölkənizdə sivil qayda hökm sürür, Fələstində isə elə deyil, orada maşına oturub bir məhəllədən digərinə getmək üçün 3-4 hərbi postdan keçməlisiniz, İsrail hərbçiləri sizi yoxlamalıdır. Fələstinlilərin bu gün yaşadığı şəraiti dünyanın heç bir ölkəsində heç bir xalq yaşamır.
T.Şahsuvarlı: Klassik ərəb cizgilərindən fərqli görüntüyə sahibsiniz, gözlərinizin rəngi yaşıla çalır, əsmər deyilsiniz...
- Mən yüz faiz ərəbəm (gülür). Azərbaycanda da üz cizgiləri fərqlənən insanlar da var. Fələstin torpağı hər zaman işğalçıların və ziyarətçilərin gəlib-keçdiyi torpaq olub, orada min illər öncə bütün millətlərdən olan insanlar yaşayıblar, tacirlərlə yerli əhalinin bir-biri ilə qarışıq nikahından müxtəlif formalar meydana gəlib. Bu, məncə ondan qaynaqlana bilər (gülür). Nəinki Fələstində Aralıq dənizi sahilində olan digər dövlətlərdə, Suriyada, Livanda, İordaniyada, Liviyada ağ insanlara rast gəlmək mümkündür.
N.Ehlamqızı: 2011-ci ildən bəri Azərbaycandasınız. Bu müddət ərzində gəzib bəyəndiyiz regionlarımız hansılardır? Mətbəximizdən hansı təamlarıxoşlayırsınız?
- Azərbaycanın bir çox regionlarında, o cümlədən Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Şəki, İsmayıllı və digər bölgələrdə olmuşam. Yeməkləriniz çox dadlıdır, etiraf edim ki, ailəliklə, xüsusilə qızım sac yeməyini xoşlayır, ləvənginiz, qutablarınız ləzzətlidir.
N.Ehlamqızı: Bəs qızınız Azərbaycana adaptasiya ola bilib?
- Əlbəttə, hətta məktəbdəki rəfiqələrindən biri azərbaycanlı, o biri türkdür.
Nərgiz Ehlamqızı
Foto: Elçin Murad