26 Noyabr 2016 15:07
3 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brifinq”in qonağı Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri, Girne Amerikan Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru Orxan Həsənoğludur.

Nərgiz Ehlamqızı: Orxan bəy, əvvəlcə oxucularımıza təşkilatınız, çalışdığınız universitet haqda məlumat verməyinizi xahiş edirik.

- Çalışdığım Girne Amerikan Universiteti Vaşinqton, İngiltərə, Honkonq, İstanbul, Kişinyov və Kiprdə filialları olan böyük korporasiyadır. Eyni zamanda, Qlobal Karyera İnstitutunun təsisçisi və direktoruyam. Bu institut Türkiyədə qeydiyyatdan keçmiş, bu gün dünyanın 7 universitetində Dubay, Qazaxıstan, Rusiya, Ukrayna, Azərbaycan da daxil olmaqla filialları olan beynəlxalq təhsil qurumudur. İşimin sosial tərəflərinə gəlincə, hələ 6 il əvvəl Kiprə magistr təhsili üçün getməzdən öncə planlaşdırırdım ki, orada diaspor təşkilatı quracağam. Bununla bağlı araşdırmalarım vardı, Kiprdən çoxlu qonaqlarım olmuşdu. Kiprə getdim, 1 gün sonra universitetdə çalışmağa başladım, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təsisi üçün imkanları araşdırmağa start verdim. 1 ay sonra belə bir diaspor təşkilatını təsis edə bildik.

Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Şimali Kipr Türk Respublikasında Azərbaycanı təmsil edən yeganə diaspor təşkilatıdır. Artıq bizim cəmiyyət öz işini uğurla qurub, çoxlu layihələr həyata keçirib. Bu yaxınlarda Türk Dünyası Gənclərinin I Forumunu keçirdik. Azərbaycanda 446 rəsmi diaspor təşkilatı var. Bizim təşkilatımız çox aktivdir, yeganə diaspor təşkilatıyıq ki, keçirdiyimiz tədbirlərə fəaliyyət göstərdiyimiz ölkənin başda prezidenti olmaqla, Nazirlər Kabinetinin üzvləri, deputatlar qatılır. Kiprdə istənilən dövlət qurumu bizi yüksək qonaqpərvərliklə qarşılayır. Bugünədək elə bir gün olmayıb ki, hər hansı problemlə bağlı dövlət qurumlarının qapısından əliboş qayıdım. Bu, yalnız bizim soykökümüzlə bağlı deyil. Eyni soykök diaspor fəaliyyətində ciddi əhəmiyyət kəsb edir. Əsas qarşılıqlı əlaqələri düzgün istiqamətləndirməkdir. Kiprin yerli təşkilatları ilə əlaqələrimiz fəaliyyətimizdə mühüm əhəmiyyət kəsb edir. Biz, əslində, çox şanssız bir diaspor təşkilatıyıq.

Nərmin Muradova: Nə mənada?

- Azərbaycan Dövləti Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanımır. Bizi, sadəcə, soykök, dil və din birliyi bağlayır. Heç bir formada dövlətlərarası əlaqələrimiz yoxdur. Müstəqilliyini tanımadığımız ölkədə oktyabrın 18-də öz müstəqilliyimizi qeyd elədik. Strateji problemi olan, beynəlxalq əlaqələri olmayan ölkədə nəyisə təbliğ etmək çox da asan deyil. Ada xalqları azərbaycanlılar kimi sosial layihələrə meyilli deyil. Kiprdə Azərbaycan diasporunun 90 faizi tələbələrdən ibarətdir. Orada çalışan həkimlər, müəllimlər də sıralarımızdadır. Biz əməkdaşlıq üçün gənclər təşkilatı tapa bilmirik. Bir neçə il öncə Təhsil Nazirliyinə getdik, təklif elədik ki, Kiprin tarix kitablarına Azərbaycan tarixi ilə bağlı dörd akademik saatlıq mövzu salınsın. Təklifimiz xoşlarına gəldi, məsləhətləşdik ki, mövzuları da biz hazırlayaq. Kipr Təhsil Nazirliyinin Dərsliklər Komissiyasına mövzuları təqdim etdik. Komissiya mövzuları müzakirəyə çıxardığı vaxt Kiprdə hakimiyyət dəyişikliyi oldu. Kiprdə hakimiyyət 2 ildən artıq davam eləmir. Ən uzunömürlü hakimiyyət 2 ildir. Ciddi layihə təqdim edirsən, hər şey hazırlanır, Təhsil Komissiyası qərar verdiyi vaxt məlum olur ki, nazir dəyişir, yeni komanda gəlir. Bir müddət yeni komandaya özümüzü tanıdırıq, ikinci layihəni hazırlayıb təqdim edəndə onlar da hakimiyyətdən gedir (gülür).

Zahid Nurəliyev: Tez-tez hakimiyyət dəyişikliyi nə ilə bağlıdır?

- Partiyalar siyasətlərini Kiprin daxili ilə bağlı qurublar. Şimali Kipr isə 300 minə yaxın əhalisi olan bir regiondur. Onların siyasətlərinin ən uzaq məsafəsi paytaxtları Lefkoşa şəhəridir. Onları heç kəs tanımır, bir adanın içərisində iki il bir komanda iqtidar olur, növbəti dönəm başqa heyət hakimiyyətə gəlir, bu, davamlı növbələşmə kimi bir şeydir. Kipr tarixində təkbaşına iqtidar partiyası nadir hallarda olub. Koalisiya qurulur, sözləri düz gəlməyəndə bir deputat başqa partiyaya keçirsə, hakimiyyət dəyişikliyi baş verir. İnkişafın zəifliyinin səbəbi də eyni adamların ayrı-ayrı partiyalarda yerdəyişmə etməsidir. Biz isə oradakı azərbaycanlılarla bağlı çalışmağı hədəf qoymamışıq, strategiyamızı Azərbaycanla bağlı qurmuşuq. Kiprdə 12 universitet, 110 minə yaxın tələbə var. Bu tələbələrin 70 mini xarici ölkələrdən gələn tələbələrdir. Azərbaycanlılarımızın problemi olanda yanlarındayıq, ancaq xarici ölkədən gələnlərə Azərbaycanı tanıtmağa ehtiyac var.

Qurban Yaquboğlu: Azərbaycandan Kiprə oxumağa gedənlər çoxdur. Deyirsiniz tez-tez hakimiyyət dəyişikliyi olur. Bəs təhsilin cəlbedici olması nə ilə bağlıdır? Reklamın təsiri güclüdür, yoxsa doğrudan da, təhsilin səviyyəsi yüksəkdir?

- Kiprdəki universitetlər Kiprə aid deyil, Türkiyənin Yüksək Öyrətim Kurulunun (YÖK) lisenziyası ilə çalışır. Kiprin özünün ünvanı yoxdur, çünki tanınmayan ərazidir. Kipr universitetindən məzun olan hər hansı tələbə Kiprin Ankaradakı səfirliyinə müraciət edir, yaxud universitetdə diplomlar toplanır Türkiyədə təsdiqlənir ki, filan ölkənin vətəndaşı Türkiyə ərazisində ona aid olan universiteti bitirib. Möhürlənir, təsdiq olunur və məzuna təqdim edilir. Birinci cəlbedici səbəb məzunun Türkiyə diplomlu almasıdır. Həmin diplomlar Azərbaycanda da tanınır. İkincisi, Kipr universitetləri kamp formasındadır, bütün yaşam universitetin içinə yığılıb; kitabxana, yemək yerləri, marketlər, yataqxanalar, tədris binaları mərkəzləşdirilib. Bundan başqa, Kipr təhlükəsiz bölgədir, burada heç bir kriminal hadisə olmur, ilin 7 ayında dənizə girmək şəraiti var, Türkiyəyə bağlı olduğu üçün viza problemləri yoxdur. Türkiyə səfirliyinin tələbələrə yönəlik işləri çox operativdir. Ən önəmli tərəfi Kipr universitetlərinin beynəlxalq qurumlarda akkreditasiya olunub, verdikləri təhsilin yüksək səviyyədə olmasıdır. Kiprdə kimliyindən asılı olmayaraq heç kəs öz savadı olmadan məzun ola bilmir. Mən Kiprə təzə gedəndə magistratura təhsili alırdım, eyni zamanda, universitetdə rektorun türk ölkələri ilə bağlı müşaviri vəzifəsində çalışırdım. Bütün tələbələr kimi dərslərdə iştirak edirdim, heç bir güzəşt yox idi. Bir dəfə imtahan sessiyası zamanı Qazaxıstana ezam olunmuşdum, rektor töhmət yazmışdı, hansı ki, rektorun öz göndərişi ilə getmişdim. İmtahanda iştirak etmədiyim üçün rektor töhmət vermişdi (gülür).

2-3 il bundan öncə Kiprdə minə yaxın azərbaycanlı tələbə təhsil alırdı. Bu gün onların sayı 300-dən bir az artıqdır. İnanıram ki, 1 il sonra Kiprdə 50 tələbə ancaq qalacaq.

Nərmin Muradova: Buna səbəb nədir?

- 3 il bundan qabaq deyirdim Kiprdə Azərbaycandan min tələbə təhsil alır, bunun 10 faizi diplom ala biləcək. Bizim ölkəmizdə Kipr, Ukrayna, Gürcüstan, Rusiyanın xaricdə təhsil şirkətləri var, televiziyalarda belə reklam verilir ki, attestatla filan universitetə qəbul elan edilir. Burada qeyri-qanuni heç bir şey yoxdur. Girne Amerikan Universiteti də tələbələri attestatla qəbul edir. Eləcə də, Azərbaycandakı ali məktəblər qanunvericiliklə əcnəbi tələbələri öz ölkəsinin attestatı ilə qəbul edir. Valideynlər gördü ki, attestatla qəbul var, öz övladlarını Kiprə göndərdilər. Çünki dil problemi yoxdur, yaşam yaxşıdır, türk mühitidir və s. Birdən-birə yüzlərlə insan Kiprə axın elədi. Kipr universitetləri tələbələri qəbul edir, “xoş gəlmisiniz” deyir, ancaq semestrin sonunda uşaq imtahana girməlidir axı. Savadsız tələbə imtahandan sıfır nəticə alır, bir neçə il kəsilir, valideyn də görür ki, uşağının məzun olması qeyri-mümkün görünür. Nəticədə kütləvi şəkildə Kiprdəki azərbaycanlı tələbələr geri qayıtmağa başladı. Ukrayna və MDB ölkələrində diplom almaq çətin deyil, müxtəlif yollardan istifadə olunur. Ancaq Kiprdə bu üsullar keçmir.

Q.Yaquboğlu: Avropadan gəlib oxuyan var?

- Kiprdə 110 ölkədən tələbə var, elə ölkələr var ki, onların adını ilk dəfə Kiprdə eşitmişəm. Çexiya universitetlər ölkəsidir, Çexiyadan da təhsil almağa gələnlər var, ancaq kütləvi deyil, sayları 1-2-dir. Kiprdə oxuyan tələbə sayına görə Türkiyə birinci, Nigeriya ikinci yerdə dayanır. İranın Kiprdə tələbələrinin sayı 5 mini ötüb. Bir məqamı qeyd edim: Kiprin rum kəsimindəki İran səfirliyi ilə bizim ofisimiz qonşuluqda yerləşirdi. İranda iki il öncə devalvasiya olanda valideynlər dollar göndərirdi, səfirliyin əməkdaşları hər cümə axşamı universitetdə tələbələrlə görüşürdülər, Kiprdə bir dollar 2 lirə 20 quruş olan vaxtda, iranlıların pulunu 3.5 lirəyə çevirirdilər. Tələbələrin pulunu yuxarı məzənnə ilə dəyişirdilər ki, çətinlik çəkməsinlər. Rum tərəfində hansı ölkənin səfirliyi varsa, onların türk tərəfində tələbəsi daha çoxdur. Çünki koordinasiya mərkəzi var, davamlı olaraq tələbələrin problemləri ilə məşğul olurlar.

Səxavət Həmid: Türkiyənin Kiprdə universitet yaratmaqda məqsədi nədir, bunun kökündə Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasına nail olmaq hədəfi dayanırmı?

- Türkiyənin universitetləri dəstəkləməkdə birinci məqsədi Kiprin tanıtımı ilə bağlıdır. Kiprdə bu gün 10-dan artıq universitet var. 5 il öncə say bu qədər deyildi. Həm təhsil sektoruna olan tələb, Kiprdə Türkiyədəki universitetlərə nisbətən qəbul balı az olduğuna görə Türkiyə müxtəlif dotasiya, proqramlarla ona dəstək verir. İkinci bir tərəfdən bu, çox böyük biznesdir. Kiprdə bir universitetin 10 min tələbəsi varsa və hər tələbə minimum ildə 5 min avro təhsil haqqı ödəyirsə, bu, Kiprin dövlət büdcəsindən dəfələrlə çox məbləğdir. Kiprdə təhsil alan tələbənin valideyni övladının yanına gəlirsə, pul gətirir. Əcnəbi tələbə təhsil haqqı ilə bərabər illik 10 min avro xərcləyir. İlk illər hesablayıblar ki, Kiprdə gənclərin sayını çoxaltmaq üçün təhsil layihələrini dəstəkləsinlər. Bu gün Kipr universitetlərinin dövlət dəstəyinə ehtiyac yoxdur. Çünki universitetlər artıq öz ayağı üstdə dayanır. Ötən həftə dünya universitetlərinin reytinqi açıqlandı. Məlum oldu ki, Kipr universitetləri Türkiyə universitetlərindən qabaqdadır.

S.Həmid: Bu universitetlərin uğur sirri nədədir? Necə olur ki, bir neçə il ərzində yaranan ali məktəblər qocaman universitetlərlə eyni sırada dayanır?

- Kipr universitetlərinin uğur qazanmasının birinci səbəbi düzgün biznes strategiyasının müəyyənləşdirilməsidir. İkincisi, tələbəni cəlb etmək üçün beynəlxalq standartlarda tanıtımlar edirlər. Dünyada hər il böyük təhsil sərgiləri keçirilir, həmin sərgilərə on minlərlə insan, o cümlədən, potensial abituriyentlər qatılır. Universitetlər reklam üçün investisiyalar qoyurlar, həm ölkələrini, həm də universitetlərini tanıtmaq üçün böyük stendlər açırlar. Bu da düzgün biznes strategiyasıdır. Kiprdə universitetlər arasında rəqabət güclüdür. Ölkənin ümumi təhsil potensialından danışırıq, ancaq başqa universitetin adını çəkmirik, əleyhinə propaqanda da aparmırıq.

Keçən il İstanbulda bir sərgi vardı. Orada Azərbaycandan 3 universitet təmsil olunurdu. Əslində, buna təmsil olunmaq da demək olmazdı. Boş stendin qabağında universitetlərin rektoru və beynəlxalq əlaqələr şöbəsinin səlahiyyətli şəxsi dayanmışdı. Həmin universitetdən biri dövlət universiteti idi, normal tanıtım bukletləri gətirmişdilər. Digər ikisi yedilər, içdilər, gəzdilər, oynadılar Azərbaycana qayıtdılar, adı da oldu ki, sərgidə iştirak ediblər. O sərgi üçün də külli miqdarda vəsait xərclənib. Girne Amerikan Universitetinin sərgidəki təmsilçiləri isə sərgidə əvvəlcə Kipr, sonra universitet barədə məlumat verir. Oxuyacağım ölkənin coğrafiyasını, şəraitini bilmədən o ölkəyə ödənişsiz təhsil haqqı olsa da, gedə bilmərəm axı. Nigeriyada ödənişsiz universitetlər var, Azərbaycandan heç kəs gedib orada oxumur. Çünki bizim o ölkə ilə bağlı böyük təəssüratlarımız yoxdur, o ölkəni tanımırıq. Kipr universitetləri tanıtım strategiyasını formalaşdırarkən hər şeyi ölkə üzərində qurublar. Kiprin uğur qazanmasının əsas səbəbi universitetlərin öz ölkələrini sevməyidir.

N.Ehlamqızı: Türk Dünyası Gənclər Forumundan qısaca danışdınız. Maraqlıdır, Cənubi Azərbaycandan tədbirə gənclər qatılmışdımı?

- Türk Dünyası Gənclər Forumunu keçirəndə əsas hədəfimiz tədbirə yalnız türk gənclərinin gəlməsi deyildi. Türk gəncliyi bir-birini yetərincə olmasa da tanıyır. Çalışdıq ki, forumda xarici ölkələrin gəncləri də iştirak etsin. Azərbaycanın güneyindən də gənclərin gəlməsini çox istərdik. Ancaq real şərtlər başqadır. Kiprdə tədbir keçirəndə çalışıram ki, Azərbaycanın güneyindən olan tələbələr çox təmsil olunmasın. Çünki onların gəldiyi ölkə var, valideynləri, əzizləri o ölkədədir. Onlar İran İslam dövlətinin hesabına orada təhsil alırlar. Həmin tələbələrin bizim kimi milli vətənpərvərlik ruhu sərgiləməsi birbaşa onların özünə təsir edir. Mənim fikrimcə, Kiprə təhsil almağa gedən tələbə gedib təhsili ilə məşğul olmalıdır, heç Azərbaycanla bağlı tədbirlərdə iştirak etməyi vacib deyil. Çünki biz onları təhsil dalınca göndərmişik. Göndərməmişik ki, gedin inqilabçı olun, bayraq daşıyın. Sosial həyatda bunlar olmalıdır, ancaq şərt deyil. Təbii ki, foruma Təbriz, Ərdəbil, Qumdan Azərbaycan gənclərini dəvət edə bilərdik. Son anda fikirləşdik ki, türk forumuna qatılan İran vətəndaşlığını daşıyan insanlar İrana qayıdanda problemlərlə qarşılaşa bilərlər. Buna görə də İrandan oraya 4 nəfər dəvət etdik. Onlar təhsil sektorunda olan, Kiprlə işbirliyi quran insanlar idi, gəlib iştirak edib öz ölkələrinə qayıtdılar, hər hansı problem yaşamadıq. Biz davranışlarımıza diqqət yetirməliyik, səs-küy salmaqdan çox siyasət aparmaq lazımdır. Könül istərdi ki, oradan çox insan qatılsın, amma biz hələ buna tam hazır deyilik.

Ruslan Xəlil: Bəs Kipr universitetlərdə FETÖ uzantıları varmı?

- Kiprdə Azərbaycandakı qədər FETÖ-çü yoxdur. Bunun səbəbləri var. Kipr balaca ölkədir, onlara böyük ölkə lazımdır ki, böyük təbliğat aparsınlar. İkincisi, Kipr 60 minə yaxın türk əsgərinin olduğu adadır, orada türk hərbi qüvvələri var, nəzarət həddən artıq güclüdür. Kiprliləri din maraqlandırmır. Məscidlər var, lakin fanatik dindarlar yoxdur. Kipr türk xalqının yaşadığı ölkədir, ancaq orada Ramazan ayını hiss etməzsiniz, onlar modern şəkildə yaşayır. Fətullah Gülən Kiprdə ona inanacaq insanların olmayacağını bilirdi. Düzdür, barmaqla sayılacaq FETÖ-çülər vardı, bu hadisələrdə adıçəkilən professorlar, müəllimlər oldu, ancaq həbs olunacaq dərəcədə işbirliyi qurmamışdılar.

Kipr balaca ölkədir, insanlar bir-birini tanıyır. Balaca yerdə dini təbliğat aparmaq asan deyil. Kiprdən kitabları, lap ideologiyanının özünü xaricə daşımaq asan deyil. Gülən Pensilvaniyada oturub, onun işlədiyi ölkələr onsuz da Kipri tanımır. Bu baxımdan onun Kiprdə əlaqələri qurulmadı. Siyasətçilər sırasında, dövlət qurumlarından kimsə FETÖ ilə əlaqəli deyil. Yalnız bir tələbə yataqxanasının və dini mədrəsənin FETÖ ilə bağlantısı olduğu deyilirdi.

Ümumilikdə bu hadisələrin Türkiyədəki kimi Kiprə də böyük təsiri oldu, zərbə orada da hiss olundu. Kiprə oxumaq üçün və ya tətilə gələnlər yolunu Türkiyədən salır, çünki birbaşa uçuşlar yoxdur. Türkiyədə yaşanan hadisələr nəticəsində səfərlərin bir çoxu ləğv olundu, universitetimiz 1500 tələbə itirdi.

R.Xəlil: Bəs yunan Kiprinin vəziyyəti necədir?

- Dünya onları dövlət kimi tanıyır. Bu faktor, sadəcə, təhsil sektoruna deyil, başda turizm olmaqla, bütün sahələrə müsbət təsir göstərir. Şimali Kiprdə heç bir beynəlxalq marka yoxdur. Ancaq rum tərəfindən belə problem yoxdur, onların dünyaya çıxışı var, universitetləri Avropa Universitetlər Birliyinə üzvdür, akkreditasiya alırlar, təhsil haqqı türk tərəfindən daha aşağıdır. Bir sözlə, imkanları sırf dövlət kimi tanındıqları üçün daha çoxdur. Rum kəsimi sosial-iqtisadi baxımından daha üstündür.

R.Xəlil: Bir müddət öncə Kipr prezident seçkilərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “yavru vətən” ifadəsinə eyham edərək buna etiraz etmişdi. Bu, nə ilə bağlı idi?

- Sonuncu seçkilərdə Mustafa Akınçı Kiprin prezidenti seçildi. Türkiyədə və Kiprdə məşhur “balkon konuşması” adəti var. Seçkinin nəticəsi açıqlanandan dərhal sonra qalib gələn şəxs xalqın qarşısında nitq söyləyir. İlk çıxış çox əhəmiyyətlidir. Namizədlər, adətən, seçilənədək müxtəlif vədlər verirlər, ancaq əsas ideologiya “balkon konuşması”nda üzə çıxır. Seçkilərdə namizəd çox şey deyə bilər. Elə ki seçildi, beynindəki ideyaları açıqlayır. Mustafa Akınçı ilk çıxışında dedi ki, artıq yavru vətən deyə bir şey yoxdur, biz iki qardaş ölkəyik. Düşünmürəm ki, o, qərəzli idi. Türkiyə tarix boyunca Kiprə yavru vətən deyib. Kipri odun-alovun içindən Türkiyə çıxarıb. Orada dövlət qurulmasına böyük dəstək verib. Bu gün Kiprdə 30 minə yaxın dövlət məmuru var, onların aylıq maaşını Türkiyə dövləti öz büdcəsindən ödəyir. Bütün qrant layihələrini Türkiyə Cümhuriyyəti maliyyələşdirir. Biz forum keçirəndə Türkiyə dövləti 600 min türk lirəsi ayırdı, ilin sonunadək bu kimi layihələrimiz var. Şimali Kipr Türkiyənin qanadları altında olduğuna görə ona yavru vətən deyirlər. Kiprdə Türkiyəyə meylli olmayan kəsim də var, onlar bu kəliməni həzm edə bilmirlər, deyirlər biz də öz ayaqlarımız üzərində dura bilərik.

Fakt isə odur ki, Kipr Türkiyə olmadan öz ayaqları üzərində dura bilməz. Mustafa Akınçının çıxışına isə Ərdoğan sərt mövqe bildirdi, söylədi ki, Şimali Kipr Türkiyənin yavru vətənidir. Kipr Türkiyənin strateji cəhətdən çox əhəmiyyətli bölgəsidir. Aralıq dənizində dəhlizin bütün idarəçiliyi Türkiyənin əlindədir. Çünki Türkiyənin orada böyük payı və ordusu var. Şimali Kipr, əlbəttə, ayrı dövlətdir və bu, hər kəsi sevindirir. Ancaq Türkiyəsiz Şimali Kipr Türk Respublikasını təsəvvür etmək qeyri-mümkündür. Buna cəhd olanda Kiprdə soyqırım həyata keçirildi, rum tərəfinin böyük işgəncələrinə məruz qaldılar, onların qanı hələ qurumayıb.

Nərgiz Ehlamqızı

Foto: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər