9 Aprel 2016 18:47
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya mediasında 300-dən çox erməni əsilli jurnalist işləyir”

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov “Brifinq”in qonağı oldu. Redaksiyamıza təşrif buyuran Əflatun müəllimlə söhbətə son günlər Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən qarşıdurma fonunda Azərbaycan mediasının tutduğu mövqe ətrafında başladıq. Medianın durumu, Əflatun Amaşovun deputatlıq fəaliyyətindən də söz açdıq.

“İsrailli jurnalistlər dedi ki, Azərbaycan torpaqlarını azad edəcək”

Nərgiz Ehlamqızı: Aprelin 1-dən 5-dək günlər qoşunların təmas xəttində silahlı toqquşmalar baş verdi, şəhidlərimiz var, iki zirvəni işğaldan xilas etmişik. 2014-cü illə müqayisədə Azərbaycan mediası budəfəki proseslərdə özünü necə apardı?
- İstərdim, əvvəlcə baş verən hadisələrə, bu hadisələr fonunda son iki ildə jurnalistikanın roluna diqqət yetirək. Azərbaycan cəmiyyətində yeni mərhələ başlayır. Baş verən hadisələr zamanı cəmiyyətin aktiv münasibətinin şahidi olduq. Fərqi yoxdur, istər siyasi partiya nümayəndələri, onların rəhbərləri, istər ictimai qurumların, istər məmurların, istər sadə vətəndaşların və övladı şəhid olmuş ana və atanın bu hadisələrə münasibəti eyni idi. Övladını itirmiş ata deyir ki, Vətən sağ olsun! Övlad itkisi nə qədər acı olsa da, insanlar özünü toplayır, vətənpərvərlik nümayiş etdiridi.

Bunu hətta həmin günlərdə Azərbaycanda olan əcnəbilər də etiraf edirdi. Məsələn, ötən gün israilli jurnalistlərlə görüşdüm, onlar mənə dedi ki, Azərbaycan torpaqlarını azad edəcək. Soruşdum ki, bu cür düşünməyinizin səbəbi nədir? Dedilər ki, azərbaycanlı əsgərlər döyüşə gülə-gülə gedir, xalq ordunun arxasındadır. Bizdə olan məlumata görə, bütün rayonlarda Azərbaycan əsgərinin rifah halı yaxşıdır. Onların geyimi və yeməyi qaydasındadır. Hətta sadə insanlar mağazadan nəsə alıb gördüyü əsgərə verməyə çalışır. Əslində əsgərin buna ehtiyacı yoxdur. Bu, xalqla ordu arasında münasibəti göstərir. Eyni zamanda xalqla ölkə rəhbərliyi arasındakı münasibət çox önəmlidir. Bu münasibət düzgün qurulmasa, heç bir irəliləyiş əldə etmək olmaz.

“Dünyada döyüşə bilməyən azərbaycanlı illüziyası dağıldı”

Bu vaxtadək bizə deyirdilər ki, ermənilər elə bir istehkam qurub, onu dağıtmaq qətiyyən mümkün deyil, Ermənistan ordusunda çoxlu generallar var. Bu təbliğatı ATƏT-in Minsk qrupu belə aparırdı. Eyni zamanda dünya mətbuatı bu “mifi” ictimaiyyətə təqdim edirdi. Son hadisələr onu göstərdi ki, ermənilər barədə deyilənlər sadəcə, mif, sabun köpüyüdür. Bir az da imkan olsaydı, 1 həftəyə Azərbaycan Ordusu kifayət qədər irəli gedəcəkdi. BBC yazmışdı ki, bu hadisələrdə bir faktor üzə çıxdı, artıq bütün dünya döyüşə bilməyən azərbaycanlı illüziyasından uzaqlaşdı. Azərbaycan Ordusu döyüşən ordu kimi özünü göstərdi. Bu təqdimat həm özümüz, həm də qarşı səngərdə olan ermənilər, eyni zamanda dünyada ermənilər və azərbaycanlılarla bağlı təsəvvürlər üçün önəmlidir. Bu, bizim üçün müsbət imic yaratdı. Ermənilər gözlədiklərini ala bilmədilər. Nə hansısa beynəlxalq qurumlar erməniləri dəstəklədi, nə müttəfiqləri ruslar. ABŞ və Avropa da ermənilərin köməyinə gəlmədi.

“Mətbuat cəmiyyətdə həmrəyliyin yaranmasında ciddi rol oynadı”

N.Ehlamqızı: Bəs bizim medianın hadisələrlə bağlı təqdimatını necə ümumiləşdirmək olar?
- Bu hadisələr fonunda Azərbaycan mətbuatı başqa cür ola da bilməzdi. Mətbuat Azərbaycan cəmiyyətində həmrəyliyin yaranmasında ciddi rol oynadı. Mətbuatın özü bu proseslərin içindədir. Demək olar ki, heç bir KİV-də hadisələrə Müdafiə Nazirliyinin müstəvisindən kənarda baxış olmadı. Sosial şəbəkələrə fikir versəniz, orada da kənar mövqe yox idi. Əksinə istifadəçilər yoxlanılmamış məlumat yayanlara qarşı çıxırdılar ki, səhv deyirsiniz, mənbələrə söykənin. Təqribən 1 milyon 200 mindən çox insan sosial şəbəkədə öz fikirlərini bölüşür. Jurnalistlər yatmırdı, 24 saat dayanmadan məlumatlar paylaşılırdı. Sosial şəbəkə istifadəçiləri də hadisələri izləyirdi. 2014-cü il hadisələrində ola bilsin, emosiyalar çox olmuşdu. Hətta Qazaxdan cəbhə bölgəsinə gedən tankları nömrələri ilə göstərirdilər, Azərbaycan Ordusunun dislokasiyasiyası, canlı qüvvənin sayı, hərbi texnikanın növləri ilə bağlı məlumatlar mediada yayılmışdı. Bunun da kökü oradan gəlirdi ki, biz mütəmadi olaraq informasiya ala bilmirdik. Çünki jurnalist üçün informasiya, əməliyyat aparan üçünsə informasiyadan əvvəl əməliyyatın uğurlu keçməsi vacibdir. Bəlkə də informasiya az idi deyə jurnalistlərimiz emosiyaya qapılmışdı, qələbə həsrəti özünü göstərirdi. Hətta hüzr mərasimində 2-3 nəfər bir-birindən soruşurdu ki, doğrudanmı, filan yüksəkliyi almışıq? Düşmən heç vaxt düzgün yazmır. Ermənistan Müdafiə Nazirliyi deyir ki, biz hücumun qarşısını aldıq. Amma birinci gündən Rusiyaya yalvarırdılar ki, təcili kömək edin.

Bəzi saytlarımız iki il bundan əvvəl ermənilər tərəfindən verilmiş yanlış informasiyalardan faydalanırdı. Dünyadakı bəzi saytlardan informasiya əldə edir, yaxud hansısa jurnalist xalası oğluna zəng edir, soruşurdu ki, oralarda nə var, nə yox? O da cavab verirdi ki, atırlar, tanklar getdi. Həmin jurnalist xalası oğlunun dediyini də saytda dərc edirdi. Buna görə də Mətbuat Şurası monitorinq apardı, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə tədbir keçirdik, sentyabrın əvvəllərində cənab prezident sərəncam imzalayaraq ayrı-ayrı müvafiq qurumlara göstərişlər verdi ki, dövlət sirri, hərbi vəziyyətlə bağlı qanun təkmilləşsin. Həmçinin Müdafiə Nazirliyinin mətbuat xidmətinin strukturu genişləndi. Unutmaq olmaz ki, Azərbaycan jurnalisti cəmiyyətin bir üzvüdür.

Qurban Yaquboğlu: Mətbuat Şurasının sonuncu iclasında bəzi tənqidi qeydlər vardı ki, müharibə dövründə bəzi saytlar ortaya çıxdı, neqativ məlumatlar paylaşıldı. Yəqin monitorinq aparmısınız, neqativ meyllərin müşahidə olunduğu saytlar hansılar idi?
- Hazırda da monitorinqimiz davam edir. Bu situasiyada hansı saytların ortaya çıxdığını araşdırmaq isə müvafiq qurumların öhdəsinə düşən işdir. Əvvəllər populyar olmayan bu saytlar müharibə ilə bağlı xəbərlər verirdi. Bu xəbərlər müxtəlif yönlü idi. Ermənilərin hansısa saytında xəbər yazılır ki, Azərbaycan Ordusu Talış kəninə girdi. Həmin xəbərin aşağısında öldürülmüş, qulağı kəsilmiş qoca erməninin şəkli verilirdi. Məlumdur ki, bu, montaj olunmuş fotodur. Başqa bir saytda hansısa əsgərin kəsilmiş başının yuxarı qaldırdırıldığı fotoşəkil yayımlanıb. Həmin əsgər qoluaçıq hərbi formadadır. Deməli, bu, son günlər deyil, çoxdan çəkilmiş fotodur Ancaq erməni saytı bu şəkli təqdim edir və yalandan yazırdı ki, Azərbaycan əsgəri erməni əsgərinin başını kəsib. Bu xəbər də Regnum, Rusiyanın başqa ermənipərəst sayt və qəzetlərinə transfer olunurdu. Bu cür fotolar Suriya, İraqda çəkilmiş şəkillərə ayrı-ayrı elementlər əlavə etməklə montaj olunur. Azərbaycanlı adı ilə qeydiyyatdan keçmiş feysbuk, tvitter istifadəçiləri var ki, əvvəlcə neytral xəbərlər yayırlar, Azərbaycanda ictimai xadimlərlə əlaqəyə girirlər, günlərin bir günü isə Azərbaycan əleyhinə xəbərləri yaymağa başlayırlar. Bunlar xüsusi qurumların öhdəsində olan məsələlərdir. Yaxın günlərdə Mətbuat Şurası xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüş keçirməyi planlaşdırır.

“Rusiya mətbuatında 300-dən çox erməni əsilli jurnalist işləyir”


Q.Yaquboğlu: Bu günlərdə rusdilli və digər əcnəbidilli media orqanlarının çoxalması məsələsi aktuallaşdı. Azərbaycanın mənafeyinə xidmət edən rusdilli və ya ingilisdilli saytların olmasına zərurət yaranıb. Siz bu barədə nə düşünürsüz?
- Buna həmişə zərurət var. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Azərbaycan mətbuatının yaranmasının 140 illiyi ərəfəsində cənab Prezidentlə görüşdü. Bu məsələni orada da qaldırdıq. Son hadisələr göstərdi ki, Rusiya auditoriyası bizim üçün vacib auditoriyadır. Eyni zamanda soydaşlarımız Rusiyadadır. Bir sıra Rusiya KİV-lər çalışırdılar ki, təmas xəttində baş verən hadisələri İslam-xristian qarşıdurması kimi göstərsin. Gördülər ki, bu, alınmır, prosesləri Türkiyə-Rusiya müstəvisinə keçirdilər. İstər-istəməz Rusiya mətbuatı ilə ciddi işləməliyik. Jurnalistikada bu, priyomdur, yanlış informasiya çatdırırsan, sonra təkzib verirsən. 2-3 saatdan sonra belə xəbərlərə təkzib verilsə də, artıq o təkzibin rolu olmur. Yaxud Dağlıq Qarabağı müstəqil respublika kimi göstərmək, Azərbaycanın “Dağlıq Qarabağ Respublikası” ilə müharibə vəziyyətində olduğunu elan etmək hallarına rast gəldik. Xarici İşlər Nazirliyimizin Dağlıq Qarabağa səfərlə bağlı hazırlanmış sənədi varsa, necə olur rus jurnalistləri arxadan Azərbaycan ərazisinə daxil olur? Biz həm də Rusiya ictimaiyyəti ilə işləməliyik. Hazırda Rusiya mətbuat vasitələrində 300-dən çox erməni əsilli jurnalist işləyir. İngilisdilli və ya fransızdilli yazılar da lazımdır. İngilis auditoriyasını inandırmaq üçün ingilis təfəkkürlü insanlar yazılar yazmalıdır. Sxematik, quru tərcümələr heç kəsə maraqlı olmayacaq. Bilmək lazımdır ki, ingilislər nə ilə maraqlanır? Düşünürük ki, Azərbaycan jurnalistləri dövlət hesabına dünyanın ayrı-ayrı inkişaf etmiş ölkələrindəki jurnalistika məktəblərinə gedib təhsillərini davam etdirməli, işləməlidirlər. Bu sahədə kifayət qədər işin görülməsi vacibdir. İndi informasiya əsridir. Çəlimsiz jurnalistin yazdığı yazının bəzən bir topun atdığı mərmidən daha çox əhəmiyyəti olur.

“Müdafiə Nazirliyinin mətbuat xidmətinin fəaliyyətini yüksək qiymətləndirirəm”

Zahid Nurəliyev: Müdafiə Nazirliyinin mətbuat xidməti əvvəl xəbərləri ancaq Azərbaycan dilinə yayırdı, sonra situaiyanı dəyərləndirərək rus və ingilis dillərində də yaymağa başladı. Bütövlükdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin işini necə qiymətləndirirsiniz?
- Mətbuat Şurası 3-4 ildir Müdafiə Nazirliyinin mətbuat xidməti ilə mütəmadi olaraq işləyir. Birgə tədbirlər planımız da var. Ötən il uzunmüddətli seminarlar təşkil edildi. Hərbi jurnalistlərimiz 2-3 nəfərdir, onlar da artıq başqa yerdə çalışırlar. Jurnalistika fakültəsində belə bir fənnin keçilməsi vacibdir. İndiki şəraitdə bu, çox vacibdir. O ki qaldı Müdafiə Nazirliyinin mətbuat xidmətinin fəaliyyətinə, Mətbuat Şurasının sədri və vətəndaş kimi onların fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki artıq 3 dildə informasiya verir, Müdafiə Nazirliyinin Feysbuk səhifəsi yaradılıb. Əməliyyat olan məqamda mütəmadi olaraq informasiya vermək çətindir, bu, əməliyyata mane ola bilər. Hazırda danışıqlar gedir, atəşkəsdir, amma müəyyən əməliyyatlar davam edir. İnsan sevinə-sevinə nəsə yazır, ancaq jurnalistdən soyuqqanlı olmaq tələb olunur. Müdafiə Nazirliyi özümüzündür və orada hər halda fikirləşirlər ki, hansı informasiya faydalı ola bilər.

“Dünya mətbuatı Azərbaycanın tərəfində idi”

Z.Nurəliyev: Cəbhə xəttində düşməni üstələdik və müəyyən yüksəklikləri aldıq. Bəs, Sizcə informasiya savaşında vəziyyət necə idi? Rusiyanın münasibəti bəlli idi. Avropa, dünya mətbuatında Qarabağda baş verənlərlə bağlı informasiya balansı necə idi?
- Rusiyadan kənardakı balans, istər “Nyu York Tayms”, istərsə də “Vaşinqton Post” qəzetindəki materiallar bizim xeyrimizədir. BBC-də müəyyən nüanslar oldu, hətta Qarabağın İran mənşəli söz olduğunu yazmışdılar. Onlar şəhid deyəndə Suriyada özünü partlatmaq istəyənləri, cihada gedənləri nəzərdə tuturlar. Qorxurlar ki, Azərbaycanda qranatı belinə bağlayıb tankın üstünə gedəcəklər. Bir haşiyə çıxmaq istəyirəm.Son hadisələr zamanı Füzulidə bir komandir qranat partlamamış özünü qranatın üstünə atdı ki, əsgərlərini qorusun. Çox güman ki, bu cür hərbçilərimizin fədakarlığı qiymətlənə, onlara Milli Qəhrəman adı verilə bilər. Görün hansı mərhələdir ki, ideyanı özündən üstün sayırsan.

Almaniya, Fransa və digər xarici media orqanlarının əksəriyyətində Dağlıq Qarabağın 7 rayonunun Azərbaycan ərazisi oluğu qeyd edilirdi. Azərbaycanın zəbt olunmuş ərazilərini azad etmək üçün müharibə apardığı, ermənilərin qəsbkar, Dağlıq Qarabağdakı rejimin oyuncaq rejim, Ermənistanın Rusiyanın əlinin altında olan dövlət olduğu vurğulandı. Bu fikirlər mütəmadi olaraq xarici KİV-lərdə öz əksini tapdı. Xarici balans bizim xeyrimizə idi.

Çoxdan susqunluq idi. Əvvəlcə müəyyən mərhələdə danışıqlar gedirdi. Həmişə danışıqlar ərəfəsində ermənilər təmas xəttində provakasiya edirdilər. Ancaq bu dəfə fərqli situasiya oldu.

Z.Nurəliyev: Azərbaycana münasibətdə dünya mediasının mövqeyində müşahidə olunan bu dəyişikliyi nə ilə izah edirsiniz? Bu, beynəlxalq və ya siyasi konyuktura ilə bağlı idi, yoxsa atəşkəs illərində dünya miqyasında apardığımız təbliğatın nəticəsi idi?
- Təbliğatı düzgün qurmalıyıq. Fransa senatoru bəyan etdi ki, BMT-nin iclası çağırılmalı və bu məsələ BMT-də müzakirə olunmalıdır. Halbuki Fransa ermənipərəst ölkədir. Biz bir neçə il bundan əvvəl fransız deputatlarla söhbət edəndə soruşurduq ki, niyə Fransa Ermənistanı dəstəkləyir? Deyirdilər ki, Fransa Ermənistanı dəstəkləmir. Ermənilərin Fransada çoxlu dostları var. Siz də yavaş-yavaş dost olun, dostlarınız çoxalsın, onlar da Sizi dəstəkləyəcək. Heydər Əliyev Fondunun Avropada, o cümlədən Pakistanda gördüyü işlərin şahidi olduq. Görürsünüzmü, Pakistan bəyan eib ki, Qarabağa 100 min əsgər yeritməyə hazırdı. Bu bəyanat elə-belə deyil. Əslində hansısa ölkənin qoşun yeritməsi də lazım deyil, biz məsələləri beynəlmiləlləşdirmək istəmirik. İstəmirik ki, hər yerdən gəlib vuruşsunlar, müharibə uzun müddət davam eləsin. Amma həmin bəyanatlar hər halda mənəvi dəstəkdir. Vatikanda mədəniyyət nümunələrini bərpa edəndə kimlərsə deyirdi ki, biz pulu hara xərcləyirik? Avropada insanlar baxırlar ki, Azərbaycan humanist addımlar atır. Belə ölkədə yalnız humanist ideyalar ola bilər. Azərbaycan Cənubi Qafqazda çox güclü ölkədir. ABŞ da regionla bağlı öz siyasətini dəyişir.

“Hadisələrə soyuqqanlı yanaşmaq lazımdır”

Ruslan Xəlil: Jurnalist soyuqqanlı olmalıdır, yoxsa vətənpərvər? İndi nəticələri təhlil edəndə Sizcə hansı mövqedən çıxış etməliyik?
- Təhlil o zaman aparıla bilər ki, sənin əlində faktlar olsun. Faktlar yoxdur. Biz bilmirik ki, Sergey Lavrovla Con Kerri nə danışıb. Onu da bilmirik ki, Rusiya bizdən nə istəyir? O da bizə məlum deyil ki, Medvedyev gəlib nələri təhlil etdi.

Əlbəttə, jurnalist azaddır, təhlil apara, öz araşdırmasının nəticəsi ilə ictimaiyyəti məlumatlandıra bilər. Jurnalist soyuqqanlı olmalıdır, yoxsa vətənpərvər? Fikrimcə, hadisələrə soyuqqanlı yanaşmaq lazımdır. Çünki biz bu gün üçün yaşamırıq. Gələcəkdə qazanacağımız nailiyyətlərin əsasını bu gün qoyuruq. Amma jurnalist vətənpərvər olmalıdır. Nə qədər peşəkar olursan ol, Vətənini sevməsən, peşəkarlığının faydası olmaz. İndi informasiya əsridir. Avropa ölkələrinin, ABŞ-ın maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşməsəydi, kifayət qədər neqativ münasibət görərdik. CNN, BBC, Reuters nə qədər peşəkar, bitərəf olursa olsun, arxasında maraq var. Bizim də özümüzün milli dəyərlərimiz var və maraqlarımız peşəkarlığı üstələməlidir.

Q.Yaquboğlu: Millət vəkilləri adətən “znaçok”la gəlirlər, Siz taxmırsınız?
- Əsasən iclaslarda taxıram.

N.Ehlamqızı: Mediaya daha çox vaxt ayırırsınız, yoxsa seçicilərinizin problemlərinə?
- Deputat olandan sonra Milli Məclisdə 5-6 dəfə çıxış eləmişəm. Əsasən çıxışlarımı media müstəvisində qurmaq istəyirəm.

“Mediaya ayrılan vəsaitlərin artırılmasına çalışıram”

R.Xəlil: Mətbuatda deputatları kateqoriyalara bölürlər: aktivlər və “dinməz deputatlar”. Özünüzü “dinməz deputat” kateqoriyasından çıxarmısınız...
- Elə bilirəm, bəli (gülür). Milli Məclisi çoxdan tanıyıram. 1987-ci ildə “Azərinform”da (indiki Azərtac) işləyəndə parlamentin iclaslarını işıqlandırmışam. Bir dəfə buraxılış vəsiqəmi feysbukda yaydım. Milli Məclis tamamilə başqa qurumdur. Cəmiyyətin Milli Məclislə bağlı təsəvvürü yetərincə deyil. Parlament kifayət qədər işlək, azad təşkilatdır, insanlar arasında münasibətlər səmimidir, istənilən deputat istənilən şeyi danışa bilər. Çalışıram ki, bildiyim məsələlərdən, hansı mövzunu məndən yaxşı bilən adam azdırsa, ondan, məsələn mediadan danışım. Çox təəssüf ki, informasiya təhlükəsizliyi ilə bağlı qanun yoxdur. Milli təhlükəsizliklə bağlı konsepsiya, qanun var, ancaq bu sənədlərdə informasiya təhlükəsizliyi məsələsinə ötəri yanaşılır. Son iki ildə dövlət başçısının müvafiq tapşırıqlarından sonra bu istiqamətdə müəyyən addımlar atıldı. Ancaq danışdığımız məsələlər informasiya təhlükəsizliyi ilə bağlı qanunda öz əksini tapmalıdır. Birinci çıxışım bu məsələ ilə bağlı oldu. Sonra mətbuatın iqtisadi durumu ilə bağlı məsələləri qaldırdım. İndiki şəraitdə onlayn jurnalistikaya yardım etməliyik. Çünki Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında onlayn jurnalistikanın mühüm rolu var. Söylədim ki, gəlin, reklamla bağlı qanunvericiliyə yenidən baxaq, Azərbaycan jurnalistikası iqtisadi baxımdan güclü olarsa, peşəkar olacaq. KİVDF tərəfindən mediaya ayrılan vəsaitlərin artırılmasını da təklif etmişəm. Bundan başqa “Diffamasiya haqqında” qanunun qəbulu haqda çıxışım oldu. Niyə hansısa jurnalist yazdığı yazıya görə həbs edilməlidir? Sonra da hansısa beynəlxalq təşkilat Azərbaycanla bağlı neqativ fikir bildirsin. Bir sözlə, parlamentdə media ilə bağlı çıxışlar edirəm. Saatlı rayonundan deputat seçilmişəm, mütəmadi olaraq seçicilərimlə telefon əlaqəsi saxlayıram. Bu yaxınlarda seçicilərimlə görüş idi, 60-dan çox seçici ilə görüşüb problemlərini dinlədim. Onların əsas hissəsi Qarabağ müharibəsində iştirak etmiş insanlar idi.

Nərmin Muradova: Seçicilərlə ayda neçə dəfə görüş keçirirsiniz?
- Millət vəkili kimi Saatlıda otağım və görüş vaxtım var. Düşünürəm ki, ən azı ayda bir dəfə görüşməliyəm. İstənilən vaxt hansı seçicim istəsə, köməkçilərimlə görüşə bilər. Çalışıram seçicilərimin problemlərini həll edək. Məsələlər var ki, onlara individual və ya qlobal baxımdan yanaşmaq olar. Məsələn, yol məsələsində müvafiq qurumun rəhbəri ilə görüşüb dairəmdəki yollarla bağlı vəziyyəti diqqətə çatdırıram.

N.Ehlamqızı: Bəzi deputat həmkarlarınız şikayətlənir ki, məmurlar telefonlara belə cavab vermir, problemlərə etinasız yanaşır...
- Mənimlə bağlı elə ciddi problem olmayıb. Yəqin mətbuatla bağlıdır. Dairəmdə elə problem olmayıb ki, həll edə bilməyək.

“Seçicilərlə birinci görüşdə onların gözlərinə baxdım”

R.Xəlil: Namizədliyinizi verəndə təəccüblədim ki, Saatlı rayonu hara Əflatun Amaşov hara? Zərdabdan versəydiniz, başa düşərdik ki, Həsən bəy Zərdabinin doğulduğu yerdir...
- 10 il bundan əvvəl də namizədliyimi vermək istəyirdim. Fikirləşdim, deputatlıq insandan çox enerji tələb edir, insanı məsuliyyət qarşısında qoyur. Saatlıdakı namizədlərə diqqət etdim, baxdım ki, müəyyən boşluq var, qərarlaşdırdım ki, namizədliyimi həmin dairədən verim. Çox rayonları götür-qoy elədim, bir müddət Bakıda, bir müddət Moskvada oxumuşam. Bakıda oxuyanda ilk getdiyim rayon Saatlı rayonu olub. Tələbə yoldaşımın qardaşının toyuna getmişdim. Saatlıda bu haqda danışanda bir nəfər qayıtdı ki, Əflatun müəllim, mən Sizə səs verəcəm. Soruşdum, niyə? Dedi, həmin toyda balaban çalırdım, Siz bizə “zakaz” vermişdiniz (gülür). Seçicilərlə birinci görüşdə onların gözlərinə baxdım, işıltı vardı, yaşlı insanlar idi, yoxlayırdılar ki, bizə nə kələk gələcək? Fikirləşirdim ki, deputat olanda onların problemlərinin həllinə yardım edə biləcəyəmmi? Bakıya gəldim, dostlarımla, Mədəniyyət və Turizm Nazirliyi və başqa qurumlarla məsləhətləşdim ki, seçicilərimə söz verimmi? Dedilər söz ver, narahat olma. Yol, elektrik, mədəniyyət obyektləri ilə bağlı məsələlər irəli sürülmüşdü. İkinci dəfə gedəndə dedim ki, problemlərinizi həll etməyə çalışacağam, hər bir dərdinizi eşidib, qarşınıza düşüb istənilən qapını döyəcəyəm. Amma heç bir vəd vermirəm. İnsanlar da yəqin səmimiliyimə inandı.

Səxavət Həmid: Deyəsən, həmkarlarınız Sizə dəstək verdi...
- Bəli, hər dəfə 7-8 redaktor mənimlə seçicilərlə görüşə gedirdi. Redaktorlarla birgə seçicilərlə keçirdiyimiz görüşlərdə yüksək əhval-ruhiyyə olurdu. Mənim yerimə onlar da vəd verirdi. Cahangir Məmmədli deyirdi ki, heç Əflatun Amaşovun yanına getməyin, mənim yanıma gəlin (gülür). Soruşuram, Cahangir müəllim seçicilərdən yanınıza gələnlər varmı? Deyir ki, çox gəliblər. Ali məktəblərlə bağlı problemləri Cahangir müəllim həll edir, kiminsə kəsiri olanda onun yanına gedir.

S.Həmid: Milli Məclisdə qaldırdığınız məsələləri izləyirik, bu məsələlərə həmkarlarınızın və müvafiq qurumların münasibəti necə olur?
- Son 10 ilə Azərbaycan mətbuatında hansı proseslər baş veribsə, o proseslərin təşəbbüskarı Azərbaycan Mətbuat Şurası olub. Cənab prezident çox sağ olsun, Mətbuat Şurasının təşəbbüslərini dəstəkləyib. KİV-lərin inkişafına dövlət dəstəyi konsepsiyasında nəzərdə tutulan məsələlərin həyata keçirilməsi üçün Fond təsis edildi. Jurnalistlər üçün bina tikilməsi təşəbbüsü də Mətbuat Şurasında qaldırıldı və ölkə başçısı bizi dəstəklədi. İnanıram ki, Mətbuat Şurasının mətbuata yardım, reklam məsələləri, istərsə də onlayn jurnalistika ilə bağlı təşəbbüsləri də dəstəklənəcək. Hesab edirəm ki, qaldırılan məsələlər həm cəmiyyət, həm də jurnalistikamız üçün mühüm əhəmiyyət daşıyır.

S.Həmid: Cəbhədə baş verən hadisələrdən Azərbaycan mətbuatı hansı dərslər çıxarıdı, hansı addımların atılmasını zəruri hesab edirsiniz?
- Hadisələrə soyuq başla yanaşmaq lazımdır. İnformasiya daxil olarkən təhlil edib paralellər aparmalısan, məlumatı MüdafiəNazirliyinin mətbuat xidməti ilə dəqiqləşdirmək lazımdır. Bu sayaq hadisələrə dünyanın hər yerində eyni cür yanaşılır. İsrailin özündə belə müharibə ilə bağlı xəbərlər xüsusi diqqətlə hazırlanır. İnformasiya mənbəyi də jurnalistlərin sorğusuna sayğı ilə yanaşmalı və xəbəri vaxtlı-vaxtında verməlidir. O dəfə bir video yayılmışdı, əsgər deyirdi ki, mənfur, şərəfsiz erməni postudur, tanış olun, bu da bizim kəşfiyyatçımızdır. Heç yoldaşı da bilmir ki, həmin şəxs kəşfiyyatçıdır. Amma o video ilə nəinki əsgər yoldaşları, bütün Azərbaycan və ermənilər bildi ki, o əsgər kəşfiyyatçıdır. Bu kimi məsələlərdə diqqətli olmaq lazımdır.

“Heç bir jurnalistin həbs olunmasını istəmirik”

R.Xəlil: Prezidentin sonuncu əfv sərəncamı ilə azadlığa çıxan şəxslər içərisində həmkarlarımız da vardı. Eyni zamanda hələ də həbsdə olan jurnalist həmkarlarımız var. Məndə belə bir təəssürat yaranıb ki, daha jurnalist həbs olunmayacaq.
- Mətbuat Şurasının bir amalı var, Azərbaycan həbs olunmayan jurnalistlər ölkəsi olsun. Ona görə də 2010-cu ildən başlayaraq “Diffamaiya haqqında” qanun layihəsi hazırlamışıq, ATƏT bizə yardımçı olub, Avropa ölkələrinin ekspertləri layihə ilə əlaqədar işləyiblər. Parlamentdəki çıxışlarımın biri bu məsələyə həsr olunmuşdu. Mayın sonunda diffamasiya ilə bağlı tədbir keçirəcəyik. Həmkarlarım arasında bu qanunu başa düşmək istəməyən, qəbuluna razı olmayanlar var. Mahiyyət ondan ibarətdir ki, jurnalist yazısına görə həbs olunmasın, Cinayət Məcəlləsinin 147, 148-ci maddələri çıxarılsın. Mənə elə gəlir ki, başqa istəklərimiz həyata keçdiyi kimi bunu da həyata keçirəcəyik, tezi-geci var. Birmənalı qaydada heç bir jurnalistin həbs olunmasını istəmirik.

N.Muradova: Yorulanda necə dincəlirsiniz? Teatra gedirsiniz, yoxsa kitab oxuyursunuz?
- Moskvada oxuyanda teatrlara gedirdik. O zaman qiymət dalınca qaçan yox idi, hamı oxuyurdu. Aspirantlar və stajyorlar üçün məkan vardı, orada 140 ölkədən 6 min tələbə yaşayırdı. Orada səhnə vardı, tamaşalar qoyulurdu, filmlərə, tamaşalara baxırdıq. Bakıya gələndə gördüm ki, teatr biletləri, köşklərdə qəzetlər azdır. “Azinform”da yəhudilər çoxlu kitab oxuyurdular, bütün qəzetləri alırdılar, biz də alıb oxumağa başladıq. Fikirləşirdim ki, teatra baxmasan, qəzet oxumasan nə həyat olar? İnsan zamanla formalaşır, son bir neçə ildə görürəm ki, teatrlarımızda canlanma var.

N.Muradova: Sonuncu dəfə teatra nə zaman getmisiniz?
- Dəqiq deyə bilmərəm, amma operanı izləməyi xoşlayıram. İstirahət edəndə kitabları da oxuyuram. Son zamanlar dünya ədəbiyyatını yeniən oxumağa başlamışam. Marsel Prust, Kamyu, Selincerdən oxudum, dedim tələbəlikdə oxuduğum Dostoyevskini də oxuyum ki, indi necədir. Nə vaxtsa qoxusunu almışam axı. Hətta Quranı tələbəlikdə oxumuşdum, yenidən oxudum. İslamı, öz dininin tarixini, bilməlisən. Üstəlik Tövrat, İncili oxumalısan.

R.Xəlil: Dini görüşləriniz necədir? Sırf tarixi bilmək üçün oxuyursunuz?
- Bizim milli dəyərlərimiz var. Milli dəyərlərin iki tərəfi var, birinci dəyər türk həyat tərzi, ikincisi isə İslamdır. Görürsünüz, ananız Sizi yola salanda deyir Allahın nəzəri üstündə olsun. Sevgi, nifrət, məhəbbət insan yaranandan var. 5 milyon ildir nədən insanlar bir-biri ilə müharibə aparır. Elm sübut edir ki, insan varlıq haqqında 3-5 faiz biliyə malikdir. Biz öyrənmişik ki, nəyinsə sonu olsun. Yer kürəsində milyardlarla cisimlər var. İnsan bunun sonunu axtarır. Cəmiyyət bir yerdən idarə olunur, insanlar bunu Allah sayır. Hamı öz Allahına inanır, mən də öz Allahıma inanıram, dinimə hörmətlə yanaşıram. İslam dini dinlərin ən yenisidir və burada başqa dinlərdən dəyərlər də öz əksini tapıb. İnsanın içərisində də inamı var, o inam olmasa, bəlkə də yaşamaq mümkün olmaz. Elə dostlarım var ki, ateistdirlər, ancaq ateistlərlə inanclı insanların arasında elə bir fərq yoxdur.

Qələmə aldı: Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər