22 Oktyabr 2016 12:53
3 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Brifinq” layihəsinin budəfəki qonağı Sevda Ələkbərzadədir.

Qurban Yaquboğlu: Sevda xanım, yazıçı Çingiz Ələkbərzadənin qızı, xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin nəvəsisiz. Bu mühit özü artıq taleyin hardasa müəyyənləşməsi deməkdir - ədəbiyyat, yaradıcılıq... Amma siz ümumi xətdən bir balaca kənara çıxmısınız, yazıçı yox, müğənni olmusunuz. Səbəbi nəydi, kimin təsiri idi?

-Düşünmürəm ki, kənara çıxmışam. Ədəbiyyat, söz sənəti də incəsənətin bir qoludur. Çünki yazıçı, rəssam, arxitektor – bunlar hamısı sənətdir. Bundan başqa, atamın gözəl musiqi duyumu və səsi vardı. Xanəndəliyi seçsəydi, Azərbaycanın gözəl ifaçılarından biri olardı. Uşaqkən hərdən ifasına yuxudan oyanırdım, necə gözəl təsir edirdi, böyük həzz alırdım... Buna baxmayaraq, babam atamın, atam da mənim musiqiylə məşğul olmağımı istəməyib.

Rəqsanə Həsənova: Səsinizi bəyənirdi?

-Bəyənirdi. Atam sonda anladı ki, mən səhnəyə özümü göstərməkçün yox, musiqiyə olan böyük sevgimdən dolayı çıxıram. Onda atam dedi ki, uşağımın Allahdan istedadı var, onu əlindən ala bilmərəm. Beləcə, razılaşdı... Ona görə hesab eləmirəm ki, mən kənara çıxmışam. Əslində həmişə ciddi musiqiylə - əsl sənətlə məşğul olmuşam. Biri var, ömrünün sonuna kimi sadəcə yüngül, şou mahnılar oxuyasan və o mahnıların ömrü üç gün çəksin. Biri də var ciddi əsərlər, layihələr üzərində işləyəsən. Mənim sənətdə öz yolum, öz baxışım var. Hesab edirəm ki, mən elə onların davamçısıyam.

Qurban Yaquboğlu: Babanız atanızı, atanız da sizi niyə sənətlə məşğul olmağa qoymurdu?

-Əminəm ki, o vaxtları xatırlayırsınız. O zamanlar səhnəyə çıxan insanlara yaxşı baxmırdılar. Hətta mən səhnəyə çıxanda qohumlarımız atama zəng vurub deyirdilər ki, nə əcəb icazə vermisən...

Bilirəm ki, anam da oxumaq istəyib, amma evdən ona da icazə verməyiblər. Fikirləşib ki, eybi yox, uşaqlarım olar, səhnəyə onlar çıxarlar. Elə də oldu. Sonralar atam mənimlə fəxr edirdi.

Qurban Yaquboğlu: Hər insanın həyatında stress olur. Çox hallarda bu stress insanın həyatında yeni bir yol, istiqamət açır, həyatını dəyişir. Atanızın həbsi sizə necə təsir etdi? O dövrləri necə xatırlayırsınız?

-O vaxt uşaq idim, ikinci sinifdə oxuyurdum. Təbii ki, baş verənləri indiki kimi qavraya bilməzdim. Hadisə bizim ailəmiz üçün böyük stress oldu. Atamgil iki qardaş olublar. Əmim 30 yaşında vəfat edib. Nənəmə yeganə oğlunun həbsi çox ağır gəldi. Babam artıq vəfat etmişdi.

Sovet vaxtı jurnalist olmaq asan iş deyildi. Kimisə tənqid edirdin və bu, yeganə kanal- Azərbaycan Televiziyasında yayımlanırdısa bu, artıq dəhşətli bir hadisə idi. Atam sözün düzünü deməyi sevirdi. Onu sevməyənlər vardı, hamı bilirdi ki, bu, qondarma həbsdi. Sovet romanının banisi babam Əbülhəsən Ələkbərzadə böyük nüfuza sahib idi. Deyirdilər, nə qədər ki, Əbülhəsənin nəfəsi gedib-gəlir biz Çingizi tuta bilmərik. Babamın “qırx”ı çıxmamış atamı həbs etdilər.

Mövlud Movlud: Deməli, əvvəldən planlaşdırılmışdı?

-Elədir. Amma atam yenə də sözünü deyirdi. İnanmırdı ki, həbs edilə bilər. Hətta yazılarında da bunu qeyd edirdi. Həbsi ona böyük zərbə oldu. Yadımdadır ki, həbsindən bir neçə gün sonra atamla görüşə gedəndə gözlərimizə inana bilmədik. Çox arıqlamışdı...

Atam çox həyatsevər, pozitiv insan idi. Hətta AzTV-də ştatda işləməyə razı olmurdu, deyirdi, səhərdən axşama kimi bir yerdə otura bilmərəm. Ona görə bölgə müxbiri kimi fəaliyyət göstərirdi. Bizi də özüylə İsmayıllıya apardı, iki il orda qaldıq. Təsəvvür edin: kim şəhərin mərkəzindən İsmayıllıya köçər?

Nərmin Muradova: Bu qədər hadisələrin fonunda həbsi qəribədir.

-Amma sona kimi inanmırdı, elə bilirdi zarafatdı. Biz sonralar bildik ki, bunu kim edib... Nənəm Moskvaya kimi yazdı, kimlərin qapısını döymədi, hər yerə getdi, hamı deyirdi ki, yuxarıdan olan bir işdir və biz heç nə edə bilmərik.

Atam heç nədən iki ilini - 1986-88-ci illəri həbsxanada keçirdi. Əslində ona 12 il kəsmişdilər, iki ildən sonra çıxdı və bəraət aldı. Dedilər, səhv etmişik, üzr istəyirik. İnsanın həyatından iki il gedəndən sonra “səhv etmişik, üzr istəyirik” sözləri kimə lazımdır? Atamın həyatı bütün bunlardan sonra dəyişdi...

Qurban Yaquboğlu: Kimlərdi onun düşməni? O vaxtlar jurnalistləri çox tutmurdular...

-Elə yaxşı tuturdular... Bədbəxtlik ondadı ki, nə atam, nə mən heç vaxt öz düşmənimizi tanımamışıq. İndi məndən soruşsanız ki, düşməniniz kimdir? Deyəcəm ki, düşmənim yoxdur. Çünki mən özümə heç kimi düşmən bilmirəm. Eləcə də atam... Amma atam tutulandan sonra biz o adamın kim olduğunu bildik.

Nərmin Muradova: Yaxın adam idi?

-Yox.

Mövlud Mövlud: Konkret hansı yazı, hansı süjetin onun tutulmasına səbəb olduğunu açıqlaya bilərsiniz?

-Onu tam açıqlamaq istəməzdim. Çünki çox illər keçib... Orda bir çox söhbətlər var idi, yalnız süjet məsələsi deyildi.

Nərmin Muradova: Çingiz müəllim yaşananlardan dolayı nəyinsə peşmançılığını çəkirdimi?

-Atam nəyin peşmançılığını çəkəcəkdi ki? O, sözün əsl mənasında kişi idi. Sonralar həbsxana həyatından yazdı, səbəbkar olan adları qeyd etdi. Diqqətlə oxusanız, görəcəksiniz. Heç nəyi özünə ayıb bilmədi. Realist yazıçı idi. Həbsxana həyatından bəhs edən “Zindan” kitabı 32-35 min tirajla buraxıldı və qısa müddətdə satıldı. Atam heç kimdən çəkinmirdi. Təəssüfləndiyi yalnız biz idik. İki il onsuz qaldıq, anam üç uşağı atasız böyütməyə məcbur oldu.

Atam sağ ikən nahaqdan həbs edildiyini hər yerdə deyirdi, yazırdı, rəhmətə getdi, övladları olaraq biz hər il onu yad edirik, sanki onun səsi ilə bunlar haqda danışırıq. Və hamı bilir ki, atama böhtan atmışdılar, hamı bilir ki, Çingiz Ələkbərzadə nahaqdan iki il həbsxanada qaldı. Əminəm ki, bütün bunları ona böhtan atan insanlar eşidir, duyur, bəs görəsən necə yaşayırlar, necə yatıb, necə dururlar?...

Mövlud Movlud: Sovet vaxtı bir insan vurulanda ətrafı da onu tərk edirdi. Ağır günlərinizdə ailənizin yanında kimlər qaldı? Yoxsa hamısımı sizi atdı?

-Təbii ki, tərk etdilər. Atamın çoxlu tanışı, dostları vardı. Demək olar ki, heç kim qalmadı. Sadəcə əlaqədə olduğu bir-iki yaxın qohumu və dostunu çıxmaqla... Atam çox insanlara dəstək olmuşdu. Hazırda onların arasında məşhur yazıçılar, şairlər də var.

Mövlud Movlud: Ad çəkə bilərsiniz?

-Ad çəkməyəcəm və heç vaxt çəkmərəm. Fakt odur ki, onların heç biri yanımızda olmadı, tək qaldıq. İllər keçdi, biz məşhurlaşdıq, onda dedilər ki, biz atanızın yaxın dostuyuq. Hamı, hamı... Elə qohumlar çıxdı ki, onları ümumiyyətlə tanımamışam. Fikirləşirəm ki, bəs o vaxt harda idiniz? Niyə elə indi üzə çıxmısınız.

Rəqsanə Həsənova: Qohumları dediniz, bəs atanızın hansı dostları münasibəti yenidən bərpa etməyə çalışdı?

-Atamın üzünə duran bir operatoru vardı. Ailəsiylə az qala bizim evdə qalırdı, atam ona çox böyük dəstək olurdu. Amma atamın üzünə durdu. Atam bəraət alandan sonra evimizə gəldi, qarşısında diz çökdü, üzr istədi və dedi ki, mən qorxdum, başıma silah dirəmişdilər, məni anla... Atam da bağışladı... Kini yox idi. Ancaq daha əvvəlki kimi dost olmadılar.

Qurban Yaquboğlu: Səhv etmirəmsə, sənətə “Rast” qrupuyla gəlmisiniz.

-Yox, sənətə gəlməyim yox, populyarlaşmağım “Rast”la bağlıdır. Mən 1991-ci ildən səhnəyə çıxırdım, 14 yaşım vardı. Yadımdadır, AzTV-nin yeni il çəkilişi idi. Vaqif Gərayzadənin “Aypara” qrupunun ikinci heyətində yer alırdım. Bir il orda oxudum, sonra solo ifaya başladım. Mərhum Rafiq Babayevlə tanış oldum və mənimlə çalışmaq istədiyini dedi. İstəyirdi birlikdə çalışaq və “Bakı payızı” müsabiqəsində iştirak edək. Uşaq idim, sözünə qulaq asmadım, “7 /17” müsabiqəsinə qatıldım və orda da qalib gələ bilmədim. Çünki onlara verəsi pulum yox idi. “Rast” qrupuna dəvət aldım, nə az, nə çox 8 il o qrupunda oxudum.

Nərmin Muradova: “Rast”dan niyə və necə ayrıldınız?

-8 il çox böyük zamandır. Bəzi ailələr heç 8 il tab gətirə bilmir... Biz də ailə kimiydik, kollektiv üzvləri mənə qardaş idilər. Sadəcə vaxt gəldi, ayrıldım.

Mənə qəribə görünür, illərlə bir yerdə çalışan, uğur əldə edən insanlar gün gəlir efirə çıxıb qalmaqal yaradır, biri-birinin haqqında olmazın sözünü danışırlar. Üzr istəyirəm, belə çıxır ki, insan yediyi qaba tüpürür. Bu baxımdan heç vaxt “Rast” qrupundan pis danışa bilmərəm. Ömrümün 8 il onlarla bərabər keçib, başqa cür ola da bilməz. Orda mənim müəllimlərim: Asif, Rəşad və birlikdə çox gözəl günlərimiz olub.

Sadəcə artıq anladım ki, solo karyeramla məşğul olmalıyam. Və buna heç də heyfslənmirəm. Adətən qruplarda fəaliyyət göstərən insanlar ordan ayrılandan sonra itib batırlar. Uzun müddət kollektiv sənətə öyrəşirsən, tək işə alışa bilmirsən. Şükür Allaha, mənim bəxtim gətirdi. Çalışdım və çoxlu layihələrə imza atdım.

Nərmin Muradova: Beynəlxalq layihələriniz də az olmadı. Bu şans idi, yoxsa planlaşdırılan işin uğuru?

-Xaricdə albom çıxsın, satılsın – bunun hansısa tapşırıqla, planla olması mümkün deyil. Sadəcə belə alındı. Mən beynəlxalq səviyyəli layihə etmək istəyirdim. Mənə iş adamı Nazim Abdullayev çox böyük dəstək verdi. Belə layihəni maliyyəsiz həyata keçirmək mümkün deyil. Onun dəstəyi ilə “Şəbi hicran” layihəsi işıq üzü gördü. Bu albomu Almaniyada səs tərtibatına göndərdik. Ora da “Network media” şirkətininin prezidenti tez-tez gəlib-gedirmiş. Elə orda mənim səsimi eşidib və deyib ki, bu qızla işləmək istəyirəm. Məni internet vasitəsilə tapdı, məktub yazdı. Hərçənd o şirkətlə çalışmaq istəyənlər iki il öncədən müraciət edirlər... Məndə müddət olmadı. O, mənimlə çalışmaq istəyini bildirdi, mən də razılaşdım.

“Şəbi Hicran”ı və “Sevdalı dünya” layihələrini onlar məndə aldılar. O albom dünyanın bir çox ölkələrində satışa çıxdı, mən konsert proqramıyla Avropada çıxış etdim, çoxlu təkliflər aldım. İkinci albomum təqdimatı Frankfurtda baş tutdu, ora jurnalistlər, musiqi tənqidçiləri gəldi, çox bəyənildi.

Nərmin Muradova: Layihə davam edirmi?

-Üç illik müqavilə başa çatıb... Amma albomlarım hələ də satılır. Türkiyədən zəng edib, albomlarımı birbaşa məndən almaq istədiklərini dedilər. Onlara “Network media” şirkəti ilə əlaqə yaratmalı olduqlarını dedim. Yaponiya, Fransa, İtaliya, Amerika, hətta Nyu-Yorkda albomlarım satılır.

Rəqsanə Həsənova: Bəs orda fəaliyyət göstərmək kimi bir arzunuz varmı?

-Dünya musiqisi ilə maraqlananlar, məlumatlı olanlar məni tanıyır. Amma pop-musiqidəki populyarlıq burda yoxdur. Bir də bizdən kim xaricdə çox populyardı ki? Bu, çox çətin məsələdir.

Rəqsanə Həsənova: Başqaları sizi kimi fəaliyyət göstərmirlər.

-Burda istedad, səs, musiqi faktoru önəmlidir. Mən axı populyar olmaq üçün heç nə etməmişəm. Heç Azərbaycanda da məşhurluğa can atmamışam. Sadəcə öz sevimli işimlə məşğul olmuşam. İnsan var, öz populyarlığı üzərində ciddi çalışır: kliplər çəkdirir, geyimlərinə fikir verir, bir aydan bir pop-musiqi təqdim edir. Mənsə həmişə öz səsim, vokalım üzərində çalışıram. Nəinki reklamımla...

Mən populyar yox, sənətkar olmaq istəmişəm.

Nərmin Muradova: Bir dəfə dediniz ki, şou-biznesdə özünüzü görmürsünüz.

-Xasiyyətimə uyğun deyil. Mən bir az başqa insanam. Onlara maraqlı olan mənə maraqlı görünmür, mənə maraqlı olan da onlara maraqlı deyil. Bizim dünya baxışlarımız fərqlidir. Demirəm şou-biznesdə olmaq pisdir. Xeyir, o da yaxşıdır. Amma istərdim ki, bizdə də şou-biznes dünya standartlarına uyğunlaşsın. Nə edəsən, bizdə heç vaxt şou-biznes olmayıb. Gözümüzü açıb royal arxasında Şövkət Ələkbərovanı görmüşük. Yaxud Rəşid Behbudovu, Zeynəb Xanlarovanı görüb, bəyənmişik. Gəlin, düzünü deyək... Onlar da şou-biznes adamı olmayıblar. Amma Amerikada gözünü açan müğənni şou-biznes görür... Vəziyyət bundan ibarətdi. Bəlkə nə zamansa bizdə də şou-biznes oturuşacaq?..

İlhamə Əbülfət: Sevda xanım, bir müddət əvvəl feysbukda sizin mahnınızın linkini paylaşdım. Bəziləri yazdı ki, Sevda xanım xalq mahnılarımızı korlayır, bəziləri də yazdı ki, yox, mahnılarımzıa yeni nəfəs verir. Əslində bu fikirlər illərdir ki, səslənir. Necə qarşılayırsınız?

-Hamının xoşuna gələ bilməzsən, heç bunu istəmirəm də. Hamının xoşuna gəlsən, deməli, elədiyin heç nədi... İfalarım pis olsaydı, yəqin dünya standartlarına çıxmazdı, albomlarım dünya çapında satışa buraxılamzdı. Mən bu proqramla dünyanın müxtəlif yerlərində konsertlə çıxış etməzdim. Düz demirəm?

Hərənin öz yolu var. Mən xanəndə deyiləm... Halbuki mənim ikinci diplomumda ixtisas qrafasına xanəndəlik yazılıb. Yəni xanəndə ola bilərəm. Amma heç kimi təkrarlamaq fikrində deyiləm.

Məndən öncə bu stildə kim belə oxuyub, deyin. Heç kim... Amma məndən sonra oxuyanlar var. İlk ifaçısı mənəm, deməli, özümlə yeni nəfəs gətirmişəm.

Nərmin Muradova: Bir vaxtlar çox sənətkarlar sizə qarşı çıxdılar...

-Hərənin öz şəxsi fikri var, mən buna hörmətlə yanaşıram. Ancaq mənim ifalarımı bəyənənlər də vardı. Müslim Maqomayev kimi böyük sənətkar məni çox tərifləmişdi. Ağaxan Abdullayev, Fərhad Bədəlbəyli...

Mən kimləri nəzərdə tutduğunuzu bilirəm, adlarını çəkməyəcəm. 60 il səhnədə olmaq hələ sənətkarlıq deyil. Ola bilsin, sən həmişə səhnəyə çıxırsan, ancaq ömrünün axırına kimi sənətkar olmursan.

Mövlud Mövlud: Bir mahnının ideal ifası üçün orda ürəyin və beynin payı nə qədər olmalıdır?

-Sənətə gələndə daha çox beynin olmalıdır. İlk əvvəl öyrənmək, mənimsəmək, qavramaq lazımdı. Ürəklə oxumaq hələ peşəkar ifa sayılmır. Mətbəxdə adi evdar qadın ürəkdən elə gözəl oxuyur ki... Ya biri hansısa restoranda oxuyur. O da ürəkdən oxuyur, amma professional deyil. Öncə beyin vasitəsi ilə professionallığa yetişməlisən, sonra ürəyi də ona qoşmaq olar. Onda olur mükəmməl ifa!

Kim desə, əsas ürəkdir, heç vaxt buna inanmayın. Çünki əsas ürək olanda qeyri-peşəkarlıq bir addımda dayanır. Təbii, ürəksiz sənət yoxdur. Mən bütün ifalarıma ürəyimi qoymuşam. “Salam Allahım” mahnımı atamın şeirə oxumuşam. Onu necə ürəksiz ifa etmək olar?

Qurban Yaquboğlu: Kimləri özünüzə ustad sayırsınız, kimlərə qulaq asırsınız?

-Sənətə təzə gələndə çox sənətkarın ifasını dinləyirdim, onlardan öyrənirdim. Ümumiyyətlə, ifa etdiyim bütün xalq mahnılarının orijinalını dəqiq-dürüst bilirəm.

Rübabə Muradovanı dinləyirəm. Onun muğamlarını daha çox bəyənirəm. Çox gözəl xırdalıqları və səsi var. Şövkət Ələkbərovanın mahnı ifasını da çox sevirəm. Hacıbaba Hüseynovun səsi balaca olmasına baxmayaraq çox gözəl və şirindir. Deyim ki, ondan öyrənmək çox çətindir. Ağaxan Abdullayev, Alim Qasımov, Akif İslamzadə... 14 yaşım olanda Alim Qasımovun muğam dərslərinə gedirdim. Ondan da çox öyrəndiyim olub.

Mövlud Mövlud: Maraqlıdır, heç aşıq musiqisi dinləyirsiniz?

-Sizə maraqlı bir əhvalat danışım. Atamın anası, yəni nənəm Tovuzdandır. Tovuzluların da heç bir yığıncağı aşıqsız keçmir. Uşaqlıqda aşıq musiqisinə nifrət edirdim, mənə çox maraqsız gəlirdi. AzTV-nin “Aşıq Pəri” məclisi başlamamışdan öncə nənəm televizorun qabağında oturardı, verilişin sonuna kimi aşıq mahnılarına qulaq asırdı. Eşitməmək üçün o biri otağa qaçardım.

İllər keçdi. Bir dəfə restoranda oturmuşuq, bir aşıq gəldi, başladı ifaya... O ifa edir, mənim gözlərimdən yaş axır. Başa düşə bilmirdim, mənə nə olub. Yəqin bu musiqi genetik olaraq qanıma hopub. Mən onda başa düşdüm ki, aşıq musiqisini sevirəm. O, saz çalır və mən həzz alıram.

Ümumiyyətlə, pis janr yoxdur. Hər janrın yaxşı ifaçısı, pis ifaçısı var...

Ruslan Xəlil: Bəs meyxana?

-Meyxananı musiqiyə aid eləmirəm. Orda əsas bacarıq bədahətən söz deməkdir.

Mövlud Mövlud: Sevda xanım, mahnılarınızın çoxu sintez ifadır. Sintezdə milli və xarici mahnıların porsiyaları necə bölünməlidir?

-Mən albomlarımda xarici musiqiçilərlə yox, yerli musiqiçilərlə çalışırdım. Bütün ritmlərin azərbaycanlıların ifa etməsini istəyirdim. Onda daha maraqlı alınır. Bizim musiqiçilərimiz həm milli, həm də xarici musiqiləri gözəl bilir. Ona görə də bu iş alınır.

Həm də bilirsiniz maraqlısı nədir, Vaqif Mustafazadədən sonra biz sintezə öyrəşdik. Doğrudur, əvvəl onu da çox tənqid edirdilər. Mən sintezi Azərbaycan musiqisiylə eləmişəm. Bu gün Azərbaycanın pop-musiqisi yox səviyyəsindədir, türkləşmə gedir. Niyə bunu heç kim demir? Mənim sintezimə görə sinəsinə döyüb yananlar niyə indi susurlar? Hanı o musiqisevərlər? Fakt odur ki, Azərbaycan pop-musiqi yox səviyyəsindədir.

İlhamə Əbülfət: Sevda xanım, hansı yazıçıların, şairlərin əsərlərini, şeirlərini oxuyursunuz?

-Ramiz Rövşəni çox sevirəm. Natiq Rəsulzadəni, Anarı, Elçini oxuyuram.

Mövlud Mövlud: Azərbaycan dilində rahat mütaliə edə bilirsinizmi? Bildiyim qədər rus bölməsini bitirmisiniz.

-Doğrudur, rus məktəbini bitirmişəm, amma azərbaycanca rahat oxuyuram.

Nərmin Muradova: Bildiyim qədər atanız rus bölməsində təhsil almağınızı istəməyib.

-Elədir, atam istəmirdi, amma anam istəyirdi. Qardaşım Azərbaycan bölməsində təhsil alıb. Rus bölməsində təhsil aldığıma görə təəssüflənmirəm. Rus dilində elə kitablar var, Azərbaycan dilində yoxdur. Və bizdə tərcümə çox böyük problemdir. Yəni tərcümələr çox bərbad olur. Fikirləşirəm ki, övladım olsa, onu da rus bölməsində yazdıraram. Rus dilində informasiya daha çoxdur.

Nərmin Muradova: Heç vaxt prodüseriniz olmayıb?

-Baxır prodüser kimə deyirlər... Şirkətlərlə çalışmışam. Mənə dəstək olan insan Nazim Abdullayevdir. O da prodüser deyil, iş adamıdır, mesenat kimi mənə və bir çox müğənnilərə dəstək olur. Bəli, mən beynəlxalq səviyyəli prodüser axtarıram. Sadəcə yanımda ora-bura gedən birisi mənə lazım deyil. Çünki o, prodüser deyil.

Bəzi nüanslar mənə çox gülməli gəlir. Biz balaca ölkəyik, hamı biri-birini tanıyır. Nə üçün bizimkilər özlərini əlçatmaz ulduza bənəzdirlər? Amerikada müğənni doğurdan da ulduz ola, ulduz həyatını yaşaya bilir. Mən şəxsən ulduz həyatı yaşamıram. Mən də hamı kimi marketə, dükan-bazara gedirəm, bulvara çıxıram. Bircə avtobusla gedib-gəlmirəm. Bu da mənim müğənni olub-olmamağımla bağlı deyil. Müğənni olmasaydım da avtobusdan istifadə etməzdim. Ona görə yox ki, bunu özümə ayıb bilirəm. Uşaqlıqla, elə “Rast” da oxuduğum vaxtlarda da avtobusla gedirdim.

Biz dünya ulduzları standartlarında yaşamırıq. Hamı necə mən də elə...

Rəqsanə Həsənova: Sevda xanım, bir müddət sənətdən uzaq qalmağınızın səbəbi nə idi?

-Yaradıcılığı sevirəm, amma ailəmdən artıq deyil. Təbii ki, bu uzaqlaşma ailə problemləriylə bağlıydı. O dövrdə mənə heç nə maraqlı deyildi. Ona görə fasilə verdim.

Rəqsanə Həsənova: Məşhurların şəxsi həyatının mətbuata çıxarılmasına necə baxırsınız?

-Bu, hərənin öz işidir. Mən şəxsən sevmirəm. Amma nə qədər sevməsəm də, tanınmış adamsansa nəsə yazacaqlar.

Nərmin Muradova: Boşanmanızla bağlı uzun müddət açıqlama verməkdən qaçdınız, amma bir gün hər şeyi etiraf etdiniz. Bu açıqlamanı verməyə sizi nə məcbur etdi?

-Əgər kimsə öz düşüncəsini yazacaqsa, birdəfəlik açıqlama verib buna son qoymaq lazımdır. Bunu nəzərə alıb açıqlama verdim.

Nərmin Muradova: İndi münasibətləriniz necədi?

-Mən şəxsi həyatım barədə danışmıram.

Rəqsanə Həsənova: Keçmiş həyat yoldaşınız sizdən ayrılandan sonra mahnı oxumağa başladı...

-Şəxsi həyatımla bağlı heç bir suala cavab vermirəm. Mən ən yaxşısı durub gedim (gülür)...

Nərmin Muradova

Fotolar Elçin Murad


Müəllif:

Oxşar xəbərlər