29 Dekabr 2015 11:48
2 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

əvvəli: http://teleqraf.com/news/81626

“Brifinq”in qonağı olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini, ilahiyyatçı Gündüz İsmayılovla müsahibənin ikinci hissəsini təqdim edirik. Qeyd edək ki, məscidlərə təyinat və dini icmaların qeydiyyat məsələsinə toxunan G.İsmayılov qeyd edib ki, gündəlik fəaliyyət göstərən 1500 məscidin cəmi 620-sinin dini icması qeydiyyatdan keçib.

Bəxtiyar Məmmədli: Bəs digər məscidlərdə dini icmalar niyə qeydiyyatdan keçməyib?
- Qanunvericiliyə əsasən, dini icma yerli dindarların könüllü dini birliyidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, yaxud yerli icra hakimiyyəti məcburi şəkildə icma yarada bilməz. Deməli, hər hansı bir məsciddə dini icmanın yaranması üçün insanlar maraqlı olmalıdır. Dini icması olduqda bilirik ki, o məscid yiyəsiz deyil, məsciddəki fəaliyyətə cavabdehlik daşıyan hüquqi şəxs var. Bu nöqteyi-nəzərdən təklif edirik ki, məscidlərdə dini icmaların yaradılması məsələsini stimullaşdıraq. Qanunvericilikdə elə şərtlər və məqamlar müəyyənləşdirilsin ki, bütün məscidlərdə dini icma yaradılması mümkün olsun.

Qurban Yaquboğlu: Aktiv fəaliyyət göstərən məscidlərin hamısı niyə təyinatla əhatə olunmur?
- Birincisi, bəzi yerlərdə məscidlər tikilsə də, onların fəaliyyəti yoxdur. İkincisi, bu, kadr məsələsi ilə bağlıdır. Məsələn, Zaqatalada Bakı İslam Universitetinin şöbəsi fəaliyyətdədir, həmin rayonda kifayət qədər intellektli, mütəxəssis gənclər var. Amma Zaqatalada təyinat almaq üçün müraciət edənlərin sayı çox azdır. Çünki həmin gənclərin böyük əksəriyyəti ya ticarətlə məşğuldur, ya hansısa xarici ölkəyə gedib, yaxud da dövlət qurumunda çalışır. Onlar üçün din xadimi kimi fəaliyyət göstərmək sərfəli deyil. Çünki Bakı İslam Unversitetinin və ya Bakı Dövlət Universtetinin İlahiyyat fakültəsinin məzunları fikirləşirlər ki, məscidlərə təyinat alsaq, ailəmizi necə dolandıracağıq? Deməli, onlara yüksək maaş verilməsi önəmli amildir.

Sevil Hilalqızı: Mərasimlərdən də qazanırlar. Qadın mollalardan sorğu götürmüşdük, soruşduq ki, əlaqələr qurub məscid vasitəsilə niyə yas mərasimlərinə getmirsiniz? Dedilər ki, qeyri-qanuni olaraq məbləğ istənilir deyə belə əlaqələr qurulmur.
- Söhbət yas mərasimlərindən gedirsə, reallıq budur ki, kiminsə yas mərasiminə getməsi üçün hansısa məsciddə təyinat almasına, yaxud imam, axund olmasına ehtiyac yoxdur, hətta dini təhsil almaq da şərt deyil. Çünki insanlar onları yas mərasimlərinə aparanda onlardan rəsmi təyinatının olub-olmamasını və ya dini təhsilini soruşmurlar.

S. Hilalqızı: Yaxşı olardı ki, dini savadı olan insan dini mərasimləri icra etsin...
- Faktiki olaraq həmin insanlar xeyir-şər mərasimlərinə gedib pul qazanır və hansısa məscidə, icmaya təyinat almaq onlara sərfəli deyil. Əslində, qanunveriliciliyə edilən dəyişikliklər həm də bu məsələnin həllinə xidmət edir. Qanunda “din xadimi”, “dini fəaliyyət” anlayışı artıq açıq göstərilib, dini ayin və mərasimlərin icrası məsələsi verilib, o cümlədən xaricdə dini təhsil alanlar məsələsinə də bu kontekstdən yanaşılıb. Artıq qanunvericilik o şəkildə tənzimlənib ki, bu cür şəxslər rəsmiyyəti olmadığı halda dini ayin və mərasimləri icra edə bilməsinlər. Bir sözlə, proseslər ona yönəldilir ki, bu şəxslər imtahandan keçməsə, əllərində sənədi olmasa, onlar dini ayin və mərasimlər aparmasın. Nəticədə həm mərasimləri icra edən şəxslərin müəyyən qədər ələnməsinə nail ola bilərik, həm də bu cür təyinat almaq istəyən yaxşı kadrlara stimul yaradarıq. Bu gün üçün ən aktual təkliflərdən biri ondan ibarətdir ki, təyinat almış bütün din xadimlərinə məvacib verilməlidir. Niyə axund, imam və onların müavini yas mərasimlərindən pul almalıdır? Onların məvacibi olmalı və məvacib aldıqdan sonra bu xidməti göstərmək onların vəzifə borcu olmalıdır. Artıq belə presedentlər var. Çünki Qafqaz Müsəlmanları İdarəsi xeyli sayda din xadiminə aylıq məvacib verir. Əlbəttə, bu say zamanla böyüyəcək, eyni zamanda təyinatların sayı artacaq.

Taleh Şahsuvarlı: Vəhhabilərin Azərbaycandakı durumu barədə nə deyə bilərsiniz? Sayları bəllidirmi, hansı bölgədə daha akivdirlər, təhlükə əmsalları nə qədərdir?
- Biz ümumi şəkildə vəhhabilik deyirik. Din sahəsindəki nəzəriyyəçilər vəhhabiliyi 3 qrupa bölürlər: sələfi, təkfirçi, xəvariclər. Sələfi qrupu dünyəvi dövləti qəbul edir, həmin ölkədə yaşayır; təkfirçi qrup dünyəvi dövləti qəbul etmir, amma əlinə də silah götürmür; xəvaric qrup isə dünyəvi dövləti qəbul etmir, əlinə silah da götürür, Suriyaya da gedir. Bu kontingentə daxil olan radikal qrup - xəvariclər fəaliyyət etibarilə hüquq-mühafizə orqanlarının nəzarəti altında olmalıdır. Bunlar həm də kriminal qrupdurlar. Təkfirçi qrupun sayı Azərbaycanda o qədər də çox deyil. Yaxın Şərqdə baş verən proseslər qruplar arasındakı münasibətlərə təsirsiz ötüşmür. Azərbaycanda kəmiyyət etibarilə çoxu sələfi qrupundadır. Bəzən böyük rəqəm deyənlər, məsələni həddən artıq qabardanlar var, amma o qədər də deyil.

Aqil Lətifov: Azərbaycanda eyni vaxtda ibadətdə iştirak edənlərin sayının 150 min olduğunu vurğuladınız. Vəhhabilər bu sayın içərisində neçə faizi təşkil edir?
- Dindarların içərisində bu sayı müəyyənləşdirmək qeyri-mümkündür. Bizim qarşımıza qoyduğumuz məqsəd odur ki, Azərbaycanda artan dindarlıq ənənəvi dindarlığın hesabına olmalıdır. Ölkədə 150 min nəfər cümə və bayram namazlarında eyni vaxtda ibadətə gəlirsə, bu, o demək deyil ki, dindarlar ancaq bu saydadır. Qadınlar və məscidə gəlməyənlər də var. Adətən, dini-sosioloji baxımdan bu rəqəm 4 yaxud 5-ə vurulur. Biz bu rəqəmi ən maksimal şəkildə 5-ə vursaq, belə qənaətə gələrik ki, Azərbaycanda dindarların sayı ümumi əhalinin 6-8 faizdən çox deyil. Əhalinin ümumi sayı ilə müqayisədə bu, həddən artıq kiçik rəqəmdir. Sualı belə qoymalıyıq, 8 faizin neçə faizi Azərbaycanla bağlı məsələlərə milli məsələ kimi baxır? Təəssüf ki, bəzi kəndlərdə aktiv dindarların sayı, demək olar ki, qeyri-ənənəvi təriqətlərin mənsublarından ibarətdir. Bu, çox ciddi məsələdir. Bu həm də o deməkdir ki, həmin yaşayış məntəqəsində ənənəvi İslam yox olmaq təhlükəsini yaşayır. Qarşımıza qoyduğumuz məqsədlərdən biri odur ki, bütün məscidlərə təyinat olmalı, təbliğat yalnız bir istiqamətdə getməlidir. Radikalizmin qarşısını almağa paralel olaraq Azərbaycanda ənənəvi İslamı bərpa etməliyik. Ənənəvi İslam şəriətlə bağlı bir şey deyil, dünyagörüşü ilə bağlıdır. XIX əsrdən başlayaraq Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundovdan üzü bəri Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadəyə qədər prosesin önündə gələn insanlar dindar ailədə böyümüşdülər, Azərbaycan ruhanisinin evindən çıxmışdılar. Bu insanların meydana çıxardığı milli oyanış hərəkatı Azərbaycan Xalq Cümhuriyyətinin - müstəqil, dünyəvi dövlətin qurulması ilə nəticələndi. Necə olur ki, din xadimlərimizin evindən çıxmış insanlarımız belə bir cümhuriyyət qurur, amma bu gün hansısa dindar dövlətinə qarşı çıxır?! Azərbaycanda ən böyük tarixi olan hüquqi şəxs - təşkilat bilirsinizmi hansıdır? Qafqaz Müsəlmanları İdarəsidir. 1918-ci ilədək QMİ-nin sünni və şiə idarəsi ayrılıqda fəaliyyət göstərib. AXC yarandığı gündən onu birləşdirib. Hətta orduda da din xadimi olub. Onu demək istəyirəm ki, necə olur, din xadimləri, ruhani zümrəsi, dindarlar 1918-ci ildə Azərbaycan dövlətçiliyinin yanında olur, bu gün isə bəzi dindarlar əks istiqamətdədirlər. Əlbəttə, bu fikiri hamıya şamil etmirəm, kifayət qədər dövlətini, millətini istəyən din xadimi də, dindar da var. Söhbət prosesdən gedir. İnsan necə fikirləşə bilər ki, mənim dövlətim darül-küfürdür?

Nərgiz Ehlamqızı: Ölkəyə dini ədəbiyyatın axını güclüdür, ona nəzarət necə həyata keçirilir?
- Dövlət Komitəsində Dinşünaslıq ekspertizası şöbəsi ölkəyə daxil olan, o cümlədən ölkədə çap olunan bütün dini ədəbiyyatı ekspertizadan keçirir. Hər gün onlarla dini kitaba rəy veririk. Azərbaycanda kifayət qədər dini kitab satan mağazalar var. Görəsən, bu qədər dünyəvi kitab satan mağazalarımız varmı? Bizim gənclərimiz dini ədəbiyyat oxuduğu qədər dünyəvi ədəbiyyat oxuyurmu? Bunlar hamısı paralel getməlidir. Əgər Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin dünyəvi bilikləri olmasaydı, yalnız dini bilikləri olsaydı, Şərqdə ilk dünyəvi dövlətimiz yaranardımı? Təəssüf ki, bizdə dini kontingentin formalaşması əsasən dini məlumatların verilməsi nəticəsində mümkün olub. Buna paralel olaraq dünyəvi təhsilin verilməsi mütləq gücləndirilməlidir.

A.Lətifov: Kitablara rəylər hansı meyarlarla verilir?
- Bəzən bizə irad tuturlar ki, XXI əsrdə yaşayırıq, onsuz da hər şey internetdə var. Bəli, bu nüanslar var, amma fakt budur ki, ölkəyə gətirilən və çap edilən dini ədəbiyyatların heç də hamısı internetdə yoxdur. Azərbaycana idxal olunan dini ədəbiyyatın bir hissəsi məqsədli şəkildə kiril əlifbasında nəşr olunur. Yaşlı nəslin oxuması üçün ölkəyə bu qrafika ilə göndərməyə çalışırlar. Bu kitabların ünvanlandığı kəsim internetə, informasiya texnologiyalarına açıq kontingent deyil. Yeganə meyarmız odur ki, kitablarda dini dözümsüzlük, dövlətçilik əleyhinə fikirlər olmasın. Dini, milli, irqi ayrı-seçkilik salınmasın. Dövlət Komitəsinə olan iradlardan biri budur ki, məsələn, ötən il filan kitabın çapına icazə verməmişdiniz, bu il icazə vermisiniz, bu, necə olur? Məsələ burasındadır ki, biz həmin kitabı ekspertizadan keçiririk, rəydə konkret yazırıq ki, hansı səhifədə hansı fikrə görə icazə verilmir. Həmin şəxs hətta 1 gün sonra həmin fikri kitabdan çıxararsa, həmin kitaba icazə veririk. Kitablara ilahiyyat təhsili olan şəxslər rəy verir. 2001-ci ildən indiyədək dini ədəbiyyatla bağlı rəyimizə görə bizi təkcə “Yehovanın şahidləri” məhkəməyə verib, başqa heç bir dini icma məhkəməyə müraciət etməyib. Biz rəydə səhvlərin nöqtə-vergülünədək izahını veririk. Elə məşhur din alimləri olub ki, onların kitabını məqsədəuyğun saymamışıq, bu səfər kitaba rəy verən ekspert haqda “filan təriqətdəndir” deyə fikirlər formalaşdırmağa çalışıblar. Elə kitablar var ki, həmin kitablarda hansısa alimin fətvaları, şəriət qaydalarına izahları çap edilib, amma nəşrə hansısa dini söhbəti də əlavə olunub. Söhbətdə ondan soruşulur ki, sünniyə zəkat vermək olar? Deyir, şiə tapmasan ver, yaxud soruşurlar sünnüyə qız vermək olar? Cavabında deyir ki, bu əməldən uzaq dursaz yaxşıdır. Buna görə də, həmin kitablara icazə verməmişik.

T.Şahsuvarlı: Dövlətin konsepsiyası multikulturalizmdir. İnsan hüquqları ilə bağlı vəziyyət barədə nə deyə bilərsiniz? Amerikalı konqresmen Kris Smitin Helsinki Komitəsində qaldırdığı məsələdə “Yehova şahidləri”nin sıxışdırılması göstərilir...
- Layihə ilə bağlı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fikirlərini bildirib. Dünənə qədər Azərbaycanda tolerantlığın yüksək olması ilə bağlı fikir söyləyən ABŞ bu gün nədənsə vicdan azadlığı ilə bağlı məsələləri qabardır. ABŞ-ın keçmiş səfiri Enn Dörsi məşhur bir ifadə işlətmişdi: “Azərbaycan Amerikaya, Avropaya təkcə neft-qaz yox, həm də tolerantlığı ixrac etməlidir”. “Yehova şahidləri”, qeyri-ənənəvi sektalara gəlincə, ümumiyyətlə, bunlarla bağlı məsələ artıq Azərbaycan cəmiyyəti üçün aktual məsələ deyil. 2000-ci ildən sonra bu məsələlər artıq bitib. Təxmini hesablamalara görə, 1991-ci ildən indiyədək qeyri-İslam sektalarına qoşulanların sayı 7-8 mindən çox deyil. Bu isə kiçik rəqəmdir. Halbuki, Azərbaycanın 2000-ci ilə qədər ən azı 25 faizinin sektantlaşdırılması ilə bağlı böyük projelər vardı, milyonlar xərclənirdi. Biz istər İslam, istər qeyri-islam dini icmaları olsun, hamısına qanunvericilik nöqteyi-nəzərindən yanaşırıq. “Yehova şahidləri” dini icması vaxtilə qeydiyyatdan keçib, bu gün də hüquqi şəxsdir, onların qanunvericilik çərçivəsində fəaliyyətində problem yoxdur. Bunlar azyaşlıları öz sektalarına cəlb edib qanunu pozacaqlarsa, təbii ki, onlara qarşı tədbir görüləcək. Bir faktı qeyd edim, bu dini icmanın ölkəyə gətirdiyi dini ədəbiyyatın ümumi tirajı bütün müsəlman icmalarının istehsal etdiyi dini ədəbiyyatın tirajından çoxdur. Amma bu adamlar Dövlət Komitəsinə qarşı iddia qaldırırlar ki, bizim kitablarımıza niyə icazə vermirsiniz? O kitablara icazə verməmişik ki, orada dini dözümsüzlük var. Hətta nümunələr də çəkə bilərəm, Roma papasını, dünyəvi dövlətləri şeytan adlandırırlar. Bu cür yanaşmaları qəbul etmirik. “Krişna şüuru” dini icması var. Müsəlmanlar onları bütpərəst kimi qəbul edir. Necə olur ki, bütpərəstliyi özündə ehtiva edən bir icma Azərbaycanda sərbəst fəaliyyət göstərə bilir, amma hansısa xristian icması fəaliyyət göstərə bilməsin? Ötən gün “Bəhai” dini icmasının sədri tədbirdə mənə yaxınlaşıb dedi ki, Kris Smitin layihəsində bəhailərin də adı çəkilib, biz onlara müraciət etmək istəyirik ki, bəhailərlə bağlı Azərbaycanda heç bir problem yoxdur. Məsələ burasındadır ki, vicdan azadlığı məsələsindən bizə qarşı təzyiq forması kimi istifadə etmək istəyirlər, buna imkan verə bilmərik.

Nərgiz EHLAMQIZI

Foto: Rəşad ABBASOV


Müəllif:

Oxşar xəbərlər