4 İyun 2016 13:05
2 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brifinq” layihəsinin qonağı Ali Məhkəmənin sabiq sədri, Vəhdət Partiyasının rəhbəri, Milli Məclisin deputatı Tahir Kərimlidir.

Nərgiz Ehlamqızı: 1990-1995-ci illərdə deputat olmusunuz, uzun fasilədən sonra ötən il parlamentə seçilmisiz. O dövrün parlamenti ilə indiki arasında hansı fərqləri müşahidə etdiniz?

- Həm mahiyyət etibarı ilə, həm də zahiri cəhətdən fərqlər var. O vaxt Ali Sovet adlanırdı, indi Milli Məclis. Deputatların sayı 360 nəfər idi, indi 125-di. Hələ prezidentli respublika deyildi, dövlət məşvərətçi yolla SSRİ-nin tərkibində idarə olunurdu. Sonra prezidentlik institutu təsis edildi, idarəçilik dəyişdi. Hər bir məsələ Ali Sovetdə, o vaxtkı Milli Məclisdə həll olunur, ölkənin həyatı, ritmi orada vururdu. Dövlət başçısı da çox vaxt parlamentdə iştirak edirdi.

Həmin dövrün Milli Məclisinə Azərbaycan Respublikasının dövlət müstəqilliyini qazandırmaq nəsib oldu.

1995-ci il Konstitusiyasında indiki Milli Məclisin əsası qoyuldu. İndi parlamentdə plenar iclasların keçirilməsi üçün gözəl zal, hər bir deputatın ayrıca otağı var. Hər bir deputat üçün köməkçi ştatı təsis olunub. Milli Məclisin xeyli sayda ekspertləri, məsləhətçiləri var ki, onlardan faydalanmaq olur. İş çox asanlaşıb. İndi cəmi 125 deputat seçilir. O vaxt parlamentdə çox qızğın debatlar gedərdi. Qarabağ məsələsi, Ermənistandan qaçqınların gəlməsi, meydan hərəkatı, bütün bunlar Milli Məclisdə qeyri-ixtiyarı müzakirə olunurdu. İndi isə dövlət qurulub, müstəqillik var, rahatlıqla müzakirələr keçirilir, qanunlar qəbul olunur. Ən əsası antaqonist ziddiyyətlər yoxdur. Amma o vaxtkı parlamentin tərkibində antaqonist ziddiyyət mövcud idi. Parlament kommunistlər və 43 nəfərdən ibarət demokratik blokdan ibarət idi. O zaman cavan idim, emosional çıxışlar edirdim.

“BİZƏ DEDİLƏR, DÜŞMƏN OLUN...”

Ruslan Xəlil: O dövrkü emosional çıxışlarınız sosial şəbəkələrdə tez-tez müzakirə edilir. Hansı məqamlar var ki, onun təkrarlanmasını istəməzsiniz?

-Parlamentdə yüzlərlə çıxış etmişəm, amma nədənsə emosional çıxışlarım sosial şəbəkələrdə yayımlanır... O vaxt sakit çıxışlarım da olub, heç yada düşmür. Ermənistanın təcavüzü başladı, müstəqil dövlət qurmaq üçün mübarizə apardıq, başımıza nələr gəlmədi. Xalqımızın ürəyində on illərdir müstəqil dövlət qurmaq istəyi vardı. Müstəqil dövlət qurmuşduq, gözüm görə-görə qurduğumuz hökumət dağılırdı. Parlamentdəki nitqimlə bunun qabağını almaq istəyirdim.

Mənim çıxışımdan sonra Milli Məclis işini dayandırdı, 3 gün fasilə oldu. Əvvəllər də iki dəfə emosional çıxış etmişəm. Mənə məlumat gəlmişdi ki, parlamentdə MDB-yə daxil olmaq məsələsi müzakirə olunur. Əlimdə istefa ərizəsi gəldim ki, MDB-yə girirdiksə, niyə bu hökuməti yıxdıq?..

Mən mütəmadi qanun layihələri üzərində işləyirdim. Nəyin bahasına olur-olsun, məhkəmə-hüquq islahatlarının keçirilməsini istəyirdim. Ailəmin naharda nə yeyəcəyi məni maraqlandırmırdı. Otağımda Quran qoymuşdum, and içmişdim ki, kim rüşvət alsa, ölüm cəzası çıxaracam. Dedim bundan əvvəl necə işləmisinizsə, yaddan çıxarın, bundan sonra təmiz işləyin. 31 ölüm hökmü vardı, nə qədər rüşvət almaq olardı. Hakimlərə deyə bilərdim ki, illik haqq verin. Dövlət təzə qurulmuşdu, nə istəsən edə bilərdin. Ancaq mən nəfsimi saxladım.

Hesab edirdim ki, azad məhkəmə olmadan heç bir demokratiyadan söhbət gedə bilməz. Hətta prezidenti dilə tuturdum ki, qoy səndən şikayət olsun, məhkəmə işə baxsın, görsünlər ki, prezidentdən də şikayətə baxılır. Bir dəfə ABŞ-da rəsmi səfərdə idim, qayıdanda gördüm, birinci müavin Xanlar Hacıyevə deyiblər ki, gəl, Tahir yoxdur, tez qanunları parlamentdə rədd edək. Onda yenə əlimdə istefa ərizəsi ilə gəldim. Məhkəmə quruluşu, hakim statusu, cinayət-prosessual və mülki-prosessual qanuna dəyişikliklərlə bağlı təkliflərim vardı. Təzyiq elədim, dedim, ya istefa verib çıxıram, ya da qəbul etməlisiz, demokratik dövlət qururuq, niyə qəbul etmirsiniz?

O zamankı prezident təəssüf ki, nə qol çəkdi, nə də veto qoydu. Sonra başımız çox əziyyət çəkdi. Əgər o qanun qəbul olunsaydı, İsa Qəmbər tutulanda onu özbaşına Gəncəyə apara bilməzdilər. Əslində, özləri uduzdu. Mənə emosional deyirlər, emosional olmasaydım, onlar MDB-yə girəcəkdilər, məhkəmə-hüquq islahatlarını qəbul etdirə bilməzdim. O zamankı düşüncəmə görə, min canımın birini özümə saxlamazdım, hamısını millətimiz üçün qurban verərdim. Arzuladığımız milli dövləti qurduq, o, əldən gedirdi. Nə etməliydim? Çağırışlar eləyirdim.

Çox sonralar məndə belə düşüncələr yarandı ki, gərək, Əbülfəz bəy Heydər Əliyevi gətirirdisə, deyərdi ki, onu xilaskar, dost kimi gətirirəm, əl-ələ verib işləyəcəyik. Amma süni müxalifət yarandı, özləri Heydər Əliyevi xilaskar kimi dəvət elədilər, amma bizə dedilər, vəzifənizi dondurun, olun düşmən...

Nemət Orucov: Azərbaycanın MDB-yə daxil olmasına etiraz etdiyinizi dediniz. Sonradan Azərbaycan MDB-yə üzv oldu, dövlət müstəqilliyinə hər hansı təhlükə törətmədi. Sizə elə gəlmirmi ki, o zaman təcrübəsizlik də rol oynayırdı, həm də romantika vardı...

- Sizinlə razıyam. Deyirdim, MDB xəstə doğulmuş uşaqdır... Bizdən əvvəlki hakimiyyət MDB-yə daxil olmaq istəyirdi, cəbhəçilər qoymadı. Amma girsəydi, yaxşı olardı. Azərbaycan torpağında erməni dövləti quran Rusiya köhnə Şaumyan rayonunu azad edib Azərbaycana verdi. Hələ Xankəndində bayrağımız dalğalanırdı. Amma Azərbaycanın MDB-də üzvlüyünə qarşı çıxanlardan biri də mən idim. Heydər Əliyev düzgün elədi, hakimiyyətə gəlməklə Azərbaycanı xeyli qorudu. Prezident sevgi ilə seçilməməlidir.

Mən Cövhər Dudayevə qarşı çox böyük pərəstiş bəsləmişəm. Ancaq onun dünya səviyyəli qəhrəmanlığı çeçen xalqının pərakəndə düşməsinə səbəb oldu. Bugünkü azğın rəhbər Ramzan Kadırov xalqı bir yerə yığdı. Əqidəli Dudayev xalqı didərgin qoydu, Kadırov Çeçenistanı gözəlləşdirib, federal büdcədən də xeyli pul gətirir. Bizsə gəncliyimizdə deyirdik ki, ölərik, amma tabe olmarıq. Dövlət bu cür olmur, bu düşüncə ilə qurulmur.

Nemət Orucov: Bu yaxınlarda partiyanızın qurultayı keçirildi. Demisiz ki, özümüz qurultayı qapalı və sürətlə keçirdik, əks halda Müsavat kimi dağıla bilərdik. Fikirlərinizə Müsavat tərəfindən ironik reaksiya gəldi...

- Heç də indiki Müsavat və AXCP rəhbərləri öyünməsin ki, onların rəhbərlik etdiyi təşkilat böyük partiyadır. Şübhəsiz, Yeni Azərbaycan Partiyası istisna, digər partiyalarla müqayisədə böyükdürlər. Amma bu, onların xidməti deyil. Müsavat ona görə böyükdür ki, Məhəmməd Əmin Rəsulzadənin yaratdığı təşkilatın varisidir. AXCP ona görə böyükdür ki, Azərbaycan Xalq Cəbhəsinin yadigarıdır. Müsavat bütövlükdə 20 il bundan əvvəlki Müsavatın Nərimanov rayon şöbəsi qədər yoxdur. Bunu niyə etiraf etmirlər? Dağılıb da...

Mən iddia etmirəm ki, Vəhdət Müsavat boydadır. Niyə ironik münasibət bəsləyirlər bilmirəm, amma Müsavat bəyəm əvvəlki Müsavatdır? Bizim də rayon şöbələrimiz var, bölgələrdən xəbərdarıq, niyə lovğalanırlar? AXCP narazı elektoratı özündə toplaya bilib. Müsavat cəbhəçiləri ittiham edirdi ki, satılmısan, 10 il gedib parlamentdə oturmusan. Sonra Müsavatdakılar da deputat seçildi və parlamentə getdilər. O vaxt AXCP daha yumşaq siyasət yürüdürdü. İndi əllərindən vəzifə çıxıb, Milli Şurada təmsil olunur, radikallıq nümayiş etdirirlər.

Amma xalq yaxın getmir, çünki nə Müsavatın, nə də AXCP üzvlərinin gedib quzu kimi parlamentdə oturmasını unutmur. Rəhmətlik Əbülfəz bəyin bir-iki nəfəri çıxmaqla elə bir müavini, müşaviri yoxdur ki, deputat olmasın. Mitinqlərdə qəzetlər yazırdı ki, Vəhdət Partiyası 5 min nəfər kolonla girdi. Bakı Kəndlər Birliyi Vəhdətlə bir idi, heç kimin Bakı və ətraf kəndlərdə bizim partiyadakı qədər dayağı olmayıb. Ad sizin olub, amma əslində zəhmət çəkənlər biz olmuşuq. İronik münasibət bəsləyirlərsə, özləri bilər.

“İNANIRDIQ Kİ, TƏBRİZƏ BAYRAQ SANCACAĞIQ”

Nemət Orucov: İyun qiyamının ildönümüdür. Sizcə, o hadisələr niyə baş verdi?

- İki məsələni xatırlatmaq istəyirəm. Birincisi, Həzrət Əlinin sözü var, deyir, o rəhbər ki, günahı öz işçilərində axtarır, o, pis rəhbərdir. Bəzən deyirlər prezident yaxşı idi, ətrafı pis. Bu gün partiyam zəif, pisdirsə, məsuliyyəti mən daşıyıram. Deyirlər, AXC ona görə yıxıldı ki, onun liderinin ətrafı pis idi. 1993-cü ildə böhran dərin və başdan idi. Özlüyümdə düşünürəm ki, az qala uşaq kimi AXC rəhbərliyinə inanmışdım. Dövlət quruculuğunda romantik münasibət yaramır. Səhvi özümdə axtarıram.

Yıxılmağımızın ikinci səbəbi o idi ki, mənim kimi düşünən, romantika ilə yaşayan insanlar çox idi. İnanırdıq ki, Təbrizə bayraq taxılacaq, vahid Azərbaycana nail olunacaq, canımızı verib Qarabağı alacağıq. Bir qisim adamlar vardı, əsla demokrat deyildilər, amma demokrat cildinə girmişdilər. Açıq deyək, görünür, yıxılası hökumət olmuşuq, 1 il çəkmişik. Bizim hakimiyyət əqidəlilərlə əqidəsizlərin kollajı idi. İddia edirdilər ki, hökumətimizin yıxılmağının bir səbəbi də Tahir Kərimlinin Ayaz Mütəllibovun adamlarını işə bərpa eləməsidir. Bir nəfərin adını çəkin ki, mən onu işə bərpa etmişəm. Amma özləri Rəsul Quliyevi, Abbas Abbasovu işə bərpa eləmişdilər.

Cəbhə əqidəsi olmayan, rüşvətxor insanlarla əqidəli Tofiq Qasımov və başqalarının qurduğu hakimiyyət bir-birinə zidd idi, əlbəttə, dağılmalı idi. O vaxt Pənah Hüseynov deyirdi ki, cinayətimiz məğlubiyyətimizdir. Mən dərhal qayıtdım ki, xeyr, məğlubiyyətimiz cinayətimizdir. Dedim, biz məğlub olmaya bilərdik, siz məğlubiyyəti təmin edib cinayət eləmisiniz.

Nemət Orucov: Hakimiyyət seçki vasitəsilə məğlub ola və onu başqaları əvəz edə bilər. Burada söhbət silahlı qiyamdan gedir...

- Silahlı qiyamı həyata keçirəni kim milli qəhrəman elədi? O qiyamı vaxtında neytrallaşdırmaq olardı, böyütmək, o dərəcədə şişirtmək lazım deyildi. O vaxt çıxışımda da dedim ki, gücün çatmırsa, niyə silahla gedirsən, silahla getdinsə, niyə nəticəsi olmadı?

Qiyamı AXC hakimiyyətini yıxmaq istəyənlər dərhal dəstəklədilər. Qiyamın qarşısını almaq olardı. O vaxtkı emosional çıxışımda da demişdim, Gəncə hadisələrinə lazımi şəkildə münasibət göstərilmədi. AXC hakimiyyətini istəməyənlər çox idi. Gərək xalqın inamını itirən hərəkətlər etməzdilər.

Ruslan Xəlil: Siz o dövrün canlı şahidisiniz, Surət Hüseynovun birdən-birə böyüməsi və gücə çevrilməsi nəyin nəticəsi idi? Bir məsəl də var, komandir də gərək komandasını qoyub getməsin.

- Dünyasını dəyişən bir şəxs barədə danışmaq doğru olmaz, amma dediyiniz aksiomadır, komandir öz postunda şəhid olmalı, uzaqbaşı konsensusa getməlidir. Hakimiyyətə kimisə dəvət edirsənsə, razılaşmaq olardı. Əbülfəz bəy hakimiyyətə gələndə razı deyildim, AXC-nin Məclisində çıxış da elədim. Dedim ki, Xomeyni kimi olun, sizin prezidentləri dəyişmək imkanlarınız olsun. Özünüz prezident olsanız, AXC-dəki intizamsızlıq dövlət strukturlarına transfer olunacaq. O vaxt Vaqif Səmədoğlu və digərləri məni müdafiə elədi, ancaq azlıqda qaldıq, səs çoxluğu ilə Məclisdə qərar qəbul olundu. Beləliklə Əbülfəz bəy prezidentliyə namizəd oldu.

Nemət Orucov: Doğrudanmı, Əbülfəz bəy o dövrdə çıxış edib demişdi ki, məni indi prezident seçirsiniz, amma 6 aydan sonra yıxacaqsınız?

- Bəli, demişdi. Amma 6 ay yox, 1 il demişdi. Yəqin bilirdi də... Əbülfəz bəyə Kələkidə dedim ki, gələndə bizimlə məsləhət edirdin, deyirdik, prezident olma, oldun. Gedəndə bizimlə məsləhətləşmədin, gördük çıxıb getmisən. Surət Hüseynova gəlincə, Şerbakla alver edirdi, pulla silahlar alırdı. Gərək insan bacardığı işlə məşğul olsun. Siyasi və hərbi ambisiyalara əl-qol açmağa imkan vermək lazım deyildi.

Qurban Yaquboğlu: Məşhur çıxışınızda 4 iyunun oyun olduğunu demişdiz, müəyyən suallar ünvanlamışdız. İllər keçdikcə, sonrakı mərhələlərdə suallarınıza cavab tapdınız? 4 iyunda nə baş verdi? Bu, oyun idi?

- Bəli, çıxışımda demişdim ki, bu hadisələrdə ABŞ, Rusiya, hətta İran və Türkiyənin də əli var. Hər kəs öz oyununu oynayırdı. Təəssüf ki, bizim hakimiyyətin rəhbərliyində o oyuna uyanlar, ssenariləri yerinə yetirənlər də oldu. Elə buna görə də hakimiyyətimiz çökdü. Mənə hər şey bəllidi. On illər boyu məni ittiham ediblər danışmamışam, istəməmişəm ki, müxalifət gözdən düşsün. İstəmədiyim halda müxalifətin vahid namizədini müdafiə etmişəm. Bizim hakimiyyət bir növ Yusif Sərracın taleyini yaşadı.

“O QÜVVƏLƏRİ ASANLIQLA NEYTARALLAŞDIRMAQ OLARDI”

Qurban Yaquboğlu: Deyirsiz, oyuna gedənlər vardı, konkret adlar...

- Oyunlar müxtəlif idi. Cəbhə rəhbərliyində radikal qüvvələr də vardı ki, oyuna düşdülər. Ad çəkmək istəmirəm, açıqdan-açığa hakimiyyəti çoxlarının gözü götürmürdü. Hakimiyyət də özünü müdafiə edə bilmədi, mənəvi və siyasi dayaqlarını itirdi. Yevlaxda Surət Hüseynovun qabağında xəndək qazılmışdı, 5 minə yaxın əsgərimiz düzülmüşdü. Hətta Surətin dəstəsi 10 dəfə çox olsaydı da, keçə bilməzdi.

Yaxud Kürdəmir yolunda, Ağsu dolaylarında o qüvvələri asanlıqla neytrallaşdırmaq olardı. Bəs niyə olmadı, o əsgərlər geri çağırıldı? Surət Bakıya nədən buraxıldı? Hamısı aydın məsələlərdir, sadəcə tarixdən dərs götürmək lazımdır. Milləti, ulusu, torpağı sevmək olar. O adamlar ki öz dilini sevir, millətinin mənsubluğunu anlayır, onun üçün ola bilsin, o yerlər dövlət deyil, ancaq Dərbənd də, Borçalı da, İrəvan da, Təbriz də vətəndir. Bakıda yaşayıb dilini sevməyənlər ola bilsin, Azərbaycanı dövlət sayır, amma onun üçün vətən deyil. Vətənə xəyanət dövlətə xəyanət demək deyil. Vətənə xəyanət hüquqi aspekt deyil, qəlb, vicdan aspektidir.

Qurban Yaquboğlu: Hazırda deputat kimi hansı qanunların qəbulunu vacib sayırsınız?

- Dövlətimizin inkişafı üçün həm siyasi, həm də iqtisadi islahatlar hərtərəfli getməlidir. İslahatlar əhval-ruhiyyədən asılı olmamalıdır. Məsələn, “neftin qiyməti qalxır, daha mənə lazım deyil” demək olmaz. İslahatlar deklorasiya şəklində qalmamalıdır. “İctimai nəzarət haqqında” Qanunun qəbulu haqqında cənab Prezident dəfələrlə danışıb. Qanunun qəbulunu niyə ləngidirik? Nazirlər Kabinetinə 3 ay müddət verilib, amma yerinə yetirilməyib.

Azərbaycanın müstəqillik tarixini 4 dövrə bölmüşəm. Birincisi, 1991-95-ci illərdir, bu illərdə müstəqil dövlətin qurulması, sosialist təsərrüfat sisteminin dağıdılması, Ermənistanla müharibə və torpaqların itirilməsi prosesi, siyasi anarxiya dövrü oldu. 1995-2003-cü illər isə atəşkəsin elan edilməsi, Konstitusiyanın qəbulu, siyasi sabitlik və əsrin müqaviləsinin bağlanması kimi amillərlə bağlıdır. 2003-2013-cü illərdə ölkəyə neft satışından ciddi valyuta axını gəldi, xeyli dərəcədə memarlıq, quruculuq işləri görüldü, xarici siyasətdə hücum taktikasına keçildi, eyni zamanda müəyyən dərəcədə özəlləşmə başa çatdı.

2013-cü ildən sonra isə dünyada neftin qiymətinin düşməsi səbəbindən devalvasiya oldu, manatın məzənnəsi dəyişdi. Böhrana düşməmək, daim inkişaf eləmək üçün Azərbaycan Malayziya, Honkonq, Sinqapur kimi öz modelini qurmalıdır. Qarabağın geri qaytarılması qarşımızda ciddi vəzifədir. ATƏT-in Minsk qrupu erməni diasporunun hakim olduğu dövlətlərdən təşkil edilib. Onlar torpağımızın düşməndə qalıb unutdurmaq məqsədi güdsələr, hərbi yol qaçılmaz olacaq. Bank və maliyyə, təsərrüfat sistemində ciddi islahatlar aparılmalıdır. Struktur islahatları getməlidir, istehsal və istehlakın, ticarətin yenidən qurulmasına çalışmalıyıq. Anti-inhisarçılıq, korrupsiyaya qarşı mübarizə sürətlənməlidir. ASAN xidmət vasitəsilə bunun qarşısını almaq mümkün oldu, bu proses davam eləməlidir. Parlamentin, məhkəmələrin səlahiyyətini artırmaq üçün müəyyən islahatlara ehtiyac var.

Qurban Yaquboğlu: Vaxtaşırı parlamentli respublikaya keçid, deputatların sayının artırılması və ya ölkədə siyasi plüralizmin gücləndirilməsi üçün fraksiyaların təşkili ilə bağlı çağırışlar olur. Siz siyasi islahatlarla bağlı nə düşünürsünüz?

-Fikrimcə, ilk növbədə proporsional sistem bərpa olunmalıdır. Belə olan halda partiyalar seçkidə fəal iştirak edə bilər. Gələcəkdə deputatların sayını da artırmaq olar. Parlamentdə yalnız 25 nəfər fraksiya yarada bilər. Müxalifət üçün elə bir kontingent yoxdur. Vəhdət Partiyasının proqramında parlamentli respublikaya keçid öz əksini tapıb. Amma inanmağa başlamışam ki, 1918-1920-ci illərdə prezidentli respublika olsaydı, bəlkə də ömrümüz 23 ay çəkməzdi. Torpağımızı idarə etmək üçün dövlətdə intizam şərtdir. Prezidentli respublika elədir ki, hamı prezidentin iradəsinə tabedir və bu, Qarabağ məsələsinin həlli üçün çox mühümdür. Komandada hərə bir söz deyəndə, hətta haqlı söz olsa belə, ciddi polemikalar yaranır və o polemika dərhal cəmiyyətə keçir. Ona görə də Qarabağ məsələsi həll olunanadək prezidentli respublikanı aktual hesab edirəm.

Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilən tədbirdə dedi ki, Azərbaycanın qarantı mənəm. Bu, çox cəsarətli çıxış idi, çox xoşum gəldi. Yəni Qarabağa, Azərbaycanın müstəqilliyinə cavabdeh mənəm. Böyük yükü üzərinə götürüb. İqtidar və ya müxalifətdən başqa adam o postda otursa, prezident institutu zəifləyər. İlham Əliyev həm Heydər Əliyevdən gələn ənənələri mənimsəyib, həm də özünün bir sıra dövlət və beynəlxalq təşkilat rəhbərləri ilə şəxsi münasibətləri var. Beynəlxalq siyasətdə şəxsi münasibət çox ciddi rol oynayır.

“MƏN BU HƏRƏKƏTİ PİSLƏYİRƏM”

Dilqəm Əhməd: “Sovetski”də tarixi binaların sökülməsinə qarşı ictimaiyyət ciddi reaksiya verir. Deputat kimi bu məsələni Milli Məclisdə qaldırmaq fikriniz varmı?

- Arayış verildi ki, həmin binaları bərpa etmək mümkün deyil, zədələnib... Amma qanun qanundur. Əgər rəsmi qurum binanı tarixi abidə kimi qeydə alıbsa, qanun onu sökməyi qadağan edir. Mən bu hərəkəti pisləyirəm. Bu, dövlətə qarşı yaxşı olmayan münasibət, qanunlarımıza hörmətsizlikdir. Əgər binanın tarixi əhəmiyyəti yoxdursa, komissiya yaradıb onu tarixi abidə siyahısında çıxarmaq mümkündür. Tarixi abidə şəhadətnaməsi verilən, tarixi abidə kimi qorunan binanı sökməyə kimin ixtiyarı çatır? Bu məsələnin parlamentdə qaldırılmasına gəlincə, sistemli şəkildə iş görmək lazımdır. Ciddi araşdırma qrupu olmalıdır. Təklif edirəm ki, dövlətimiz bununla bağlı komissiya yaratsın, araşdırma aparılsın.

Nemət Orucov: Bir neçə deputat var ki, cəbhədə bir yerdə olmuşunuz. Məsələn Qüdrət Həsənquliyev, Fazil Mustafa, Asim Mollazadə, Əli Məsimli... Onlarla münasibətiniz necədir?

- Cavanlığımda dünyanı ağ-qara görürdüm. Ya kiminləsə münasibət vardı, ya da heç yoxdu. Ahıl vaxtımda görürəm ki, o vaxt cəmiyyətin istəyi də eləydi. Millət qəhrəmanını gözü qarşısında görmək istəyirdi. Rəhmətlik Aydın Məmmədov deyirdi ki, dəxli yoxdur dar ağacı olsun, ya tribuna, qəhrəman insanların gözü qabağında olmalıdır. Məni əl üstündə Azadlıq meydanına gətirirdilər, özümə sual edirdim ki, buna dəyərəm? Xalq nə qədər sevirdi, o xalqdan ötrü ölmək lazım idi...

İndi yüzlərlə məktub alıram, 99 faizi şəxsi xahişdir. Deyir evim uçub, onu düzəlt. Özümün İsmayıllıda evim uçub, heç onu düzəldə bilmirəm. İnsanlar indi ancaq şəxsi məsələlərini qabardırlar. O vaxt hamı ümummilli məsələləri önə çəkirdi. Hərdən düşünürəm ki, niyə axı bu qədər adamla əlaqələri korladım.

İndi nəinki köhnə yoldaşlarla, parlamentdə olan heç kəslə münasibətləri pozmaq istəmirəm. Əlaqələri kəssəm nə əldə edəcəyəm? Əvvəl deyirdim ki, mən müstəqillik istəyirəm, o, SSRİ-nin saxlanmasının tərəfdarıdır, bu səbəbə görə düşmənəm. İndi nə deyim? Hansı qlobal problem ətrafında fikir ayrılığımız var ki? Baxışlarda fərqlər olması normaldır. Məsələn, Əli Məsimli kimi təmiz insanla niyə münasibətləri korlayım ki? Onun təmiz işləməyinin də şahidi olmuşam. Digər qardaşlarla da münasibətlərin normal olmasının tərəfindəyəm. Həyatımda kataklizmlər istəmirəm. Ailəm, yaxınlarım, qohumlarım çox əziyyətlər çəkdi...

Ruslan Xəlil: Neçə övladınız var?

- Dörd övladım, dörd nəvəm var. Bir qız nəvəm, bir qızım var. Bir oğlumun 17 yaşı var, instituta hazırlaşır, amma futboldan əl çəkmir. Digər övladlarım ali təhsillidir. Kiçik oğluma deyirəm, atanın az-çox adı var, babanın yaxşı hörməti olub, ulu baban Qaçaq Zahid Şamaxı-Göyçay qəzasında qaçaqlıq edib, tanınmış adam idi, heç olmazsa, biriniz bu adı yaşadın da.

Ruslan Xəlil: Qaçaq adını, yoxsa siyasətçi?

- Siyasətçi adını (gülür). Qayıdır ki, ata, qoy futbolçu olum, sənin adını yaşadacam. Doğrudan, yaxşı oynayır, demişəm, ali məktəbə daxil ol, davam edərsən. Övladlarımın heç biri yolumu davam eləmədi. Ataları necə ağrılı həyat keçiribsə, qaçırlar. Bir balaca oğlum hərdən fəxrlə deyir ki, atam Qorbaçova ölüm hökmü çıxarıb, müstəqillik aktına qol çəkib. Böyük övladlarımdan heç bu sözü eşitmirəm, yalandan nə deyim, heç biri yolumu davam eləmir (gülür).

Nərgiz Ehlamqızı: Hansı musiqiləri dinləyirsiniz?

- 12 yaşımda atamı itirmişəm, anam 5 il televizoru açmadı. Anam bədbəxt qadın idi, evin ikinci mərtəbəsində atamın paltarlarını saxlayırdı, məktəbdən gələndə darvazanın yanında anamın ağlamaq səsini eşitdikdə, çantamızı qapının ağzına qoyub futbol oynamağa gedirdik, ürəyimiz partlayırdı. Ona görə də musiqi dinləyə bilməmişəm.

Uşaqlıqda idmançı olmuşam, dama, futbol, hərbi qumbara atma, güləş üzrə dərəcələrim olub. İdman vaxtımı çox alırdı, oxumağa görə idmandan uzaqlaşdım. İlk dəfə Şirvan zonasında Ağsuda riyaziyyat təmayüllü məktəb açdılar. Məktəbdə 14 yaşında Leninqrada gedib Azərbaycanı təmsil etdiyim üçün müəyyən qədər tanınırdım, məni sinif nümayəndəsi qoydular.

O vaxt Zeynəb Xanlarova çox məşhur idi, Mustafa adında xalam oğlu vardı, Qarabağ döyüşlərində şəhid oldu, həmişə deyirdi ki, Zeynəb xanımı sevirəm. Deyirdim, səndən neçə yaş böyükdür... İstəyirdim mən də televizorda oxuyana baxım, amma baxa bilmirdim, anam gözümün qabağında dururdu. Ali məktəbə hazırlaşırdım, 1400 nəfər şagird təşkilatının sədri idim. İdman və musiqidən uzaq düşdüm, amma musiqi nəzəriyyəsi, mədəniyyətlə həmişə maraqlanmışam. Alim Qasımovun ifasında Şirvan şikəstəsi məni çalxalayır. Hind kinosuna baxanda hönkür-hönkür ağlayıram. Evdə mənə gülürlər.

Nemət Orucov: Təzə hind kinolarına baxırsınız?

- Yox, indikilərdən zəhləm gedir. Bayağılıq baş alıb gedir, müqəddəslik yoxdur axı. Deyirdilər, kimsə 25 yaşında evlənmək eşqinə düşüb. Guya mən cavan olmamışam, ürəyimdə istək olmayıb? İçimdə saxlayırdım, özümə qapılmışdım. On min misradan artıq şeirim var. Mən solaxay yazıram. Siyasətə, vətənə aid şeirlər istisna olmaqla qalanı bir qadına həsr edilib.

O vaxt kommunist partiyasını istəməmişəm, amma üzv olmuşam, evlənmək istəməmişəm, ürəyim məcbur edib evlənmişəm. Vəzifəyə getmək istəməmişəm, amma vəzifədə olmuşam, həyatda nə istəməmişəm, hamısını etmişəm. Axırda da xalq hərəkatına qoşuldum, onu da batırıb yaman günə qoydular.

Nemət Orucov: 80-ci illərdə hakim işləmisiniz, ən dəhşətli cinayət hadisəsi kimi hansı yadınızda qalıb?

- Heç vaxt dilimə gətirə bilmədiyim bir cinayəti unuda bilmirəm. Rayonun adını çəkmək istəmirəm, insan öz yaradanına qarşı murdar təcavüz eləmişdi. Yadıma düşəndə deyirdim, ay Allah, bu cür murdar cinayəti yadıma salırsansa, niyə məni öldürmürsən, dözə bilmirəm. Çox təəssüf ki, media indi dəhşətli cinayətləri adiləşdirib.

Nərgiz Ehlamqızı: Cəza nə oldu?

- Güllələnmə!

Nemət Orucov: Elə olubmu küçədə gedəndə cəza verdiyiniz şəxs qarşınıza çıxıb?

- Həbsxanadan nərd, şahmat, bıçaq düzəldib mənə göndərərdilər. İsmayıllıda xalq hərəkatının rəhbərlərindən biri idim. Qorbaçova ölüm hökmü çıxarandan sonra hökumət dedi ki, çıx bu rayondan, ağsulusan, get Ağsuya. İsmayıllıda insanlar meydanda iki çadır qurdular, 11 min imza toplayıb prezidentə vermək üçün Tofiq İsmayılova göndərdilər. Yazmışdılar ki, məni vəzifəyə qaytarsınlar. Milislər gələndə xalq onları dövrəyə aldı. 20 manatdan artıq olmayaraq İsmayıllı camaatı pul yığdı, heç kəsdən çox almırdılar ki, sonra mənə minnət eləməsin. 37 min manata qədər pul yığıb İsmayıllıdan ev aldılar, dedilər evi var, ondan nə istəyirsiniz? Evimi mühasirədə saxlayırdılar, tonqal qalayırdı camaat, fanatiklik dövrü idi. Ola bilsin, qarşıma çıxıb xatırlamıram...

Qələmə aldı: Nərgiz Ehlamqızı

Fotolar: Samir İsayev


Müəllif:

Oxşar xəbərlər