7 May 2016 17:04
4 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brifinq” layihəsinin qonağı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Teleqraf.com Elxan Şahinoğlu ilə söhbəti təqdim edir:

Nərgiz Ehlamqızı: Hazırda Türkiyə baş naziri Əhməd Davudoğlunun istefası müzakirə mövzusudur. İlk baxışda bu, gözlənilməz qərar təsiri bağışlayır. Sizcə, Davudoğlunu istefaya hansı amillər təhrik etdi?

- Prinsipcə mən gözləyirdim ki, Türkiyə baş naziri ilə prezidenti arasında hansısa fikir ayrılığı yaranacaq. Çünki Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş prezidentlərdən xeyli fərqlənir. Baş nazir olub, partiyasını qələbədən-qələbə aparıb, xarizmalı liderdir. Prezident olsa da, hökumətin işlərinə də qarışır. Siyasi müxalifəti ciddi tənqid edir, halbuki prezident gərək bütün partiyalardan bərabər məsafədə olsun.

Hiss edilirdi ki, son zamanlar Davudoğlu bu prosesdən narahat olmağa başlayıb. Bunun ilk cücərtisi hələ parlament seçkisi öncəsi baş verdi. Davudoğlu partiya siyahısında MİT başqanı Hakan Fidanı da istəyirdi. Ərdoğan buna etiraz elədi, media qarşısında bildirdi ki, bunun əleyhinədir, Hakan Fidan öz postunda oturmalıdır.

Sonrakı proseslərdə də, eləcə təyinatlarla bağlı da Ərdoğan müəyyən qədər hökumətin işinə müdaxilə edirdi. Sonda belə hadisə yaşandı.

"DAVUDOĞLU UĞURLU BAŞ NAZİR DEYİLDİ"

Hesab etmirəm ki, Davudoğlu 2 illik baş nazirliyi dövründə uğurlu fəaliyyət göstərdi. Məşhur konsepsiyası – qonşularla “sıfır problemi” işə yaramadı, əksinə, Rusiya və Suriya ilə münasibətlər kəskinləşdi. Düzdür, gərginliyin obyektiv və subyektiv səbəbləri də var, hər halda nəticə budur. Türkiyə Suriyadan İŞİD terroru ilə üzə-üzədir, Türkiyə tarixində ilk dəfə Ankarada, İstanbulda partlayışlar törətdi, PKK ilə faktiki savaş gedir, üstəgəl Rusiya ilə münasibətlər gərginləşib, yayda rus turist axını olmayacaq. Obyektiv səbəblər olsa da, onları Davudoğlunun uğursuzluqları siyahısına sala bilərik.

Ola bilsin Ərdoğan düşündü ki, Davudoğlu ilə partiyasının reytinqini qaldırmaq çətin olacaq, özü şərait yaratdı ki, istefa versin. Əhməd Davudoğlu professordur, akademik çevrələrdən gəlib. Amma nəzəri biliklərə sahib olmaq hələ güclü siyasətçi olmaq deyil. Baxın, Ərdoğanın o cür akademik biliyi yoxdur, amma siyasətçi kimi xarizması və inandırıcılıq qabiliyyəti Davudoğludan xeyli yüksəkdir.

Görünür, Ərdoğana başqa baş nazir lazımdır ki, kobud desək, yalnız tapşırıqları yerinə yetirsin. Türkiyə həm də seçkilərə gedəcək, prezident üsul-idarəsi parlamentdə səs çoxluğu qazanmasa, bu məsələ referenduma çıxarılacaq. Xalq səsverməsindən sonra prezident səlahiyyətləri artacaq, baş nazir onsuz da arxa plana keçəcək.

Nərgiz Ehlamqızı: Sizcə, Davudoğlunu kim əvəzləyəcək?

- Müxtəlif adlar çəkilir. Binəli Yıldırım, Numan Kurtulmuş, ədliyyə nazirinin, Ərdoğanın kürəkəninin də adları qeyd olunur. Kim olur-olsun yeni baş nazir iki istiqamətdə fəaliyyət göstərəcək: birincisi, faktiki Ərdoğanın göstərişlərini yerinə yetirəcək, ikincisi, özü hər hansı məsələ ilə bağlı təşəbbüs göstərməyəcək. Əks halda onu da Davudoğlunun taleyi gözləyə bilər.

Səxavət Həmid: Baş nazirliyə gətirilə bilənlər arasında Bəkir Bozdağın da adı çəkilir. Hesab edilir ki, o, səsləndirdiyiniz kriteriyalara daha yaxşı cavab verir...

- Türkiyə idarəetməsində əvvəl belə konsepsiya vardı: güclü cümhurbaşqanı-güclü baş nazir. Bundan sonra o konsepsiya işləməyəcək. İndi güclü cümhurbaşqanı və zəif baş nazir formulu önə çıxacaq. Baş nazirliyə Bəkir Bozdağ gətirilsə də elə bu konsepsiya işləyəcək. Çünki Ərdoğanla başqa cür əməkdaşlıq mümkün deyil. Növbəti baş nazir zəif baş nazir olacaq.

Qurban Yaquboğlu: Uzun müddət hakimiyyətdə olan AKP-dən xeyli qopmalar olub. Sabiq prezident Abdullah Gül kimi ciddi siyasətçi kənarda qaldı, Bülənd Arınc parlamentdə və hökumətdə təmsil olunmadı. İndi də Davudoğlu gedir. “Paralel yapı” adlanan camaat içərisində də siyasi meydana atıla biləsi insanlar var. Belə fikir səslənir ki, AKP-dən qopan simalarla camaatçı qüvvələr yeni partiyada birləşə bilər. Belə bir perspektiv barədə nə deyərsiz?

- Mən bir qədər fərqli fikirləşirəm. Məsələn, Türkiyədə ötən əsrin 80-90-cı illərində siyasi təşkilatlar dağılır, qopmalar olur, yeni partiyalar yaranırdı. AKP qurulandan bu yana hələ ki monolitliyini böyük ölçüdə qoruyub. Düzdür, müəyyən isimlər partiyanı tərk edib, amma tərk edənlər də qatı radikal mövqeyə keçməyiblər.

Abdullah Gül indinin özündə də partiya əleyhinə fikirlər söyləmir, Ərdoğanın siyasətini tənqid etmir. Davudoğlu istefa verir, amma and-aman edir ki, bundan sonra dilindən Ərdoğanın əleyhinə bir kəlmə də çıxmayacaq. İdeoloji xəttə sadiqdirlər...

“Paralel yapı”ya gəlincə, belə düşüncə vardı ki, “paralel yapı” AKP cazibəsindən qopsa, hakim partiya böyük uğursuzluğa düçar olacaq. Ancaq son seçkilər göstərdi ki, elə deyil. Yayda seçkilərin nəticəsinə görə, AKP təkbaşına hökumət qura bilmədi, amma əvəzini payızdakı seçkilərdə çıxdı, qazandıqları nəticələr onlara təkbaşına hökumət formalaşdırmağa imkan verdi. Bu o deməkdir ki, “paralel yapı” bu cameədə böyük səs çoxluğuna malik deyil.

Ərdoğanın ən böyük səhvi odur ki, deyir, “paralel yapı”nın işlərindən xəbərim olmayıb. Buna inanmıram. Generalları həbs etmişdilər, indi deyir, “paralel yapı”ya bağlı olan prokurorların, müstəntiqlərin əməlidir.

Cümhurbaşqanı hər detala bələddir. Şərait yaratdı, “paralel yapı”nın əli ilə ordunu zəiflətmək istədi, gördü ki, “paralel yapı” özünün də əleyhinə çalışmağa başlayıb, telefon dinləmələri həyata keçirir. Başa düşdü ki, ən böyük təhlükə generallardan yox, “paralel yapı”dan gəlir. Ona görə də ordu məsələsini kənara qoydu, “paralel yapı” ilə məsələni saf-çürük etdi.

Türkiyədə hərbçilər üç dəfə çevriliş ediblər, Ərdoğan buna son qoymaq istədi. Bunun da yolunu ordunu zəiflətməkdə gördü. Amma yanlış yol idi. Çünki ordu Türkiyə Cümhuriyyətinin qurucusudur. Atatürk, İsmət İnönü və digərləri keçmiş ordu mənsublarıdır. Ərdoğan səhvini anladı, generalları həbsdən buraxdı.

Türkiyə prezidentinin bir fikrini də haqlı hesab edirəm, “paralel yapı” liderinə deyir ki, cinayətin yoxdursa, özünə arxayınsansa, Türkiyəyə gəl. Fətullah Gülənin Amerikada olması belə təsəvvür yaradır ki, ondan kimlərsə, lap ola bilsin ABŞ- Mərkəzi Kəşfiyyat İdarəsi, yaxud başqa xarici qüvvələr istifadə edir. Nə qədər ki, Gülən ABŞ-dadır, Ərdoğan narahatlıq keçirir.

Səxavət Həmid: Hakan Fidanın adını çəkdiniz, Türkiyə qanunvericilik sisteminə görə, nazirlər həm də millət vəkili ola bilər. Fidanın iki vəzifə daşıması nəzərdə tutulurdu, yoxsa MİT-dən uzaqlaşdırılırdı?

- Onun adı siyahıya salınan kimi səhv etmirəmsə, MİT rəhbərliyindən istefa verdi. Ərdoğan da dedi ki, onun yeri parlament yox, MİT-dir. Mən də o cür düşünürəm, çünki Hakan Fidan öz işini peşəkar səviyyədə bilən bir şəxsdir.

Bildiyim qədər MİT-də keyfiyyət baxımından işlər normallaşıb. Amma anlamadım ki, Davudoğlu onu niyə parlamentə gətirmək istəyirdi.

“MÜƏYYƏN ŞÜBHƏLƏR VARDI...”

Qurban Yaquboğlu: Türkiyədə mürəkkəb vəziyyət yaranıb. Bir tərəfdən PKK ilə mübarizə aparılır, parlamentin özündə deputatların toxunulmazlığının aradan qaldırılması məsələsi var, Suriyadan Türkiyəyə raketlər atılır. Hakim partiya bu cür mürəkkəb situasiyada qurultaya gedir, baş nazir istefa verir. Azərbaycana çox yaxın qardaş ölkədə nələr gözlənilir?

- Türkiyə Azərbaycanın hərbi-strateji müttəfiqi olaraq ölkəmizi hər zaman dəstəkləyəcək. Hesab edirəm ki, Türkiyədə prezident və ya baş nazirin kimliyindən asılı olmayaraq Azərbaycanla strateji müttəfiqlik qorunacaq.

Davudoğlunun xarici işlər naziri olduğu dönəmdə də müəyyən şübhələr yaranmışdı. Çünki Ermənistan hakimiyyəti ilə danışıqlar aparılırdı, Azərbaycan hakimiyyəti bundan gec xəbər tutdu, münasibətlər gərginləşdi, İsveçrədə məlum protokollar imzalandı. Sonra Ərdoğan anladı ki, bu siyasət Azərbaycanla münasibətləri gərginləşdirə bilər, Bakıya gəldi, Milli Məclisdə çıxış etdi. Dedi ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə Ermənistanla sərhədi açmayacaq. O bu siyasətə indi də sadiqdir.

Davudoğlu da Ərdoğanın bu açıqlamasından sonra fərqli siyasət yürüdə bilmədi. Bəs indi strateji münasibətlər necə formalaşacaq? Qarabağda vəziyyət ağırdır, Rusiyanın Ermənistanda hərbi bazası var, bu hərbi baza ilə bizi qorxudurlar. Düzdür, bizim Ermənistana hücum etmək planımız yoxdur, biz öz torpaqlarımızı azad etmək istəyirik, ancaq bizi yenə də təxribata çəkə bilərlər.

Əgər belədirsə, Qarabağ probleminin həlli indi aktuallaşıbsa, Azərbaycan da Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi ilə bağlı məsələ qaldırmalıdır. 1921-ci ildə imzalanan Qars müqaviləsinə görə, Türkiyə ancaq Naxçıvanın təhlükəsizliyinə təminatçıdır. Düşünürəm ki, bunu bütövlükdə Azərbaycana da aid etmək olar.

İndi amerikalılar Gürcüstanda hərbi təlimlər keçirlər. Düzdür, orada hərbi baza yaratmayıblar, ancaq Amerika hərbçiləri Gürcüstandadır. Hadisələr elə inkişaf edə bilər ki, ABŞ bir gün özü də Gürcüstanda hərbi baza yaradar. Rusiyanın da Ermənistanda hərbi bazası var, belə halda biz neytral qala bilmərik.

Düzdür, Azərbaycan hakimiyyəti bəyan edir ki, balanslaşdırılmış xarici siyasət yürüdür. Amma indiki vəziyyətdə Türkiyə ilə bu tərəfdaşlığı inkişaf etdirməliyik.

Zakir Həsənov müdafiə naziri seçiləndən sonra həm ordumuzda, həm də Türkiyə ilə hərbi münasibətlərdə keyfiyyət dəyişikliyi baş verdi. Hər üç aydan biri iki dövlət arasında hərbi təlimlər keçirilir. Prosesi bir az da sürətləndirmək lazımdır. Rusiya xarici işlər naziri Sergey Lavrov ötən günlərdə açıqlama verdi ki, 5 il bundan qabaq keçmiş dövlət başçısı Dmitri Medvedyevin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan razılaşması olub. O razılaşmaya görə cəbhə bölgəsində insidentlər araşdırılmalıdır.

Açığı, bu, bizim maraqlara cavab vermir. Həmin razılaşma işlək mexanizm qazansa, bizə imkan verməyəcəklər ki, işğalçını hərbi təzyiq altında saxlayaq. Bu baxımdan Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasını yerində hesab etdim. Bildirildi ki, biz insidentlərin araşdırılmasının əleyhinə deyilik, ancaq birinci növbədə torpaqlar işğaldan azad edilməlidir.

Lavrovun məntiqindən belə çıxır ki, ermənilər nə torpaq işğal ediblər, bununla razılaşın, ancaq ona təzyiq etməyin. Buna kim razı olar? Rusiyanın özü 2 dəfə çeçenlərlə savaşdı. 1996-cı ildə Xosovyurdda çeçen mücahidlərlə atəşkəs razılaşması oldu, bəs sonra nə baş verdi? 1999-cu ildə çeçen mücahidlərinin bir hissəsi sərhədi Dağıstan tərəfə keçdi. Yeltsin Vladimir Putini o zaman yeni baş nazir təyin etmişdi, Çeçenistanın altını üstünə çevirdilər. Qərb onlara insidentlərin araşdırılması lazım gəldiyini deyəndə Putin bildirdi ki, biz terrorçularla savaşırıq, ərazi bütövlüyümüzü təmin etməliyik. Yaxşı, Rusiyaya olar, bizə yox?!

Rusiyanın son təklifləri maraqların əleyhimizədir və bizə təzyiq elementi də var. Bundan çıxış edərək düşünürəm ki, Azərbaycan Türkiyə ilə hərbi-strateji müttəfiqliyi daha üst səviyyəyə çıxarmalıdır.

Ruslan Xəlil: Bu, Azərbaycan üçün riskli deyilmi?

- Əlbəttə, risklidir, Rusiyanın müəyyən təzyiqləri ilə üzləşə bilərik. Amma gəlin fikirləşək, Rusiya hansı məntiqlə bunun əleyhinə çıxa bilər ki? Bizə desələr ki, niyə Türkiyə Azərbaycanda hərbi baza yaradıb, sual edəcəyik ki, Rusiyanın hərbi bazası Ermənistanda nə gəzir?

Düzdür, çalışırıq ki, Rusiya ilə münasibətlər korlanmasın, strateji tərəfdaşlığımız davam etsin. Rusiyadan böyük ölçüdə silah alırıq. Amma Türkiyə hərbi bazasının burada yerləşdirməklə Rusiyanın əleyhinə çıxmırıq ki? İnanmıram ki, Rusiya bu mənada Azərbaycanla körpüləri yandıracaq. Demirəm, dərhal bazalar yerləşdirilsin. Ancaq Rusiya Ermənistana təsir etmək istəmir. Cəbhə bölgəsində dördgünlük savaşdan sonra Azərbaycan cəmiyyətinin bir hissəsində belə müsbət gözlənti vardı ki, bəlkə Rusiya bu dəfə Ermənistan hakimiyyətinə təsir edib heç olmasa, Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasını təmin edər.

Amma Rusiyanın Ermənistana təsir və təzyiq etmək planı yoxdur. Proqnozuma görə, yaxın 2 ayda danışıqlarda kiçicik irəliləyiş olmasa, yay aylarında toqquşma ehtimalı artacaq. Bu halda aydındır ki, Rusiya Ermənistanı dəstəkləyəcək. Bu yaxınlarda polşalı jurnalist sual verdi ki, qorxmursunuz, Rusiya desantları necə ki vaxtilə Krım və Donbasda peyda olduğu kimi, Ermənistan üzərindən Qarabağda peyda olar? Cavab verdim ki, iki il öncə Donetskdə idim, desantların binaları necə ələ keçirdiklərini gözlərimlə görmüşəm.

Əgər Rusiyada belə məntiqsiz qərara gəlsələr, anlamalıdırlar ki, birincisi, Azərbaycanla münasibətlər korlanacaq. Necə ki, Ukrayna, Gürcüstan və Türkiyəni itiriblər, Azərbaycanı da itirəcəklər.

İkincisi, anlamalıdırlar ki, burada da Türkiyə, Pakistan, ərəb ölkələrindən, İranın özündən azərbaycanlılar peyda olacaq və müharibə regional xarakter daşıyacaq. Hətta savaşın Şimali Qafqaza inikas olunması təhlükəsi də var ki, bu, heç Rusiyanın maraqlarına cavab vermir.

ÜÇ MÜTTƏFİQİMİZ HANSI ÖLKƏLƏRDİR?

Səxavət Həmid: Yəni, müsəlman ölkələrindən ciddi dəstək istisna olunmur...

- Bəli, bizim Qarabağ münaqişəsində üç strateji müttəfiqimiz var: Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı. Bu üç dövlətin Qarabağa görə Ermənistanla diplomatik münasibətlər saxlamır. Bəzən Səudiyyə Ərəbistanını tənqid edirlər, deyirlər, o ölkə radikal sələfiliyi yayır. Amma nə iş görməsindən asılı olmayaraq Səudiyyə faktiki Qarabağ münaqişəsində bizim strateji müttəfiqimizdir.

İndi 90-cı illər deyil, geosiyasi vəziyyət dəyişib, enerji resursları dünya bazarlarına daşınır. Bizə dəstək böyük olacaq. Son döyüşlərdə izlədim, Qərb mediası çox obyektiv mövqe tutdu. Hətta bəzi rus politoloqları da açıq deyirdilər ki, Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Rusiyanın özündə də belə düşünənlər var.
Rusiya başını aşağı salıb separatçılara dəstək verərsə, Azərbaycana da başqa ölkələrdən dəstək gələcək. Bu, Rusiyanın maraqlarına cavab vermir.

Ruslan Xəlil: Rusiya Donetski, Krımı aldı, Ukraynanı, Gürcüstanı, bu tərəfdən Türkiyəni itirdi. Ermənistan da Rusiyaya xeyir verməyən ölkədir, eyni zamanda Avrasiya və Gömrük ittifaqlarının taleyi sual altındadır, iqtisadiyyatı xeyli zəifləyib. Rusiyanı nə gözləyir?

- Bəzi tədbirlərdə Rusiya prezidentinə və xarici işlər nazirlərinə də bu cür sual ünvanlanıb. Onlar cavab verirlər ki, necə yəni dostlarımız yoxdur? Bəs Qazaxıstan, Belorus?.. Həqiqətən Rusiyanın indiki siyasəti ona gətirib çıxarıb ki, dostları və müttəfiqləri qalmayıb. İki il öncəyə qədər Ukrayna və Türkiyə Rusiyanın strateji tərəfdaşları idi.

Dördgünlük savaş onu göstərdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da yox kimidir, bu təşkilat sırf Ermənistan və Rusiya ittifaqından ibarətdir.

4 günlük döyüş zamanı İrəvanda Avrasiya İqtisadi Birliyi liderlərinin görüşü olmalı idi, Qazaxıstan və Belorus görüşdən imtina etdilər. Dedilər, gəlsək bizi Ermənistanı dəstəkləmiş tərəf kimi tərənnüm edə bilərlər. Hətta Belorus xarici işlər naziri uzağa gedərək açıqlama verdi ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik.
Rusiyanın indiki siyasəti ona gətirib çıxarıb ki, dostları azalıb, maraq dairəsi separatçıların üzərində qurulub. Rusiya Ermənistanın arxasından çəkilsə, hərbi və diplomatik baxımdan Ermənistan təklikdə həll edə bilmərik.

Ruslan Xəlil: Nə vaxta qədər gözləməliyik?

- Gözləməyin əleyhinəyəm. Qoy, Rusiya bizimlə hesablaşsın. Biz Rusiya ilə hesablaşdıqca, Qarabağ məsələsini həll edə bilməyəcəyik. Rusların gözəl sözü var, sən doğru bildiyin işi gör, nəticəsini düşünmə. Söhbət hələ bizim tankların Xankəndinə daxil olmasından getmir, hələ Qarabağın ətrafının boşaldılmasından gedir.

Bir məsələ də var. Ağdam səmasında helikopter vurulanda, yaxud strateji yüksəklikləri ələ keçiriləndə hansı dövlət, o cümlədən Rusiya bizə irad bildirdi ki, niyə helikopteri vurmuşunuz, yaxud yüksəkliyi ələ keçirmişiniz? Biri də demədi, çünki anlayırlar ki, bura bizim haqqımızdır. Biz hələ Xankəndi aeroportunu bombalamamışıq, halbuki ona da haqqımız çatır.

Ruslan Xəlil: Bəs döyüşləri niyə davam etdirmədik, savaş cəmi dörd gün çəkdi?

- Burada Rusiya amilinin olduğunu qeyd edirlər, guya Rusiya təzyiq etdi. Düzdü, müəyyən təzyiq oldu. ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən Fransa ilə ABŞ kənarda qaldı, Rusiyadan zənglər, səfərlər ard-arda düzüldü. Putinin təşəbbüsü ilə atəşkəsə nail olundu. Bununla belə, düşünürəm ki, Rusiya amilini şişirtmək lazım deyil.

Ola bilsin, döyüşlər hərbi nöqteyi-nəzərindən dayandırıldı. Biz hərbi mütəxəssis deyilik, Azərbaycanda hərbi vəziyyəti də iki nəfər – prezident və müdafiə naziri doğru bilir. Yəqin elə şərait yaranıb ki, müvəqqəti ara vermək məcburiyyəti ortaya çıxıb.

Düşünmürəm ki, döyüş Rusiya təzyiq ilə dayandırılıb. İmkan olsaydı, Sərsəng su anbarını götürmək olardı. Mümkündür ki, hərbi itkilərin böyük olmaması üçün bu qərar verilməyib. Yoxsa Ağdərəni boşalda bilsəydik, yaxud Sərsəngi ala bilsəydik, inanmıram, buna Rusiya faktoru mane olardı.

Qurban Yaquboğlu: Bu tip böyük əməliyyatların qeyri-rəsmi söhbətləri də olur. Deyirlər, ordumuz xeyli irəliləyibmiş, hətta Füzulinin, Cəbrayılın özünə də daxil olubmuş...

- Ordumuz yüksəkliklərdən bir neçə kilometr qabağa irəlilədiyini mən də eşitdim. Görünür, hərbi nöqteyi-nəzərdən həmin yerdə dayanmaq çətinmiş. Ona görə qərar verilib ki, təzədən strateji yüksəkliklərə qayıdılsın. Növbəti strateji yüksəkliyin ələ keçirilməsi, bir neçə kəndin azad edilməsi mümkün olsaydı, məncə, buna gedilərdi... Sosial sifariş də vardı, cəmiyyət məəttəl qaldı ki, niyə dayandıq?

Bu savaş 4 gün çəksə də, müsbət nəticələri oldu. Bizdə məğlubiyyət kompleksi yaranmışdı, onu aradan qaldırdıq. Mən özüm xaricdə konfranslarda iştirak edəndə narahatlıq keçirirdim, sual verirdilər, deyirdim ki, lazım gəlsə, müharibə edib torpaqlarımızı qaytararıq. Mənə baxırdılar ki, lazımdırsa, niyə bu işi eləmirsiniz?
Biz bu kompleksdən qurtardıq. Göstərdik ki, savaşa bilirik, torpaqlarımızı geri ala bilirik.

Diplomatik zəmində də bu, uğurdur. Çünki artıq bütün dünya Dağlıq Qarabağ ətrafındakı rayonlardan da danışmağa başladı. Bəziləri heç bilmirdi, Qarabağ rayonu ətrafındakı rayonlar da işğal altındadır. Elə sanırdılar ki, ermənilər ancaq Dağlıq Qarabağı işğal edib, daha bilmirlərdilər ki, 7 rayon da var.

SƏRKİSYANIN SİYASİ KARYERASININ SONU...

Ruslan Xəlil: Ermənistan daxilində də ciddi müzakirələr başlayıb...

- Üçüncü istiqamət o idi ki, dördgünlük savaş Ermənistan cəmiyyətində ciddi polemika yaratdı. Buna qədər Serj Sərkisyan rahat oturmuşdu. İndi Köçəryan Moskvadan qayıdıb, Sərkisyan Levon Ter-Petrosyanla ittifaq axtarır. Məncə, 4 günlük savaş Sərkisyanın siyasi karyerasını sona çatdırdı.

Bu döyüşlər Rusiya-Ermənistan hərbi ittifaqına da kölgə saldı. Ermənilər narazı qaldılar ki, Rusiya niyə Azərbaycana silah verir, halbuki biz silahı pulla alırıq, 5 milyard dollar vermişik. Rusiya hərbi sənaye kompleksi üçün o pullar vacibdir. 1990-cı illərdə beynəlxalq təşkilatların xətti ilə iki dəfə Ermənistanda olmuşam, o zaman Köçəryan prezident, Sərkisyan daxili və milli təhlükəsizlik naziri idi. İkisi ilə də görüşmək imkanım oldu, xeyli suallar verdim.

Onların ümumi fikri bu oldu ki, biz bu yerləri vuruşub almışıq, siz istəyirsiniz ki, o torpaqları danışıqlar masasında təhvil verək. Bu 4 günlük savaş onların özünə də lazım idi, cəmiyyətinə başa salsınlar ki, azərbaycanlılar bizdən əl çəkən deyillər, nə vaxtsa 7 rayonu boşaltmalıyıq.

4 günlük döyüşdən sonra Sərkisyan ilk dəfə 5 rayon məsələsini dilindən çıxardı. Dedi, Kazanda 5 rayonun boşaldılması məsələsini danışmışdıq, amma... “Amma”dan sonrakı ifadənin əhəmiyyəti yoxdur, əsas cümlənin birinci hissəsi idi. Artıq Sərkisyan 5 rayonun boşaldılması məsələsini tələffüz etməyə başlayıb. Anlamalıdırlar ki, 7 rayon boşaldılmayana qədər nə atəşkəsə riayət olunacaq, nə də insidentlər araşdırılacaq.

Daha bir məsələni yaxşı qaldırıblar. Bunu çoxdan danışıqların predmetinə çevirmək lazım idi. Laçından necə koridor açıb orada sülhməramlı qüvvələr yerləşdiriləcəksə, eynilə Naxçıvanla Azərbaycanı birləşdirən Mehri koridoru da açılmalıdır.

Səxavət Həmid: Ermənistan müdafiə naziri Seyran Ohanyana erməni deputatları ilə görüşdə sual verildi ki, Rusiya nədən Azərbaycana bu qədər silah satır? O da cavabında dedi ki, narahat olmayın, Azərbaycan bunun üçün çoxlu nefti və dolları var, ancaq Rusiya o silahları bizə xeyli ucuz verir...

- Ohanyanın sözündə müəyyən həqiqət var. 1990-cı illərin ortalarında Rusiyada Lev Roxlin adlı bir deputat vardı. Dövlət Dumasında məsələ qaldırdı ki, əlimdə faktlar var, Rusiya Ermənistana qeyri-qanuni 1,5 milyard dollarlıq silah-sursat verib. O zaman mərhum dövlət başçısı Heydər Əliyev də bu məsələni üstə düşdü, getdi Moskvada Yeltsinlə görüşdü.

Azərbaycanla Rusiya arasında bu məsələnin araşdırılması üçün ikitərəfli komissiya yaradıldı. Putin prezident seçiləndən sonra bu məsələ unuduldu.

Rusiyanın Ermənistana rəsmi şəkildə 200 milyon dollar məbləğində silah satdığı deyilir, mən şübhələnirəm ki, Rusiya qeyri-rəsmi Ermənistana silah ötürür, həmin silahlar da Dağlıq Qarabağda peyda olur. Tərtər və Ağdamın bombalanması elə-belə hadisə deyildi. Mənə görə, burada Serj Sərkisyanın iki məqsədi vardı.

Birincisi, 90-cı illərin təfəkküründən çıxış edərək düşünürdü ki, mülki əhalini qorxutmaqla Xocalı soyqırımı sindromunu təkrarlaya biləcək, yerli əhali yaşayış məntəqələrini tərk edəcək. Bu, alınmadı. İkinci məqsədi o idi ki, Rusiyadan təzə silah aldığını nümayiş etdirsin. Mənə elə gəlir, həqiqətən Rusiya Ermənistan üzərindən separatçılara silah-sursat ötürür. Çünki Rusiya münaqişənin ədalətli həllini və Azərbaycanın Dağlıq Qarabağda nəzarətini bərpa etməsini istəmir. Putin istəyir, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalsın ki, o, həm Ermənistana, həm də Azərbaycana təsir etsin.

“ŞUŞA İLƏ BAĞLI FİKRİM DƏYİŞMƏYİB”

Qurban Yaquboğlu: Siz “Brifinq” layihəsinin həm də Şuşanın işğalı ərəfəsində qonaq olursuz. Əslən şuşalı olduğunuzu da bəlkə bəziləri bilmir. İllər keçəndən sonra necə düşünürsüz: Şuşanı qorumaq olardımı? Şuşanın itirilməsi ilə bağlı fikirləriniz dəyişməyib ki?

- Mənim anam şuşalıdır, ana babam bəymiş, sovet hakimiyyəti qurulan kimi məcbur qalıb Bakıya köçüb, İçərişəhərdə ev alıb, anam da Bakıda doğulub. Atamın atası Şuşanın Malıbəyli kəndində doğulub, sonra Ağdama köçüblər. Şuşanı qarış-qarış gəzmişəm, Xankəndinin özündə də dəfələrlə olmuşam. Həmişə atama deyirdim ki, Şuşaya, Ağdama gedirik, ancaq Xankəndi başqa aləmdir, elə bil Amerikanın hansısa şəhərindəsən. Baxırdım ki, ermənilər yağ-bal içində yaşayır. Orada müasir binalar, tikintilər vardı...

Bəzən insanda 20-25 il sonra fikirlər dəyişir, ancaq bu hadisə ilə bağlı məndə heç bir fikir dəyişikliyi olmayıb.
Hesab edirəm ki, Şuşanı heç bir halda təslim etmək olmazdı. Onun işğalı isə mümkün deyildi. Aşağıdan qalxıb o yeri götürməlisən... Keçmiş hakimiyyətin səriştəsizliyi, daxili qüvvələr arasındakı toqquşmalar xəyanətə gətirib çıxardı. Halbuki Şuşa əlimizdə olsaydı, bu saat söz sahibi biz idik.

Gördülər, Azərbaycan bir-birinə qarışıb, Şuşanı da, Ağdamı da işğal etdilər. Ağdamın ələ keçirilməsi heç bir ağdamlının ağlına gəlməzdi. Ağdam separatçıların qarşısında sipər idi. Xankəndindəki separatçılar da ağdamlılardan çox qorxurdular.

Səxavət Həmid: Ağdamın əhalisi də çox idi, yalnız azərbaycanlılarıdı...

- Azərbaycan Xalq Cəbhəsinin dayağı da orda güclü idi. Tüfənglə, tapança ilə savaşırdılar. Düşünürəm ki, xəyanət oldu, torpaqları əldən verdik.

İndi biz Şuşadan danışmırıq, danışmırıq, bütün suallar Qarabağın ətrafı ilə bağlıdır. Şuşa hələ sonrakı mərhələdir, əvvəl məcburuq 5+2 rayonu qaytaraq. Ermənilər Ağdamda, Füzulidə heç bir məskunlaşma aparmırlar, ancaq Şuşada məskunlaşma var. Bir təhlükə də ondadır. Deməli, düşünürlər ki, hər yeri versək də, Şuşanı verməyək, belə bir düşüncə var...

Düzdür, bununla biz də heç vaxt razılaşa bilmərik, düşünürəm ki, pafoslu səslənsə də, güc yolunun alternativi yoxdur. Vacib deyil ki, tanklar Xankəndinə getsin, ancaq düşmən bizim gücümüzü görməlidir. 4 gündə gördü, yenə görməlidir.

Biz psixoloji nöqteyi-nəzərdən savaşa hazırıq, kobud desək, itkilərə də hazırıq, 10 milyon əhalimiz var, onlar heç 2 milyon da deyillər. Ermənilər psixoloji cəhətdən itkilərə hazır deyil. Çünki Ermənistanda yaşayan valideyn övladının Ağdam və Füzulidə ölməsini istəməz.

Nərgiz Ehlamqızı: Siyasətdən, politologiyadan yorulanda necə istirahət edirsiz?

- Bu yaxınlarda evdə yoldaşım ABŞ-dakı prezident seçkiləri ilə bağlı bir sual verdi. İki cümlə ilə izah elədim, gördüm narazı qaldı. Səhəri gün telekanalların birində 20 dəqiqə bu mövzuda danışası olduq. Verilişdən çıxıb evə gələndə yoldaşım gileylənir ki, sən mənə 2 kəlmə ilə izah eləmədin, verilişdə 20 dəqiqə danışdın, verilişə baxdım hər şeyi başa düşdüm (gülür).

Nərgiz Ehlamqızı: Deməli, ailənizə vaxt ayıra bilmirsiniz...

- Məsələ burasındadır ki, mən evdə çalışıram. Bəzən dostlarla da elə evdə görüşürəm, iş şəraitim pis deyil. Yoldaşımla nişanlı olanda operaya, konsertlərə həvəsimiz vardı, tez-tez gedərdik. Son illər məşğulam deyə bunlara çox vaxt ayıra bilmirəm.

“Atlas” Araşdırmalar Birliyi həftəlik Azərbaycan və ingilis dillərində bülleten də buraxır. Xəbərlərlə yanaşı idman oyunlarına da baxıram, beynin yorğunluğunu alır, yaxşı film olanda izləyirəm. Psixoloqlar deyir, əgər xoşaldığın film varsa, ona bir neçə dəfə bax. “Xaç atası” filminə tez-tez baxmaqdan zövq alıram.

Qələmə aldı: Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər