Teleqraf.com-un “Brifinq” layihəsinin budəfəki qonağı məşhur araşdırmaçı, ozan Fəxrəddin Salimdir.
Mövlud Mövlud: Ustad, sizi redaksiyada görməkdən məmnunuq, çox sağ olun ki, dəvətimizi qəbul edib, gəlmisiniz. İstəyirəm söhbətə dünyanın bugünkü mənzərəsindən başlayaq. İraqda, Suriyada baş verənləri ürəkağrısı ilə izləyirik. Son illərdə dünya bir xaos içindədir. Hətta sakit yaşayan Avropa ölkələrində silsilə terror hadisələri baş verir. Bütün bunların fonunda idealistlər insanlığın çıxış yolunu nədə görürlər?
- Çox sağ olun. İdealistlər dediniz, gəlin əvvəlcə fəlsəfəyə aydınlıq gətirək. Fəlsəfə yoxdur. Elmin parçalandığı, kompleks bilgilərin yox olduğu zamandan bu yana fəlsəfə sözə çevrilib. Sadəcə, kəlam elmidir. Onsuz da Şərqdə fəlsəfəyə bir zamanlar kəlam elmi deyirdilər. Qədimdə iki elm olub: fəlsəfə və tibb. Doğrusu da budur. O mənada idealist və materialist baxış anlayışları ilə razılaşmıram. Mən idealist deyiləm, heç materialist də deyiləm. Necə ki, nə dindaram, nə də ateist.
Dünya həmişə qovğa içində olub. Dünyanın bir yeri kosmosdan odlu-alovlu, başqa yeri yaşıl görünür. Bəzən bu rənglər yerini dəyişir. Kosmosdan baxanda görürük ki, bir zaman yaşıl, mavi görünən tərəfdən alov qalxır və ya əksinə. İdealist, dindar olsaydım, deyərdim qiyamət günü yaxınlaşır. Min il qabağın yazılarında qiyamət “yaxınlaşırdı”, rus demişkən, “vot-vot” qiyamət idi. Bütün nişanə və işarələri ilə dünya yenə dağılmadı. Qiyamət nədir axı? Qiyamət heç dağılmaq deyil ki.
Mövlud Mövlud: Bəs nədir qiyamət?
- Qiyamət “qiyam” sözündən götürülüb, oyanış deməkdir. Qiyamət olsaydı, nə gözəl olardı, o gün şüurların oyandığı gün olardı. Şüurlar da ancaq ikilikdən, yəni materialdan-idealdan, ateistdən-dindardan, Qərbdən-Şərqdən, xeyirdən-şərdən, qaranlıqdan-işıqdan qurtulduğu zaman oyanacaq. Şərq təsəvvüfü deyir ki, ikilikdən birliyə yetişək. Şah Xətai söyləyir:
İki can idik birləşdik,
Məhəbbət qapısın açdıq,
Şükür didara erişdik,
Dədəm, xoş gəldin, xoş gəldin.
Dünya vəhdətdən başlayıb, sonra parçalanıb. İndi yenə vəhdətə gedir. İkilikdən üçüncü yola – həqiqətin olduğu yerə qovuşmaq... Həqiqətin olduğu yer də azadlıqdır. Azadlığın antonimi əsarətdir. Bu gün bəşər ikiliyin, cəbhələşmənin əsarətindədir. Cəbhələşmə olduğu zaman hər kəs özünü haqlı sanır. Haqq isə Allahdır. Deməli, hər kəs özünü Allah sanır. Heç kim deməsin ki, mən özümü Allah saymıram, Allahlıq daha necə olar? Düşünün, evdəki uşağın həyatından tutmuş siyasətə qədər hər şeyə müdaxilə edirik. Bildi-bilmədi, anladı-anlamadı genetik modifikasiya laboratoriyalarından tutmuş adi kənd yerində velosiped təkərindən elektrik çəkən salyanlıya qədər hamımız xilqətə müdaxilə edirik. Amma insanın xilqətində tanrılıq var. İkiliklərdən biri də hərb və sülhdür. Görürsünüz, heç olmazsa, bunların ikisindən biri həqiqət olsaydı, bəşəriyyətə bir fayda gətirərdi. Bəşəriyyətə nə savaşdan, nə də barışdan fayda gəldi.
Nərgiz Ehlamqızı: Barışdan da gəlmədi?
- Yox, fayda gəlmədi, barışdan savaş doğdu. Bütün barışlar savaşa hamilədir. Bilin ki, dünyanın hansı bölgəsi nə qədər çox barış içində qalırsa, onun bir gün doğacağı savaş daha əzəmətli və can alarcasına olacaq.
Mövlud Mövlud: Görünür, həqiqi barış deyil...
- Barış nədir axı? Barışın gəldiyi yerə baxın, barış savaşın bətnindən doğulub. Doğulan hər şey ehtiyacdan doğulur. Barış nəyə olan ehtiyacdır? Deməli, savaş var ki, barışa ehtiyac var. Xilqəti savaş olan bir bətnin doğduğu körpə nə mahiyyət daşıya bilər?
Hər kəsin gözündə bir eynək var, o eynəyin şüşəsi hansı rəngdədirsə, dünyanı o rəngdə görür. Məni gördüyünüz rəngin tərəfində duranlar deyir ki, bəşərin xilası, qurtuluşu eşqdədir. Eşqin özündə də ikilik var. Görürsünüz, gəldilər iki yerə ayırdılar: ilahi və insani eşq. Bunu dindarlar uydurdu. Sufi deyilən zümrələr, tutaq ki, Osmanlı, indi İran, o vaxt Xilafət, çünki təsəvvüf ərəb yarımadasından qabaq da vardı. Baxdılar ki, aşiqlərin, sufi deyilən cəmiyyət olaraq sayları çoxdur. Bunların nə hamısının Həllac Mənsur, Nəsimi kimi dərisini soymaq mümkündür, nə Eynəlqüzzat Miyanəçi kimi yandırmaq, nə də Şihabəddin Söhrəverdi kimi paralamaq. O boyda cəmiyyətlə necə bacarasan? Onu cəbhələşdirməyə başladılar, ikiyə böldülər. İlahi eşq sözünü, təsəvvüfün, sufizmin içərisinə şəriət gətirib salıb. Yəni ey bəşər, bunlar ki eşq-eşq deyir, bu Allaha eşqdir ha, insana eşq ayrı şeydir. Yenə insan arxa plana keçdi, yenə insanı Allahdan ayırdılar.
Renessans sözünü mədəniyyətə bağlayırlar, bu söz sırf incəsənət termini deyil. Oyanış məhz qiyamət deməkdir. İntibah sözü renessans sözünün tam olaraq tərcüməsi deyil. Necə ki panteizm sufizm deyil. Mənim fikirlərim inanc kateqoriyasına daxil deyil ki, deyəm inanan inansın, inanmayan özü bilər. Bu, inanc da deyil, sizə həqiqəti deyirəm. O həqiqəti ki, canımda sınamışam. O maddəni ki sistemlə öz bədənimə qoşmuşam. Bir nəfər Mövlanədən soruşdu ki, istəyirəm bu gecə Allahın Rəsulunu yuxuda görüm, nə edim? Mövlanə dedi get bu axşam yatana qədər ovuc-ovuc duz ye, gecə nə görsən, gəl sabah mənə de. Səhər olur adam yenə gəlir. Mövlanə soruşur, oğul, yapdınmı dediyimi? Deyir yapdım. Yuxuda nə gördün? Qayıdır ki, yuxuda səhərə qədər bulaq, çay, şəlalə, su görmüşəm. Mövlanə deyir gördünmü oğul, peyğəmbərə də susamaq lazımdır. Bu insanlar Allaha susayanlardır, özünə susayanlardır. İnsan oğlu səmavi kitablar gəlmədən çox daha öncə xaliqlə bir idi, sonra parçalandı. Peyğəmbərlik institutunun özü fəlakətdir. Daha doğrusu, fəlakətin əlaməti, görüntüsüdür. Görün insan Allahdan nə qədər uzaq düşdü ki, Allah elçilər vasitəsilə insanlara ulaşmağa çalışdı. Seçilmişlər, ən təmizləri, sadiqlər, həyatı boyu heç vaxt yalan danışmayanlar seçildi. Təkcə Məhəmməd əmin deyildi ki, Musa da, İsa da əmin idi. Hamısı inanılmış şəxslər idi, Məhəmməd əmin adını 18 yaşında alıb, onda heç peyğəmbərliyin qoxusu burnuna dəyməmişdi. İnsan Allahdan elə aralı düşdü ki, fəcr oldu, Allahı sapandla kainatın o biri başına tulladılar, görünməz bir yerə getdi. Bəşər milyon ildir axtarır ki, hanı Allah? Mifoloji təfəkkür olanda bir cür, bütpərəstlik zamanında ayrı cür, adına səmavi din dedikləri monoteistlər vaxtında başqa bir yolla axtarış edirdilər. Metafiziklər tamam ayrı yolla axtarırlar. Tapan yoxdur. Bu, axtarmaqla tapılan şey deyil.
Mövlud Mövlud: Bəs nə ilə tapılır?
- O itməyib ki. Heç yana getməyib. Biz bizdən uzaq düşmüşük. “Qaf” surəsində buyurulur: “Elə sanırsınız uzaqdayam, mən şah damarınızdan belə yaxınam sizə”. Deyir əllərinizi açıb məni harada axtarırsınız? Qollarını var gücləri ilə açıb qışqırırlar “Ya Rəbb!” Elə bilirlər bərk qışqırdıqca onları eşidəcək Allah, düşünürlər ki, möhkəm bağırmaqla, bir yerə çox toplaşmaqla eşidəcək. Bu səs-küydən Allahın başı-qulağı getdi. 1400 ildir ki, ən cavan din belə Allahı cana doydurub. Görün indi qoca dinlərin əlindən nələr çəkir. Bunun içinə hələ çox fırıldaq girməyib. Heç olmazsa, göndərdiyi kitabın mətni, quruca sözü toxunulmaz qalıb. Görün “Tövrat”, “İncil” nə haldadır.
Mövlud Mövlud: Din alimləri Sizin danışdığı şeylərə küfr deyirlər...
- Bəli, mən kafirəm, özü də bir nömrəli kafir. Çünki o damğanı Nəsimi ilə bərabər 600 il qabaq yemişəm. Bədənim o damğaya adət edib. Nəsimi kimi əlbisələrimi çıxarsanız, hər tərəfimdə küfr damğası görərsiniz. Mənəvi anlamda küfr soyunmaq, açılmaq, qurtulmaqdır. Küfr bir qayıqdır, səni çayın bu tayından o tayına keçirir. Küfr qayığına minməsən, iman sahibindən eşq sahibinə gedə bilməzsən.
Rəqsanə Həsənova: Dindar olmadığınızı dediniz, kitabınızda Həzrət Əlinin kəlamlarına yer vermisiniz...
- Çünki Həzrət Əli də mənim kimi aşiq idi.
Rəqsanə Həsənova: Məhəmməd peyğəmbəri qəbul etmirsiniz?
- Əvvəlcə görün o məni, belə bir dostu olduğunu qəbul edirmi?
Nərgiz Cavadzadə: Həzrəti Əlini sufi hesab edirsiniz?
- Sufi hesab etmirəm. Sufi avropalıların uydurduğu ümumi kəlmədir.
Nərmin Muradova: Yaxşı, irfan əhli deyək...
- Dünyada bütün irfan əhli dediyiniz şəxslərin hamısının istinad nöqtəsi Həzrəti Əlidir.
Həqqin yolçusuyam əzəl başından,
Ələst aləmində demişəm bəli.
Həqiqətdən iki gözəl sevmişəm,
Birisi Məhəmməd, birisi Əli.
Aşıq Ələsgər yazıb.
Bu, şiəlik deyil ha! Bu, çox incə nöqtədir. Ariflər deyirlər yol Zülfüqardan itidir. Yol getdikcə itiləşir, onun üzərində yürümək daha da çətinləşir. Məhəmmədsiz Əli, Əlisiz Məhəmməd yoxdur. Dində bəlkə də var, eşq aləmində bulağın başı onlardır. Peyğəmbərimiz buyurur elmin şəhəri mənəm, qapısı Əlidir. Amma eşqin şəhəri Əlidir, qapısı Məhəmməd. Əliyə Məhəmməddən açılmayan qapıdan girmək olmaz. Bacadan girərsən, onda da olarsan oğru.
Qurban Yaquboğlu: Niyə Həzrəti Əlidir, Həzrəti Əbubəkr deyil?.. Axı klassik sufizmin mənbəyi olaraq Həzrəti Əli və Həzrəti Əbubəkr götürülür...
- Siz “Həzrəti Əli” sözünü dediniz, mən o sözü heç işlətmirəm. Həzrəti Əli İbn Əbutalib məfkurəsi ilə yanaşsaq, siz haqlı, mən tamamilə haqsızam. Mən Əlidən danışıram. Yaxşı, Həzrəti Əbubəkr deyək, onun təsəvvüfdəki yolu danılmazdır. Çünki yol peyğəmbərdən gəlir. Bilirsiniz, mən burada tarix araşdırmaq istəmirəm. “Təsəvvüf Əbubəkrdən, yoxsa Əlidən gəlib” mübahisəsi eynilə “Ömər Fatiməni qapının ağzında sıxıb qabırğasını sındırmışdımı?”, Yezid yaxşı oğlan idi, ya yox?” mübahisələrinə bənzəyir.
Qurban Yaquboğlu: Qətiyyən! Yezid tamam başqa anlayışdır.
- Siz məni təxribata çəkirsiniz, mən bəyəm Əbubəkrlə Yezidi müqayisə elədim? Belə incə məqamlara toxunmayın.
Qurban Yaquboğlu: Sualım ondan ibarət idi ki, bəlkə bunun dəlili var? Bəlkə sufizmin özündə Əlinin elə bir statusu var ki, mən onu bilmirəm. Dəlil nədir?
-Bəli o status var. Dəlili mən sizə izah edə bilməyəcəm...
Qurban Yaquboğlu: Nəqşibəndilikdə Əbubəkr xətti var.
- Təkcə nəqşibəndilikdədir. İkinci bir sufi təriqətində Əbubəkr xətti yoxdur.
Qurban Yaquboğlu: Xəlvətilikdə...
- Yoxdur. Bircə nəqşibəndilikdə Bahəddin Nəqşibəndi həzrətləri dedi ki, təsəvvüf Əlidən gəlib, amma həm də Əbubəkrdən gəlib. Təsəvvüf təriqətlərinin əksəriyyəti sünnidir. Zikrdən qabaq əhli-sünnə namazını qılar, amma zikrdə Əlinin zikrini çəkərlər. Mən onların “Ya Əbubəkr” dediklərini eşitməmişəm.
Qurban Yaquboğlu: Səssiz zikr Həzrəti Əbubəkr, səsli zikr isə Həzrəti Əliyə bağlanır.
- Siz necə izah edirsiniz, niyə səsli olan Əliyə, səssiz Əbubəkrə bağlıdır? Nə əlaqəsi var?
Qurban Yaquboğlu: Oxuduqlarıma görə Həzrəti Əlinin eşqi daha coşğun və fərqli olduğuna görə səslə ifadə olunur. Həzrəti Əbubəkrin eşqi sakit olduğuna görə sakit zikr edilir.
- Əqidə məsələsi olsaydı, ağzımı açmazdım, çünki başqasının əqidəsinə müdaxilə etmək ən yaxşı halda imansızlıqdır. Bilirəm ki, əqidəcə təsəvvüf ərbabı deyilsiniz. Mən təsəvvüf üzrə çalışan türkiyəli, iranlı alimlər tanıyıram ki, gerçəkdən bilicisidir, ancaq özü sufi deyil. Bilirəm ki, fikirləriniz kitablardan oxuduqlarınızdır, bu da yalnışdır. Ona görə ki, həddindən ziyadə azdır. Lazım olanın on mində biri deyil. Oxumaqla təsəvvüfü idrak etmək mümkün olsaydı, yəqin yandırılan İsgəndəriyyə kitabxanasını başdan-ayağa oxuyub çıxmaq bizə kifayət etməzdi. Məcbur olub qədim Misirə, Şumer-Akkada əl atacaqdın, yenə içindən bir şey çıxmayacaqdı. Bu, oxumaqla bir şey olan deyil. Çünki mübahisəlidir. Mövlanədən bir nəfər soruşur ki, Allahı bizə təsvir elə. Deyir oğlum, gül qoxuladınmı sən? Qayıdır ki, hə, qoxulamışam. Soruşur, necə qoxuyur, onu mənə təsvir et görüm? Şairəm, söz ustadıyam, iki kəlmə düzəldib deyə bilmərəm ki, gül necə qoxur. Onu sözlə ifadə etmək qeyri-mümkündür, hələ təsəvvüf kimi mübahisəli, bəhsli elmi. Heç elm də deyil. Təsəvvüfün belini qıranlardan biri Əbu Həmid Qəzzali oldu, onu kitablara, sistemə saldı. Gerçək batini dərvişlər heç vaxt ün salmırlar. Onların tanınmaq, məşhurlaşmaq imkanı sıfıra bərabərdir. Tanınanlar hamısı alimlərdir. Ariflərin birini də tanımırsınız. Söhrəverdi çox təhlükəli alimdir, ona görə qətl olundu. Çünki o az qalmışdı ki, elmi eşqlə qovuşdursun. Dünyada çox nadir şəxsiyyətlərdən biridir ki, Allahı material olaraq bizə göstərməsinə az qalmışdı. 33 yaşında əvvəlcədən – öz rübaisində təsvir etdiyi şəkildə edam elədilər onu. Deyir məni neftli həsirə bükəcəklər, yandırıb dərs dediyim mədrəsənin ətrafında 15 dövrə sürüyəcəklər. Elə də oldu. “İşıq heykəlləri”, “Qırmızı ağıl” kimi risalələrin müəllifi Şihabəddin Söhrəverdi dünyada illüminat kimi tanınan satanist, mason təriqətlərinin mənbəyini aldığı yerdir. Tarixdə hələ şeytan Allahdan bir şey oğurlamamışdı, ilk dəfə onun timsalında şeytan Allahın elmini oğurladı. O qədər güclü elm idi ki, şeytana belə gərək oldu. Şeytan hər yerə girir, Allahın olduğu yerlərə girə bilmir axı. Söhrəverdidə görün nə vardı ki, şeytan ondan oğurladı.
Hüseyn Cavidin “İblis”ində Arif deyir: “Mən nura talibəm atəş nəmə lazım?”. Yəni nura talibəm, atəşi istəməm. İblis isə deyir ki, günəş nur verir, amma mənbəyi atəşdir”. Bax bundan istifadə elədilər. Çünki atəş şəriət qatında şeytanındır. Mərifət qatında isə eşqindir.
Mövlud Mövlud: Namaz qılırsınız?
- Yox.
Mövlud Mövlud: Ancaq namaz qılan sufilər, dərvişlər olur.
- Əlbəttə, mən onlara böyük qibtə edirəm. Namaz hicabdır. Kişilər də hicablanır. Qadının hicabı üzündəki örtükdürsə, kişinin hicabı göz qapaqlarıdır. Namazda baş sağa-sola getdisə, namaz pozulur. Görürsənmi nə boyda hicabdır? Ölçülü-biçili! Şərti də var, 5 dəfə abdəst almaq, yerin pak olması... Zikrin isə yeri, məqamı, şərti yoxdur, çünki zikr eşq məqamıdır. İrfani lüğətlər var, namaza kakil deyirlər, kəkil nəzərdə tutulur, zikrə də zülf deyirlər. Hicabsız bir gözəlin kakilinə ehtiyac varmı? Kakil onda maraqlıdır ki, baş örtülüdür. Namaz o kakildir, aşiqlə məşuqun üzünə çəkilən hicabdır. Namaz aşiqi mömin edən mərtəbədir. Möminlik, iman sıfır nöqtəsidir, sıfırdan aşağı isə artıq həyat yoxdur. Hər şey namazdan, imandan başlayır. Amma bu, o demək deyil ki, sıfırda da qalacaqsan, iki ayağını bir başmağa dirəyəcəksən ki, həyatı boyu filankəs namazını bir dəqiqə belə keçirməyib. Bəs nə oldu? Bu izdivacdan nə doğuldu? Hanı Allahla sənin dünyaya gətirdiyin övladlar? Niyə? Çünki sən Allahla izdivac yapmamısan. Sənin Allahla xəlvətin yoxdur. Allahla söhbətini el-aləm bilir. Namazı elə qılır ki, daş titrəyir. Xəlvəti yoxdur, hər kəs bilir ki, bu sözdən sonra bunu deyəcək. Fəqət eşq zamanında Allahın qulağına bir sözlər deyirsən.
Mövlanə ilə Şəmsə homoseksual damğası vurulub. Hələ də onların üzərindən İslam alimləri homoseksualist damğasını götürməyiblər. Bir dəfə şahidi oldum, Hələb müftisi Beynəlxalq Nəsimi Konfransında iştirak üçün Bakıya gəlmişdi, tribunada ağlayıb dedi ki, 600 il qabaqkı vəhşətə görə Nəsimi adından üzr istəyirəm. Amma Hələbdə bunu edə bilməzdi. Onlarda şəcərə elmlə ötürülür, bugünkü Hələb müftisi 600 il qabaqkı Hələb müftisinin eynisidir.
Mövlud Mövlud: Düşüncə də dəyişməyib...
- Heç nə dəyişməyib. Eyni taxtın üstündə oturublar. Elə Nəsiminin dərisini soyan budur.
Nərgiz Ehlamqızı: Bəs nə əcəb indi etiraf edir?
- Bir anlıq gələn hal idi. Elə bilin ki, bir evdə oturmusan yasaq bir şey danışırsan, amma həqiqətdir, ürəyindən gəldi, daha onu ikinci dəfə demək olmaz, burada ağzından çıxardın, vəssalam!
Bizdə hər şeyi hərfi anlamda başa düşürlər. Seyid Əzim Sabirə dedi:
- Ey qaşı hilalım, məhi-taban olacaqsan,
Ey tazə cavan, afəti-dövran olacaqsan!
Qaşı hilal irfani anlamda şahid, talib, yəni mürid deməkdir. Məhi-taban da 14 gecəlik aydır. 28 günün 14-ündə ay tam, qalan 14 gündə isə hilal olur. İrfani aləmdə bu, o deməkdir ki, necə ki mən ustadlarımdan aldım, sən də məndən alıb o yolun daşıyıcılarından olacaqsan. Bu beyti düzgün anlamırlar.
Mövlanə ilə Şəms 2 dəfə 40 gün bərabər oldular, xəlvətə çəkildilər. O 80 gündə nələr baş verdisə, dünya indi Mövlanənin əlində əsir qalıb.
Bir dəfə İsmayıl Şıxlı ilə görüşdüm, arif kişi idi, baxan kimi bildi nə soruşacağam.
Mövlud Mövlud: “Dəli Kür”ün meyxana səhnəsi?
- Dedi oğul, bilmirəm o tərəfdə Mir Həmzə Nigari ağaya nə cavab verəcəm. İndi də get soruş, deyəcəklər onlar içəridə arvad-kişi Allah bilir nə edirlər. Görün bu cür düşünənlər o zamanda nə deyiblər. Həmin damğa, həmin töhmət! İslami fitvalar dövlət sənədi kimi bir şeydir. İndiki Diyanət İşləri Başkanlığı 600 illik Osmanlı müftiliyinin hökmlərini davam elətdirir. Diyanət İşləri Başkanı Mehmet Görmeze de ki, lütfən, mənə ərz et, Pir Sultan Abdal islam alimlərindən bəraət aldımı? Deyəcək yox! Onlar üzərindən kafir damğası rəsmi surətdə bu gün də götürülməyib.
Qurban Yaquboğlu: Siz sufizmin praktikası ilə məşğul olmusunuz?
- Mən təsəvvüf ərbabıyam. Konkret sektası, ordeni, mürşidi, şeyxi olan bir müridəm...
Mövlud Mövlud: Sizin “Milli yaddaş sistemində ürfan və təsəvvüf” kitabınızda Aşıq Ələsgərlə bağlı maraqlı iddialar var idi.
- Aşıq Ələsgərin zamanında Qafqazda tam təriqətləşmə yox idi. Təriqət təkcə əqidə deyil. Adamın biri çıxıb deyə bilər sufiyəm. Deməklə deyil ki. Sufinin gedəcək yeri, icması olar. O zaman bizdə icma yox idi. Ancaq məncə, Ələsgər təsəvvüf ənənəsinin şairidir.
Qurban Yaquboğlu: Təxminən Füzuli kimi.
- Füzulinin konkret getdiyi yer olmayıb, Nəsimi kimi hürufiyəm deməyib. Miskin Abdal Ələsgərin qulağının dibində idi. Miskin Abdalsız isə ümumiyyətlə təsəvvüf aləmi yoxdur.
Bu gün Təbrizin İlxıçı kəndi təpədən-dırnağa dərvişdir, qızılbaşlardır, kənar adam yoxdur, əhli-həqq olmayana nə qız verərlər, nə də qız alarlar.
Qurban Yaquboğlu: Qızılbaşlıq ayinləri hansıdır?
- Xristianların toplaşdığı gün bazar günü, yəhudilərinki şənbə, müsəlmanlarınkı cümədir. Bunlar isə cümə axşamı yığışarlar. Türkiyə ələviləri də o cürdür. Mən İran, Xorasan ələvilərindənəm. Mürşidim, şeyxim, ordenim oradadır. Amma bizim məktəbin əsas təcrübəsi daha çox Anadoludadır. İranda onlara əhli-həqq, Anadoluda ələvi-bektaşi, qızılbaş deyirlər.
Q.Yaquboğlu: Qızılbaşlıqla ələviliyin fərqləri böyükdür?
-Eynidir. Bir az məkan və milli etnik görüntülərindən dolayı fərqlidir. Sadəcə, görüntü... Mən təsəvvüfü heç vaxt kitabdan oxumağı tövsiyə etmirəm. İnanın Allaha, adamı azdırarlar.
Mən əhli-həqqəm, qızılbaşam. Adımı niyə danım, mən buyam. Bəyənsəniz də buyam, bəyənməsəniz də. Zahirimə baxmayın, zahirimdə heç nə yoxdur...
Bəsdi danışdıq, gəlin indi də qal məclisindən hal məclisinə keçək.
Mövlud Mövlud: Hə, məncə də, saz məqamı yetişdi...
Nərgiz Cavadzadə
Nərmin Muradova
FOTO: Elçin Murad