"Brifinq"in qonağı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ("Azdrama") aktyoru, Xalq artisti Ramiz Novruzdur. Yeni teatr mövsümündən danışan aktyor ötənilki fəaliyyətini məhsuldar sayır. O, son illər "Azdrama"nın ətrafındakı söz-söhbətlərə aydınlıq gətirdi, teatrın durumundan söz açdı. Teatrdakı eskperimentlərin vacibliyini vurğulayan Ramiz Novruz qələmə aldığı pyeslərdən də bəhs edib.
Nərgiz Ehlamqızı: Bu həftə Azərbaycan mədəniyyətinə ağır itki üz verdi. Habil Əliyev və İlham Əsgərov dünyasını dəyişib. Bu şəxsləri necə xatırlayırsınız?
- Allah hər iki sənətkarımıza rəhmət eləsin! İlham Əsgərov gözəl aktyor idi, illərini bu sənətə həsr etmişdi. Əlimizdən ancaq ruhu şad olsun demək gəlir, Allah günahlarını bağışlasın. Habil Əliyevi yaxından tanıyırdım, həmişə onun da mənə simpatiyası olduğunu hiss edirdim. Konsertlərdə görüşürdük, elə bilirdin tay-tuşundur. Vaxtilə ansamblda Əhsən Dadaşovun, Həbib Bayramovun yanında kamança ifaçıları başqa millətin nümayəndələri olurdu.
"Habil Əliyev kamançanı öz kökəninə qaytardı"
Qurban Yaquboğlu: Ermənilər olurdu...
- Hə, Boris Keropyan, Nefton Qriqoryan ifa edirdi. Gənclərdə belə psixologiya yaranmışdı ki, kamança elə onların alətidir. Habil Əliyev kamançanı öz kökəninə qaytardı, öz ürəyi və ifası ilə yenidən azərbaycanlılara bəxş etdi. Adamlar var ki, yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşür. Mənim üçün Habil Əliyev şəxsiyyət olaraq necə idisə, həyatda da elə idi. Gözləntiləri heç vaxt aldadan insan deyildi, bütöv xarakterli idi. Nadir adamlardan idi ki, onu görəndə dərhal adamların üzündə təbəssüm yaranırdı. Bu, gerçəkdən böyük itki idi. Son illər kamança ilə məşğul olmasa da, abidə idi. Sənətinə hörmət gətirməyi bacaran insan idi.
"Teatr direktorunun 5 rejissoru işdən çıxarmaq səlahiyyəti yoxdur"
N.Ehlamqızı: İstərdim, bir məsələyə də aydınlıq gətirəsiniz, mərhum şəxslərin vida mərasiminin təşkili kimin səlahiyyətindədir? İlham Əsgərova teatrda vida mərasimi keçirilməməsi ilə bağlı söz-söhbət oldu.
- Hətta biri yazmışdı ki, İsrafil İsrafilov öləndən sonra da ondan əl çəkmir. Vallah ayıbdır, günahdır. İnsanlar stəkanda fırtına yaratmağı sevirlər. Bizdə bir neçə aktyor olub ki, "Azdrama"da ona vida mərasimi keçirmək istəyiblər, baxıblar həyətdə 10-15 nəfər adam var, zalda vida mərasimi keçiriləndə boş zal pis görünər. Məsələn, böyük aktyorumuz Kamal Xudaverdiyevin ölüm xəbərini eşidəndə evinin qarşısına Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlova nisbətən adam az gəlmişdi, ona görə, kiçik zalda vida mərasimi oldu. Zal boş olanda insanlar danışmağa başlayır, heç kim yox idi, sayıb-sevmirlər. Bu, heç xoşagələn vəziyyət deyil. İlham Əsgərovun vəfatı qəflətən, gecə olmuşdu deyə səhər evinin qarşısına az adam toplaşmışdı. Səhv etmirəmsə, atasının yanında dəfn olunması öz istəyi olmuşdu. Nəşinin teatrdan götürülməsi mümkün deyildi. Şərait olsaydı, keçirilərdi. Çünki nazir Əbülfəs Qarayev və müavini də orada idi. Belə şeylər teatr direktorunun səlahiyyətində deyil. Vida mərasimi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi müvafiq sərəncam verməlidir.
N.Ehlamqızı: Artıq teatrın yeni mövsümü başlayır. Bu mövsümdə hansı rollarla çıxış edəcəksiniz?
- Keçən mövsüm mənim üçün kifayət qədər məhsuldar oldu. 1 il ciddi yaradıcılıq prosesi ilə məşğul oldum. "Nadir Şah" tamaşasını təhvil verdik. Nadir Şah Azərbaycan tarixinin qaranlıq və gizlədilmiş səhifələrindəndir. Mən onunla bağlı faktların bilərəkdən gizlədilməsinin səbəblərini araşdırdım. Suvorovun Alp dağlarından aşıb türklərə hücum etdiyi əməliyyatı 50 il qabaq Nadir Şah edibmiş. O, Makedoniyalı İsgəndərin, Əmir Teymurun, Çingiz Xanın edə bilmədiyin edib - Hindistanı alıb. Dünyanın bütün qızılı orada idi, onu yığıb Azərbaycana gətirib. Özüm Nadir şah haqqında az bilirdim, "O olmasın, bu olsun" filmində "Tarixi-Nadir"i yarıya qədər oxumuşam" ifadəsini eşitmişdik. Bir də Nəriman Nərimanovun Nadir Şahın hakimiyyətə gələnə qədər olan həyatından bəhs edən pyesi vardı, belə təsvir olunmuşdu ki, ancaq oğlunun gözünü çıxarmaqla tarixdə qalıb. Halbuki, bunu da dövlətçilik naminə etmişdi. Belə bir şəxsiyyət haqqında məlumatımız az idi deyə istəyirdik ki, onu gənclərimiz tanısın. Yunus Oğuzun romanını ona görə səhnələşdirdik, çox sağ olsun, o, tarixi yazıb. Bundan başqa "Silindr" əsərini özüm tərcümə edib rejissor kimi tamaşaya qoydum. Teatr da sağ olsun ki, o şansı verdi. Düzdür, teatr hər kəsə bu şansı yaradır. Hazırda "Müfəttiş" əsərinin üzərində işə başlamışıq. Mikayıl Mikayılovun rejissorluğu ilə tamaşa hazırlanır. Onun kifayət qədər ciddi yozumu var. Teatra az gələn adamlar elə bilir ki, repertuar yenilənmir. Amma bizdə daim yeniliklər olur. Aktyor kimi düşünürəm ki, mənə "Hamlet", "Kral Lir", "Maqbet" rolunu təklif edə bilərlər, sadəcə, siyahımda "bu rolları da oynayıb" yazılsın deyə rolu ifa etməyi xoşlamıram. Əgər "Kral Lir", "Müfəttiş"lə tamaşaçıya nə isə bir söz deyə biliriksə, onda onu tamaşaya qoymalıyıq. Məndə bir xüsusiyyət var, rolumu bütöv oxuyuram, hansısa yer ürəyimi çox ağrıdırsa, bilirəm ki, o nöqtə, rol mənimdir. Ola bilər o yer pyesin axırında, yaxud ortada olsun, məhz axtardığım və tapdığım yerdə rolu inkişaf etdirirəm. "Alfred İll" rolunun tarixçəsi barədə danışım. Süjet belədir ki, bir qadın milyarderdir, neft maqnatının pulları bu qadına qalıb, cavan ikən sevdiyi oğlan onun xətrinə dəyib və imtina edib. Milyoner olandan sonra bu oğlandan heyfini almaq istəyir. Keçmiş sevgili Alfred İll rolunu da mən oynayıram. Şərt qoyur ki, şəhərdə kim Alfred İlli öldürsə, mən şəhərə 1 milyard pul verəcəyəm, 500 milyon şəhərə, 500 milyon isə əhaliyə çatacaq. Hamı pul istəyir, gözləyirlər ki, kimsə onu öldürsün. Alfred bələdiyyəyə, polisə, kilsəyə gedir. Heç kəs kömək etmir. Qaçmaq istəyəndə hamı onun qabağını kəsir ki, hara gedirsən, səni çox istəyirik. Özü, başa düşür ki, onu pula görə buraxmaq istəmirlər. Ən sonda bir yer vardı, məhz həmin nöqtəni tutub geriyə rolumu inkişaf etdirdim. Hamı üz çevirib, təkcə ailəsi qalıb, ondan da əli üzüləndən sonra gəlir milyarder xanımın yanına, qayıdır ki, evə getmişdim, ailəmlə vidalaşmağa, vaxtları yox idi, kinoya gecikirdilər. Ailə üzvləri də əhəmiyyət vermir, hamısı deyir ki, onsuz da səni öldürəcəklər də, kinoya gecikirik, vaxtımız yoxdur. O faciəni tapandan sonra rahat işlədim, dedim ki, bu həddə gəlib çıxmalıyam.
Dilqəm Əhməd: Məhsuldarlığın qarşılığını alırsınız?
- Teatrda maaş alırıq. Amma fikrimcə, bu sistem dəyişilməlidir. Gürcüstanda aktyorlar 600-700 dollar maaş alır, ondan başqa 3-4 tamaşadan sonra nə oynadınsa, 30 dollar üstünə gəlir. Ona görə də tamaşada oynamaq aktyorun daima marağındadır. Bizdəsə təəssüf ki, belə deyil. Aktyor maaşı ilə dolanmaq mümkün deyil.
N.Ehlamqızı: Heç biznes qurmaq barədə düşünmüsünüz?
- Mənim naturamda olan adamlar biznesdə uğur qazana bilmir. Bizneslə məşğul olan insanda yaxşı mənada həyasızlıq, tələbkarlıq olmalıdır. O xasiyyət məndə yoxdur. Bir ara cəhd elədim, iş başlayandan 2 gün sonra dua edirdim ki, ay Allah, bu işdən qoyduğum xərci başa-baş çıxarım, ayrı heç nə istəmirəm (gülür).
Q.Yaquboğlu: Son bir neçə ildə mədəni-ictimai həyatda İsrafil İsrafilov sindromu yaşanır. Narazılar var, Sizin isə İsrafilovun rəhbərliyindən və "Azdrama"nın hazırkı vəziyyətindən narazılığınız yoxdur. Hətta bu konteksdə davaya da çıxdınız. Nədir Sizdə İsrafil İsrafilov rəğbəti?
- Açığı, bu mövzuda danışmaq istəməzdim, artıq bədii rəhbər təyin olunub, bütün yaradıcılıq işlərinə Azərpaşa Nemətov baxır. Mən teatrda olan adamların hamısını yaxşı tanıyıram. İsrafil İsrafilovu elə təqdim etdilər ki, sanki bu adam teatra təsadüfən gəlib düşüb, işi-gücü teatrı dağıtmaq, aktyorları incitməkdir. Amma bu şəxs biz hələ orta məktəbdə oxuyanda teatrda truppa rəhbərinin müavini, Tofiq Kazımovun silahdaşı olub. Biz institutda oxuyanda İsrafil İsrafilov Tədris Teatrının direktoru idi. Biz institutu bitirəndə o, Prezident Aparatında mədəniyyət işləri üzrə kurator idi. Bu adam sənətşünaslıq elmləri doktorudur, çox savadlı alimdir. Bəzən olur biri ortaya panika salır, üstündən 3 ay keçəndən sonra yadından çıxır ki, panikanı bu adam özü salıb. 2013-cü ilin sentyabrında teatr haqqında yazan adamlar və biz mətbuat konfransı keçirdik, jurnalistlərə dedik ki, teatr haqqında yazılar yazsanız, gəlin məlumatları birinci mənbədən alın. Mən, Nurəddin Mehdixanlı, Məleykə Əsədova, Cəfər Əhmədov və bir neçə aktyor həmin mətbuat konfransında iştirak etdik. Sonra bilmədim, nə baş verdisə, sentyabrdan etibarən teatr haqqında dalbadal yazılar başladı. Dəqiq bilirəm ki, yazı yazanlar 3-4 adamdır, amma 15 adamın əvəzinə işləyirlər, ona-buna xahiş edirlər, onlar da yazır. İsrafil İsrafilov yeganə adamdır ki, Azərbaycanda özünə inanan, bacarığı olan aktyorlara tamaşa qoymağa imkan verir. Bəsti Cəfərova, Rafiq Əliyev, mən tamaşa qoyduq. Azərbaycan teatrlarının hamısından rejissorları dəvət etdi, dedi ki, "Azdrama"nın pis olduğunu iddia edirsiniz, gəlin, əl-ələ verək kömək edin. İndi bumeranq kimi bunun doğru olmadığını deyirlər. Gənc Tamaşaçılar Teatrından, Sumqayıt Dövlət Teatrından aktyor və rejissorlar dəvət edildi və hər kəs tamaşa qoydu. Bəs, axtarış necə getməlidir? Bütün teatrlardan, Gəncə teatrlarından belə gənc aktyorlar çağırıldı. "Azdrama"ya monstr demirdilər? Elə bir teatrda aktyor yoxdur ki, o, "Azdrama"da oynamağı arzulasın, amma ona rol verilməsin. Mən görürəm ki, axtarış gedir.
"İsrafil İsrafilov haqda çox yalanlar, şişirdilmiş şeylər vardı"
Q.Yaquboğlu: Bu eksperimentləri normal və gərəkli sayırsınız?
- Bəli, teatr canlı orqanizmdir, daim axtarışda olmalıdır. Axtarış olmayan teatr ölü teatrdır. Deyirlər, "Azdrama" da eksperiment olmamalıdır. Əslində, eksperiment elə bu teatrda olmalıdır. "Akademik teatr" sözünün qısa mənası odur ki, yaradıcılığı ilə digər teatrlara nümunə olmalıdır. Geniş mənada isə ölkə teatrlarında, hətta dram dərnəklərində rüşeym halında olan ideyaları formalaşdırıb elm halına salıb yüksək səviyyədə təqdim etməlidir. Bütün teatrlarını Mədəniyyət və İncəsənət İnstitutunu izləmək, talantlı uşaqları ortaya çıxarmağa çalışmaq "Azdrama"nın borcudur. Bəzi adamlar oxucu, tamaşaçının hazırlıqsız hissəsini aldatmaq üçün "Azdrama" da eksperimentin olmamasını iddia edirlər. Mən bilirəm ki, bu söz-söhbətlər teatr əqidəsi üçün deyil. Teatr direktorunun 5 rejissoru işdən çıxarmaq səlahiyyəti yoxdur. Hətta direktor müqavilə əsasında çalışan aktyoru belə işdən çıxarmaq üçün nazirlikdən icazə alır, özünə müavin belə götürə bilmir. Bu yaxınlarda Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev teatra gəldi, çox maraqlı danışdı, bu faktları o da sadaladı. Telman Əliyev adlı Gəncə teatrından gələn aktyor var, kifayət qədər tanınır və sevilir, o, "Azdrama"da ştatda deyil, müqavilə əsasında çalışır. Müqavilə müddəti başa çatandan sonra başladılar ki, Telman Əliyev boyda sənətkarı işdən çıxardılar. Halbuki bu şəxs onsuz da ştatda deyildi. Direktor onu çağırıb 2-3 dəfə söhbət elədi, dedi ki, yazırsız, heç olmazsa, tutarlı şeylər yazın, belə savadsız cümlələr yazmayın. Ən ağrılısı odur ki, teatra 2 ildir gəlmiş adamlar yazır ki, İsrafil İsrafilov özünü teatrşünas sayır. Bəs, nə saymalıdır? Azərbaycanda peşəkar teatrşünaslar İsrafil İsrafilov, İlham Rəhimli, Məryəm Əlizadə və Aydın Talıbovdur. Özləri bir yana qaldı, Ənvər Börüsoy yazılar yazmağa başladı. Bu adam 20 ildir "Azdrama"da olmayıb. Dünən bufetdə danışılan söhbəti bu gün qəzetdə yazırlar. Tamaşa hələ oynanılmayıb, ondan tənqidi məqalə yazılmışdı. Çox yalanlar, şişirdilmiş şeylər vardı. Gərginlik dediniz, neçə illik sənət dostum idi, mübahisəmiz cəmi 30 saniyə çəkdi. Teatrın həyətində 30 saniyəlik söhbət idi, bufetə düşəndə, dedilər internet dağılır. 200 addımlıq yolu gedənədək gördüm hadisə şişib, aləm bir-birinə qarışıb. Mən demirəm ki, hər şey idealdır. İsrafil İsrafilovun da səhvləri var. Dünyanın heç bir teatrında bütün repertuar şedevr deyil. 10-20 tamaşa hazırlayırsansa, ondan 3-ü baxılıb, qəbul edilirsə, indiki şəraitdə artıq bu, uğurdur. 2-3 ildir "Azdrama"da çalışanlar Vaqif İbrahimoğlunu təhqir etməyə başlamışdılar. Sən Vaqif İbrahimoğlunun yarım səhifəsi deyilsən axı? Səni və İsrafil İsrafilovun kitablarını tərəziyə qoysaq, səndən 2 dəfə ağır gələcək. Deyirdilər ki, teatrda plastik qapı istehsal edən sex var, İsrafil İsrafilov oradan gələn qazancı hara xərcləyir? Axı elə şey yoxdur. Mən orada işləyə-işləyə bilmirəm, teatrda işləməyən adam belə şey iddia edir. Təbii ki, səhvlər var, elə tamaşa var ki, anşlaqla olmur, amma repertuara salınır. Tikinti olan yerdə toz olur da.
Q.Yaquboğlu: Azərpaşa Nemətovun gəlişindən sonra eksperimentlər uğursuzluqla nəticələnib əvvəlki kursa, akademik stilə qayıtmaq məcburiyyəti yaranacaq?
- Akademik stil olduğunu deməzdim. Ondan əvvəl oynadığımız tamaşaları desəydim, tamaşaçıların tükləri biz-biz olardı. İndi heç olmazsa, "Yaşlı qadının gəlişi", "Xəcalət", "Xanuma", "Qatar altına atılan qadın" kimi tamaşaların adını saya bilirik. Yaradıcılıq problemləri ilə Azərpaşa müəllim məşğul olacaq, suallara o cavab verəcək. İsrafil İsrafilov isə təşkilati işlərlə maraqlanacaq. Rejissor olmayan adam üçün yaradıcılıq qayğılarını çəkmək çətin idi. Azərpaşa Nemətov müasir dünya teatrının cərəyanlarını bilən adamdır, o, heç vaxt akademik dediyimiz köhnə stildə tamaşa qoymayıb. Onun 3-4 tamaşası var, kifayət qədər müasirdir. Güman etmirəm ki, o, əvvəlki stilə qayıdar. Əvvəlki stil deyəndə Adil İsgəndərovun dövrü yada düşür. Amma həmin dövrdəki tamaşalardakı pərdələrə baxanda adam deyir, sən demə belə oynayırlarmış. O zaman o lazım idi. İndisə tamaşaçını təmin etmək çox çətindir. İnternet əsridir, bütün dünya teatrı insanın barmağının altındadır, nəyə istəsə baxır. Gənclərin zövqü yaxşı formalaşıb. Kənddə oturub "Ulduz" filminə gecə-gündüz baxardıq, indi elə film çəksən, camaat gülər.
Dilqəm Əhməd: 2015-ci ilin Bakısındayıq, insanların dünyagörüşü tamam başqadır. Səhnə Bakı həyatına uyğunlaşdırılır?
- Dramaturq Əli Əmirli bir neçə müasir pyes yazıb. Həmin pyeslərdə Bakı mühiti də var. Məsələn, "Silindr" əsərində italyan həyatından bəhs edir. Biz o əsəri Bakı həyatına uyğunlaşdırırdıq. Yəni biz başqa milləti yox, problemi, dərdi oynayırıq. Demirəm ki, tam azərbaycanlılaşdırırsan, xırda detallar əlavə edirsən ki, camaata daha doğma gəlsin, onda insanlar daha həssas qəbul edirlər.
"Bizdə rejissor məktəbi çox zəifdir"
D.Əhməd: Bəzən iddia olunur ki, yaxşı pyes yazan yoxdur.
- Bu iddia düzgün deyil. Dünya ədəbiyyatında elə gözəl əsərlər var ki. Məsələn, filankəs deyir ki, Ramiz pyes yazıb gətirib, bunun yazdığı budur da. Qardaşım, Ramizdən qabaq Şeksprin əsərini səhnələşdirmişdin, o, yaxşı müəllifdir, axı o tamaşanı da pis qoymuşdun, indi kimdir günahkar? Bizim teatrda aktyor istənilən zövq üçün həmişə yaxşı olub. "Pərvanələrin rəqsi" serialının çəkilişi, keyfiyyətini kənara qoyuram, reytinqi də yüksək idi. Amma ortaya nə qədər tanımadığımız cavan uşaqlar çıxdı. Hamı dedi, bunlar nə gözəl oynayır. Aktyoru yerinə düz qoya bilməyən rejissorlar çoxdur. Bizdə rejissor məktəbi çox zəifdir. Bizim "Gün keçdi", "Sən niyə susursan" filmlərimiz olan dövrdə çəkilən türk kinolarına baxırsan, adamın əti tökülür. Amma onlar, Hollivuda, Almaniyaya teleserial, bədii film rejissorları göndərdilər, 5 ildən sonra qayıtdılar, indi onların filmləri Oskar mükafatı almaq səviyyəsinə gəlib. İndi nə teatr direktorunun əleyhinə yazan aktyorlar, nə də İsrafil İsrafilov günahkardır, bizdə rejissor işi zəifdir. Məni də söhbətə qatmışdılar, talantsızlar siyahısına salmışdılar. Yaxşı, qatın, axı sizinlə illərdir bir yerdə onlarla rol oynamışıq.
D.Əhməd: Aktyorlarla öz aranızda müzakirələr aparmışdınız?
- Düz 3 dəfə Nurəddin Quliyevin, o biri dostların yanına getdim. Hətta bir yerdə tamaşa qoymağı da təklif etmişdim. Başqa teatrın rejissoru haqda danışanda asta tonda fikir bildirirəm, deyirlər ki, niyə yumşaq danışırsan? Mən onlardan hədəflərinin, məqsədlərinin mənə aydın olmadığını söylədim. Artıq bütün bu mövzular aktuallığını itirib, Azərpaşa Nemətov bədii rəhbər gəlib. İndi maraqlıdır, zəif aktyora Allah-təala birdən-birə talantmı verəcək?
"Əsərim Qarabağ haqda yazılan zəif pyeslərin qarşısını kəsdi"
Q.Yaquboğlu: 15 il olar, bulvarda bilyard oynayırdınız, Salam Sarvan, Fəxri Uğurlu və mən çayxanada oturmuşduq. Siz bizim stola yaxınlaşıb Salam Sarvana xitabən dediniz ki, Sizin şeirlərinizi çox xoşlayıram. Biz çox təəccübləndik. Mütaliəniz haqda danışmanızı istərdim.
- Aktyorların 70 faizinin vacib olan şeyi oxumaq şansı var. İstədiyim şeyi vaxt tapıb oxuya bilmirəm. Böyük çıxmasın, ara-sıra özüm də yazıram. 20 Yanvar hadisələri ilə bağlı pyesim Gəncə Dövlət Teatrında səhnələşdirildi. "Hələ "sevirəm" deməmişdilər" əsəri "Azdrama"da tamaşaya qoyulub. 5 il getdi, sevindim ki, Qarabağ haqda yazılan zəif pyeslərin qarşısını kəsdi. Bir ara basqı çox oldu, direktorların əlinə şans düşmüşdü, deyirdilər axşam tamaşamız olacaq, gəlin baxın, ondan yaxşıdırsa, tamaşaya qoyaq. Neçə müəllif sağ olsun, pyeslərini götürüb getdilər. Bir pyesim də var, müasir innovativ tələblərə cavab verir. 1937-ci ildəki siyasi elita ilə bağlı kitablar diqqətimi cəlb edir. Sonuncu dəfə kitabı ötən il oxumuşam. Sabir Rüstəmxanlının "Göy tanrı" kitabı təzə çıxanda oxumuşdum. Utandım, "Əli və Nino" əsərini oxumamışdım, onu oxudum. İsmayıl Şıxlının "Ölən dünyam" əsərini oxudum, çox möhtəşəm əsərdir. Vaxtını ötürdüyüm əsərləri daha çox oxuyuram. Müasir Azərbaycan ədəbiyyatından çox xəbərdar deyiləm. Mətbuatda çıxan şeirlərlə maraqlanıram.
Q.Yaquboğlu: Salam Sarvanın şeiri qədər Sizi tutan şeir yoxdur?
- Onun şeirlərini çox sevirdim. Düşündüyünü olduğu kimi çatdıra bilmək bacarığı hər yaradıcıda olmur. Bir ara vəhşi kimi oxuyurdum. 1988-ci ilə kimi olan dövrdə romanların birini də ötürmürdüm. O dövrdə boşluq idi. Füzulini anlamaq üçün onun beytlərini çox oxuyurdum, mənasını tapdıqca, elə bilirdim xeyli varlandım.
N.Ehlamqızı: İndi boş vaxtlarınızı nəvələrinizlə keçirirsiniz, yoxsa yenə bilyardla dincəlirsiniz?
- Açığı, çalışıram boş vaxtım olmasın. Hərdən yazmaq istəyirəm. Məni bəzi şeylər düşündürür. Həmişə qəribə gəlib ki, Qız Qalasına niyə bu adı vermişik? Hələ utanc verən əfsanə də uydurmuşuq. Deyirlər ki, xan öz qızına vurulub. Axı bu qaladan Ərdəbildə, İlisuda, Şamaxıda da var? Türklərdə indi bir söz var, qapı döyüləndə deyirlər, "qızım, bakı ver gör kimdir"? Bəlkə bu qalanın adı Bakı qalası olub? Biz Əfşəran sözünü uzaqlaşdırdığımız kimi bəzən kökdən uzaqlaşırıq axı. Kökdən bizi bilə-bilə o qədər uzaqlaşdırıblar ki. Belə şeyləri araşdırmağı çox sevirəm.
Nərgiz EHLAMQIZI
Foto: Elçin MURAD