20 İyun 2019 13:50
1 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin amerikalı milyarder Corc Sorosun ayrı-ayrı vaxtlarda bir sıra keçmiş Sovet respulikasında həyata keçirdiyi “narıncı inqilab”lar barədə səsləndirdiyi fikirlərə Ermənistandan dəstək gəlib.

Teleqraf.com xəbər verir ki, Ermənistanda fəaliyyət göstərən bir sıra media qurumları və QHT-lər keçən il baş vermiş hakimiyyət dəyişikliyində Sorosun aktiv fəaliyyətini yenidən gündəmə gətirib.

Erməni mediasında yer alan məlumata görə, Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə yadda qalmış inqilabi proses əvvəlcədən planlaşdırılmış ssenari idi. Paşinyanın Ermənistanın yeni siyasi dönəmi üçün keçid fiquru olduğunu müdafiə edənlər qiyamçı baş nazirin başçılıq etdiyi komandanın ABŞ kəşfiyyatına bağlılığına da eyham vururlar:

“Sergey Narışkinin Ufada keçirdiyi iclasda verdiyi mesajın bir tərəfi Ermənistana bağlanır. Rusiyanın kəşfiyyat rəhbəri o yerdə haqlıdır ki, bir çox ölkədə olduğu kimi Ermənistanda da, demokratiya və insan haqları adına qurulmuş bir çox QHT, media ordusu, şirkətlər Corc Soros kimi “xeyriyyəçilər” üçün işləyir. Uzun illərdir gizli fəaliyyət göstərən bu şəbəkənin topladığı kəşfiyyat məlumatları Ermənistan üçün inqilabın hazırlanmasında əsas material oldu, son nəticədə dağıdıcı addıma üz tutdular”.

Ermənistanda fəaliyyət göstərən VETO Hərəkatı adlı QHT-nin rəhbəri Narek Malyanın başçılığı ilə başlamış anti-Soros etirazlarına ölkənin nüfuzlu media qurumlarından da böyük dəstək var. Amerika və Sorosa ölüm şüarları səsləndirən Malyan və tərəfdarları Sorosun rəhbərlik etdiyi Açıq Cəmiyyət İnstitutunun İrəvan ofisinin (Soros Fondu) bağlanılmasını tələb edirlər.

Erməni mediasında yayılan məlumata görə, amerikalı milyarder Corc Soros uzun illər boyu Ermənistanın daxili sosial-iqtisadi və siyasi proseslərini izləyən, bu barədə məlumat toplayan yüzlərlə təşkilat yaradıb:

“Keçən il Ermənistanda hakimiyyət dəyişikliyi ilə yadda qalan “narıncı inqilab”ın mərkəzində də, bu təşkilatı yaradınlar və bunlara maddi dəstək verənlər dayanmışdı. İnqilabdan əvvəl Serj Sərkisyan hakimiyyətinə qarşı hücuma keçən bu qruplar mərhələli formada çevriliş ssenarisini həyata keçirməyə başladı. “Narıncı inqilab”ın baş verdiyi günlərdə Rusiya əleyhinə baş qaldıran etirazlar da diqqətdən yayınmadı. Bu, əvvəldən düşünülmüş və Sorosun İrəvandakı “gizli laboratoriyası”nda hazırlanmış orijinal çevriliş planı idi. Moskvanın Ukrayna ssenarisinin İrəvanda təkrarlanmasından heç bir şübhəsi yox idi.

İnqilabın bir nəticəsi olaraq, köhnə sistem çökdü, Soros Fondu ilə yaxın əlaqədə olan bütün qüvvələri birləşdirən şəbəkə iqtidara gəldi. İndi Nikol Paşinyan isbat etməlidir ki, inqilabın LGBT icmasının fəallaşmasından tutmuş, Ermənistanın milli-mənəvi dəyərlərini aşınma qarşısında qoyan Soros Fondu ilə heç bir əlaqəsi yoxdur. İnqilabdan sonra soyuyan Ermənistan-Rusiya münasibətlərinin çıxdığı məcraya qaytarmaq da bura daxildir”.

Məlumatda qeyd edilib ki, Paşinyan Ermənistandakı “narıncı inqilab”ın Soros Fondunun fəalları, Qərb kəşfiyyatı və QHT-ləri, ABŞ-ın İrəvandakı səfirliyi tərəfindən reallaşdırılmış Rusiya əleyhinə yönəlimiş “İkinci Maydan” olmadığını sübut etməlidir:

“Habelə inqilabın köhnə sistemi çökdürməsindən sonra İrəvanda həyati təhlükə qarşısında qaldığını hiss edərək ABŞ-a qayıdan keçmiş səfir Riçard Millzin Ermənistanı işğalçı adlandırmasına aydınlıq gətirməlidir. Əgər Paşinyan İrəvanın mərkəzində Qarabağı Azərbaycana qaytarmağı tələb edən amerikalı diplomatın bu inqilabı çıxışına susursa, hər şey aydındır.

Paşinyan yaranmış suallara cavab verməsə, bu inqilabın Ermənistanın təhlükəsizliyi baxımından ağır nəticələri olacaq. İlk növbədə, Soros, yaxud ABŞ-ın dərin dövlətindən bir asılılığı yoxdursa, Rusiya ilə münasibətləri qaydasına qoyaraq, Ermənistanı növbəti təhdidin hədəfindən yayındırmaqla bu suallara cavab verməyə başlamalıdır. Əks halda, Ermənistan cəmiyyəti öz haqlarını tələb etmək üçün hərəkətə keçəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu