12 Sentyabr 2014 20:51
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi və Qərbi Azərbaycan vilayətlərinin apelyasiya məhkəmələri daha öncə Təbriz və Mahabad İnqilab Məhkəmələrinin 8 güneyli fəala qarşı çıxardıqları həbs hökmlərini qüvvədə saxlayıb.

Teleqraf.com “Amerikanın səsi”nə istinadən məlumat verir ki, hökmlərə görə, 5 qoşaçaylı və 3 təbrizli fəal 91 gündən 3 ilə qədər həbsə məhkum olunub.

Səkkiz milli fəal fərqli fəaliyyətlər üzündən həbs və mühakiməyə məruz qalsalar da, məhkəmədə bənzər ittihamlarla üzləşib.

Fars mətbuatında verilən xəbərlərə görə, Hüseyn Əli Məhəmmədi, Taha Kirmani, Rəsul Rəzəvi, Daryuş Əndəlibiyan, Həbib Mənafi Azər, Cavad Sudbər, Yusuf Muxtari və Muxtar İbrahimi “rejimə qarşı təbliğat aparmaq”, “Pantürkist fəaliyyətləri” və “qanunsuz qruplara üzvlük” də ittiham edilib.

Şərqi Azərbaycan apellyasiya məhkəməsinin təsdiq etdiyi hökmə görə, Hüseyn Əli Məhəmmədi və Taha Kirmani 3 il, Rəsul Rəzəvi isə 1 il müddətinə azadlıqdan məhrum edilib.
Güney Azərbaycan Televiziyası təbrizli fəalların Traktorsazi futbol komandası ilə bağlı fəaliyyətlərinə görə həbs olunduqlarını bildirir.

Rooz Online-ın yaydığı məlumata görə, qoşaçaylı fəallar isə ötən ilin dekabr ayında İranda Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərində Azərbaycan Milli Hökumətinin ildönümünü qeyd etdikləri üçün mühakimə ediliblər.

Qərbi Azərbaycan apelyasiya məhkəməsinin çıxardığı hökmə görə, Daryuş Əndəlibiyana qarşı çıxarılan 9 ay, Həbib Mənafi Azər, Cavad Sudbər, Yusuf Muxtari və Muxtar İbrahiminin isə 3 ay və bir gün həbs hökmləri qətiləşib.

Samir


Müəllif: