23 İyul 2020 10:59
2 938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri (TSK) Yunanıstanla ehtimal olunan qarşıdurma ilə əlaqədar 15 hərbi gəmini, F-16 qırıcılarını, dron və Pilotsuz Uçuş Aparatlarını (PUA) Meyisti adası ətrafına göndərib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Meyisti adası yaxınlarında karbohidrogen axtarışları elan etməsinə Yunanıstan sərt reaksiya göstərib. Yunanıstan Baş naziri Kiryakos Miçotakis Cənubi Kiprdə səfərdə olan Silahlı Qüvvələrin baş qərargah rəisi Konstantinos Florosa zəng edərək, təcili ölkəyə qayıtmasını tələb edib.

Daha sonra Yunanıstan Silahlı Qüvvələrinə “həyəcan” komandası verilib.

Türkiyə də Yunanıstan tərəfinin bu addımlarına qarşılıq olaraq 15 hərbi gəmini, F-16 qırıcılarını, dron və Pilotsuz Uçuş Aparatlarını (PUA) Meyisti adasına göndərib.

Əlavə edək ki, Meyisti adası yaxınlığında karbohidrogen ehtiyatlarını axtarmaq üçün Oruc Rəis, Ataman və Çingiz Xan gəmiləri səfərbər edilir.

Beləcə qazma-axtarış işi aparan gəmilərin bölgəyə hərəkətlənməsindən əvvəl bu istiqamətdə türk qırıcıları və dronları güc nümayiş etdirib,15 hərbi gəmi adanın ətrafında görünüb.

Afina və Ankara arasında müşahidə edilən hərbi gərginlik diplomatik sahəyə də sirayət edib. Yunanıstanın Ankaradakı səfirliyi Xarici İşlər Nazirliyinə dəvət edilib və ona etiraz bildirilib. Həmçinin BMT və NATO-da məsələnin gündəmə gətirilməsi üçün işlərə başlanılıb.

Yunanıstan Müdafiə naziri Nikos Panagiotopoulo ABŞ müdafiə naziri Mark Esperə zəng edib. Avropa Birliyinin Xarici Əlaqələr Komitəsi isə açıqlama yayaraq Türkiyənin bu planlardan vaz keçməyə və bölgədə gərginliyi artırmaqdan qaçmağa dəvət edib.


Müəllif: Cavad