Fransa müdafiə naziri Florens Parli İngiltərə, ABŞ və Avstraliya arasında imzalanan təhlükəsizlik müqaviləsindən sonra britaniyalı həmkarı ilə görüşünü ləğv edib.
Teleqraf.com xəbər verir ki, fransalı nazirin ingilis həmkarı Ben Uolleslə görüşü bu həftə keçirilməli idi.
İngiltərənin Fransadakı keçmiş səfiri Lord Riketts görüşün qeyri-müəyyən tarixə təxirə salındığını deyib.
Böyük Britaniya Baş naziri Boris Conson isə Fransanın razılaşmadan narahat olmasına əsas yaradacaq bir şeyin olmadığını söyləyib.
Avstraliya Baş naziri Skott Morrison Parisin etirazlarına baxmayaraq, üç ölkə arasında imzalanmış yeni təhlükəsizlik müqaviləsindən sonra Fransa ilə 90 milyard dollarlıq hərbi müqaviləni ləğv etmək qərarından peşman olmadığını açıqlayıb.
Müqaviləsini “xəyanət” adlandıran Fransa Xarici işlər naziri Jan-İv Lyö Drian isə Avstraliya, ABŞ və İngiltərənin onları kürəyindən bıçaqladığını deyib. Bundan sonra Fransa Avstraliyadakı səfirini geri çağırıb.