16 May 2022 22:57
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda ölkəyə rəhbərlik edən koalisiya hökuməti məqsədsizdir və administrasiyanı idarə edə bilmir”.

Teleqraf.com xəbər verir ki, bunu Pakistanın keçmiş daxili işlər naziri Şeyx Rəşid Əhməd deyib.

Hökumətdən keçmiş baş nazir Nəvaz Şərifi yenidən hakimiyyətə çağırmağı tələb edən Əhməd etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan keçmiş hökumət başçısı İmran Xan haqda da danışıb.

Əhməd Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri Xanın həbs olunacağı təqdirdə, PTI-nin buna qarşı strategiya planlaşdırdığını iddia edib:

“Xan həbs olunarsa, ölkə siyasi böhrana və şiddətli olaylara səhnə olan Şri-Lankanın vəziyyətinə düşəcək”.

Sabiq nazir Pakistanın tezliklə defolt vəziyyətinə düşəcəyini və buna görə də dövlət qurumlarının baş verənlərə müdaxiləsinin lazım olduğunu deyib.

Aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsi nəticəsində 174 əleyhinə səs toplayan İmran Xan hakimiyyətdən uzaqlaşdırılıb. Aprelin 11-də keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.


Müəllif: Mənsur Rəğbətoğlu