"Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu davam edir, yavaş-yavaş irəliləyirlər".
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” nəşri yazır.
Nəşrin iddiasına görə, əks-hücumun belə tempi planlaşdırılmış şəkildə həyata keçirilə bilər.
Britaniya Müdafiə Qərargahının rəisi Toni Radakin bildirib ki, Ukrayna ordusu Rusiyanın maddi-texniki bazasına hücum edir, həmçinin müxtəlif yerlərdə rusların müdafiəsini yoxlayır.
İyun ayında Ukrayna komandanlığı böyük zirehli birləşmələrin Rusiya PUA-ları üçün yaxşı hədəf olduğunu və buna görə də Silahlı Qüvvələrin kiçik qruplar şəklində hücuma keçdiyini bildirib.
“Hazırda ukraynalıların əldə etdikləri məhdud uğur, əsasən, tağım və qrup səviyyəli bölmələrin addımlarının nəticəsidir. Onlar meşəlik ərazilərdən və kiçik yaşayış məntəqələrindən sığınacaq üçün istifadə edirlər”, - məqalədə deyilir.
Britaniya nəşrinin fikrincə, Ukrayna ordusu əsas ehtiyatlarını hücuma göndərəndə hər şey Rusiyanın öz qoşunlarını mütəşəkkil şəkildə önə çıxarıb-çıxara bilməyəcəyindən asılı olacaq. Aylarla davam edən döyüşlərdən yorulan Rusiya Silahlı Qüvvələrinin parçalanacağı ehtimalı var. Ruslar onsuz da aşağı əhval-ruhiyyə, sursat çatışmazlığı və komandirlərinin səhv qərarları ilə üzləşirlər. Ukraynaya əsas zərbə Rusiya üçün əsl sınaq olacaq.
Hərbi strateq Loren Fridman qeyd edir ki, Ukrayna ABŞ və müttəfiqləri kimi döyüşmür. Amerikalılar öz müharibələrində Ukrayna qüvvələrində olmayan yüksək atəş gücü və havada üstünlük nümayiş etdiriblər. Ukrayna amerikalıların Fars körfəzində göstərdikləri sürətli əməliyyat taktikasını təkrarlaya bilmir.