Almaniya Kansleri Olaf Şolz oktyabrın 19-da Türkiyəyə səfər edəcək, İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Teleqraf.com xəbər verir ki, bunu kanslerin sözçüsü Volfqanq Büxner deyib.
Görüşün məzmunu barədə əvvəlcədən heç nə deyə bilməyəcəyini söyləyən Büxner Ukraynadakı müharibə və Yaxın Şərqdəki vəziyyətlə yanaşı, miqrasiya, ikitərəfli iqtisadi əlaqələrin müzakirə olunacağını da qeyd edib.
Türkiyəyə “Eurofighter” qırıcılarının mümkün satışı ilə bağlı sualı cavablandıran sözçü bu haqda heç nə deyə bilməyəcəyini vurğulayıb.
“Bu səfərdən yeni nəsə gözləməliyikmi” sualına Büxner yenə də silah ixracı ilə bağlı heç nə söyləməyəcəyini və açıqlanacaq bir şeyin olmadığını təkrarlayaraq suala belə cavab verib:
“Amma əlbəttə, Almaniya kanslerinin Türkiyə prezidenti ilə görüşündən həmişə yeni nəsə gözləmək olar”.
Sözçü səfər zamanı Ukrayna müharibəsinin önəmli bir mövzu olacağını da qeyd edib: “Türkiyə burada mühüm tərəfdaşdır”.
“Eurofighter” qırıcılarının İspaniya və Böyük Britaniya ilə birgə ortaq istehsalçılarından olan Almaniya hələlik bunun Türkiyəyə satışına razı deyil. Digər iki ölkə razılıq versə də, Ankara Berlindən cavab gözləyir.