Gürcüstan parlamentinin qarşısındakı etiraz aksiyası qanunla nəzərdə tutulmuş çərçivələrdən tam çıxıb və zorakılıq xarakteri alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, aksiya iştirakçıları parlamentin giriş darvazalarına zərər vurmağa və həyətə daxil olmağa çalışırlar.
“Parlamentin binasına yandırıcı əşyalar atılıb, nəticədə binanın bir neçə otağında yanğın yaranıb və daha sonra söndürülüb. Pirotexniki vasitələrin atılması nəticəsində Daxili İşlər Nazirliyinin bir əməkdaşı yanıq xəsarətləri alıb”, - A. Daraxvelidze deyib.
DİN rəsmisi aksiyanın hər bir iştirakçısını bir daha dinc şəraitdə öz etirazını bildirməyə, hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni göstərişlərinə yerindəcə tabe olmağa çağırıb.
“Parlament binasına ziyan vurmaq, yanğınlar törətmək və digər zorakılıq hərəkətləri davam etdirilsə, Daxili İşlər Nazirliyi qanunla müəyyən edilmiş bütün xüsusi vasitələrdən istifadə edib mitinqi dayandıracaq”, - nazir müavini söyləyib.