Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ermənistan səfiri Aşot Smbatyanla görüş keçirib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.
Görüşdə ölkələr arasında əməkdaşlıq məsələləri müzakirə olunub, parlament əməkdaşlığının dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər hər iki ölkədə baş verən siyasi prosesləri də nəzərdən keçiriblər. Müzakirə zamanı Ermənistann Qərblə əlaqələlərin möhkəmləndirilməsinə marağına, o cümlədən Ermənistanla ABŞ arasında Strateji tərəfdaşlıq xartiyasının imzalanması məsələsinə də toxunulub.
Qeyd olunub ki, Gürcüstan-ABŞ və Ermənistan-ABŞ münasibətlərinin gələcək inkişafı ABŞ-nin yeni prezidenti Donald Trampdan əhəmiyyətli dərəcədə asılı olacaq.
Görüşdə tərəflər Cənubi Qafqazdakı mövcud vəziyyəti də müzakirə ediblər, regional sülh və sabitliyin vacibliyini vurğulayıblar.
Bu gün Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri Levan Maxaşvili də erməni səfirlə görüşüb. Tərəflər ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini və əlaqələrin gücləndirilməsi imkanlarını müzakirə ediblər.