18:11
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 20-də Azərbaycanın Litvadakı səfirliyində Qanlı Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Səfirlikdən Teleqraf.com-a bildirilib ki, tədbirdə Litva Xarici İşlər Nazirliyinin əməkdaşları, ölkə Seymində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun üzvləri, Türkiyə və Qazaxıstanın səfirləri, aparıcı universitetlərin professorları, Azərbaycan diasporunun nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Səfir Tamerlan Qarayev faciə zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırladıb. 1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi təcavüzdən söhbət açan səfir Vətənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan qəhrəman oğul və qızlarımızın, eləcə də dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən danışıb, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb.

T.Qaryev faciə zamanı 150 nəfərin qətlə yetirildiyini, 744 nəfərin isə yaralandığını, 800-dən çox şəxsin qanunsuz olaraq həbs edildiyini, 4 şəxsin itkin düşdüyünü diqqətə çatdıraraq Ümummilli Lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini, faciəyə ilk dəfə məhz Ulu Öndərin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.

Sonra çay süfrəsi arxasında iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Tədbir çərçivəsində iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotosərgi ilə tanış olub, onlara Azərbaycan Xarici İşlər Nazirliyinin 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı Bəyanatı paylanıb. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onların ruhuna dualar oxunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər