Azərbaycan Dövlət Televiziyası (AzTV) Rusiyanı sərt tənqid edib.
Teleqraf.com xəbər verir ki, televiziyanın rəhbəri, siyasi icmalçı Rövşən Məmmədovun müəllifi olduğu "Həftə" analitik-informasiya proqramının yanvarın 19-da efirə gedən buraxılışında Bakı-Moskva əlaqələrinə, AZAL-a məxsus təyyarənin Rusiyada vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra baş verən proseslərə, son günlər Rusiya mətbuatında Azərbaycanın ünvanına səsləndirilən tənqid və təhqirlərə, bunun arxasında kimlərin dura biləcəyinə geniş toxunulub.
Verilişdə qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsində, Vaşinqton-Moskva və Rusiya-Avropa İttifaqı ziddiyyətlərində Azərbaycan hər zaman obyektiv mövqe tutub, heç zaman Qərbin digər region ölkələrinə, xüsusilə də Şimal ölkəsinə qarşı həyata keçirdiyi əsassız sanksiya kampaniyasına qoşulmayıb.
AzTV sədri vurğulayıb ki, bütün bunlara baxmayaraq, düşündürücü məqamlar var Məsələn, Ermənistan bütün siyasətini Rusiyanın maraqlarını və nüfuzunu tapdalamaq üzərində qurduğu halda, Moskvadan İrəvan əleyhinə rəsmi səviyyədə yalnız yumuşaq bəyanatlar verilir: "Görəsən niyə? Azərbaycan isə regional maraqları qoruduğu, Qərbin bölgə ölkələrinə, ilk növbədə Rusiyaya qarşı hesablanmış oyunlarına alət olmadığı, region dövlətləri, həm də Rusiya ilə əlaqələri üstün tutduğu halda, ölkəmiz elə Şimaldan gah neonasistlərin dili ilə hədələnir, təhqir olunur, gah da rəsmi Kremlin birbaşa media ruporu olan “Komsomolskaya Pravda” qəzetinin dili ilə Azərbaycan barədə həqiqətdən uzaq, uydurma informasiyalar dövriyyə buraxılır.
Son günlər bu əks-təbliğat daha çox Bakı-Qroznu təyyarəsinin vurulması ətrafında gedir. Pilotların danışıqlarını yayaraq izi azdırmağa, diqqəti əsas məsələdən yayındıraraq Azərbaycanı günahkar çıxarmağa cəhdlər göstərilir. Etiraf edək ki, biz Rusiyadan obyektiv davranma, hadisənin obyektiv və hərtərəfli araşdırılmasını gözləyirdik. Yəni baş vermiş hadisədə günahı olan ölkə mütləq şəkildə üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Ancaq bu gün bunun əksi baş verir. Görünür, ruslar oyun oynamağa həvəslidirlər.
Sadəcə bilsinlər ki, bu oyunlar, günahı üzərindən atmaq taktikası, Bakının haqlı tələblərindən boyun qaçırmaq ikitərəfli münasibətlərə də ciddi zərbə vurur. Onu da bilsinlər ki, istər Rusiya, istərsə də Qərb olsun, beynəlxalq prosesləri yalnız özlərinin müəyyən etdiyi "Yol xəritəsi" əsasında inkişaf etdirə, həyata keçirə bilməzlər. Başqa dövlətlərə və xalqlara hörmət, hüquqlarına dəyər vermək hər kəsin, o cümlədən Rusiyanın borcudur.
Bu gün məhz Moskvanın hakimiyyət dairələrinin nəzarətində olan media resurslarında Azərbaycan xalqının və dövlətinin təhqir olunması həm anlaşılmaz, həm də yolverilməzdir. Biz başa düşmədik, təyyarəsi vurulan biz, vətəndaşlarını və təcrübəli pilotlarını itirən biz, təhqir olunan da biz!. Əvvəla, baş vermiş hadisəyə münasibətdə hər kəs öz tərbiyəsini ortaya qoyur. Rusların tərbiyəsini və ya tərbiyəsizliyini gördük".
Verilişdə vurğulanıb ki, Rusiya suallara cavab verməlidir: "Suallara cavab vermək mütləqdir, önəmlidir, hörmətli Kreml rəsmiləri. Daha, ucuz şoular və təhqirlər lazım deyil. Azərbaycan haqlı olaraq hesab edir ki, bu təhqir və hədələrin kökü məhz Kremlə qədər gedib çıxır. Bu adi bir media orqanının yazdığı təhqir və hədə deyil. Ucuz şouya və yaxud komediyaya da məhz orada, birbaşa Federal Təhlükəsizlik Xidmətinin əli ilə start verilib".
AzTV-də yayımlanan həmin süjeti təqdim edirik: