“Dominant futbol mən heç bir komandada görmürəm. Bəlkə mənim dominant futbol anlayışım fərqlidir, lakin siz hansı oyuna dominant deyirsiniz?”
Teleqraf.com xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri ev oyunu haqqında danışarkən deyib.
Meydan sahiblərinin baş məşqçisi 1:1 hesablı heç-heçəni belə şərh edib:
“Bu gün qalibiyyət üçün, yaxşı motivasiya ilə çıxmışdıq. Bəzi futbolçularda ola bilər, yorğunluq var. Amma deməzdim ki, futbolçular yalnız bir xal üçün oynadılar. Çox qol epizodu olmadı. Ola bilər ki, bu, izləyicilər üçün maraqsız oldu. Ancaq mən futbolçularıma təşəkkür etmək istəyirəm. Oyunçularım disiplini qoruyub saxladılar. İşimizi nə bugünki “Sabah”la oyuna, nə də sabahkı “Araz-Naxçıvan”la oyuna bağlayıram. Bunlar olmalıdır ki, işlər düzəlsin. Futbolçular bu tempə dözməlidir. Daha kəsərli olmalıyıq. Səhvlərimiz var, bəli, düzəltməliyik. Lakin bunlar tək yoldaşlıq görüşləri ilə düzəlməyəcək. Biz bunların hər birini mərhələ-mərhələ keçməliyik. İnanıram ki, düzələcək. Bütün bunlar öncə kökə dayanır. Mən də narazıyam”.