30 Aprel 2017 09:55
2 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Eldar Baxışın poeziyası haqqında)

I məqalə

S.T.Koldric deyirdi ki, poetik dürüstlük şübhə yolunun bir dəqiqəlik qapanmasıdır. Şeir yalan, pafos, xəyallar və illüziyalar aləminin əksi, səsi deyil. Şair yaşadığından, duyduğundan, yandığından, sevdiyindən yazmayanda həmin o "poetik dürüstlük" keyfiyyəti olmur. Ən əsası, inandığından yazmalıdır, şübhə ilə, ehtimalla yazanda oxucunu öz ruh aləminə qonaq edə bilməz...

E.Baxış şeirində yalan yoxdur. Hətta "şair yalanı" belə...

Ocaqda alışdım-yandım,
tüstüm çıxdı buxarıdan.
Quru kitabdan oxudum,
yedim quru suxarıdan.

Gün günlədim, ay ayladım;
yeri, göyü qalayladım,
Teymurləngi harayladım,
Səmərqənddən, Buxaradan.

Məni ulu göy saxladı,
gün saxladı, ay saxladı,
yaralarım qaysaxladı,
ax yaradan, ox yaradan...

geydim elin geydiyindən,
yedim elin yediyindən,
dedim elin dediyindən;
Araz çayı qalx, aradan.

Boz atım var, salsanı yox,
Qıratım var, yalmanı yox,
sözlərimin yalanı yox,
Allah baxır yuxarıdan.

Poeziyamızda imzalar var ki, ad kimi, imzalar da var ki, tale kimi, şeir kimi, sözün hansısa çaları, rəngi kimi qalıb yadımızda. Məsələn, bu an düşüncəmi daha çox məşğul edən Sözün bir ağrıyan, sıxılan Vaqif Bayatlı Odər rəngi var. Halbuki, hal-hazırda Eldar Baxışdan yazmağa başlamışam. Deməli, fikir, düşüncə, ruh qohumları kimi, ağrı qohumları da olurmuş şairlər arasında. E.Baxış R.Rövşənlə də ağrı qohumu idi... Onun məşhur "Sərçə balası" şeirini R.Rövşənin adı ilə yadda saxlayan, əzbərləyən oxucular çoxdur... Lakin E.Baxışın öz poetik obrazı, üslubu, şeir qələmi var. Baxmayaraq ki, bu üslub və tərzdə də stabillik, yekrənglik yoxdur. Mövzusuna, həyəcanına, tərənnüm, təsvir obyektinin mahiyyətinə görə üslub və poetik assosasiya dəyişə bilər. Daha çox mühitin tempi, səsi və ya səssizliyi, sükutu, hayqırtısı müəyyən bir ədəbi nəslin yaradıcılığında zamanın, dövrün "nəsil üslubu"na çevrilə bilir. R.Rövşən, E.Baxış, V.Bayatlı zamanının ağrıları, ümid və məğlubiyyətləri, necə ki bir ədəbi nəslin poetik tərz və üslubunda ifadə olundu. Nobelçi Oktavio Pas yazırdı ki, "Üslub hər cür yaradıcılıq üçün başlanğıc nöqtəsidir. Amma elə məhz buna görə də hər bir sənətkar tarixən yaranmış ümumi üslubu aşmaq istəyir. Şair üsluba, tərzə yiyələnəndə şairlikdən çıxır, ədəbi artefaktların konstruktoruna çevrilir. Qonqoranı barokko şairi adlandırmaq, bəlkə də, ədəbiyyat tarixi nəzərindən düzgündür, amma onun mətnlərini anlamaq istəyənlər üçün poeziya bunun fövqündədir. Bəli, bu kordovalının şeirləri barokko üslubunun ən ali nümunələridir, amma unutmaq olmaz ki, Qonqora üçün səciyyəvi olan və bu gün bizim Qonqora üslubu adlandırdığımız ekspressiv formalar əvvəl yalnız tapıntı, söz yaradıcılığı idi və yalnız sonra bütün bunlar üsula, təcrübəyə, qaydaya çevrildi. Şair öz epoxasının dil sərvətini - dövrünün üslubunu istifadə edir, özünə uyğunlaşdırır, bu materialı unikal əsərə çevirir".

E.Baxışın inancı, güvəni, iradəsi daxilindəki şair təbiətinə məxsus həssaslığa, kövrəkliyə, uşaq saflığına boyun əymişdi. Həyat adlı mübarizə, mücadilə meydanında üz tutduğu, etibar edib sığındığı "dözüm"lə də adam kimi üzbəüz söhbət edib dərdləşə bilirdi. Çünki "Bu sayda adam içində,Bu soyda adam içində,Bu boyda adam içində, Dərd deməyə adam yoxdu" –tənhalığı vardı onun...

Dözümünə bel bağlayıb dözə-dözə yaşamalı olur. Nə istəyirsə həyatdan "yox" eşidir.

Vardan bir söz demədilər,
deyəndə yoxdan dedilər.
Dərddən, qəmdən, göz yaşından,
amandan, ahdan dedilər.

Çoxlu "yox"lar arasında Tanrını gəzir, üzünü göyə çevirir, amma onda da:

Nə baxırsan göy üzünə,
tanrı yoxdu, döz – dedilər.

Yaşamaq, həyatdan zövq almaq əvəzinə dişini dişinə sıxıb dözən bu adamın dözümü də bezir ondan, tükənir, səbri, taqəti bitir, nəhayət, qurda dönüb dözümünü quzu kimi didib dağıdır və bir gün dözüm onun üzünə ağ olur:

Gördüm dözüm dözə bilmir,
gördüm dözüm gerilədi.
Dözümün geriləməyi
mənə yaman yer elədi.

Dözümü daşdan tulladım,
qayadan atdım dözümü.
Qurda dönüb
quzu kimi
didib dağıtdım dözümü.

İndi dözümsüz qalmışam
göz olub baxıram indi.
Ayağıma daş dəyəndə
özümdən çıxıram indi.

Gül kimi dözümüm vardı,
nahaq dözümü öldürdüm.
Yaxşı-yaman yaşayırdım,
özüm özümü öldürdüm.

Amma bu kövrək adamın içində həm də dar ağacına şəstlə gedə bilən bir kişi obrazı da var. Sözü, üzü bir olan kişi...

bir dar ağacı qurulub
bir kimsəsiz meydanın ortasında,
bir kimsəsiz dənizin
bir kimsəsiz adasında.

Oynaya-oynaya getməlidi kişi
bu kimsəsiz dənizin
kimsəsiz adanın,
kimsəsiz meydanın ortasındakı
dar ağacına sarı.

Zəngin bir adamla özünü müqayisə edir və "səndən pul, maşın, bağ, ev qalacaq, məndənsə tanrım, qələmim, azadlığım və dərdim"-deyir. Bu poeziyada Tanrının, azadlığın, dərdin, şairliyin və şairlərin öz poetik obrazı, portreti var. Şeirlərinin birində yazır ki, Cavid, Hadi, Sabir sabunlarını, tiyanlarını, əlyazmalarını, ömürlərini satdı, amma ruhlarını satmadı. Şairlər də var ki, siyasət adamı kimi yaşadı. Sabunlarını da, tiyanlarını, əlyazmalarını, ömür-günlərini, həyatlarını xilas etdi, amma ruhunu satdı. Və biz indi bu iki tip şairlərin ortasında qalmışıq. Ona görə bizə "ara şairləri" deyirlər.

Ara şairləri deyirlər bizə;
biz bu aradan çıxmalıyıq,
bu aradan çıxıb getməliyik,
özü də o tərəfə - bu tərəfə yox,
bir tərəfə -
Sabir tərəfə,
Hadi tərəfə,
Cavid tərəfə...

Eldar Baxışın şeirlərində məlum, bəlkə hər şairin şeirində vəsf olunan obrazlar var ki, onun baxışında, yanaşmasında yeni geyim, don, çalar və rəng qazanır. 20 yanvar, Qarabağ hadisələri günlərində "əliyalın xalq" ifadəsi dilləri dolaşırdı. Bu ifadənin ictimai, siyasi semantikası E.Baxış şeirindəki poetik təqdimata uduzur bir az... Məlum olur ki, müstəqil, azad olmaq istəyən Azərbaycan insanının əli silahsız olsa da, bu əlin bayraq da ola bilən vaxtları olub, qalxan da, gürz də:

Yırtıq cibimizdən çəkib çıxartdıq,
Bayrağa döndərdik əlimizi biz.
Qalxana döndərdik, gürzə döndərdik,
Yarağa döndərdik əlimizi biz.

Nahaq olan əllər nahaq oldular,
Haqqa qovuşdular haqq olan əllər.
Səhər orda-burda ölən əlləri
Yığıb daşıdılar sağ qalan əllər.

45 yaşı olanda dünyayla haqq-hesab eləmək istəyir. Kim kimi yıxdı, kim kimə uduzdu? Əlbəttə, belə üzləşmə ancaq şair təbiətinin işi ola bilərdi. Deyirdi ki, 45 yaşım var, dünya bir tərəfdədir, mən bir tərəfdə. Çiling-ağac oynayırıq dünya ilə. Gah mən ağac oluram, dünya çiling, gah da dünya ağac olur mən çiling. Dünyayla oynaya-oynaya orta məktəbi bitirdim, instituta girdim, evləndim, ailə-uşaq sahibi oldum, dost qazandım, yazdım, pozdum.

Sonda isə şair anlayır ki, bunlar qazanc deyilmiş... İtkilər daha ağırdır və o məğlub halını belə açıqlayır:
45 il itirmişəm –
içində mənim sevincim,
içində mənim kədərim,
içində mənim azadlığım –
mənim tanrım.

E. Baxışda sevginin də yeni adı var: Sənə olan təmiz sevgim, lalə sevgim, nərgiz sevgim və s. "Poeziya səhrada yalvarışdır, gözəgörünməzlə söhbətdir. O, nifrət, qüssə, ümidsizliklə qidalanır". (O.Pas) Qüssə ilə qidalanan şeirləri daha çoxdur onun. Etiraf edilən sevgiyə sevinməkdənsə, onun da qəmini yaşayır və "səhrada yalvarış" əlacsızlığı ilə özünə yox, qarşısındakına dua edir:

İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
Kişilər, arvadlar gülsün bu qıza.

Elə eləmə ki,
vüsal yerinə
Göz yaşı danışsın, qəhər danışsın.
Bir qızdan bir bölük adam danışsın,
Bir qızdan bir böyük şəhər danışsın.

Elə eləmə ki, bu qız bu eldə,
Dilə-dişə düşsün məndən ötəri…
Sərçə balasıdı bu qız bu saat,
Boynunu uzadıb dəndən ötəri.

Bu qızın
bu saat məndən umduğu,
Məndən istədiyi dən məndə yoxdu.
Bu qız ay istəyir, ay yoxdu məndə,
Bu qız gün istəyir, gün məndə yoxdu.
Sevgi yoxdu məndə sevəm bu qızı,
Elə axan suyu belə döndərim.
Çevirəm özümü kəpənəyə mən,
Bu qızı çiçəyə, gülə döndərim.

Səndən çiçək olmaz, səndən gül olmaz,
Məndən də kəpənək, sərçə balası.
Durduğumuz yerdə biz niyə duraq,
Biz niyə tərpənək, sərçə balası?

Lap belə tərpəndik, lap belə getdik,
Sən deyən, mən deyən olası deyil.
Sərçə balasısan sən bu dünyada,
Şair ki, kəpənək balası deyil.

Kəpənək olmuşam dünyada bir vaxt,
Qanadım da olub bilmək istəsən.
İstəyim də olub özümə görə,
İnadım da olub, bilmək istəsən.

O qanad,
o inad,
o istək hanı,-
O qanad,
o inad,
o istək öldü.
Bircə gün çəkmədi gəlib-getməyi,
Kəpənək doğuldu, kəpənək öldü.

Ağca pambıq kimi,
ağca yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi.

Hanı o kəpənək, hanı o sevgi?-
Yaşamır, yaşamır, sərçə balası.
Bu ağ kəpənəklər o kəpənəyə,
Oxşamır, oxşamır, sərçə balası.

…Sən ey yeri, göyü yaradan kişi,
Uzaq görünürmü ordan yer sənə?!
Bu qıza bu boyda sevgi vermisən,
Mənə də bir azca sevgi versənə.

Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun,
quşun olmasın.
İlahi, neyləsən, sən mənə eylə,
İlahi, bu qızla işin olmasın…

Məqalənin əvvəlində də E.Baxışın V.Bayatlı, R.Rövşənlə ruh qohumluğunu qeyd etmişdim. Bu ruhda Hadiyə, Cavidə münasibət həmrəyliyi də var. R.Rövşənin "Qara-qara qarışqalar" şeirində təsvir olunduğu kimi təklənib qara-qara qarışqalar tərəfindən parçalanan bir əlacsız kəpənək taleyini yaşayan Cavid, Hadi nisgili E.Baxış poeziyasında obrazlaşır. E.Baxış M.Hadiyə həsr etdiyi şeirdə yazırdı:

Tək dedilər - təklədilər,
qanına yeriklədilər.
sonra da dərdini alıb
dağa-daşa yüklədilər,
çəkə bilmədi-bilmədi.

Əsim-əsimcə əsdilər,
öldürməyə tələsdilər,
günün günorta çağında
ağacı elə kəsdilər, -
kölgə bilmədi-bilmədi.

Xallandı gül butasında.
nər qarnında qartasında.
bir şairi öldürdülər
bir ölkənin ortasında, -
ölkə bilmədi-bilmədi.

R.Rövşənin "başı kəsik gözəl kötük" şeiri var. E.Baxışın da "Kötük" şeiri.

Bəlkə, məndən qabaq gəlib dünyaya,
Bəlkə, məndən sonra...
deyə bilmərəm.
Bu kötüyün mənə dediklərini
Bir batman bal ilə yeyə bilmərəm.

Və bundan sonra kötüyün ona söylədiklərini sadalayır şair. Kötük ona deyir ki, "düşünmə, danışma, ağzını açma, düzlük kimi yarıdıb ki, düzlükdən əl çəkmirsən? Baş varsa başın üstündə yumruq da var, quş varsa, onun üçün hazırlanmış qəfəs də var, şairsən otur şair yerində..."

Qəfəs neyləyəcək quşun içində,
Qəfəsin içində quş neyləyəcək?

Beləcə bu başıkəsik kötük bir ömür boyu onun daxilində, yan-yörəsində öz diktəsini edir. Sonda isə şairin ona ittihamı səslənir:

Heç nə deməsəm də, bunu deyim ki,
Mənsiz də əlindən beziblər sənin...
Belə düşünmüsən, daşınmısan ki,
Başını bədəndən üzüblər sənin.

E.Baxışın şair xislətində təbiətin, məişətin, düşüncə və hisslərin şeirləşə bilən detalları arasında "balaca", "böyük" ölçüsü yoxdur. Bir rəng, bir təbiət çaları da tərənnüm obyekti ola bilər. Yaz yaşılının qızmar yay, soyuq payız, qış burulğanında itməsi, yoxa çıxıb əriməsi ağrıdır şairi, bu həyat, canlılıq, ovqat nişanəsinin-otda, yarpaqda sükuta.

Bozluğa meydan oxuyan yaşıl rəngin arxasınca sanki ağı deyir:

...yaşılım,
yaşılım, hara gedirsən?
çiçək qanadından, ot qanadından,
palıd qanadından, tut qanadından,
sallana-sallana hara gedirsən?

O sarı zamanıın sarı payızı,
o sarı payızın sarı küləyi,
o sarı küləyin sarı şilləsi
sındıracaq səni, əyəcək səni,
düşəcək dalınca canavar kimi,
qurd kimi dağıdıb yeyəcək səni, -–
Yaşılım,
yaşılıım, hara gedirsən?

28.04.2017.


Müəllif:

Oxşar xəbərlər