8 Dekabr 2017 21:09
4 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com yazıçı Səfər Alışarlı ilə müsahibəni təqdim edir

– Səfər müəllim, öz bioqrafiyanızı qısa şəkildə necə anlada bilərsiniz?

– Kənddə doğulmuşam, 13 yaşından Bakıdayam, müxtəlif yerlərdə oxumuşam. 10 il ölkədən xaricdə yaşamışam. Nəsr yazmağı, səliqə-sahmanı, dürüst adamları sevirəm. Uşaqlarımı, nəvələrimi... Qalanlarını bilirsiniz...

– 64 yaşınız var. Necə düşünürsünüz, bu günə kimi daha çox susmusunuz, yoxsa danışmısınız?

– Mən danışan vaxtlarda bütün Azərbaycan susurdu. İndi danışmağa nə var ki?! Fidel Kastro ahıl çağlarında hakimiyyətdən və həyatdan yorulduğu vaxtlarda verdiyi bir müsahibədə demişdi ki, Monkado kazarmalarının fəthinə 83 nəfərlə getmişdi. Sonra əlavə eləyir: “İndi 10 nəfərlə də gedərdim!” Bunu demək üçün dünyada hər şeyi görmək lazımdır: döyüşü, hakimiyyəti, dəbdəbəli sarayları, məhrumiyyətləri, qadınları, qara kürünü və s.

Mən də o fikirdəyəm ki, həyat çox mənasız və insan üçün vacib olan bəzi prinsipial məsələlərlə müqayisədə cılız bir şeydir. Biz onu illər boyu zir-zibillə bəzəyib fetişləşdirəndən sonra sadəcə altından çıxa bilmirik. Bu həqiqətləri yalnız mübarizələrdən keçmiş ustadlar gənc nəslə çatdıra bilər. Ənənələr elə yaranır, qorunur və zənginləşdirilir. Ənənələrin yaxışısı, pisi olur.

– Səhv eləmirəmsə, son kitabınız 2004-də çıxıb. Niyə kitab çıxarmırsınız?

– Bir neçə səbəb üzündən yeni kitab nəşr eləmirəm. Onlardan birincisi yazdıqlarımı daha mükəmməl etmək istəyidir. Bunun üçün vaxt qıtlığı yaşasam da, bir kitablıq yeni yazılarım, romanım var. Mən yazı-pozuya münasibətdə bir qədər vasvasıyam. Çünki dünya ədəbiyyatının yaratdığı yaxşı əsərlərin əksəriyyətini oxumuşam, gözəl müəllimlərdən, ustadlardan dərs almışam, mübarizələrdən keçmişəm. Mən bədii cümləni, ifadə edilmiş fikrin dərinliyinə baxmadan, kiçik bir qüsura görə qəbul etməyə bilərəm və s. Fikrimcə, yazılı bütün cümlələr çaplı silahdan açılan atəş kimi qüsursuz olmalı və mütləq hədəfə dəyməlidir...

Kitabımın çıxmaması məni narahat edir, amma mən buna da hövsələ ilə yanaşmağa çalışıram. Çünki yaxşı və pis əsərləri gözləyən mütləq aqibətin, bütövlükdə ədəbiyyatın nə olduğunu bilirəm. Hər gün sosial şəbəkələrdən tökülən şöhrət horrası məni qısqandırmır. Mən ikinci bir ədəbi tale yaşayacaq yazıçı qədər sakit və təmkinliyəm. Şükr olsun böyük Allaha bu səbri mənə verdiyi üçün. Düşünürəm ki, yaxşı əsər harada olsa, nə vaxt olsa, gəlib öz yerini tapacaq.

SSRİ yazıçılarının 1934-cü ildə keçirilən birinci qurultayına Mixail Bulqakovu nə nümayəndə kimi, nə də elə-belə dəvət eləmişdilər. Orada yalançı şirlər, pələnglər meydan sulayırdı. Dostoyevskini, Mayakovskini, Yesenini ittiham edirdilər, Axmatovanın, Svetayevanın, Mandelştamın, Meyerxoldun adını belə çəkən yoxuydu. Bizdən isə ora nə Mirzə Cəlili, nə də Hüseyn Cavidi aparmışdılar...

– Bu, təsadüf idimi?

– Yox, əlbəttə. Orada deyirdilər ki, sovet hökuməti proletar yazıçılarına bütün hüquqları verib, onların yalnız bir hüququnu əlindən alıb: “Pis yazmaq hüququnu!” Nəticədə nə oldu? Bulqakov 50 il sandıqda yatmış bir romanı ilə təkbaşına bütün sovet ədəbiyyatının kürəyini yerə vurdu.

– “Maestro” romanınızı tapmaq olmur. O əsəri yenidən çap etdirməyə ehtiyac hiss etmirsiniz?

– Ehtiyac olsaydı, naşirlər mənə müraciət edərdi. Hələlik elə bir təklif almamışam. Görünür, o əsərə ehtiyac sizin dediyiniz qədər də kəskin deyil.

– Siz uzun müddət Naxçıvanda və Bakıda televiziya işində işləmisiniz. Amma nədənsə, sizdən bu mövzuda heç nə soruşan yoxdur...

– Televiziyada, elə mətbuatda da belə bir qızıl məntiq var: xalqa nə verirsən, onu da sənə qaytarır. Mənim televiziyada vaxtilə bu xalqa verdiklərim indikindən xeyli fərqli olduğuna görə mənə sual verməyə yer qalmır. Mən yalan danışanda ən azı sifəti qızaran televiziyanın təmsilçisiyəm. Sizcə, indi məndən o haqda nəsə soruşmağa ehtiyacmı var?

– Səfər müəllim, hansısa yazıçıların mifini yaratmaq sizin əlinizdə olsaydı, onlar kimlər olardı?

– Layiq olanların mifi bizsiz yaranıb. Layiq olmayanların mifi heç zaman olmayacaq. Burada məsələ daha ciddidir. Çünki fəlsəfi fikirlə, ülvi səmimiyyətlə cilalanmış bədii söz insan qastronomiyasından çox uzaqdadır. Ora daxil olmağın yalnız bir yolu var: istedad, zəhmət və Allah! Üç-dörd imzanı çıxmaq şərtilə Azərbaycan sovet ədəbiyyatı bütünlükdə feyk dəyərlər üzərində qurulmuşdu. Müəyyən təzahürlər bu gün də mövcuddur, hətta kultivasiya cəhdlərini də aşkar görürük. Biz müstəqillik dövründə yetişdirmək istədiyimiz yeni insanın cibinə mənəvi pasport olaraq onları qoya bilmərik.

– Niyə ağıllı adamlar həmişə kənarda gəzir? Meydan isə ayrı qəhrəmanların əlində olur. Səbəb nədir? Ağıllılar özü nə üçün meydanda olmaq istəmir?

– Mən 1985-ci ildə Moskvadan qayıdanda artıq sovet ideologiyası süquta uğramışdı. Mən bunu Moskvada görüb gəlmişdim, müəllimlərimin Litinstitutda bu barədə nələr danışdıqlarını Azərbaycanda kimsənin təsəvvürə belə gətirməyə cəsarəti çatmazdı. Bir il keçmədi, “perestroyka” başlandı ki, guya kommunist dəyərləri həqiqi nominalında bərpa olunsun. O zaman mən iş axtara-axtara bir müddət ətrafa baxdım və gördüm ki, o küncdə bir qrup ziyalı sozalır, bu küncdə bir qrup fəhlə şikəst edilir, bu yanda kəndli kolxozda uşağına ev tikməyə torpaq tapmır və s. Azərbaycan ziyalısı bunlardan cin dəmirdən qorxan kimi qorxurdu. Onda şəxsən mən xalqın - fəhlənin, kəndlinin yanına getdim. Hesab edirəm ki, faydasız olmadı. Burada “Gənclik” jurnalının, onun rəhbərlərinin və başqa dostlarımın xidmətini, əlbəttə, danmaq olmaz. Amma çətin bu mübarizəyə mənim yazıçı taleyimin sərasər iyirmi ili getdi. İndi çoxları o zamanın televiziyasında gördüklərindən özlərinə qəhrəmanlıq dosyesi düzəldir, mənə isə o barədə susmaq da ləzzət verir.

– Sizin üçün ədəbi meyar nədir? Bədii əsəri qiymətləndirərkən, ona hansı kriteriyalarla yanaşırsınız? Dil, ideya, mövzu... Yoxsa tez-tez işlədilən bir söz də var: müəllifin vətəndaş mövqeyi...

– Mürəkkəb məsələ olsa da çalışım nəsə deyim. Müxtəlif zamanlarda mənim ədəbiyyatda görmək istədiklərim fərqli olub. Məsələn, ilkin ədəbi təcrübələrimdə mənim üçün ən gözəl yazıçı Vasili Şukşin idi. O, realist idi, sovet gerçəkliyini bədii təsvir vasitələrilə riyasız və boyasız, yetərli sərtliklə verə bilirdi. Azərbaycan ədəbiyyatında eləsi yox idi. Onda mənim oxuduğum mətnə ilk sualım bu idi: nə olub? “Olmuş” mənə uydurma kimi görünəndə həyatdakından çox uzaq olanda əsəri oxumurdum. Sonra müasir rus ədəbiyyatında yeni imzalar tapdım: Yuri Kazakov, Anatoli Kim, Yuri Trifanov, Tendryakov, Vampilov, Qelman, Rıbakov, Makanin və başqaları. Bunlar sovet reallığının yazıçıları olduqları üçün mənə Heminqueydən, Folknerdən, Kamyudan, Selincerdən, Prustdan, Markesdən və başqa qərblilərdən bir köynək yaxındılar. Zövqüm və çağdaş ədəbiyyata baxışım dəyişdi, institutu qurtarandan sonra üç müəllifi daim özümlə gəzdirirdim: amerikalı Kurt Vonnequt, Andrey Platonov və Mixail Bulqakov...

– Nə var bu müəlliflərdə?

– Bunlarda sosial məzmunla yanaşı, öndə predmetin, hadisənin mahiyyətinə psixoloji nüfuz var və bu yazıçılar öz gördüklərini oxucuya bədii sintaksislə, parlaq metaforalarla oxunaqlı formada təqdim edə bilirlər. Bu məsələləri yazıçı birdən-birə əldə edə bilmir. Yazıçı buna həyatını qumara qoyan kimi qoyur və niyyətlər xeyirxahdırsa, mütaliə varsa, sistemli təhsil alıbsa, insanları və heyvanları az-çox tanıya bilibsə, müəyyən uğur qazana bilir.

– Bizdə xüsusən, son dövlər dünya ədəbiyyatı nümunələri çox təbliğ olundu. İndi kim əsər yazırsa, dünya ədəbiyyatı nümayəndələrinə istinad edir, özlərini onlara oxşamaq istəyirlər. Kafkaya, Coysa, Ekoya və s. Mirzə Cəlilə oxşamaq istəyən yoxdur. Sizcə, belə şeylər bizi milli nəsr ənənələrimizdən uzaqlaşdırır?

– “Milli nəsr ənənələrimiz” çox yekə səslənir. Bizim ən böyük nəsr abidəmiz Dədə Qorqud dastanıdır, onu da uzun zamanlar oxuya bilməmişik. Dediyiniz qərbli müəlliflər, heç şübhəsiz, dəyərli yazıçılardır və onların fəth etdiyi zirvələrə bizim qələm sahiblərinin üz tutması tamamilə normaldır. Biz o zirvələrə Axundov, Mirzə Cəlil realizmini, ən başlıcası, Qurani-Kərimdəki Allah və Qul mahiyyətlərini dərk etmədən heç zaman gedib çata bilmərik.

– Haqverdiyev yaxşı yazıçı olduğu halda niyə ondan az danışılır? Amma Mirzə Cəlildən çox danışılır, çox yazılır... Ola bilərmi bizdə Haqverdiyev səviyyəsində tənqidçilər, ədəbiyyatşünaslar hələ yetişməyib?

– Haqverdiyev universiteti Peterburqda oxuyub, XX əsrin əvvəllərində Rusiya Dövlət Dumasının deputatı olub, sonra Azərbaycanda başqa dövlət vəzifələrində çalışıb. Mirzə Cəlil Qori seminariyasını bitirib, bütün ömrünü və mübarizəsini Danabaş kəndinin milli-mənəvi istiqlalına sərf edib, heç bir başqa vəzifəsi-filanı olmayıb. Bu, onların arasındakı ilk fərqdir və zənnimcə, bunun bədii yaradıcılığa müəyyən qədər təsir etməsi mümkündür. Haqverdiyev sərvətin parıltısını görmüşdü, o parıltının içindən uzun müddət baxanda ədəbiyyatın estetik kredoları dəyişə bilir. Azərbaycan kəndini və kəndlisini gözəl tanıyan Haqverdiyev mənim zənnimcə, o materialın üzərində bəzi estetik sapıntılara getdi. Ona rusca “literaturşina” deyirlər. Mirzə Cəlilin yaradıcılığı bu baxımdan qranit kimi sərt və bəzəksizdi. Bu müqayisədə Mirzə Cəlil fransız Molyerlə, ukraynalı Qoqolla, rus Şedrinlə bir sırada dayana bilir.

– Tez-tez dünyaya çıxmaqdan, dünyada çap olunmaqdan danışırıq. Sizcə, bizim dünya ədəbiyyatına gedən yolumuz haralardan və nələrdən keçir?

– Dünyaya yalnız istedadla çıxmaq mümkündür. Özü də bunun üçün bizim istedadımız ən azı bir-iki əmsal avropalınınkından yüksək və kalitəli olmalıdır. Bu gün dünyada ortabab ədəbiyyatın dövriyyəsi davam edir, onların bəziləri hətta Nobeli də alır. Ancaq məsələ bu deyil, Nobel də deyil. Məsələ sənin yazıçının əsərinin çox yox, 30 il, 40 il bundan sonra oxunub-oxunmayacağındadı. Mən mətnin bədii cəhətdən köhnəlməsini nəzərdə tuturam. Bugünkü yazıçı üçün təkcə istedadın mövcudluğu azdır, onun sistemli mütaliəsinin və təhsilinin olması, dil bilməsi, dünyanı, müxtəlif millətləri görməsi və tanıması vacibdir.

– Hüqo fransız ədəbiyyatının vicdanı sayılırdı. Bəs sizcə, bu gün Azərbaycan ədəbiyyatının vicdanı kimdir?

– Hüqonun Fransa kimi bir ölkədə işləri yəqin ki, bizimkindən çox da ağır olmayıb. Azərbaycanda da olub, yenə olacaq.

– Dostoyevski deyirdi ki, “Don Kixot”u qiyamət günü Tanrının hüzuruna çıxarmaq olar. Bəs biz öz milli ədəbiyyatımızdan hansı əsəri Tanrı dərgahına daşıya bilərik?

Dostoyevski ilə razılaşmamaq olmaz. Mən, məsələn, Aşıq Ələsgərin kitabını deyərdim.

– Elçin Əfəndiyev son məqalələrinin birində deyir ki, tənqidçi pis əsərin qabağına çıxmalıdır. Bu yanaşmaya münasibətiniz necədir?

– Pis əsərin qabağına tənqidçi də, nasir də, şair də, polis rəisi də çıxmalıdı. Di gəl görək çıxırmı?! Çıxa bilirmi? İnsanlar indi mənasız yazıları tərifləyə-tərifləyə çətinliklə yaşayırlar, tənqid etsələr, aqibətləri necə olar?!

– Səfər müəllim, mümkünsə, bir az Mövluddan danışardınız...

– Mövlud haqqında danışmaq mənim üçün çox ağırdır. Şərq aləmində tarixən Mövludlar üçün dahiyanə bir missiya formalaşmışdı: dərvişlik. Biz daxilən sərhədsiz insanları gətirib soxuruq “xruşşovkaya”, sonra da deyirik ki, niyə belə oldu?! Mövlud hələ tam yetişməmişdi, yetkinləşməyə doğru gedirdi, böyük mənəvi potensialı, çox incə ədəbi duyumu vardı. Biz onu qoruya bilmədik. Əslində, heç qoruya da bilməzdik, çünki o başqa səlahiyyətlilərin orbitində idi. Mənim həyatımda Mövludun yeri bomboşdur, hər gün oradan keçib yuxarı başa gedən dostlarımın çoxu təəssüf ki, haradan keçdiyinin fərqində deyil...

– Sonda... 64 yaşınız olacaq. Azərbaycan ədəbiyyatı üçün qiymətli əsərlər yazmısınız. Bəs bundan sonra sizdən yeni əsərlər gözləyəkmi?

– Yaxşı əsər planla yazılmır. Əksinə, yalnız pis əsərləri planla yazmaq mümkündür. Yaxşı əsər daha çox təsadüfdür. Allah o təsadüfü hər adama nəsib eləmir. Pəncərə müəyyən müddətə açılır və sən müəllif olaraq nəfəs almağa başlayırsan. Pəncərənin uzun müddət açıq qalması mümkün deyil. Çünki sənin ruhi müvazinətin hər an dəyişməkdədir. Onun uzun müddət dəyişməyə qoymamaq, o həssas sabitliyi qoruyub saxlamaq üçün çox şeylər gərəkdir.


Müəllif: Kəramət Böyükçöl

Oxşar xəbərlər