2017-ci ilin bitməsinə bir həftə qalıb. Bu il də bəziləri üçün düşərli, bəziləri üçün uğursuz oldu. Görəsən, ötən Xoruz ili qələm əhli üçün necə keçdi, İt ilindən nələr gözləyirlər, həm özləri, həm də dünya üçün gözləntiləri nədir?
Teleqraf.com-un sorğusuna verilən cavabları təqdim edirik.
Aqşin Yenisey (şair, publisist)
- İndi, sizin sualınızdan sonra bilmişəm ki, keçən il xoruz ili imiş, hətta bir-birinə xoruzlanıb, axırda qara camaatı bombalayan siyasi liderlərin niyə belə etdiyini özüm üçün bir balaca çözmüş kimi oldum. Mənə elə gəlir ki, dünyada fundamental dəyişiklik Marsa köçəndən sonra olacaq. Biz artıq hər mənada tükənmiş dünyada yaşayırıq.
Murad Köhnəqala (şair)
- Bir vaxtlar ölkədə olan bütün qəzetlər arxa səhifəsində ulduz falı verirdilər. Adamlar tanıyırdım ki, səhər tezdən öz falını oxuyub bütün gününü orda yazılanlarla planlaşdırırdı.
Əlbəttə, mən belə şeylərə cahillik kimi baxıram. Göylərdən nəyisə ummaq, dualarla taleyi dəyişmək düşüncəsi insanı real həyat fəaliyətindən, aktivlikdən sapdırır. Özü də həmin qəzetlərdəki fallar heç vaxt biri-birinə uyğun olmurdu. Əslində, kosmik ölçülərlə götürdükdə insanın təyin etdiyi ilin, ayın, günün saatın heç bir əhəmiyəti yoxdu. Zamandı, özü üçün axıb gedir. Ancaq yenə də, hər dəfə yeni il qeyd etmək, hər ilə ad qoymağın özü maraqlıdı. Hər ildə olduğu kimi bu ildə də çoxlu fərəhli, kədərli günlər yaşadıq. Mənim üçün ən faciəli hadisə Mövludun intiharı oldu. Ancaq böyük oğlumla kiçik oğlumun görüşməsi mənim üçün bu ilin ən xoş hadisəsi kimi yadımda qalıb.
Keçək qarşıdan gələn it ilinə. İtləri çox sevirəm, ulduz falına inansaydım, bu yeni ilə çox arxayın girərdim. Ancaq it ilində doğulmasam da, itlərlə oxşar cəhətlərim çoxdu. Xaraktercə it kimi dözümlüyəm, vəfalıyam, bunlar heç. Ən əsası, sümük gəmirməyi itlərdən betər sevirəm. Dediyim kimi, fal məsələsinə inanmadığıma görə il bölgüsü üçün proqnoz verməyim düzgün olmazdı. Ümumiyətlə, gələcək barədə proqnoz vermək siyasi texnoloqların işidi.
Rəbiqə Nazimqızı (şair)
- Ötən il mənim üçün qəribə keçdi, planlarım və əsəblərim tez-tez pozuldu, Mövludu itirdik. Ümumiyyətlə, ötən ilə qiymət vermək çox çətindir. Çoxlu sevinc və çoxlu agrılar bir-birini əvəz elədi. Yaradıcı planda elə bir şeylə yadda qalmadı. Şükür ki, ilin sonlarına doğru sakitlik və rahatlıq qayıtdı, bütün çətinliklər arxada qaldı. Əsas olan da budur.
Mahir Mehdi (şair)
- İlləri "Xoruz"a, "İt"ə kim bölüb, vaxtı kim belə sıralayıb, düzüb bilmirəm. Bildiyim odur ki, bu bölgülər mənim boyuma, ölçümə uyğun deyil. Mən olsa-olsa “adam” ilindən ola bilərəm. Suala gəlincə, 2017-nin 8 ayını həbsdə olmuşam, məni islah eləyib özlərinə oxşatmaq istəyirdilər, sadəcə, alinmadı. Tanimadığım adamlarda özümü bir də tanıdım, görünən tərəfimin görünməyən yönünü gördüm. Özümü romanlarda, hekayələrdə, esselərdə oxudum. Gələn il kitabimı cap elətdirmək, 4 illik sevgimə qarışmaq istəyirəm. Dünya haqqında proqnoz vermək mənlik deyil. Çünki hər şey başqa adda, özgə biçimdə təkrarlanır.
Kənan Hacı (şair, yazıçı)
- Bu il mənimçün uğurlu keçdi. Həyatımda böyük dəyişiklik oldu, dövlətimiz məni evlə mükafatlandırdı. Yaradıcı adam üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu il həm də iki kitabım çıxıb. Biri romandır "Fironun dəftəri", digəri isə iki povest və hekayələrdən ibarət "İki qadını ayıran pəncərə" kitabım. Yazıçı dostlarımızın son vaxtlar beynəlxalq festivallardan sorağı gəlir. Bu, sevindirici haldır. Arzu edirəm ki, yeni ildə də belə xoş xəbərlər eşidək.
Elnaz Eyvaz (şair)
- Xeyli təzə şeir yazdım, yayımlandı, oxundu, gözəl fikirlər eşitdim. Dostlarımın uğurları oldu, çox sevindim. Hər gələn ili daha ümidlə gözləyirəm, elə bilirəm daha yaxşı, möcüzəvi nəsə olacaq. İndiki dövrdə ili salamat başa vurmaq özü bir sevincdir elə. Sevdiklərim, dostlarım sağ-salamat olsun, yanımda olsunlar, bir-birimizin əlini tutaq, bir-birmizin gözəl günlərini, uğurlarını görüb sevinək, şagirdlərim imtahanlardan uğurla keçsin, üzmüzü ağ eləsin. Yaşayaq getsin də...
Mübariz Örən (yazıçı)
- 2017 mənim üçün uğurlu il oldu. İlk povestim "Azərbaycan" jurnalında çap olundu, yaxşı da qarşılandı. İlk kitabım "Balıq gülüşü" işıq üzü gördü, haqqında kifayət qədər ciddi yazılar yazıldı. İl ildən çətin gəlir, deyir babalarımız. Ümid edək ki, gələn il daha uğurlu olar. Ən azından futbol üzrə dünya çempionatı gözləyir bizi, sağlıq olsun!
Rəşad Nağı Mustafa (şair)
- Salam Sarvanın bu misraları yadıma düşdü:
“Ad günü… Şir bürcü, At ili, İt günü”.
Ümumiyyətlə, mən bu sualdan sonra bildim ki, 2017 xoruz ili imiş. Amma bilirdim ki, it günlərimiz yığılıb bir gün it ili olacaq. Xoruz ilində başım ədəbiyyata qarşıdı deyə maddi sıxıntılar yaşadım. Amma 2018-də bu sıxıntıları yaşamamaq üçün ən azı 5 stansiya ədəbiyyatdan uzaq olmağı planlayıram. Darıxmasaq, yaxşı olacaq.