16 Fevral 2018 19:11
2 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banindən sonra Fransanın ikinci azərbaycanlı tanınmış yazıçısı, həmçinin Fransanın ilk Azərbaycan Nəşriyyat Evinin yaradıcılarından biri Nicat Kazımovla müsahibəni təqdim edirik:

- Öncə əsərləriniz barədə danışmağınızı istərdim.

- Bugünədək iki kitabım işıq üzü görüb. Bunlardan biri hələ Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində təhsil alarkən nəşr edilib. Kitab “İblisin oyunu” adlanır. O romanı 17-18 yaşlarımda qələmə almışam. Xeyli oxucu qazandıqdan sonra yaratdığım bloqda və tanınmış saytlarda yüzdən çox hekayəm yayımlanıb. Korsika adasında fransızca öyrəndiyim müddətdə “Rəngli daşlar” adlı romanımı yazmağa başlamışam. Strazburq şəhərinə köçdükdən sonra isə həmin roman üzərində daha operativ işlədim və nəhayət 2015-ci ildə “Les Pierres en couleurs” (Rəngli daşlar), Parisdə tanınmış nəşriyyat olan “Pantheon” tərəfindən çap olundu. İlk dəfə idi ki, fransız oxucular mənim kitabımı əldə edib, oxuyurdular. Bu kitabın fransızdilli ölkələrdə satışı ilə yanaşı, eyni zamanda internetdə də satışı gerçəkləşirdi. Sevinirəm ki, günümüzədək kitab satılır və oxunur. Romanla bağlı müəyyən uğur əldə etdikdən sonra "Yuridiçeskiy sentr" (Юридический центр) nəşriyyatı mənimlə əlaqəyə yaradaraq, kitabımı rus dilində çap etmək arzusunda olduqlarını bildirdilər. Müqavilə imzalandıqdan sonra əsər rus dilinə tərcümə olundu və “Разноцветные камни” adı ilə çap edildi. “Rəngli daşlar” romanı yazıçılıq karyeramın ilk peşəkar məhsuludur.

- Bəs kitabınız Azərbaycan dilinə tərcümə edilməyib?

- Azərbaycan dilli versiyası da var idi. Avropa İnsan Haqları Məhkəməsində tanış olduğum Vəkillər Kollegiyasının sədri Anar Bağırov kitabımı rus dilində oxuyub, bəyəndiyini bildirdi və Azərbaycanda çapına qərar verdi. Lakin, sonra onunla razılığa gəlib, kitabı internet üzərindən oxuculara pulsuz vermək niyyətində olduğumu bildirdim. Sağ olsun, fikrimə hörmətlə yanaşdı. Bundan sonra kitabı bloqumda paylaşdım. Onlayn şəkildə oxumaq nə qədər çətin olsa da, “Rəngli daşlar” yenə uğur qazandı.

- Fransada fəaliyyət göstərən ilk Azərbaycan nəşriyyatının əsasını qoymusunuz. Bu çox sevindirici haldır. Bu haqda danışın, lütfən.

- “Editions Kapaz” (Kapaz yayınları) nəşriyyat evinin maraqlı yaranma tarixi var. Strazburq şəhərində yaşayan tanınmış vəkil Dilbadi Qasımovun “Balaca quş” adlı romanı işıq üzü görmüşdü. “Rəngli daşlar” və “Balaca quş” romanlarının birgə təqdimatını etmək qərarına gəldik. Kitab mağazalarının birində baş tutan təqdimat mərasiminə xeyli oxucu gəlmişdi. “Rəngli daşlar” romanını oxuyan bir fransız təqdimatın sonunda ikimizə də sual verdi: “Azərbaycanlı yazıçılardan başqa kimin əsərləri ilə tanış ola bilərikʔ” Belə bir sualın gələcəyini bilmirdik, üzülərək dedik ki, Baninin əsərindən başqa, bu gün başqa kitab tapmaq çox çətindir. Etiraf edim ki, Baninin əsərinə də kitab mağazasında nadir hallarda rast gəlinir. Təqdimatdan sonra Dilbadi bəylə bu missiyanı öz üzərimizə götürə biləcəyimizi qərarlaşdırdıq. Çətin qərar idi. Böyük səbr, vaxt tələb edən iş idi. Nəşriyyat sistemi haqqında isə demək olar ki, heç nə bilmirdik. Daha dəqiq belə izah edə bilərəm, kitab oxumaq vaxt tələb edirsə, yazıçı olaraq kitabı yazmaq ikiqat vaxt tələb edir, iş nəşrə gəlincə, məsuliyyət üçqat artır. Amma bizim motivasiyamız çox yüksək idi.

- İlk nəşr edilən kitab hansı oldu?

- Əhməd Bəy Ağaoğlunun 1890-cı illərdə fransız dilində yazdığı məqalələrin hamısını müəyyən mənbələrdən topladıq və çapına qərar verdik. Bundan sonra komandamız da böyüməyə başladı. Fransanın başqa tanınmış vəkilləri də bizim nəşriyyata qoşuldu və işlərimzin sürəti durmadan artdı. Jan Emmanuel Medina (Jean-Emmanuel Medina), Teri Edmon (Therry Edmond), Əbdülkərim Mamuri (Abdelkarem Maamouri), Albert kimi ədəbiyyat həvəskarları “Editions Kapaz”in üzvlərinə çevrildilər. Və əlavə olaraq böyük tərcüməçi komandası yaratmağa müvəffəq olduq. Peşəkar tərcüməçilər bizimlə işləməyə başladı.

- Yəqin ki, yalnız azərbaycandilli ədəbiyyatı tərcümə və çap etmirsiniz.

- Həm Azərbaycanın klassik ədəbiyyatını, həm Türkiyənin, eləcə də başqa ölkələrin əsərlərini çap edirik. Yəqin komandamızın uğuruna görədir ki, Xorvatiyanın best seller yazıçısı Edin Hadzic bizimlə əlaqə yaradıb, kitablarının yayın haqqlarını Fransada bizə vermək istədiyini dedi. Bu xəbər bizi qürurlandırdı və tezliklə xorvat tərcüməçimiz dərhal işə başladı. Bundan sonra Serbiyanın Nobel mükafatlı yazıçısı olan İvo Andriçin serb dilindən fransız dilinə tərcüməsinə də start vermiş olduq. Nəşriyyatımız, həmçinin Fransanın çoxmillətli ölkə olduğunu nəzərə alıb, hər il bir dəfə xüsusi nəşrlərlə məşğul olmağa qərar verib. Yəqin bilirsiniz ki, Fransada çoxlu türk yaşayır. Bu ölkədə artıq üçüncü nəsil türk yetişir. Sevinirik ki, Strazburqda yaşayan türk yazıçı da öz müəllif haqqlarını bizə verdi. Həmin əsərin çapını yeni bitirmişik.

- Fransada əcnəbi yazıçı kimi tanınmaq nə dərəcədə mümkündür?

- Çətin sualdır. Bilirsiniz, Fransa 66 milyonluq ölkədir. Bu qədər əhali arasında tanınmaq mümkün deyil.

- Elə götürək sizi …

- Ətrafımdakı insanlar və məni uzaqdan tanıyanların hamısı yazıçı olduğumu bilirlər. Özəlliklə Strazburq şəhərində yaşayanlar. Düşünürəm ki, buna səbəb Strazburq Universitetinin keçmiş prezidenti Alen Beretzin kitabımla şəkil çəkdirməsi olub. Bunun özü Strazburq Universitetində bir çox tələbələr arasında yazıçı kimi tanınmağıma səbəb oldu. Bilirsiniz, əslində bugünədək dəfələrlə müsahibə təklifi almışam, amma ilk müsahibəni sizə verirəm. Düşünürəm ki, insanlar tərəfindən yazıçı kimi tanınmağıma ehtiyacım yoxdur. Yazmaq, ədəbiyyat mənim üçün böyük bir bağlılıqdır, zövqdür. Bu zövqümü ictimailəşdirmək qəribə gəlir.

- Mənsə düşünürəm ki, xaricdə yaşayan həmvətənlərimizin uğurlarını qabartmalıyıq.

- Şübhəsiz, hər bir yazıçı müəyyən dərəcədə eqoistdir. Amma bu eqoizmi öz içində yaşayan və biruzə verib, kommersiyaya çevirən yazıçılar var. Bu ikisinin arasında çox fərq var.

- İstedadlı insanlarımızın PR kampaniyaları mütləq aparılmalıdır. Məsələn, Banin haqda araşdırma yazanda rəsmi varisi üzülərək bildirdi ki, o, Fransada yetərincə tanınmayıb. Mən hələ ölkəmizdən danışmıram.

- Bilirsiniz, Fransada nəyinsə və ya kiminsə tanınması üçün ən önəmli şey məhsulun keyfiyyətidir. Məhsul keyfiyyətlidirsə, işin 50% görülmüş olur. Zənnimcə, Baninin tanınmamasına əsas səbəb onu çap edən nəşriyyatın keyfiyyətdə axsaması olub. Bizim nəşriyyatın ən böyük işi elə PR kampaniyasının üzərində qurulur. Amin Maaloufun yayım haqqlarını almağa maddi imkanımız yoxdur, amma ədəbiyyata yeni gəlmiş bir yazıçının əsəri keyfiyyətlidirsə, onu kəşf edib, Amin Maalouf dərəcəsində tanıtmaq vəzifəmizdir. Bayaq da qeyd etdiyim türk yazıçının üzərində hazırda belə bir kampaniya başlamışıq. 17 fevral tarixində Strazburqun ən böyük restoranlarından birində böyük bir təqdimat keçirəcəyik. Bura Strazburqda yaşayan tanınmış insanlar da gələcək. Biz həmin şəxsin kitabını çap etməklə kifayətlənə bilərdik, amma başa düşürük ki, gələcəyimiz üçün ən böyük iş reklam kampaniyalarıdır. Oxucu tanımadığı yazıçının kitabını almaqda çətinlik çəkə bilər. Məqsədimiz elə peşəkar təqdimat etməkdir ki, kitab mütləq alınsın.

Məşhur tərcüməçi Elvin Abbasbəyli Nəriman Nərimanovun Azərbaycan ədəbiyyatında ilk roman sayılan “Bahadır və Sona” əsərini tərcümə etdi və biz bu ay həmin əsəri çap edəcəyik. Kitab hələ hazır deyil, lakin Strazburq Universitetinin Türkologiya fakültəsi artıq kitabımızın təqdimatını etmək istəyir. Burada ciddi bir nüans var. Çünki, çap etdiyimiz əsərlər böyük kitab mağazasında satılır, hətta bunlardan biri nəinki Fransanın, dünyanın ən nəhəng nəşriyyatı olan Gallimardın kitab mağazasıdır. Azərbaycanlı yazıçıya aid bir kitabın bu mağazada olması böyük uğurdur. Təkcə yazıçı, nəşriyyat üçün yox, eləcə də Azərbaycan və çap edəcəyimiz başqa ölkələr üçün.

Картинки по запросу ИНТЕРЕСНЫЕ БИБЛИОТЕКИ ВО ФРАНЦИИ

- Həmçinin fransızlar kitaba bizdən çox maraq göstərirlər.

- Əbəttə, bir kitabın mağazada olması gün ərzində ən az min nəfərin kitabı əlinə alıb, incələməsi deməkdir. Nəzərə alın ki, Fransada kitab mağazalarına axın restoranlardan qat-qat çoxdur. Kitabı əlinə alan hər bir şəxs yazıçı, nəşriyyat və əsərlə tanışlıqdan əlavə, həmin ölkənin adını da eşitmiş olur. Bu ölkəni tanımaq istəyən şəxs isə mütləq həmin kitabı alır.

- Nəşriyyatınızın rəsmi saytı var?

- Hazırda hazırlıq prossesi gedir. Saytımızın hazırlanması PR kampaniyamızı daha da sürətləndirəcək.

- İxtisasca hüquqşünassınız. Sahəniz üzrə çalışmısınız?

- Gəncədə ziyalı ailədə anadan olmuşam. Cəfər Cabbarlı adına 6 saylı orta məktəbi bitirmişəm, Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər fakültəsində 1 il təhsil aldıqdan sonra təhsilimi Hüquq fakültəsində davam etdirirəm. Hüquq karyerama görə hüquqi işlərlə tez-tez məşğul oluram. Avropa Şurasında, eləcə də başqa beynəlxalq qurumlarda akreditasiyası olan “Oriw” cəmiyyətində işləyərkən, Fransada yaşayanların rastlaşdığı islamofobik hadisələrin raportlarını vermişəm. Belə inkişaf etmiş cəmiyyətlərdə bu cür hadisələrlə qarşılaşmaq üzücüdür. Fransada müəyyən iş qurumlarında, məktəblərdə müsəlman fransız vətəndaşların diskriminasiya olduğu haqqında hesabatla tanış olub, müəyyən qurumlara məruza etmişik.

- Necə düşünürsünüz, fəaliyyətiniz öz bəhrəsini verib?

- Müəyyən dərəcədə bəli, çünki buna görə işlədiyim orqan Brüsseldə və Cenevrədə böyük konfranslara dəvət olunaraq həmin hesabatlar orada da səsləndirilib və bunların hamısı qeydə alınıb. Həmin təşkilat diskiminasiayaya uğramış şəxsləri vəkillə təmin edərək hüquqlarını müdafiə edib.

- Sizcə, çağdaş yazıçı hansı yaş həddindən olan oxucuların maraqlarını nəzərə almalıdır?

- Elə bir limitin olduğunu düşünmürəm. Əsərlər kateqoriyaya bölünür. Həmin kateqoriyaları isə müxtəlif yaş həddindən olan insanlar oxuya bilir.

- Yaxşı yazmağı öyrənmək üçün mütləq yazmaq lazımdır. Bəs siz necə düşünürsünüz?

- Anamın bir sözü var: "Yaza-yaza yazıçı oldun". Bəlkə də doğrudur.

- Deyirlər, bir neçə uğursuz əsər yazmadan istedadlı yazıçı olmaq mükün deyil.

- Sizə Con Kennedy Tul adlı bir yazıçıdan danışmaq istəyirəm. 1937-ci ildə Amerikada anadan olub. Həyatı boyunca "A Confederacy of Dunces" adlı bir əsər yazır. Lakin onu heç bir nəşriyyat qəbul etmir. Nəhayət, bunu özünə sığışdıra bilməyən yazıçı intihar edir. Yazıçının anası oğlunun əsərini oxuyaraq, əslində yaxşı əsər yazdığını, nəşriyyatların niyə qəbul etmədiyini başa düşə bilmir. Bu səbəbdən oğlunun əsərini götürüb, əsərin çapından imtina etmiş böyük nəşriyyatlardan birinə gedir və nəşriyyatın sahibini göz yaşları ilə razı salır ki, oğlunun əsərini oxusun. Nəşriyyatın sahibi əsəri oxuyur və çox bəyənir. Kitab çap olunur və dünyanın demək olar ki, hər bir dilinə tərcümə olunur. Sözüm ondadır ki, hər bir yazıçı bəlkə də uğursuz başlayır, amma ən önəmli məsələ şansdır. Bəzən uğurlu əsərlər işıq üzü görmür, bəzən də tərsinə olur.

- Sonda ədaləti cəmiyyəti bir neçə cümlə ilə təsvir edin.

- Hüquq sisteminin işlədiyi, insanlar arasında bərabərlik prinsipi olan cəmiyyət ədalətli cəmiyyətdir./Publika.az/


Müəllif: Leyla