Yaxşı, biz bunu düşünərək ona səs verməyə çağırırıqsa, niyə bizim kitablarımızı yandırırlar, yaxud özümüzü hədəfə alırlar, mən bunu başa düşmürəm.
Teleqraf.com xəbər verir ki, bu sözləri xalq yazıçısı Anar musavat.com-a verdiyi geniş müsahibəsində kitablarının yandırılması çağırışlarıyla bağlı olaya münasibət bildirərkən deyib.
Yazıçı keçmişdə baş vermiş hadisələri xatırladıb və siyasi liderlərin bu məqamdakı susqunluğunu anlamadığını dilə gətirib:
“Mən və rəhmətlik Yusif Səmədoğlu İsa Qəmbəri zaminə götürdük, türmədə olanda neçə dəfə müraciət yazdım. Neçə dəfə türmədə olan Pənah Hüseyn haqqında, İsgəndər Həmidov haqqında yazdım. Rəhmətlik Əbülfəz Elçibəy - mənim ona hörmətim var - haqqında yazmışdım. Yaxşı, Elçibəy bizim haqqımızda çox gözəl sözlər deyib, 60-cı illər nəsli, konkret olaraq mənim haqqımda, bu birilərdən də söz gözləmirəm, amma belə hadisələr olanda niyə bunlar səslərini qaldırmırlar, demirlər ki, kitab yandırmaq yaxşı şey deyil?! Niyə demirlər ki, 80 yaşlı, ağır əməliyyat keçirmiş yazıçını, bu xalq üçün nə isə eləmiş bir adamı zəhərləmək yaxşı deyil? Niyə səslərini qaldırmırlar? Əgər belədirsə, nə haqla tələb edirlər ki, biz bunları dəstəkləyək, deyək ki, yox, İlham Əliyevi yox, bunları seçin?! Burada bir məntiq var?”
Yazıçı tolerantlıqdan danışanların hərəkətində demokratiya görmədiyini də deyib:
“Onlar tolerantlıqdan, dözümlülükdən danışırlar, bizim görkəmli alim Cəmil Həsənli mənim haqqımda bir xoş söz deyən kimi, düşdülər onun üstünə. Demək, tək mənim üstümə yox, mənim haqqımda kimsə yaxşı söz deyir, onun da üstünə düşürlər. Bu demokratiyadır? Bununla yeni cəmiyyət qurmaq istəyirlər?”
Xalq yazıçısı belə situasiyalarda yazıçıların arbitr rolu oynaması fikrinə də münasibət bildirib:
“Mən demirəm ki, ziyalılar mələkdir. Ola bilsin hər kəsin bir nöqsanı var, yəqin mənim də həmçinin, mən bunu demirəm. Amma indi konkret bizi nədə günahlandırırlar: niyə biz İlham Əliyevi müdafiə edirik? Bəs, kimi müdafiə edək, desinlər də! Mən ad çəkmək istəmirəm ki, o birilərə xələl gəlməsin, belə çıxmasın ki, mən onları pisləyirəm. Amma namizədliyini verənlərin hansı biri İlham Əliyevdən önə keçəcəyinə, seçiləcəyinə inanırlar? Bütün dünyanın müşahidəçiləri gəlsin, ən demokratik seçkidə mütləq İlham Əliyev qalib gələcək. İndi neçə səslə, bilmirəm, amma mütləq birinci turda qalib gələcək. Yaxşı, indi biz də bunu deyəndə niyə üstümüzə düşürlər?”