6 Yanvar 2021 11:18
2 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda nəşr olunan “Təmrin” jurnalının xüsusi nömrəsi XX əsr yeni Azərbaycan poeziyasının həmişəcavan öndərlərindən olan şəhid şairimiz Mikayıl Müşfiqə həsr edilib.

Teleqraf.com-un məlumatına görə, xüsusi nömrə ümummilli lider Heydər Əliyevin fikirləri ilə başlayır: “ Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad və o dövrdə yaşamış başqa sənətkarlar öz əsərlərində xalqımızın milli azadlıq fikirlərini əks etdirmişlər. Onlar öz əsərləri, elmi fəaliyyətləri ilə Azərbaycan xalqının elm və mədəniyyətinin yüksəlməsinə çalışmış və beləliklə də xalqı gələcəyə, milli azadlığa, müstəqilliyə doğru aparmışlar...”.

Daha sonra Prezident İlham Əliyevin fikirləri yer alır: “ Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir...”

Xüsusi nömrədə Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Azərbaycan ədəbi sözünün hər zaman gənc zirvəsi” yazısı, Mikayıl Müşfiq irsinin əvəzsiz araşdırıcısı, mərhum Xalq şairi Gülhüseyn Hüseynoğlunun “Müşfiq ənənələri yaşayır” məqaləsi, şairin xanımı Dilbər Axundzadənin xatirələrindən seçmələr, professor Cavanşir Yusiflinin “Yuxuda yazılan şeirlər”, professor Səfurə Quliyevanın “ Müşfiqin tarixə mesajları”, şairin həyat və yaradıcılığının tanınmış müasir tədqiqatçılarından olan Firudin Qurbansoyun “Göylərin lacivərd ətərklərində” , şair Səlim Babullaoğlunun “Səni kim unudar?”, ədəbiyyatşünas Seyfəddin Hüseynlinin “Mikayıl Müşfiq 3G texnologiyasının kəşfini necə yazmışdı”, professor Rüstəm Kamalın “Matadorun və şairin ölümü” məqalələri yer alıb.

Habelə şairin məktubları, həyat və yaradıcılığının Səlim Babullaoğlu tərəfindən hazırlanan müfəssəl bioqrafiyası, “Yenə o bağ olaydı”, “Gecə düşüncəsi”, “Küləklər”, “Həyat sevgisi”, “Telefon”, “Duyğu yarpaqları” kimi şeirləri və peotik silsilələri , geniş fotomaterial və əlyazmalarının faksimilesi yer alıb.

Xüsusi nömrənin bir bölümündə Müşfiq haqqında Hüseyn Cavid, Abdulla Şaiq, Rəsul Rza, Mirmehdi Seyidzadə, Mirzə İbrahimov, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Sabit Rəhman, Cabir Novruz, Əkrəm Cəfər, Məmməd Arif, Anar, Bəkir Nəbiyev kimi zaman-zaman fikir söyləmiş XX əsrin görkəmli ədib və elm xadimlərinin qısa-qısa fikirləri də dərc edilib.

Təqdim olunan materialları Türkiyə türkçəsinə son illər Azərbaycan ədəbiyyatının Türkiyədəki ən fəal tərcüməçi və təqdimatçılarından olan, yeni Türkiyə nəsrinin istedadlı nümayəndəsi Ömər Küçükmehmetoğlu çevirib.

Millət vəkili Cavanşir Feyziyevin dəstəyi ilə ərsəyə gələn, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bazasında hazırlanan nəşrin koordinatoru jurnalist Bəxtiyar Səlimov, naşiri isə Şərəf Özsoydur.


Müəllif: Cavanşir Feyziyev

Oxşar xəbərlər