10 Yanvar 2021 23:57
2 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mustafa Kamal Atatürkün işğalçılara qarşı həyata keçirdiyi milli mücadiləni dövrün ziyalıları, jurnalistləri arasında dəstəkləyənlər də, əleyhinə olanlar da vardı. Yazıları ilə Mustafa Kamal paşanın yanında olan aydınlardan biri də İsmayıl Həbib Sevük (1892-1954) idi.

İstanbul Hüquq fakültəsini bitirən İsmayıl bəy 1914-cü ildə Kastamonu sultanisində ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb, eyni zamanda İttihad və Tərəqqi cəmiyyətində, təşkilatın “Koroğlu” qəzetində təmsil olunub.

İzmirin işğalından sonra İsmayıl Həbib Balıkesirdə fəaliyyətə başlayan və milli mücadiləni dəstəkləyən “İzmirə doğru” adlı qəzetdə yazmağa başlayıb.

15 iyun 1919-cu ildən Kastamonuda çıxmağa başlayan “Açıq söz” qəzetində fəaliyyət göstərib. Cümhuriyyətin elanından sonra ədəbiyyat sahəsində müxtəlif əsərlər yazan Sevük 1937-ci ildə “Açıq söz” və “İzmirə doğru” qəzetindəki yazılarının bəzilərini və Mustafa Kamalla birgə səfər xatirələrini “O zamanlar. 1920-1923” adlı kitabda toplayıb. Əhməd bəy Ağaoğlunun da yaxın dostu olan İsmayıl Həbibin bu kitabında bizim üçün önəmli olan iki məqalə var: “Qardaş ölkənin səfiri” və “Azərbaycan marşı”.

İ.Həbibin “Qardaş ölkənin səfiri” məqaləsi Sovet Azərbaycanı səfiri İbrahim Əbilovun gəlişi münasibətilə yazılsa da, maraqlıdır ki, mətndə Azərbaycanın üçrəngli bayrağı mədh edilib.

Yüz il öncə Azərbaycan-Türkiyə qardaşlığına həsr edilmiş hər iki məqaləni dilimizə uyğunlaşdıraraq təqdim edirik:

***

Qardaş hökumətin səfiri

“Açıq söz”, 9 Təşrini-əvvəl (oktyabr), 1337 (1921). No: 304

Bəli, dünən axşam buraya gələn və bu gün bizim əziz misafirimiz olan səfir qonşu bir hökumətin, dost bir hökumətin, hər hansı bir hökumətin deyil, məhz qardaş bir hökumətin səfiridir. Hökumət və millətlər də fərdlər kimidir. Bir-birinə qonşu olan hökumətlər, bir-birinin dostu olan dövlətlər; dilləri bir-birinə bənzəyən millətlər və qanları bir-birinə yaxın irqlər vardır.

Fəqət dünyada heç bir hökumət Azərbaycanla bizim qədər bir-birinin qardaşı deyil və dünyada Azərbaycan türkləri ilə Anadolu türkləri qədər bir-birinin eynisi olan millət göstərilə bilməz.

Bizim tariximiz bir, dinimiz bir, bizim Azərbaycanla dilimiz bir, qanımız birdir. Tarix bizi bərabər doğdu və biz tarixi bərabər yoğurduq. Azərbaycanla biz gündə beş dəfə qəlblərimizi Məkkədəki Allahın evinə bərabər çeviririk və gündə beş dəfə Azərbaycanla bizim alnımız Allahın mehrabı vəhdətində bərabər səcdəyə gedilir. Dilimizin şivəsi, bəlkə, bir az fərqlidir, fəqət dilimizin əsası bir-birinin eynisidir. Dualarımızı eyni dildə edir, mövludlarımızı eyni dildə oxuyur, hisslərimizi eyni kəlmələrlə ifadə edirik. Azərbaycanla biz yalnız tarixdə, dində və dildə deyil, qanda və irqdə də bərabərik. Biz onun qanından və o, bizim irqimizdəndir.

O irqimiz ki əsalətdə tarixdən daha yaşlı, o qanımız ki, təmizlikdə zülaldan daha aydındır. İkimizin də əsil bir irqimiz və təmiz bir qanımız, ikimizin də gözəl bir dilimiz və ülvi bir dinimiz, ikimizin də qədim bir tariximiz və şanlı bir keçmişimiz var. Qanı qanımdan, dili dilimdən, dini dinimdən. Xeyr, bu üç şeylə birləşən iki millət bir-birinin qardaşı belə deyil, bir-birinin eynisidir. Azərbaycanla biz qardaş deyil, bir-birinin içində ərimiş iki məhlul kimiyik. Bizim hər şeyimizdə o və onun hər şeyində biz varıq! Gərçi hüdudlarımız ayrıdır, fəqət qəlblərimiz birlikdədir. Gərçi bayraqlarımız ayrıdır, fəqət mənaları eynidir!

Mən də nələr danışıram, hüdudlarımız və idarəçiliyimiz ayrıdır, eləmi? Lakin Azərbaycan ki mənim qardaşım belə deyil, mənim millətimdir. Bir milləti xəritənin rəngi və coğrafiyanın məsafəsi necə ayıra bilər? Mənim millətimdən olmayan mənim hüdudumda olsa da, məndən deyil, mənim millətimdən olan hüdudumun xaricində olsa da, mənimdir. Mənim hüdudumun içində mənim matəmimi bayram və bayramımı matəm kimi keçirənlər var, onları çıxıram, mənim hüdudumun xaricindəki Azərbaycan ki mənim ələmim onda bir matəm və mənim gülüşüm onda bir səadət oldu, o, mənim xəritəmin içində olmasa da, zərəri yoxdur, o, mənim ruhumun içindədir!

Biz onunla bərabər güldük, onunla bərabər ağladıq. Onun hər göz yaşı məndə bir hıçqırıq, mənim hər təbəssümüm onda bir bayramdır. Biz “oh” deyəndə o bərabər sevindi, o, “ah” deyəndə biz bərabər inlədik.

Bayaq nə dedim, bayraqlarımız ayrıdır, eləmi?

Oh... Göy, yaşıl və qırmızı rəngli milli Azərbaycan bayrağına diqqət etdinizmi? O bayrağın göy rəngi türklüyün keçmişindən alındı, o göy bayraq ki, bir vaxtlar, tarixin qədim dövrlərində dalğalandığı üfiqlər göylər qədər nəhayətsizdi. O bayrağın yaşıl rəngi islamiyyətin qoynundan alındı. Yaşın rəng ki bizdə dinin timsalıdır və o rəngdə qüdsiyyət daşıyan ilahi bir məna var.

Bəs qırmızı rəngi haradan götürdülər soruşacaqsınız? Azərbaycanın üç rəngli bayrağındakı göy rəng türklüyün keçmişindən, yaşıl rəng islamiyyətin qoynundan, qırmızı rəng də Bakıya girən qardaş ordunun önündəki al dalğalı bayraqdan alındı! O al dalğalı bayraq ki, onun rəngi Bakıya girən o qardaş ordunun axıtdığı qan kimi təmiz, o ordunun Azərbaycana girmək və Çarlığı devirmək üçün axıtdığı qan ki daşıdığı bayrağın rəngi kimi qırmızıydı.

Səfir İbrahim Əbilov yoldaş, dünən axşam şəhərimizə gəldiniz və sizə qardaş bir hökumətin səfiri dedim, fəqət indi anlayıram ki, bu söz qüvvətli və kafi deyildir. Sizi yalnız qardaş bir hökumətin deyil, öz millətimin özümə göndərilən bir səfiri sifətilə salamlayıram!

***

“Azərbaycan marşı”

“Açıq söz”, 9 təşrini-əvvəl (oktyabr) 1921

İl yarım, iki il əvvəl Azərbaycanın istiqlalı Düvəli İtilafiyyə (Antanta – D.Ə) tərəfindən təsdiq edildiyi vaxt o zaman İzmirdə olan sərmühərrimiz İsmayıl Həbib bəy “Qardaş səsi” ünvanlı bir marş sözü nəzm etmiş və bu söz İzmirin yetişdirdiyi və bütün məmləkətimizin birinci dərəcəli qiymətli bəstəkarlarından olan və ötənlərdə bir müddət şəhərimizdə olub Ankaraya gedən həssas sənətkar İsmayıl Zöhdi bəy tərəfindən bəstələnmişdi. Yunanın qaranlıq təzyiqinə rəğmən bu bəstə İzmirdə Azərbaycanın istiqlalının təsidi üçün keçirilən törəndə yenə İsmayıl Zöhdi bəy tərəfindən yetişdirilmiş qiymətli bir musiqi heyəti tərəfindən tərənnüm edildiyi kimi səlahiyyətdar olanların çox böyük qiymət verdikləri bu Azərbaycan marşı İzmirin bütün İslam camaatlarına yayılmış və onu eşitməyən qalmamışdı. Səmimiyyət və sadəlikdən başqa qiyməti olmayan bəstə sözlərini sırf Azərbaycan səfarət heyətinin təşrifi münasibətilə və bir xatirə olmaq üzərə gələcək üçün dərc edirik:

Hilal artıq öldü deyə

Sevinmişdi düşmən niyə?

Hilal birkən iki oldu

Salam bizdən ikinciyə!

Anamız, atamız bir

Azərbaycan öz qardaşdır.

Zatən biriz, fəqət yarın

Bütün-bütün birləşilir!

Azərbaycan, Azərbaycan!

Bildik xəyal deyil Turan!


Müəllif: Dilqəm Əhməd