24 May 2021 09:09
4 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada:

Mühacirətdə gənclərin qurduğu təşkilatlardan biri də Azərbaycanlı Tələbələr Birliyidir. Çünki mühacirətə gedən gənc azərbaycanlılar, eləcə də yaşlı mühacirlərin övladları Türkiyədəki universitetlərdə ali təhsil alıb, ictimai-mədəni mühitə qatılıblar.

Məsələn, Türkiyənin “Vakit” qəzetinin 2 sentyabr 1928-ci il tarixli sayında “Azərbaycanlı bir xanım” başlıqlı xəbərdə yazılıb: “Sabiq Azərbaycan Milli Hökumətinin Maliyyə naziri Əbdüləli bəyin qızı Məryəm xanım bu il İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Tarix şöbəsini müvəffəqiyyətlə bitirib. Məryəm Əbdüləli xanım lisey təhsilini Azərbaycanda aldıqdan sonra universitetimizə daxil olub. Məryəm xanım universitetimizi bitirən ilk azərbaycanlı qızdır. Təbrik edirik, müvəffəqiyyət arzulayırıq”.

“Odlu Yurt” jurnalının 19-cu sayında verilmiş “Bu il məzun olanlar” başlıqlı xəbərdə isə 1930-cu ildə məzun olanlar haqqında qısa bilgi təqdim edilib: “Bu il azərbaycanlı gənclərdən Baykara Hüseyn bəy Ankara hüquq fakültəsindən, Rüstəmbəyli Şükrü, Tofiq Rahim bəylər İstanbul oğlan liseyindən və Zeynəlzadə Hakimə xanım İstanbul qız liseyindən məzun olublar. Məzunlardan Baykara bəy Diyarbəkir vilayəti Osmaniyyə qəzası prokurorluğuna təyin edilib. Şükrü bəy bu yaxınlarda təhsil üçün Avropaya gedəcək. Hakimə xanımın hökumət hesabına Avropaya göndəriləcəyi söylənməkdədir. Məzun vətəndaşlarımızı bu münasibətlə təbrik edir, müvəffəqiyyətlər diləyirik”.

Dövrün məşhur tələbələrindən Sürəyya Talıbxanlı, Dilşad Talıbxanlı, Əhməd Cəfəroğlu, Səlim Rəfiq, Mirzəbala Məhəmmədzadə və başqalarının da adını çəkə bilərik.

Azərbaycanlı Tələbələr Birliyi

Azəri-Türk Gənclər Birliyinin sədri Məhəmmədsadıq Aranın iddiasına görə, Azərbaycanlı Tələbələr Birliyi 1929-cu ildə onun rəhbəri olduğu təşkilatı parçalamaq məqsədilə qurulub. Bu işi Məhəmmədəmin Rəsulzadə və Mirzəbala Məhəmmədzadə qrupu Əhməd Cəfəroğlu vasitəsilə ediblər.

Keçirilən tədbirlər

Dövrün mətbuatında Azərbaycanlı Tələbələr Birliyininin keçirdiyi tədbirlər haqqında bilgilər verilib.
1933-cü il fevral ayının 19-da tələbələr ziyafət təşkil ediblər. “İstiqlal” qəzeti bu barədə yazıb: “İstanbulun ali məktəblərində oxuyan Azərbaycanlı Tələbələr Birliyi fevralın 19-da günortadan sonra Bəyoğlu Tokatlıyan hoteli salonunda mükəlləf şəkildə musiqili-rəqsli çay ziyafəti tərtib eyləmişdir. Böyük salonun qapısı üzərində Türkiyə və Azərbaycan bayraqları asılmış və ziyafət Türkiyə və Azərbaycan milli marşları ilə başlamışdır. Hər iki marş ayaqda dinlənmiş, ondan sonra müvəffəqiyyətlə Azərbaycan, Türkiyə və Krım milli rəqsləri icra edilmişdir. Azərbaycan və Krım musiqiçiləri milli havalar çalmış, milli qiyafətlərdə edilən milli rəqslər çox alqışlanmışdır. Xüsusilə pianoda milli azəri havaları çalan və milli şərqilər oxuyan azərbaycanlı tələbə Dilşad xanım çox alqışlanmışdır. Ziyafətdə azərbaycanlı, türküstanlı və krımlı türklərdən başqa İstanbulun bir çox məşhur simaları, bəzi millət vəkilləri, üniversitet tələbələri iştirak edirdilər”.

Azərbaycanlı Tələbələr Birliyi ziyafətlərlə yanaşı konfranslar təşkil ediblər. “İstiqlal” qəzetinin xəbərində baş tutan mühazirələrdən biri haqqında belə xəbər verilib: “İstanbuldan yazıldığına görə, oradakı Azərbaycanlı Tələbə Birliyində konfranslar və görüşlərin tərtibinə başlanılmışdır. İlk görüşü İstanbul darülfünununun tələbəsindən və Tələbə Birliyi idarə heyətinin üzvlərindən azəri Əli bəy tərtib etmişdir. Əli bəyin konfransı “Hars və məfkurə” və “Harsın qüvvəti və tələbləri” olmaqla iki qismdən ibarət olmuş, hər mühazirəyə bir gün ayrılmışdır. Əli bəy milli harsı və milli harsdan doğan milli məfkurəni təfsilatlı şəkildə izah etdikdən sonra milli harsa söykənən milli məfkurənin yaratdığı istiqlala yönəlmiş milliyyət hərəkatlarına toxunmuş, müharibələrdə zəfər və məğlubiyyətləri milli hars baxımından tədqiq edərək imperatorluqların süqut və parçalanmasını milliyyət məfkurəsinin zəfəri ilə izah və isbat eyləmişdir”.

27 aprel işğalının ildönümləri də tələbələr tərəfindən qeyd olunub. “İstiqlal” qəzeti bu barədə yazıb: “İstanbuldan alınan məlumata görə, oradakı azərbaycanlılar bu il Azərbaycanlı Tələbələr Birliyinin binasına toplanmışlar. Yığıncaq sabiq Ədliyyə naziri Xəlil bəy Xasməhəmməd tərəfindən açılmışdır. Toplantıda azərbaycanlılarla yanaşı türküstanlılar, şimali qafqazlılar, ukraynalılar və digərləri nitqlər söyləmişdir”.
Cümhuriyyətin 15-ci ildönümü münasibətilə də Azərbaycanlı Tələbələr Birliyi tədbir təşkil edib. “İstiqlal” qəzetindəki məlumatda bildirilib: “Axşam İstanbul Xalqevi salonunda Azərbaycanlı Tələbələr Birliyi tərəfindən parlaq və böyük, çaylı, rəqsli bir gecə tərtib edilmişdir. Saat 6-dan 12-yə qədər davam edən bu gecədə İstanbulda yaşayan azərbaycanlılar, “Milli Türk Tələbə Birliyi” idarə heyəti, bir çox məşhur və mümtaz simalar, krımlılar, türküstanlılar, şimali qafqazlılar, idil-urallılar, ukraynalılar ailələri ilə bərabər iştirak etmişdirlər. Gənclərdən ibarət bir heyət Türkiyə İstiqlal marşını və Azərbaycan marşını oxumuşdur. Hər iki marş müsafirlər tərəfindən ayaq üstə dinlənilmiş və şiddətlə alqışlanmışdır. Gecə çox şən və çox nəşəli keçmişdir.

Gecədə Hüseyn bəyin idarə etdiyi Azərbaycan Musiqi Heyətinin bütün heyəti ilə yanaşı ayrıca Avropa Musiqi Heyəti də iştirak etmişdir. Azəri gənclərinin oynadıqları milli rəqslər fövqəladə alqışlarla qarşılanmaqda idi. Əli bəyin qız və oğlan övladları ilə birgə oynadığı Şamil rəqsi coşqunluqla qarşılanmış, dəfələrlə təkrarlanmışdır. Azərbaycan milli oyunları ilə Avropa rəqsləri arasında azəri gəncləri müxtəlif şərqilər və nəğmələr oxumuşdurlar. Xüsusilə İstanbul Darülfünunu tələbəsindən Dilşad xanımın pianoda çalaraq oxuduğu milli Azərbaycan şairi Əli Yusif bəyin “Bir Turan yolçusu deyir ki...” şeiri çox təqdir edilmişdir... Gecədən sonra müxtəlif Türk ellərinə mənsub tələbələr Azərbaycanlı Tələbələr Birliyinin yurdunda toplaşaraq sabaha qədər ifa edib, oynamış və çox səmimi bir hava içində əylənmişdirlər”.

Azərbaycan Cümhuriyyətinin qurulmasının 15 illiyi ilə bağlı gündüz keçirilən tədbirdə isə Azərbaycanlı Tələbələr Birliyi adından iki nəfər çıxış edib. Təşkilatın sədri İslam bəy yenidən istiqlalı əldə edənə qədər mübarizə aparacaqlarını bildirib, gəncliyin istiqlalı qazandıran mürşidlər qarşısında hörmətlə əyildiyini qeyd edib. “İstiqlal” qəzeti Dilşad xanımın çıxışına daha çox yer verib: “İstiqlalını müvəqqəti olaraq itirmiş bir ölkənin övladı kimi deyə bilərəm ki, yeni bir qurtuluş qazandırmaq üçün çalışanların müştərək duyğularını bir-birinə bildirən toplantıdayıq”. Dilşad xanım bir millətin həyatının qurtuluşunun təkcə kişilərin fədakarlığı ilə deyil, eyni zamanda qadınların da bu yolda çalışmaları ilə olacağını qeyd etdikdən sonra demişdir: “İstiqlalı fədakarlıqla qazanmalıyıq. Bunun üçün də əl-ələ verərək yürüməliyik. Hər cür fədakarlığa hazır olduğumuza söz verir, deyirik ki, Vətənimiz istiqlalını qazanacaq, sevimli üç rəngli bayrağımız yenə o müqəddəs torpaqlar üstündə dalğalanacaq və Azərbaycan yenə azərilərin olacaqdır”.

İslam bəy əleyhinə etiraz

“İstiqlal” qəzetində Azərbaycanlı Tələbə Birliyinin rəisi İslam bəy haqqında bir iddia da qeyd olunub. Qəzetdə verilən xəbərə görə, 25-30 nəfər İslam bəyi protest edərək onu birliyin yanlış və zərərli şəkildə idarə etməklə yanaşı Azərbaycandakı vəzifəsi ilə bağlı sərt şəkildə ittiham ediblər: “Protestə imza atan tələbələrdən bir neçəsinin şəxsən şahid olduqlarından dolayı qətiyyətlə söylədiklərinə görə Azərbaycanlı Tələbələr Birliyi sədrliyini edən və bu gün İstanbul darülfünununda tələbə olan İslam əfəndi bir neçə il əvvəl Gəncədən qaçmış və orada ikən Kommunist firqəsinə mənsub üzvlərdən olmuşdur. Kommunist olduğu üçün Gəncə komsomollar təşkilatı idarə heyətində çalışaraq bəzi tələbələri “sənin atan millətçidir, müsavatçıdır” deyə təhdid etmiş və bu kimi ittihamlarla bir neçə tələbəni məktəbdən qovdurmuşdur”. Yeri gəlmişkən qəzet də bu iddiaya dəstək olub.
Qeyd edək ki, azərbaycanlı gənclərin, tələbələrin İstanbuldakı təhsillərinə Qafqaz İslam Ordusunun komandanı Nuri Killigil paşa da dəstək olub. “Azeri-Türk” jurnalının verdiyi məlumata görə, Nuri paşa ayda 25 lirə “Azəri-Türk Gənclər Birliyi”nə yardım edirmiş. Nuri paşa azərbaycanlı tələbələr üçün açılan tələbə yurduna da dəstək olub.

Dilşad xanım kimdir?

Azərbaycanlı Tələbələr Birliyinin ən fəal üzvlərindən olan Dilşad Talıbxan Elbrus 1915-ci ildə Bakıda doğulub. 1931-ci ildə İstanbul Qız Liseyini, 1934-cü ildə İstanbul Universiteti fənn fakültəsi fizika-kimya bölümünü bitirib. Həmin fakültənin Təcrübi Fizika İnstitutunda 27 dekabr 1934-cü ildə assistent kimi elmi fəaliyyətə başlayıb. 5 iyun 1949-cu ildə dissertasiya müdafiə edib, eyni bölümdə 1954-cü ilin noyabrında dosent ünvanını qazanıb. 1957-ci ilin noyabrında İzmirdə Ege Universiteti Tibb fakültəsi Fizika İnstitutuna təyin edilib. O, 11 iyul 1961-ci ildə burada professor ünvanına sahib olub. 14 oktyabr 1961-ci ildə yeni qurulan Ege Universiteti fənn fakültəsi təcrübi fizika kafedrasına təyin edilib. 15 aprel 1969-cu ildə eyni universitetin mühəndislik elmləri fakültəsinə keçib. Sağlamlığında yaranmış narahatlıqla bağlı 1976-cı ildə erkən yaşda təqaüdə çıxıb, İzmirdən İstanbula köçüb, Bağdad prospektindəki evində yaşayıb. 11 aprel 1979-cu ildə İstanbulda vəfat edib. İki kitabı və altı elmi məqaləsi var.


Müəllif: Dilqəm Əhməd