3 Sentyabr 2022 16:48
3 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Stakkato)

(KvaziYabançı)

Gecənin gözü olsaydı da, heç nəyi görən deyildi. Gecənin gözü olsaydı da, heç nə dəyişməyəcəkdi. Müşahidəçilərin biri də artacaqdı, o qədər..

Çatlardan qorxmayalım. Onlardan işıq süzülür...

Soyuqdan istiyə, qaradan ağa,

kölgədən işığa adlayanlarçün...

Kimlərsə var idi, kimlərsə yox idi. Varla yoxun sayı bərabər idi. Birincilərin sırasında O da vardı.

O çox müdrik idi. İlk görüşdə narahatlıq sarır səni. “Gözəlliyi mane olacaq normal ünsiyyətə...”. Azca sonra xarici görünüşünün fərqində olmursan. Bir qədər keçmiş qadınlığını da unutdurur sənə. Kişi kimi dostyana ərk edirsən. Sonra o da keçir, özünlə danışırmış kimi duyursan onu. Durub gedəndə sağollaşmaq da yadından çıxır.

~

Bu dünyada çox şey ya icazə, ya qərəzlədir. Yalnız özün olmaqdır icazəsiz və hər cür qərəzdən uzaq.

İcazə verin icazəsiz ötüşüm.

~

Dünya düşünüldüyü qədər də rəngarəng deyil (göründüyü qədər də qara deyil). Susayanda rənglərə boyanır, yalnız onda. Və bu dünyada həsəd aparası bir şey var – kor inam. O da həmçinin rəngləmə iqtidarındadır.

Hər şeyin bəlli bir limiti, dedlaynı var. Axınla axırsansa, məcralarda dolaşmağa məhkumsan. Sərhədləri aşacaq potensial yalnız selindir – bizim dillə yaradıcılığın. Daha bir rəngsaz. Tanışsızsa, xoşbəxtsiz demək.

Ud çalan oğlanın ahəng çalarlarıdır udunu böyüdən, özü udun arxasında gözdən itənə qədər. Qalan səs olur, nəfəs olur, qalan söz olur, hər şey qalandır, bir tək səndən başqa.

İnsan da odun kimidir, sözünü çatdırmaqçün yanasan gərək. Yoxsa nə istin olacaq, nə də səndən qalası kül - xatirə.

~

Kintsuqi – qızıl, gümüş və ya platin tozu ilə qarışdırılmış lakdan istifadə edərək, saxsı əşyaların yapon üslubu ilə bərpası sənətidir. Sınan, çatlayan, zədə görən keramik qablar atılmır. Sınıq ya çat – yəni ağrı qalır, onu bahalı metalların tozu ilə işləyib daha gözəçarpan edirlər. “Qızıl təmir” sənətinin fəlsəfəsi ondadır ki, sınıqlar və zədələr obyektin tarixinin bir hissəsi olduğundan gizlədilməməli və unudulmamalıdır. Kintsuqi həm də vabi-sabi fəlsəfəsinə yaxındır – qeyri-kamilliyin gözəlliyi. Gözəllik təbiilikdədir. Nöqsanlar və çatışmazlıqlar gizlədilməməli, qəbul edilməlidir. Yapon estetikası predmetin uzun istismar müddətində sıradan çıxdığını qabardır. Yəni lazımlıdır ki, çox işlədilib. Bu sənət növü praktik olaraq, əşyaların zədələndikdən sonra da istifadəsini mümkün edir. Təmirin izlərinin estetik olaraq işlənməsi əşyanın vaxtının bitməsini yox, hələ də istifadəyə yararlığını vurğulayır. Yaşa etimad əxlaqını yaponlar bu minvalla predmetlər aləminə daşıyıb onu həm də cansız aləmin atributuna çevirirlər, nəfəs, ruh və vital estetika gətirirlər ölü sakitliyə.

Kintsuqi həyatda sabitliyə bağlanmadan gözlənilməzliyi qəbul etmək, dəyişikliyə açıq olmaq baxımdan digər bir yapon fəlsəfəsinə – musinə də çox yaxındır. Hər ikisində qırmızı xətt varlığın faniliyi, ali mənada ölümsüzlükdür.

~

Bir gün yuxudan oyandım və qərara aldım ki, xoşbəxt olum.

Bir gün yuxudan oyandım və başa düşdüm ki, artıq xoşbəxtəm. Amma bu “artıq”a çatmaq üçün nə qədər nələri əskik etdim həyatımdan, iraq saldım. (İnsana mane olan ifrat artıqlardı). Vardan Yoxa tapındım, yovuqdan irağa. Təsdiqin inkarı inkarın təsdiqi qədər gözəlmiş..

Problem gecələrdən sabahlara yüklərimizi də daşıyıb gətirməyimizdədir. Tək gələ bilmirik. Biz yüklərsiz qalardıq, onlar bizsiz qalmır.

Həyat nəticələr çıxarmaq üçün verilir. Antitellər stressə qarşı da əmələ gəlir, bir tək xəstəlikdən yox ki..

Qulaqlarınızı çəkməyin. Şər deməsən, şər gəlməz.

Nağıl bil.

Məğlubiyyəti aşağılamasan qalibiyyət alınacaq. Soldan natəmiz görünənə sağdan baxmamış verdikt çıxarmaq doğru deyil. Müəyyən zaman kəsiyindən sonra tam başqa mənzərə ilə qarşılaşacağın istisna olunmaz.

İnsan bilmir harada udur, harada uduzur. İşin əhəmiyyət dərəcəsi, vaciblik koeffisenti artdıqca bu xəta yüksəlir.

Səhvlərindir səni sən edən.

Vaxtında çoxlu səhvlər etmək lazımdır ki, (əvvəlki həyatlarında) sonra düzəldiləsi bir şeylərin olsun. Yoxsa bu gözəl dünyaya gətirilmə şansın sıfırın altında.

~

Ölçülərin elə biz tanıdığımızdır, dünya: en, uzun. Dərinliyini görməyə gələnləri daha buraxmırsan dərinliyindən, batır qalır. Odur ki, elə o iki ölçünlə yetinmək zorundayıq. Yola üçüncü ölçü nə gərək?! Ağına düşüb gedirik. Yolçunu yol aparır.

Fiziki bədənimiz bu dünya səyahəti üçün bizə bəxşeyiş olunan əmanət, mükəmməl bir maşındır ki, yalın qalmayaq. Ona yaxşı baxmalıyıq. Vaxtı-vaxtında yağı, benzini, təmizliyi filan. Bəzi mülahizələrə görə, fikirlər də bizim deyil, emosiyalar da, çünki fikirlərdən asılıdırlar. Sən öz odanda məhrəm atmosferdə sobanın qırağında yellənən kresloda oturub gizli-gizli düşünərsən, elə bilərsən, bir sənsən, bir də özün. Amma yox, dostum, elə deyil, o fikirlər çox gözəlcə idarə olunandır kənardan. “Kənar”ın üstündən xətt çəksən, əlbəttə hər şeyi özününkü sanacaqsan. Arzularımızın da çoxu ögeydi - kənarın diktəsi. “Onda varsa, məndə niyə olmasın?!”. Nə bədən, nə fikir, nə emosiya, nə arzu! Bəs nədir sənin özünkü? Bu sualı sənə verən! Daim özünü axtaran, yad çalarlardan çırpıb arındıran ruhun, güclü ruhun. Acıma özünə. Özünə acıyan andan insanın çöküşü başlar. Hər birimiz güclüyük, hər birimiz bir istedad sahibiyik. Özünə acarsan, daxilindəki odu danarsan.

İnsanlarasa görmək istədiklərini göstərib, zövqlərini korladılar - əsəbləri korlanmasın deyə. Odlarını söndürdülər ki, küllə oynasınlar.

~

Çox şeyin bizə əyan olmasını istərdik. Hələliksə dünyamızda vizual görə biləcəyimiz yeganə həqiqət Günəşdir, onun da gözünün içinə dik baxa bilmirik, görmə orqanımız sulanır, kəllədaxili təzyiqimiz qalxır.

Daim suallar əhatəsindəyik. “Hardan bilirsən?” – ən əyləndirici sualdır. Əsl bilginin mənbəyi, vətəni olmur, kağızlarda əks olunmur. Əsl bilgi mənbəyi bilinməyəndir. Bilinməyən bilgi. Gecənin bir aləmi oyanırsan və anlayırsan ki, bilirsən. Ondan sonra öyrənəcəklərin yalnız bildiklərinin nəqarəti olacaq, təkrarlar və təkrarlar. Təkrar biliyin anası deyil, biliyi səndən məsafələrcə gen tutan təsəlli aksiomudur.

Sualların ən vacibi isə...

Gedirəm, yanımda bir sual. Elə hey atılıb-düşür, ayaqlarıma dolaşır, boynuma sarılır, vücudumu sarır.

Əl çək!, – deyirəm, – Usandım!

Sən kimsən?

Əl çək! Uzaqlaş!

Sən kimsən?

Yox ol! Bilmədiklərimin sırasına qoşulub artırma suallarımı.

~

Tanrını haralarda axtarmadıq... Zöhdə qapılıb mağaralara da çəkildik, yanımızdaymış demə. Verən zaman ala bilmədiyin, alan zaman verə bilmədiyin nəfəs qədər yaxınmış...

Mövhumatçıyıq. Nəhsdən ən çox qorxanların siyahısında saatdan sonra insan durur.

Bir az cahil, bir az asi, azca nihilist, inkarçı və sürəkli narazıyıq. Nadir hallarda nə üçünsə minnətdar olarıq. Yaxşını, uğuru gözlənilən, sıradan bir şey sanıb, uğursuzluğa sınarıq.

Həyat da bizlə anladığımız dildə danışar. Gətirər vaxtaşırı öz qızılı təpsisini. Qəndillərin titrək işığı sayrışar orda, şahidlik edər - edər ki işığa, oda da sığına bilməyəsən. Sən və sənin kimi sənlər cərgələrdə. Təpsidə uzun boğazlı nəfis piyalə düzülü, içində – bilmək istəmədiyin. Paylar birər-birər. Ondan sonra hər keçən gününə şükür, hər gələn gününə dua edərsən. Dəli ovqatlar beləcə çözdürülər, beləcə tale özünə sənalar qazandırar, əli qamçılı..

“Atı mahmız öldürür, igidi qəm əridir.”

Həyat dərsində kimi ön, kimi arxa sıralarda qərarlaşıb, kimi də yalnız tənəffüslərdə yaşayır.

Nağıl bil.

Sevinc qatın həyatınıza. Elə-belə, nədənsiz. Sevinc hava kimi bir şeydir. Havadan səbəb soruşulmaz ki..

~

Ağ-qara, rəngli, ya rəngsiz – həyat davam edir. Zamanla daha səviyyəli, daha ciddi və cansıxıcı işlərlə məşğul olmağa başlayırsan. Cansıxıcılıqdan həzz alman yetkinləşməni göstərir. Təkcə bozun yox, qaranın da minbir çalarını görürsən. Görmək və baxmağın çox vaxt bir-birinə əks şeylər olduğunu anlayırsan. Göz görməkçün deyilmiş və ya görməkçün bir tək göz kifayət etmirmiş. Sən təsəvvür etdiyindən qat-qat özgəymişsən, qat-qat və dürüst.

Şeylərə mahiyyət qazandırmağa çalışmırsan artıq, çünki əks proses baş verir. Yeni baxış üçünsə sənə eynək lazım gəlmir.

Onlar hər şeyin fövqündə. Onlar şeylərə xassələrini diktə etməyi bacarırlar.

Tərəzinin bir gözü ağır gəlir həmişə. İtən düzəni artıq çəki yox, çəkisizlik tarazlaşdırır və ən əsası – o da əlinin altındaymış demə.

Yeniliyə təəccüblənmək istərsən. Qafanda biri qalxıb deyər ki, mən bunu artıq görmüşəm. Tanışının tanışı sıxar səni. Yeniliyə qapını göstərməkdən başqa çarən qalmaz.

Heç vaxt olmadığın ölkələrə, heç vaxt olmadığın yerlərə gedəsən. Heç vaxt olmadığın küçələrlə addımlayasan. Burada hər daş sənə doğma və əziz gələr. Hər daş sənə pıçıldar: “yadındamı?..”. Zamanasa ilişmə, əgər beynində keçmişlə gələcək toqquşursa, zaman yoxdur demək. Tək bir İndi var, o İndinin dərinliyi var, uca bir dərinlik, sənin uçmaq xəyalın, atılmaq ehtimalın, təhlükən, əmniyyətin və “çəp” gözlərlə düz görmək istəyin. Ki, qorxulu bir istəkdir.

İndi ol. Burda ol. Dünən artıq yoxdur. Sabahın gəlişi üçün isə indi burda olman lazımdır.

İlac-əlac assosiasiyasından yayınmaqdır əzəli şərt. Sənsən ilac, səndədir hər şey.

Aza tapınan çoxu neylər-neylər...

Mən həmişə dürr danəsini çamurlarda tapmışam, qaldırmağa cəsarətim çatmasa da. Zatən zibillik xəbər verərdi parıltısını. Xəzinədə minlərlə bərqin içində onu duymazdım ki...

~

Fasiləsiz sonsuzluq. Bunu şəkillər xəbər verir. Şəkillərdən artıq heç kəs boylanmır. Şəkillər artıq adamdır. Yadlığı adladıq...

...

Ən bəsit durğu işarəsi belə birmənalı deyil. Biri tamamdır, üçü natamam. Biri həyatımıza xitam verə bilər, üçü şans və ümiddir. O üçlükdən xali olmayasınız!

Göydən üç alma düşmədi. Əksinə...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər